Məhkəmə qərarları › İş №e-2-2(113)-907/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-907/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-907/2022 16.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 4252,50 manat, 130 manat cərimə, habelə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 08 may 2019-cu il tarixli, 5 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Satıcı bu müqavilədə göstərilən Su çeşidlərini alıcıya satır, alıcı isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəməsini öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən 6352 manat dəyərində su çeşidləri 23 ədəd elektron qaimə əsasında satılmış və mallar müqavilə şərtlərinə əsasən Satıcıya çatdırılmışdır. Malların kəmiyyəti və keyfiyyəti barədə heç bir iddia irəli sürülməmişdir. Satılmış malların dəyərindən 2099,5 manat ödənilmiş, bu günkü günə cavabdehin bu müqavilə üzrə iddiaçıya 4252,50 manat borcu qalmaqdadır. Bu borcun ödənilməsi üçün dəfələrlə edilmiş müraciətlərə baxmayaraq borc məbləğinin ödənilməsindən alıcı müxtəlif bəhanələrlə yayınmışdır. Borcun ödənilməsinə dair 14 iyun 2021-ci il tarixdə pretenziya məktubu göndərilməsinə baxmayaraq, qeyd olunan borc məbləği ödənilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili T.Abdiyev iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 08 may 2019-cu il tarixli 5 nömrəli müqaviləyə əsasən satıcı hazırkı müqavilədə göstərilən su çeşidlərini alıcıya satır və alıcı öz növbəsində alaınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən ödəniş köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 3.4-cü bəndinə əsasən 1 ədəd 19 lt suyun qiyməti 2.5 manatdır. Alıcı satıcının ona təqdim etdiyi boş su qablarını (taraları) qaytarmağı öz öhdəsinə götürür. Taralara hər hansı bir ziyan dəydikdə dəyən zərərin 100 %-i, yəni 1 ədəd taranın deposit qiymətini 15 manatı alıcı ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməklə digər tərəfə ziyan vurarsa, yəni malların təqdim edilməsi satıcı tərəfindən, ödəniş isə alıcı tərəfindən elektron qaimə və hesab-faktura təqdim olunandan 60 gün müddətindən çox gecikdirilərsə, günahkar tərəf digər tərəfə hecikdirilən hər gün üçün müqavilənin ümumi dəyərinin 0,01 faizi məbləğində cərimə ödəməlidir. Materiallarda olan EAAV 213265 nömrəli 31.05.2019-cu il tarixli, EAAW 437524 nömrəli 28.06.2019-cu il tarixli, EAAX 841503 nömrəli 30.07.2019-cu il tarixli, EAAZ 207126 nömrəli 30.08.2019-cu il tarixli, EBAA 520343 nömrəli 30.09.2019-cu il tarixli, EBAB 906644 nömrəli 31.10.2019-cu il tarixli, EBAD 185543 nömrəli 29.11.2019-cu il tarixli, EBAE 639572 nömrəli 30.12.2019-cu il tarixli, EBAF 747620 nömrəli 31.01.2020-ci il tarixli, EBAH 001895 nömrəli 28.02.2020-ci il tarixli, EBAİ 259582 nömrəli 31.03.2020-ci il tarixli, EBAJ 370242 nömrəli 30.04.2020-ci il tarixli, EBAK 455220 nömrəli 29.05.2020-ci il tarixli, EBAL 768913 nömrəli 30.06.2020-ci il tarixli, EBAN 049430 nömrəli 30.07.2020-ci il tarixli, EBAP 374032 nömrəli 31.08.2020-ci il tarixli, EBAQ 681922 nömrəli 30.09.2020-ci il tarixli, EBAR 974758 nömrəli 30.10.2020-ci il tarixli, EBAT 254876 nömrəli 30.11.2020-ci il tarixli, EBAV 632649 nömrəli 30.12.2020-ci il tarixli, EBAW 765670 nömrəli 29.01.20201ci il tarixli, EBAY 013286 nömrəli 26.02.2021-ci il tarixli, EBAY 825517 nömrəli 16.03.2021ci il tarixli elektron qaimələrə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 6352,50 manat dəyərində mal təhvil verilmişdir. Cavabdeh tərəfindən iddiaçının hesabına 29 iyul 2019-cu il tarixli 122347 nömrəli ödəniş tapşırığına əsasən 400 manat, 15 aprel 2020-ci il tarixli 190952 nömrəli ödəniş tapşırığına əsasən 800 manat, 07 noyabr 2019-cu il tarixli 146969 nömrəli ödəniş tapşırığına əsasən 500 manat, 27 avqust 2019-cu il tarixli 129049 nömrəli ödəniş tapşırığına əsasən 400 manat pul köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilmiş 23.02.2022-ci il tarixli məktuba əsasən iddiaçının hesablaşma hesabına cavabdeh tərəfindən 01.05.2019-02.02.2021-ci il ərzində ümumilikdə 2100 manat məbləğində pul köçürülmüşdür. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21 dekabr 2021-ci il tarixli 2021-001507 saylı arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 08 may 2019cu il tarixli 5 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 4252,50 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4252,50 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.5-ci bəndinə əsasən hesablanmış 130 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 50 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4252,50 manat məbləğində əsas borc və 50 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 60 manat dövlət rüsumu, 01.09.2021-ci il tarixdə əlavə olaraq 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehə, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4252,50 (dörd min iki yüz əlli iki manat əlli qəpik) manat məbləğində əsas borc, 50 (əlli) manat cərimə, ümumilikdə 4272,50 (dörd min iki yüz yetmiş iki manat əlli qəpik) manat məbləğində pul və ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar