Məhkəmə qərarları › İş №e-2-2(113)-910/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-910/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-910/2022 13.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli, 012 saylı müqavilə və xx.xx.2018-ci il tarixli öhdəlik sənədinə əsasən cavabdehə ödənilmiş cəmi 46.000 manat məbləğində pul vəsaitinin, 3 illik faiz borcu olan 6.900 manat, cəmi 52.900 manat məbləğində pul vəsaitinin və 228 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə aralarında 15 gün müddətində təhvil vermək şərtilə 46.000 manat dəyərində 160 ədəd yanğın çıxış qapılarının hazırlanmasına (tam aksesuarları daxil olmaqla) dair xx.xx.2018-ci il tarixli, 012 saylı müqavilə imzalanmış, müqavilənin 2-ci bəndinə uyğun olaraq müqavilə bağlanılan günü cavabdehə 30.000 manat vəsait ödənilmiş, qalan vəsait satıcı malı alıcıya təqdim olunan gündən bir gün əvvəl ödəniləcəyinə dair razılığa gəlmişlər. Müqavilə bağlanan günü cavabdehin direktoru Qanuni nümayəndə şirkətin möhürü yanında olmaması səbəbilə müqavilənin bir nüxsəsini ona təqdim etməmiş, növbəti görüşlərində müqavilənin möhürlənmiş bir nüsxəsini ona təqdim edəcəyini vəd etmişdir. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş 15 gün ərzində müqavilənin şərtlərinə əməl etməmiş, xammalı almaq üçün vəsaiti çatmadığından sifarişi hazırlaya bilmədiklərini bildirmiş və malın dəyiri tam ödənildiyi təqdirdə bir ay müddətində həmin malı hazırlayıb ona təhvil verəcəyini vəd etmişdir. Bu əsasla da xx.xx.2018-ci il (sənəddə tarix səhvən xx.xx.2017-ci il göstərilib) tarixdə cavabdehlərə 16.000 manat qalıq borcu ödəmək məcburiyyətində qaldı. Qalıq borcu ödədikdən sonra cavabdehdən müqavilənin bir nüxsəsini tələb etdiyin də o, müqaviləni tapa bilmədiyini və əvəzində ondan 160 ədəd yanğın çıxış qapılarının hazırlanması və fevral ayında təhvil vermək şərti ilə 46.000 manat pulu alması faktını təstiq edən xx.xx.2018-ci il tarixli MMC-nin möhürü və imzası ilə təsdiqlənmış öhdəlik sənədi təqdim edərək ondan sənədin aşağı hissəsində ona 46.000 manat verdiyini yazıb imzası ilə təsdiq etməyi xahiş etmiş, həmin sənədin bir nüsxəsini ona təqdim etmişdir. Qeyd edilmiş razılaşmadan sonra da cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bir müddət müxtəlif bəhanələrlə hazır malı ona təhvil verməkdən yayınmaları, telefon zənglərinə cavab verməmələri, həmin ödənilmiş pul vəsaitini qaytarılmasına dair tələblərimə məhəl qoymamaları səbəbi ilə bu haqda öncə AR DİN BMCMİ-yə müraciət etmək məcburiyyətində qalmış, müraciətinə cavab olaraq mübahisənin mülki xarakter daşıdığını və bununla əlaqədar məhkəməyə müraciət edə biləcəyini bildirildikdən sonra o cavabdehin direktoru Qanuni nümayəndə ona təqdim etdiyi xx.xx.2018-ci il tarixli MMC-nin möhürü və öz imzası ilə təsdiqlənmış öhdəlik sənədini əsas götürməklə bu haqda ona qarşı Bakı şəhəri Nəsimi rayon məhkəməsində pul tələbinə dair iddia qaldırdı. Bakı şəhəri Nəsimi rayon məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(006)-1738 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, istinad edilmiş öhdəlik sənədi əsasında Qanuni nümayəndə ödənilmiş 46.000 manat vəsaitin ondan alınaraq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və mülki iş apellyasiya məhkəməsinin icraatında olduğu müddətdə Bakı Apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq AR DİN BMCMİ-dən məhkəmə kollegiyasına göndərilmiş xx.xx.2021-ci il tarixli, 007-8995-1221 saylı məktub və həmin məktuba əlavə edilmiş sənədlərlə tanış olarkən ona məlum olmuşdur ki, Qanuni nümayəndə AR DİN BMCMİ-yə bu günədək ona təqdim etmədiyi Cavabdeh MMC-lə aralarında imzaladıqları xx.xx.2018-ci il tarixli, 012 saylı müqavilənin imzalanmış və möhürlənmiş surətini təqdim edərək aralarında olan mübahisənin müqavilə öhdəliklərindən irəli gələn mübahisə olduğunu subut etməyə çalışmışdır. Bu əsasla da Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 4270/2021 saylı qətnaməsi ilə tərəflər arasında müqavilə hüquqi şəxslə bağlandığı əsas götürülməklə mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğuna istinad edilməklə iş üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə ləğv edilmişdir. İstinad edilmiş Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra ilkin xx.xx.2021-ci il tarixdə, daha sonra isə xx.xx.2022-ci il tarixdə elektron qaydada fiziki şəxsin kabinetindən cavabdehin elektron kabinetinə pretenziya göndərilərək müqavilə üzrə üzərinə öhdəliyi yerinə yətirməməsi səbəbi ilə müqavilənin şərtlərinə uyğun olaraq ödənilmiş 46.000 manat əsas və 3 illik faiz borcu olan 6.900 manat, cəmi 52.900 manat vəsaitin geri qaytarılması tələb edilmiş, xx.xx.2022-ci il tarixdə isə eyni qaydada və eyni əsaslarla cavabdehə iddia ərizəsi göndərilmişdir. Mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsinə dair cavabdehə mediasiya təklifilə müraciət edilmiş, lakin cavabdeh həmin təklifə heç bir münasibət bildirilməməsi və xx.xx.2021-ci il tarixinə saat 12.00-a təyin edilmiş ilkin mediasiya sesiyasında iştrak etməməsi səbəbi ilə mediator İqbal Nağıyev ona xx.xx.2021-ci il tarixli, 2021-006934 saylı arayış təqdim etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-910/2022 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 46.000 manat məbləğində pul vəsaiti, həmin pulun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 6.900 manat məbləğində faiz, cəmi 52.900 manat məbləğində pul vəsaiti, mediasiya xərclərin və dövlət rüsumunun əvəzi olaraq 228 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-910/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-910/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı Kommersiya xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 910/2022 saylı qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında mövcud olan mübahisə üzrə İddiaçı şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış olması işin mübahisəsiz halıdır. Təhqiqat araşdırması zamanı təhqiqat orqanına təqdim edilmiş sübutların bir qismi Bakı Apellyasiya Məhkəməsi tərəfindən əldə edilmişdir ki, həmin sənədlər hal-hazırda iş materiallarına əlavə edilmişdir. Eyni zamanda, təhqiqat orqanının material üzrə tərtib etdiyi arayışın məzmunundan da məlum olur ki, təhqiqat materialı üzrə digər dəlillər də (SMS mətnləri və s.) mövcud olmuşdur. Həmin dəlillər hal-hazırda iş materiallarında olmadığından, təhqiqat araşdırmasını həyata keçirmiş qurumun verdiyi arayışda göstərilənlərə istinad etmək məcburiyyətindədilər. Eyni zamanda, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı tərəf, arayışın məzmununda göstərilənlərin yanlış olduğu haqda hər hansı fikir bildirməmiş, arayışın məzmununa nə bu iş üzrə, nə də əvvəlki mülki icraatda baxılmış məhkəmə işinin gedişatında etiraz etməmişdir. Arayışda göstərilənlərə əsasən, iddiaçı Kərimov 2017-ci il ərzində müxtəlif vaxtlarda hissə-hissə pul verilmiş olmasını, 2018-ci ilin 05 yanvar tarixində ödənişin son qismi olaraq 20.000 manat vermiş olduğunu, 26 yanvardan başlayaraq 10 fevrala kimi sifariş üzrə məmulatların təhvil verilməsinə razılaşdıqlarını bildirmişdir. Təhqiqatda ifadə verən Qanuni nümayəndə sifarişçinin öhdəliklərini yerinə yetirmədiyi bildirilmiş, buna dair yuxarıda qeyd etdikləri sübutlar da təqdim edilmişdir ki, bu da arayışda əksini tapır. Eyni zamanda təhqiqat materiallarında tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə də var. Müqavilə şərtləri İddiaçı iddia tələblərini əsaslandırması və təhqiqat araşdırması zamanı müəyyən edilmiş hallarla uyğun deyil. Belə ki, pulun alınmasını təsdiq edən “öhdəlik sənədi” adlı sənəd 31 yanvar 2017-ci il tarixdə imzalanmışdır. Tərəflər arasında müqavilə isə xx.xx.2018-ci il tarixlidir. Həmin müqavilə üzrə müqavilənin qüvvədə olma tarixi xx.xx.2018-ci il tarixi göstərilsə də, məmulatın sifarişçiyə təhvil verilməsi tarixi yoxdur. Böyük ehtimalla müqavilənin qüvvədə olma müddəti olaraq göstərilmiş tarix texniki səhvdir, çünki, müqavilənin müxtəlif bəndlərində göstərilən müddətlər (15 gün, 20 gün 1 ay və s.) müqavilənin qüvvədə olma müddətini ötüb keçər. İddiaçı və oğlunun təhqiqat araşdırması zamanı vermiş olduqları izahatların məzmunu ilə təhqiqat araşdırmasının gəldiyi nəticə fərqlidir. Üstəlik hər iki izahatlar arasında da ziddiyyətlər var. İddia ərizəsində göstərildiyi kimi, öhdəlik sənədinin texniki səhv olaraq 2017-ci il tarixinin göstərilməsi də inandırıcı deyil. Belə ki, hər iki tərəf eyni texniki səhvi edə bilməz. Hesab edir ki, öhdəlik sənədindən sonra tərəflərin yeni razılaşması olmuş, həmin razılaşma müqavilədə əks olunmuşdur. Hər bir halda müqavilə varsa, həmin müqavilənin şərtləri əsas götürülməlidir. Təhqiqat araşdırması zamanı, sifarişçi tərəfindən hazır məmulatların götürülməməsi, razılaşmaya əsasən, ödənişlərin gecikdirilməsi nəticəsində icraçıya zərər dəyməsi (cəlb olunmuş işçi qüvvəsinin lüzumsuz olaraq saxlanılması ilə bağlı əlavə xərclərin yaranması, ehtiyat hissələrin və hazır məhsulun uzun müddət saxlanması ilə bağlı yaranmış xərclər və s.) müəyyən qədər əks edilmiş və İddiaçı tərəfindən həmin məqamlara dair etiraz bildirilməmişdir. Ən azı təhqiqat araşdırması materiallarında buna dair hər hansı bir dəlil yoxdur. Bu da, həmin məqamların həqiqətə uyğun olduğunu düşünməyə əsas verir. Buna görə hesab edirlər ki, iddia əsassızdır və Sifarişçi özü sifariş etdiyi məmulatların vaxtında aparılmaması, qəbul etməkdən imtina edilməsi ilə könüllü hərəkət etmişdir. Öhdəiliyin icra edilməsi ilə bağlı müddət müqavilədə əks edilmədiyindən iddia tələblərinin 3 illik faiz borcu üzrə hesablanmış hissəsi ilə bağlı da bildirmək istəyirlər ki, həmin hissə iddia tələblərinin əsas hissəsinin hüquqi nəticəsi olaraq əsassız olmaqla bərabər, eyni zamanda, iddia tələblərinin əsas hissəsinin təmin edilib-edilməməsindən asılı olmayaraq əsassızdır, belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, faiz dərəcəsinin hesablanması üçün müddətin başlandığı anın müəyyən edilməsi mümkünsüzdür. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdehin etirazına yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdehin iddiaya təqdim etdiyi etiraz ərizəsində istinad etdiyi hallar işin həqiqi halları, ilk növbədə "xxxx" MMC-nin direktoru Qanuni nümayəndəıın BMCQMİ-nin təhqiqat şöbəsində verdiyi izahatı ilə tam təkzib olunur. Belə ki, iş materiallarına əlavə edilmiş Qanuni nümayəndə BMCQMİ-nin təhqiqat şöbəsində verdiyi izahatında İddiaçıla 2017-ci ilin mart-aprel aylarında müştərisi Şəhriyar adında şəxsin verdiyi telefonla əlaqə saxlayaraq tanış olduğunu, daha sonra əvvəl Neftçilər metrosunun Xəzər universitetinin yanındakı kafədə görüşərək hər birinin qiyməti 320 manat olmaqla 160 ədəd qapının hazırlanmasına dair razılığa gəldiklərinə baxmayaraq beh olaraq cəmi 3000 manat vəsait ödədiyini, buna baxmayaraq o, xammalı borca alıb qapıların hazırlamağa başladığını, iddiaçı də aralarındakı razılaşmaya əsasən axırıncı pulu ödəmədiyindən onun ustalara xammalın sahiblərinə 10.000-dək borcu yarandığını, artıq xeyli bir müddət keçdikdən sonra İddiaçı ona 46.000 manat pul verdiyini, həmin puldan 35.000 manatını o işçilərin əmək haqqını, xammala görə borcunu və yer pulunu ödədiyini, lakin qapılar hazır olduqdan sonra İddiaçı malı təhvil almaqdan imtina etdiyini göstərmiş, lakin iddiaçıdan aldığı 46.000 manat pulun müqabilində hazırladığı qapıların iddiaçı tərəfindən təhvil almamasını təsdiq edən sübutlara istinad etməmişdir. Məlum məsələdir ki, əgər Qanuni nümayəndə izahatında İddiaçıla 2017- ci ilin mart-aprel aylarında tanış olduqlarını göstərirsə, xx.xx.2017-ci il tarixdə onların aralarında sifariş edilən malın hazırlanması üçün 46.000 manat vəsaitin alınmasına dair öhdəçilik sənədi imzalana bilməzdi. Görünür ki, birmənalı olaraq həmin sənəd tərtib edilərkən texniki səhvə yol verilərək öhdəçilik sənədin tərtib edilmə tarixi səhvən xx.xx.2018-ci il əvəzinə xx.xx.2017-ci il tarixi göstərilmişdir. Cavabdehin vəkilinin BMCQMİ-nin təhqiqat şöbəsinin arayışına istinad edərək guya həmin arayışda cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbi ilə sifariş olunan malın ona təhvil verilməməsinin göstərilməsi barədə dəlillərinə gəldikdə, hesab edir ki, cavabdehin vəkili həmin arayışla müəyyən edilmiş hallara diqqət yetirməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş BMCQMİ-nin təhqiqat şöbəsinin arayışında tərəflərin, o cümlədən, cavabdehin direktoru Qanuni nümayəndə izahatına istinad edərək iddiaçı tərəfindən sifariş edilən malın dəyəri ödənildiyi təsdiq olunduğu halda cavabdehin həmin malın hazırlaması, harda saxlaması və iddiaçıya təhvil verilməməsinin səbəbini təsdiq edən sübutlara istinad etməmişdir. Odur ki, cavabdehin vəkili tərəfindən iddiaya etiraz ərizəsində əks edilmiş hallarla cavabdehin direktoru Qanuni nümayəndə BMCQMİ-nin təhqiqat şöbəsində verdiyi izahatında göstərilmiş hallar arasında tam ziddiyyət müəyyən edildiyindən, hesab edir ki, həmin etiraz ərizəsində istinad edilmiş hallar əsas kimi qəbul edilməməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə və cavabdehin etirazına qarşı təqdim ediyi yazılı etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Vəkil2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, öhdəlik sənədinin 2017-ci ildə bağlandığını, həmin sənəddə texniki səhvə yol verilmədiyini düşünür. Qapılar müqavilədən əvvəl sifariş edilib. Sifarişi İddiaçı oğlu edib. İlkin olaraq şifahi razılaşma olub. Müqavilə öhdəlik sənədindən sonra imzalanıb. Qeyd etdiklərimi təsdiq edən sübutlar təhqiqat aparan orqana təqdim edilib. Öhdəliklər ağlabatan müddətdə icra edilməli idi. Ağalabatan müddət 20 gün deyil. Ödənişlərin hansı tarixdən başlayaraq edilməsi barədə dəqiq məlumatı yoxdur. Qapıların bir hissəsi təhvil verilmək üçün çatdrılıb iddiaçıya, lakin iddiaçı qapıları qəbul etməyib. Mübahisə barədə bütün sübutları təhqiqat aparan orqana təqdim etmişlər. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh MMC (direktor Qanuni nümayəndə şəxsində) (satıcı), ilə İddiaçı (alıcı) arasında 06 yanvar 2018-ci il tarixdə 012 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən: müqavilənin predmetini müqavilənin qoşma vərəqinə əlavə olunan 01 nömrəli sənəd üzərində göstərilmiş ölçülü qapıların hazırlanması və satılması təşkil edir. Müqavilənin ümumi məbləği 46.000 manatdır. alıcı sifariş olunan malın dəyərinin 30.000 manat həcmində ödənişi sifariş təsdiq edildikdən sonra malın alıcıya təhvili müqavilə bağlandıqdan 1 təqvim günü əvvəl olmaq şərti ilə satıcının təqdim etdiyi hesablaşma yolu ilə həyata keçirilir. Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və xx.xx.2018-ci il tarixinədək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir. xx.xx.2017-ci il tarixli öhdəlik sənədinə əsasən “X2 Door” şirkətnin rəhbəri Qanuni nümayəndə İddiaçı 160 ədəd yanğın çıxış qapısının hazırlanması üçün tam şəkildə aksessuar daxil olmaq şərti ilə fevral ayında təhvil verməyi öhdəsinə götürdüyünü və bunun müqabilində İddiaçı 46.000 manat götürdüyünü öz imzası və möhürü ilə təsdiq etmişdir. Həmçinin İddiaçı 46.000 manat pulu verməsini öz imzası ilə təsdiq etmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq borcun qısa müddət ərzində ödənilməsi xahiş edilmişdir. Qanuni nümayəndə Azərbaycan Respublikası DİN-in BMCMİ-də vermiş olduğu izahatından ilə təsdiq edilir ki, Qanuni nümayəndə izahat verərkən, onun İddiaçıla tanışlığının 2017-ci ilin mart-aprel aylarına təsadüf etdiyini, İddiaçı ona 650 ədəd yanğınçıxış qapılarını düzəltmək üçün sifariş verdiyini, ilkin etapda sifariş edəcəyi 160 ədəd qapı üçün 25.000 manat beh və qapı başına 320 manat pul verəcəyini vəd etdiyini, İddiaçı tərəfindən ona qapı sifarişinə görə ümumilikdə 46.000 manat pul verildiyini qeyd etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək sifariş edilmiş malların dəyəri olan 46.000 manat məbləğində pul vəsaitini cavabdehə ödəsə də, cavabdeh sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməməyərək sifariş edilmiş malları cavabdehə təqdim etməmişdir. Hazırda İddiaçı sözügedən müqavilə üzrə Cavabdeh MMC-yə ödədiyi 46.000 manat məbləğində pulun və həmin pulun qaytarılmasının gecikdirilməsinə görə 6900 manat məbləğində faizlərin tutulmasını tələb edir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə alqı-satqı müqaviləsinə əsasən təqdim edilməli malların dəyəri olan 46.000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh MMC-yə qabaqcadan ödənilsə də, həmin pulun müqabilində müvafiq malların iddiaçıya təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən malın dəyəri olaraq qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdir. Sifariş olunan qapılar tərəflərindən hazırlansa da, iddiaçının qapıları qəbul etməkdən imtina etməsi barədə cavabdehin istinad etdiyi hallara münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh həmin halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 46.000 manat pul öhdəliyinin ödənilməsinin gecikdirilməsinə görə 3 illik faiz borcu olan 6.900 manat pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC malları təqdim etməli olduğu, lakin təqdim etmədiyi vaxtdan, 2018-ci ilin fevralından (həmin tarix öhdəlik sənədində göstərilmişdir) etibarən Mülki Məcəllənin 599-cu maddəsinə əsasən qabaqcadan ödənilmiş məbləği iddiaçıya İddiaçı qaytarmaq öhdəliyi daşısa da, həmin öhdəliyi 4 ilə yaxın müddət ərzində icra etməmişdir. Öhdəliyinin icrasının gecikdirildiyi müddətlə bağlı cavabdehin istinad etdiyi - öhdəlik sənədində göstərilmiş tarixdə texniki səhvdə yol verilməməsi, həmin sənədin 2017-ci ildə verilməsi və belə olan halda müqavilənin öhdəlik sənədindən sonra bağlanması, müqavilədə isə sifarişin təhvil verilməsi tarixinin göstərilməməsi barədə dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi göstərilən hallar iş materiallarında olan digər sənədlərlə, o cümlədən cavabdehin qanuni təmsilçisinin hüquq mühafizə orqanlarında verdiyi izahatla təkzib edilir. Belə ki, A.Şixəmirov adıçəkilən izahatında iddiaçı ilə 2017-ci ilin aprel-may aylarında tanış olduğunu və müddət sonra aralarında qapıların alqı-satqısı barədə razılıq əldə edildiyini göstərmişdir. Digər tərəfdən qapıların alınmasına dair müqavilə 2018-ci ilin yanvar ayının 6-da bağlanmış və həmin müqavilədə müqavilə üzrə ödənilməli olan 46.000 manat məbləğində pulun 30.000 manat hissəsinin sifariş verildikdən sonra ödəniləcəyi göstərilmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları nəzərə alan məhkəmə 46.000 manat məbləğində pulun iddiaçı tərəfindən ödənildiyini təsdiq edən öhdəlik sənədinin cavabdehin iddia etdiyi kimi xx.xx.2017-ci tarixdə verilməsi, yəni alqı-satqı müqavilənin bağlanmasından bir il əvvəl verilməsi barədə cavabdehin nümayəndəsinin istinad etdiyi inandırıcı hesab etmir. Odur ki, cavabdehin pul öhdəliyinin icrasını 4 ilə yaxın müddət ərzində gecikdirməsi iş materialları ilə öz təsdiqini tapdığından İddiaçı qaytarılması gecikdirilmiş məbləğə MM-in 445.7-ci maddəsinə əsasən 3 illlik müddət üçün hesablanmış 6.900 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat, eləcə də cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçınnı çəkdiyi mediasiya xərclərinin əvəzi olaraq 200 manat, cəmi 228 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 46.000 (qırx altı min) manat məbləğində pul vəsaiti, həmin pulun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 6.900 (altı min doqquz yüz) manat məbləğində faiz, cəmi 52.900 (əlli iki min doqquz yüz) manat məbləğində pul vəsaiti, mediasiya xərclərin və dövlət rüsumunun əvəzi olaraq 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar