Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-909/2024 14.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, ödənilmiş pulun geri qaytarılması, mediasiya və dövlət rüsumu xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 91170 manat (ƏDV daxil 107580,60 manat) pul vəsaitinin, mediasiya icraatında dövlət rüsumu qismində ödənilmiş 400 manatın və hüquqi yardıma görə ödənilmiş pul məbləğinin alınaraq İddiaçı MMC-yə geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Gold Tovers” Layihəsi üzrə müəyyən edilmiş spesifikasıyalara uyğun 2 ədəd “WİTTUR” markalı sərnişin liftinin razılaşdırılmış çeşiddə və qiymətdə İddiaçı MMC-yə satılması, tikinti sahəsinə çatdırılması, quraşdırılması və müvafiq orqanlara təhvili barədə iş üzrə cavabdeh tərəflə xx.xx.2021-ci il tarixli LO35 saylı müqavilə bağlanmış və müəssisənin hesabına 91170 manat (ƏDV daxil 107580.60 man ) pul ödənilmişdir. Lakin tərəf müqavilə şərtlərinə riayiət etməmiş və üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Tərəfin Müqavilə şərtlərinə əməl etməməsi səbəbindən birtərəfli qaydada müqavilədən imtina olunması, münasibətlərə xitam verilməsi barədə mediasiya işi açılmış, ayrı-ayrı vaxtlarda Cavabdeh MMC-nin ünvanına məktublar göndərilmişdir. Lakin aradan keçən müddət ərzində tələb olunanlarla bağlı heç bir reaksiya olmamış, öhdəliyə riayət edilmədiyindən iddiaçı şirkətə maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385 və 425.1-cimaddələrinin məzmununa əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətietməlidir, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəlisürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Ona görə də, tərəflər arasında müqavilə münasibətlərindən həmin tarixdən imtina olunmaqla xitam verilməsi səbəbindən cavabdehin hesabına ödənilmiş pul vəsaitinin geri ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul olunmalıdır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli L035 nömrəli müqaviləyə əsasən:
9. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə əsasən İcraçı “Gold Towers” layihəsi üzrə bu Müqavilənin 1 saylı Əlavəsində müəyyən edilmiş texniki spesifikasiyalara uyğun 2 ədəd “Wittur” markalı sərnişin liftinin (bundan sonra Avadanlıq) razılaşdırılmış çeşiddə və qiymətlə, istifadə məqsədləri üçün yararlı halda tukinti sahəsinə çatdırılmasını, liftlərin quraşdırılmasını və müvafiq orqanlara təhvilini, Sifarişçi isə həmin Avadanlığın qiymətini bu Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə İcraçıya ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin 2.1 bəndinə əsasən nəzərdə tutulan işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə ümumi dəyəri 94350 manat təşkil edir.
11. Müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilənin 4.2.1 bəndinə əsasən Müqavilə imzalandıqdan sonra 15 iş günü müddətində ödəniş İcraçının hesabına daxil olmazsa, İcraçı öz qərarına əsasən Müqaviləni icra etməkdən birtərəfli şəkildə imtina edə və ya Müqavilərinin qiymətilə əlaqədar müddəaları birtərəfli qaydada yenidən nəzərdən keçirə bilər.
12. Müqavilənin 3.4-cü maddəsinə əsasən müqavilənin cəmi qiymətinə məhsulun istehsalı, qablaşdırlması, nəqliyyat və gömrük xərcləri, avadanlığın tikinti sahəsinə çatdırılması, quraşdırılması və müvafiq orqanlara təhvil verilməsi daxildir.
13. Müqavilənin 5.3-cü maddəsinə əsasən Quraşdırma işləri, quraşdırma yerinin hazır olduğu haqqında məlumat icraçıya verildikdən sonra icraçının işçi qrupu tərəfindən 6 iş həftəsi ərzində həyata keçiriləcəkdir.
14. 12.10.2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə - 37740 manat (və 6793,20 manat ƏDV) məbləğində, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən – 13430 manat (və 2417,40 manat ƏDV), xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən – 20000 manat (və 3600 manat ƏDV), xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən – 10000 manat (və 1800 manat ƏDV), xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən – 10000 manat (və 1800 manat ƏDV), cəmi 107580,60 manat məbləğində “xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2 ədəd Wittur markalı lift üçün” qabaqcadan ödəniş edilmişdir.
15. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
16. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
17. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı müxtəlif vaxtlarda müqavilə üzrə avans ödənişlərini cavabdehə etmiş, cavabdeh isə həmin malların çatdırılmasını və quraşdırılmasını həyata keçirməmişdir.
18. Göründüyü kimi iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.
19. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
21. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
22. 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
24. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. İşdən göründüyü iddiaçı tərəfindən cəmi 107580,60 manat məbləğində pul vəsaitləri cavabdehin hesabına köçürülmüş və köçürmələrə dair ödəniş tapşırıqları da iş materiallarına əlavə edilmişdir.
27. Cavabdeh də öz növbəsində Müqavilənin 5.3-cü maddəsinə əsasən quraşdırma işləri, quraşdırma yerinin hazır olduğu haqqında məlumat icraçıya verildikdən sonra icraçının işçi qrupu tərəfindən 6 iş həftəsi ərzində həyata keçirməli olduğu halda, öhdəliyi ümumiyyətlə icra etməmişdir.
28. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəfindən 107580,60 manat dəyərində avans ödənişi ödənilmiş, cavabdehin həmin ödənişlərin qarşılığında iddiaçıya təhvil verilməmiş öhdəliyi qalmışdır.
29. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli L035 nömrəli müqaviləsi üzrə əsas borc tələbi üzrə iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir.
30. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 400 manat ödəniş edilmişdir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
33. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat cavabdehə aid edilməlidir.
34. Hüquqi yardıma görə ödənilmiş pul məbləğinin alınaraq iddiaçıya ödənilməsi tələbinə gəldikdə, məhkəmə qeyd edir ki, hüquqi yardıma görə ödənilmiş məbləğin nəgədər olması və ödənişi təsdiq edən sübutlar təqdim edilmədiyini üçün həmin hissədə iddia təmin edilməməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 107.580,60 (yüz yeddi min beş yüz səksən manat, altmış qəpik) manat pul vəsaiti və mediasiya xərcinin əvəzi olaraq 400 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova