Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-906/2025 14.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: konsessiya müqaviləsi, borcun ödənilməsi, cərimə) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil1, cavabdehin nümayəndəsi, Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən 67904,66 manat əsas borc, 3395,20 manat gecikmə faizi, dövlət rüsumuna görə ödənən 304 manat pul vəsaitinin tutulub ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MMC iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 31440 manat məbləğində əsas borc və 3395 manat məbləğində gecikmə faizi, dövlət rüsumuna görə ödənən 304 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixində İddiaçı MMC (Satıcı) ilə "xxxx" MMC (Alıcı) arasında diler alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən "xxxx" MMC İddiaçı MMC-yə aldığı malların pulunu 30 gün ərzində ödəməli idi. Lakin cavabdeh hal-hazırki dövərə qədər aldığı malın pulu ödəməmişdir. Cavabdehlə iddiaçı arasında təsdiqlənmiş xx.xx.2024-cü ila tarixli üzləşmə aktına əsasən "xxxx" MMC-nin İddiaçı MMC-yə olan borcu ƏDV daxil 67904,66 manat təşkil edir. Daha sonra cavabdeh Alıcı müqavilənin 5.2.5.-ci bəndinə əsasən aldığı malın dəyərini 60 gün müddətində ödəməlidir. Ödəmədiyi təqdirdə güçikdirilmiş hər gün üçün aldığı malın dəyərinin 0.1% miqdrında dəbbə pulu ödəməlidir. Bu məbləğ eyni zamanda əldən çıxmış fayda hesab edilir. Cavabdeh ödənişi 3 ildən çox müddətə gecikdirdiyinə ümumi məbləğin 5% miqdarında əldən çıxmış faydanın əvəzı olaraq 3395,2 manat gecikmə faizi ödəməlidir. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə dəfələrlə borcun ödənməsi və alqı-satqı müqaviləsinin şərtlərini kobut şəkildə pozduğuna görə şifahi və yazılı xəbərdarlıq etmişdır. Lakin edilən xəbərdarlıqlara məhəl qoymayan cavadeh bu günə qədər aldığı malın dəyərini ödəmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh iddiaçıya borcun bir qismini ödəmiş, hal-hazırda cavabdehin iddiaçıya olan borcu 31440 manat təşkil edir. Odur ki, əsas borc olaraq 31.440 manat, 3.395 manat gecikmə faizi, dövlət rüsumuna görə ödənən 304 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, iddia tələbinin əsaslandığı borc məbləği "xxxx" MMC, İddiaçı MMC və "xxxx" MMC arasında olan əməkdaşlıq müqaviləsinə əsasən yaranmış borc məbləğidir. "xxxx" MMC ilə İddiaçı MMC arasında razılaşma olmuş, “Sika “ MMC ilə "xxxx" MMC arasında müqavilə olduğu üçün İddiaçı MMC öz məhsullarını "xxxx" MMC üzərindən satmağı təklif etmişdir. Bununla bağlı sübutları da e-sistemə əlavə etmişlər. Belə ki, İddiaçı MMC-nin nümayəndəsi ilə "xxxx" MMC-nin nümayəndəsi arasında olan “e-mail” yazışmalarını məhkəməyə təqdim etmişlər. Həmin yazışmalarından da açıq-aydın görünür ki, istifadə olunacaq materialların təklifini İddiaçı MMC təklif etmiş, danışıqlar aparılmışdır. Sadəcə xidmətlərin göstərilməsini, işçiliyi "xxxx" MMC həyata keçirmişdir. Sonradan "xxxx" MMC göstərilən xidmətlərlə bağlı ödənişləri, mal-materialların dəyərini isə İddiaçı MMC təqdim etmişdir. Mal-materialların keyfiyyəti ilə bağlı məsuliyyəti birbaşa İddiaçı MMC öz üzərinə götürmüşdür. 2022-ci ildə işlər tamamlandıqdan sonra "xxxx" MMC tərəfindən quraşdırılmış malların keyfiyyətində problemlər yaranmağa başlamışdır. Bu problemlərlə bağlı "xxxx" MMC-nin nümayəndəsi tərəfindən həm "xxxx" MMC, həm də İddiaçı MMC-yə rəsmi “e-mail” göndərilmişdir. Bununla bağlı sübutları da e-sistemə əlavə etmişdir. İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2022-ci il tarixdə onlara “e-mail” göndərərək "xxxx" MMC adına olan işlərin tamamlandığını bildirmişdir. Onlar "xxxx" MMC olaraq həmin işi tam olaraq görmüşlər. Sifarişçi tərəfindən malların qüsurlu olması barədə onlara bildiriş daxil olmuşdur. Tərəflər arasında bütün yazışmalar 3 tərəfli olmuşdur. Yazışmalar malların keyfiyyəti ilə bağlı İddiaçı MMC-yə, görülən işlərlə bağlı onlara ünvanlanmışdır. Mülki Məcəllənin müvafiq maddəsinə əsasən satıcı alıcıya malları alğı-satqı müqaviləsinə uyğun olaraq verməlidir. Ümumiyyətlə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda bununla bağlı həmin tələbləri alıcıya bildirməlidir. Malların keyfiyyəti barəsində "xxxx" MMC ilə heç bir razılıq əldə olunmamış, danışıqlar aparılmamışdır. Diller müqaviləsi əsasında İddiaçı MMC malları onların üzərindən "xxxx" MMC-yə təklif etmişdir. Onlar da malların keyfiyyətini yoxlamamışlar. "xxxx" MMC tərəfindən ödənişlər həyata keçirilmədiyindən onlar da həmin malların dəyərini ödəyə bilməmişlər. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, tərəflər arasında diller müqaviləsi olmuş, cavabdeh qeyd olunan vəsaiti "xxxx" MMC-dən tələb edib ödəyəcəyini güman edərək xx.xx.2024-cü il tarixli aktı imzalamışdır. Qüsurla bağlı onlara dəymiş zərəri hazırkı məhkəmə mübahisəsindən öncə qarşı tərəfdən tələb etməməsinə səbəb onlara burada hər hansı zərər dəyməmiş, sadəcə keyfiyyətsiz məhsullar verildiyi üçün digər tərəf, "xxxx" MMC onlara ödəniş etməmişdir. İddia qaldırıldıqdan sonra onlar tərəfdən ödəniş bu müqavilə münasibətləri üzrə deyil, başqa müqavilə münasibətləri üzrə yaranmış borc məbləğinə görə ödənilmişdir. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə “Diler” adlanan "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 05/2017 nömrəli diler satış müqaviləsindən görünür ki, müqavilənin predmeti, inşaat sistemləri qrupunda dilerliyin verilməsidir. Sika-nın İnşaat sistemləri, Beton və Sənaye qrupu qeydə alınmış müştəri qruplarına birbaşa və ya digər vasitəçi/lərin köməyi ilə satış işlərini həyata keçirmək hüququna malikdir. Bazarda fəaliyyət göstərən DİLER/icraçı diler/diler və/və ya potensial müştərilərin Sika satış təşkilatı daxilində hansı şöbə tərəfindən qiymətləndiriləcəyi SİKA tərəfindən müəyyən edilir. Müqavilənin 3-cü bəndinə əsasən Sika, DİLER tərəfindən realizə olunacaq məhsul sifarişlərini, dilerin kredit vəziyyəti və imkanları çərçivəsində qarşılamağa cəhd edəcək. Sika, hazırkı müqavilənin müddəti ərzində Dilerə texniki mövzularda dəstək olacaqdır. Sika, ödənişsiz olaraq, Dilerə tətbiq edilmiş nümunə, şəkil, kataloq, nəşriyyat, reklam işlərini təqdim edə bilər. Sika, Dilerə texniki və kommersiya təşkilatını təkmilləşdiıınək üçün kurslar və vaxtaşırı tədbirlər təşkil edə və eləcə də təlim keçə bilər. Müqavilənin 4-cü bəndə əsasən hazırkı müqavilə ilə Dilerə, SİKA-nı rəsmi təmsil etmə hüququ verilməmişdir. Diler, SİKA-nm adından və onun hesabında heç bir fəaliyyət göstərə bilməyəcək və riskləri öz üzərinə götürməklə, müqavilənin predmetinə daxil olan malları öz adına və hesabına satacaqdır. Diler özünü heç bir şəkildə Sika-nın şəriki və ya agenti kimi təqdim edə bilməz. Sika-nın adından bəyanat və öhdəlik verə bilməz. Sika məhsullarının, üçüncü şəxslərə bir başqa adla satılması və ya hər hansı formada təhvil/təslim edilməsi qəti şəkildə qadağandır. Diler, başqa məhsulları Sika adı ilə və Sika məhsullarını başqa adla sata bilməz. Diler, Sika haqqında, hazırkı müqavilənin predmeti ilə bağlı olaraq şahidi olduğu və ya olacağı bütün növ məlumat, standart və tətbiqetmələr, yazışmalar, məhsulların qiymətləri, eləcə də üçüncü şəxslərdəki qanuni yollaila əldə edilmiş məlumatlar xaricindəki bütün məlumat və materialları kommersiya sirri və gizli informasiya kimi qəbul etmək; hazırkı məlumatiarı SİKA'nın yazılı icazəsi olmadan üçüncü şəxslərə verməmək, açıqlamamaq, cəmiyyətə çatdırmamaq, dəyiştirməmək və sadalananlarla nəticələnəcək digər hərəkətlərdən yayınmamağı öhdəsinə götürür. Müqavilənin 5.1-ci bəndinə əsasən SİKA məhsullarının Dilerə satışı zamanı SİKA-nm müəyyən etdiyi qiymət siyahısı əsas götürülür. SİKA tərəfindən təqdim olunan qiymət siyahısı bu müqavilənin ayrılmaz bir hissəsidir. SİKA dəyişən xərc ünsürlərinə uyğun olaraq təktərəfli qaydada qiymətləri müəyyən etmək səlahiyyətinə malikdir. Siyahıdakı qiymətlərə, ƏDV xaric vahid qiyməti və ƏDV daxil edilmiş qiymətlər göstərilmişdir. SİKA konsiqnasiya satışı etmir. Məhsullar nağd şəkildə və ya müddətin sonunda ödəniş edilməklə satılır. Satılan məhsullar qüsur və çatışmazlıqla bağlı iddialar olmadığı təqdirdə geri götürülmür. Müqavilənin 5.2-ci bəndinə əsasən Diler sifariş şərtlərinə uyğun olaraq və bütün yanlışlıqların qarşısını almaq məqsədi ilə aldığı sifarişlərlə bağlı onlayn sifariş, faks və ya elektron poçt vasitəsilə SİKA-nı xəbərdar etməyə borcludur. Əks təqdirdə, yarana biləcək qiymət fərqinin səbəb olduğu zərər tamamı ilə Dilerə aid olacaq. Diler sifariş etdiyi məhsulların xərclərini SİKA-nın hesab fakturalarında müəyyən etdiyi ödəniş şərtlərinə uyğun olaraq ödəməlidir. Ödənişlər SİKA-nın təqdim etdiyi bank hesabına ediləcəkdir. Satılan Malın hər bir vahidinin və ƏDV-ni nəzərə almaqla X2 Qiymət razılaşdırma protokolu ilə müəyyən edilir. Malların qiymətinin sonradan azalması və ya artması yenidən hesablaşmaya səbəb olur. Diler qaimə - faktura üzrə qəbul etdiyi malın dəyərini 60 gün ərzində İddiaçı MMC-yə ödənilməsini təmin etməlidir. Razılaşdırılmış müddət ərzində Malın dəyəri ödənilmədikdə İddiaçı MMC onun ödənilməsini Dilerdən tələb etməyə haqlıdır. Diler X2nin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün İddiaçı MMC-yə vaxtında ödəmədiyi məbləğin 01%-i məbləğində cərimə ödəyir. Müqavilənin 6-cı bəndinə əsasən Diler-in fəaliyyət göstərəcəyi ərazi azaddır və məhdudlaşdırılmamışdır. Diler müştəri və ərazi seçimində azaddır. xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən "xxxx" MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə olan qalıq borcu ƏDV daxil olmaqla 69196,76 manat təşkil edir. Hər iki tərəf aktı imzalayaraq möhürləmişlər. "xxxx" MMC, İddiaçı MMC və "xxxx" MMC arasında olan “e-mail” yazışmalarından görünür ki, 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar aylarında "xxxx" MMC "xxxx" MMC-yə zavod ərazisində sonuncu tərəfindən görülən işlərdə ciddi qüsurlar olduğunu bildirmişdir. 2022-ci ilin mayında "xxxx" MMC İddiaçı MMC-yə "xxxx"la əlaqə saxladıqlarını, sonuncunun işin yenədə, artıq neçənci dəfə keyfiyyətsiz olduğunu əsas gətirərək ödəniş etməkdən imtina etdiyini bildirmiş, bu barədə onlarda olan son vəziyyət haqqında məlumatı bölüşməyi xahiş etmişdir. Cavabında İddiaçı MMC Vüsal bəydən əvvəlki əməkdaşın dəyərli vaxtından ayıra bilmədiyi üçün onlarla sahəni ziyarət edə bilmədiyini, "xxxx" adına olan işin artıqlaması ilə tamamlandığını, həmçinin "xxxx"ın “Mix construction”un gördüyü işdən bir hissədə şikayəti olduğunu (əks yöndən su gəlir, əssassız şikayətdir), 4-cü gün sahədə görüş olacağını və işi keçmiş əməkdaş adına müdafiə edəcəklərini bildirmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC iddia ərizəsinə görə 304 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 800. Konsessiya müqaviləsi 800.1. Konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: 800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; 800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; 800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir. 800.2. Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, tapşıran barəsində konsessionerin kontrakt mallarını müqavilə ərazisinin hüdudlarından kənarda və ya müqavilə müştərilərindən savayı, başqa müştərilərə satmaq hüququ yoxdur. 800.3. Başqasına satmaq üçün sadə satınalma konsessiya müqaviləsinə əsas verə bilməz. Müntəzəm ticarət münasibətləri də konsessiya haqqında müqaviləyə əsas verə bilməz. Maddə 801.1. Ayrı razılaşma olmadıqda konsessioner ilə tapşıran arasında hüquq münasibətlərinə müvafiq olaraq bu Məcəllənin 789.3, 790.2.3-790.2.5 və 791.1.1-791.1.3cü maddələri tətbiq edilir. Maddə 789.3. Ticarət nümayəndəsi haqqında müqavilə yazılı formada bağlanır. Maddə 790.2. Ticarət agentinin aşağıdakı vəzifələri vardır: 790.2.3. özündə olan hər bir zəruri informasiyanı tapşırana bildirmək; 790.2.4. tapşıranın əsaslı sərəncamlarını yerinə yetirmək; 790.2.5. tapşıranın məhsullarına və xidmətlərinə oxşar məhsulları və xidmətləri öz hesabına və ya başqa tapşıranın hesabına təklif etmək üçün tapşıranın qabaqcadan razılığını almaq. Maddə 791.1. Ticarət agenti barəsində tapşıran vicdanlılıq prinsipinə uyğun hərəkət etməlidir. Tapşıran: 791.1.1. öz məhsulları və xidmətləri, işlərin aparılması qaydaları və qiymətləri barəsində ticarət agentinə lazımi informasiya verməlidir; 791.1.2. ticarət agentini ticarət nümayəndəsi haqqında müqavilənin yerinə yetirilməsi üçün zəruri informasiya ilə təmin etməli, o cümlədən bunu ehtimal etməyin mümkün olduğu hallarda ticarət agentini dərhal xəbərdar etməlidir ki, ticarət əqdlərinin həcmi ticarət nümayəndəsinin adi halda ümid bəsləyə biləcəyi həcmdən xeyli az olacaqdır; 791.1.3. ticarət nümayəndəsinin vasitəçilik qaydasında təklif etdiyi ticarət əqdinin qəbul olunması, rədd edilməsi və ya icra olunmaması barədə ticarət agentinə ağlabatan müddət ərzində bildiriş verməlidir. Maddə 802.1. Tapşıran ilə konsessioner arasında münasibətlər ümumi (birtipli) müqavilənin predmetidir. Birtipli müqavilədə bu Məcəllənin 800.1-ci maddəsindən irəli gələn müddəalardan əlavə, nəzərdə tutula bilər ki, konsessioner: 802.1.1. müəyyən ticarət-servis təşkilatına malik olmalıdır; 802.1.2. müvafiq işçi heyətinə malik olmalıdır; 802.1.3. satılmış malların təmiri işlərini yerinə yetirməlidir; 802.1.4. işçilərə təlim verilməsində və reklam tədbirlərində iştirak etməlidir; 802.1.5. həmişə anbarda müəyyən miqdarda mal saxlamalıdır; 802.1.6. hər il tapşırandan müəyyən həcmdə və ya müəyyən miqdarda mal (kvota) qəbul etməlidir. Maddə 802.2. Konsessionerə malların satılması barədə ayrıca müqavilələr birtipli müqavilədən asılı deyildir. Lakin birtipli müqavilədə bütün alğı-satqı müqavilələri üçün qüvvədə olan ümumi şərtlər, o cümlədən aşağıdakılar göstərilə bilər: 802.2.1. tapşıranın ümumi prays-vərəqindən konsessionerə verilən güzəşt; 802.2.2. ödənişlərin müddətləri; 802.2.3. tapşıranın qarantiyası barədə şərtlər. Maddə 804. Konsessionerin müştərilərinin müdafiəsi 804.1. Birtipli müqavilənin qüvvədə olduğu müddətdə tapşıranın eyni və ya oxşar malları satmaq məqsədi ilə birbaşa və ya üçüncü şəxslər vasitəsilə konsessionerin müştərilərinə müraciət etməsi qadağandır. 804.2. Müqavilənin iştirakçıları razılığa gələ bilərlər ki, tapşıranın malları bilavasitə konsessionerin müştərilərinə satmasına istisna qaydasında icazə verilir. Bu halda tapşıran konsessionerə bu Məcəllənin 793-cü maddəsinə uyğun komisyon muzdu ödəməyə borcludur. Maddə 806. Tapşıranın qarantiyası 806.1. Tapşıran qarantiya verir ki, konsessionerə çatdırılarkən malın qüsuru yoxdur. Əgər konsessioner qarantiya verilməsi barədə öz ölkəsində qüvvədə olan göstərişləri qabaqcadan və yazılı şəkildə tapşırana göstərirsə, tapşıran ən azı bu qarantiyanı verməyə borcludur. Qarantiya pretenziyalarının irəli sürülməsi müddəti konsessionerin malı təkrar satdığı gündən, lakin ən geci tapşıranın malı göndərdiyi gündən altı ay keçənədək başlanır. Bundan kənaraçıxmalar barəsində razılaşmaların, əgər bu kənaraçıxmalar birbaşa şərtləşdirilməmişsə və yazılı formada ifadə edilməmişsə, qüvvəsi yoxdur. 806.2. Tapşıranın qabaqcadan razılığını almadan konsessionerin satış üçün nəzərdə tutulan mallarda və ya onların qablarında hər hansı dəyişikliklər etmək hüququ yoxdur. Əgər mallarda dəyişiklikləri tapşıran edirsə, bu barədə o, konsessionerə ağlabatan müddətdə bildiriş verməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında konsessiya müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, cavabdeh iddiaçıdan müvafiq malları (kontrakt mallarını) vaxtaşırı satın almış, bu malları öz adından və öz hesabına başqasına ("xxxx" MMC-yə) satmışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında yerinə yetirməyərək aldığı malların dəyərini müəyyən olunmuş müddətdə iddiaçıya ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş qarşılıqlı üzləşmə aktı ilə öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən satdığı malların dəyərini tələb etmək hüququ var və onun tələbi haqlıdır. Cavabdehin nümayəndəsi etirazının əsası kimi iddiaçının satdığı malların qüsür olmasını, bu səbəbdən həmin malları satdığı və xidmət göstərdiyi üçüncü şəxsdən ("xxxx" MMC) ödəniş ala bilməməsini, ona görə də iddiaçıya pulu ödəmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında üç tərəfli yazışmalarda "xxxx" MMC cavabdeh tərəfindən görülmüş işlərin qüsurlu olmasını bildirsə də, cavabdeh ona satılan məhsulların qüsur və çatışmazlıqları ilə bağlı iddiaçıya etiraz etməmiş, sadəcə iddiaçıdan bildiyi məlumatı bölüşməsini xahiş etmiş, cavabında isə iddiaçı cavabdehin nümayəndəsinin Vüsal bəyin sahəyə onlarla birlikdə getmədiyini, "xxxx" adına olan işin artıqlaması ilə tamamlandığını, "xxxx" MMC-nin “Mix construction”un gördüyü işlərdən şikayətçi olduğunu bildirmişdir. Eyni zamanda cavabdehin 3 il ərzində konkret olaraq iddiaçının satdığı malların keyfiyyətsizliyi, qüsuru ilə bağlı iddiaçıya etiraz etməsi və bu səbəbdən ödənişdən imtina etməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdehin nümayəndəsi iddiaçının qeyd olunan vəsaiti "xxxx" MMC-dən tələb edəcəyini güman edərək cavabdehin xx.xx.2024-cü il tarixli aktı imzaladığını bildirmişdir. Halbuki Mülki Məcəllənin 804-cü maddəsinə əsasən tərəflər arasındakı müqavilənin qüvvədə olduğu müddətdə iddiaçının eyni və ya oxşar malları satmaq məqsədi ilə cavabdehin müştərilərinə müraciət etməsi qadağandır. İddiaçının malları bilavasitə cavabdehin müştərisinə satmasına istisna qaydasında icazə verilməsi barədə tərəflər müqavilədə razılığa gələ bilərlər. Hazırkı işin faktiki hallarından isə görünür ki, cavabdehin malları satdığı və xidmət göstərdiyi "xxxx" MMC onun müştərisidir və tərəflər arasındakı müqavilədə bu cür icazə barədə tərəflərin razılaşması qeyd edilməmişdir. Bundan başqa cavabdehin nümayəndəsi məhkəmədə iddia qaldırıldıqdan sonra iddiaçıya ödəniş edilməsinin bu müqavilə münasibətləri üzrə deyil, başqa müqavilə münasibətləri üzrə yaranmış borc məbləğinə görə ödənildiyini bildirmiş, lakin iddiaçı ilə aralarında başqa müqavilə olması və həmin müqavilə üzrə borcun yaranması barədə heç bir sübut təqdim edilməmişdir. Bu da, bir daha cavabdehin etdiyi ödənişin hazırkı mübahisə üzrə ödənildiyini, cavabdehin iddia tələbi üzrə borcu dolayısı ilə qəbul etdiyini göstərir. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək aldığı malların dəyərindən 31440 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, yəni satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını və tələbinin haqlı olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 31440 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən cərimə kimi ödənişin 3 ildən çox müddətə gecikdirilməsinə görə ümumi məbləğin 5%-i miqdarında əldən çıxmış faydanın əvəzi olaraq 3395 manat məbləğin də tutulmasını tələb etmişdir. Məhkəmə iddia ərizəsinin məmununa nəzərən hesab edir ki, iddiaçının həmin tələbi nə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş məbləğə hesablanmış illik beş faiz, nə də 449.1-ci maddəsinə əsasən əldən çıxmış fayda olaraq deyil, müqavilə üzrə nəzərdə tutulmuş dəbbə pulu olaraq tələb edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 1572 manat müəyyən olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 304 manat dövlət rüsumunun 189,04 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Vİ. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 31440 manat borc, 1572 manat dəbbə pulu olmaqla, cəmi 33012 (otuz üç min on iki) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 189 (yüz səksən doqquz) manat 4 (dörd) qəpiyinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-906/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-906/2025
14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver