Məhkəmə qərarları › İş №e-2-2(113)-912/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-912/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-912/2025 10.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə qarşı (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, BB seriyalı 835635 saylı daşınmaz əmlakın sığorta şəhadətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksində 43, 75 və 77 saylı iaşə obyektlərinə dəymiş zərərin əvəzi kimi 74283,48 manat məbləğində nəğd pulun, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 312,85 manat məbləğində nəğd pulun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksində iddiaçıya məxsus olan 43; 75 və 77 saylı iaişə obyektləri vardır. Cavabdehlə olan xx.xx.2023-cü il tarixli BB seriyalı 835635 saylı daşınmaz əmlakın sığorta şəhadətnaməsinə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksində 43; 75 və 77 saylı iaişə obyektləri 173185 manat manat məbləğində siğortalanmışdır və sığortadan azadolma məbləği 250 (iki yüz əlli) manat razılaşdırılmışdır. Həmin ünvanda baş verən yanğın nəticəsində iddiaçıya məxsus əmlaklara ümumilikdə 74283,48 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı tərəfindən zərərin hesablanması və ödənilməsi ilə bağlı cavabdehə müraciət edilmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq əmlaka 10110 manat məbləğində zərərin müəyyən edildiyi 200 manat azadolma məbləği çıxıldıqdan sonra 9910 manat sığorta ödənişinin ayrıldığı qeyd edilmişdir. Bundan sonra rəsmi şəkildə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə pretenziya ünvanlanmış və dəymiş zərərin ödənilməsi cavabdehdən tələb edilmişdir. Lakin cavabdeh ödənişin edilməsindən əsassız olaraq yayınmışdır. Hüquqi yardımın göstərilməsi məqsədi ilə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 müraciət edilmiş və EM-1181VK- 10629/24 saylı müqavilə bağlanaraq 500 manat məbləğində xidmət haqqı ödənilmişdir.

3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin 9910 manat hissəsində qəbul edildiyini bildirərək, tələbin qalan hissədə rədd edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-yə daxil olan Azərbaycan Respulikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısı mayor Nuruyev Rüfət Babaş oğlu tərəfindən tərtib edilmiş 1019 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda öz əksini tapmış olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 3-16-16/2-10/7311 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən daşınmaz əmlaka tikinti üzrə dəymiş zərər 10110 (on min bir yüz on) manat məbləğində müəyyən olunmuşdur. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış BB seriyalı 835636 blank nömrəli “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsinin şərtlərinə əsasən şərtsiz azadolma məbləği 200 (iki yüz) manat təşkil edir. Müqavilə şərtləri əsas götürülərək 200 (iki yüz) manat azadolma məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən hesablanmış zərər məbləğindən çıxılaraq cavabdeh tərəfindən 9910 (doqquz min doqquz yüz on) manat sığorta ödənişi hesablanılmışdır və həmin məbləğdə pulu iddiaçıya ödəməyə hazırdır. Hazırkı halda cavabdeh tərəfindən dəymiş zərərin 74238,48 manat məbləğində olduğunu təsdiq edən heç bir mötəbər sübut iddia ərizəsinə əlavə edilməmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verib iddia tələbini qismən, 9910 manat sığorta ödənişinin tutulması hissəsində qəbul etdiklərini göstərib iddianın qalan hissədə rədd edilməsini xahiş etdi.

7. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

8. Sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ümumi sahəsi 2849,60 kv.m olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021).

11. Daşınmaz Əmlakın BB seriyalı 835636 saylı İcbari Sığortası Şahadətnaməsindən görünür ki, İddiaçı məxsus əmlak (Dost Mərkəzi) 200 manat azadolma məbləği müəyyən edilməklə, 92575 manat məbləğində sığorta edilmişdir.

12. Daşınmaz Əmlakın BB seriyalı 835635 saylı İcbari Sığortası Şahadətnaməsindən görünür ki, İddiaçı məxsus əmlak (Bazarstore) 250 manat azadolma məbləği müəyyən edilməklə, 73185 manat məbləğində sığorta edilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/7311 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsi, 27 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə tikinti üzrə dəymiş ziyan 16700 manat, lift və digər şaxtaların yerləşdiyi sahəyə tikinti üzrə dəymiş maddi ziyan 10110 manat təşkil edir.

14. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısı tərəfindən qəbul edilmiş 29 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 23 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunmuş 21 mərtəbəli yaşayış binasında yanğın hadisəsi baş vermiş, nəticədə bu ünvanda yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə maddi ziyan dəymişdir. Baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

15. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş sığorta ödənişinin verilməsinə dair xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində yerləşən daşınmaz əmlaka xx.xx.2023-cü il tarixində yanğın hadisəsi nəticəsində dəymiş zərərin müəyyən olunması ilə əlaqədar sözügedən əraziyə sığortaçının səlahiyyətli nümayəndəsi tərəfindən baxış keçirilmiş və əmlaka dəymiş zərər 8500 manat məbləğində müəyyən olunmuşdur. Azərbayan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən daşınmaz əmlaka dəymiş zərər 10110 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə şərtləri əsas götürülərək azadolma məbləği hesablanmış zərər məbləğindən çıxılaraq 9910 manat məbləğində sığorta ödənişi hesablanmışdır.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində yerləşən tədqiqat obyekti ilkin vəziyyətdə saxlanılmadığından, təmir bərpa işləri aparıldığından qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması (cavablandırılması) mümkün olmamışdır.

17. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

20. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

21. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

22. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

23. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

24. İşin araşdırılan hallarından məlum olur ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka dair tərəflər arasında xx.xx.2023-cü il tarixdə icbari sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində (xx.xx.2023-cü il tarixində) yanğın baş vermişdir.

25. Tərəflər arasında icbari sığorta müqaviləsi bağlandığı üçün sığorta hadisəsinin baş verib-verməməsi halı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən müəyyən edilməlidir.

26. Həmin maddənin tələblərinə görə daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: yanğın, ildırım düşməsi (36.1.1); məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı (36.1.2); elektrik naqillərində baş verən qısa qapanma (36.1.3); buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı (36.1.4); su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyriyaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma (36.1.5); hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri (36.1.6); yerüstü nəqliyyat vasitəsinin dəyməsi (36.1.7); təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi (36.1.8); üçüncü şəxslərin hərəkətləri (36.1.9).

27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 23 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunmuş 21 mərtəbəli yaşayış binasında yerləşən iddiaçıya məxsus sığortalanmış əmlakda yanğın hadisəsi baş vermiş, yanğın hadisəsi ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir.

28. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 dekabr 2023-cü il tarixli, 3- 16-16/2-10/7311 nömrəli rəyə əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə tikinti üzrə dəymiş ziyan 16700 manat, lift və digər şaxtaların yerləşdiyi sahəyə tikinti üzrə dəymiş maddi ziyan 10110 manat təşkil edir.

29. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş dəymiş zərərin hesablanması barədə aktı mötəbər sübut kimi qəbul etmir.

30. Belə ki, həmin aktda iddiaçıya məxsus əmlaka dəymiş zərərin ümumi məbləğinin 74283,48 manat olması göstərilsə də, həmin zərərin hansı qaydada müəyyən edilməsi, tədqiqatın hansı metodlar əsasında aparılması müəyyən edilmir.

31. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halı olduğundan iddiaçı cavabdehdən sığorta ödənişinin verilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə sığorta hadisəsi baş verdiyinə görə cavabdehin iddiaçı qarşısında sığorta ödənişini vermək öhdəliyi yaranmışdır.

32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş zərər müəyyən edilərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 dekabr 2023-cü il tarixli ekspert rəyi əsas götürülməlidir.

33. Cavabdeh həmin rəylə qismən razı olduğunu, lift və digər şaxtaların yerləşdiyi sahənin sığortalanmış sahə olmadığını bildirsə də, məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır.

34. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ümumi sahəsi 2849,60 kv.m olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir, lift və digər şaxtaların həmin qeyri-yaşayış sahəsindən keçən hissəsi qeyri-yaşayış sahəsinin daxilində olmaqla əmlakın tərkib hissəsidir.

35. Beləliklə, materiallarda olan sübutlarla iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə zərər dəyməsinin müəyyən olunması, həmin zərərin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə əsasən 26810 manat (16700 manat + 10110 manat) müəyyən edilməsi iddianın sığorta ödənişinin tələb edilməsi hissəsində təmin edilməsi üçün əsas hesab edilməlidir. Çünki həmin zərərin məhz xx.xx.2023-cü il tarixdə və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində göstərilən sığorta hadisəsi nəticəsində dəyməsi işin araşdırılan halları ilə sübut olunur.

36. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, azadolma məbləği çıxılmaqla, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə dəymiş zərərlə bağlı 26610 manat (26810 manat - 200 manat manat azadolma məbləği) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

37. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilsə də, həmin xərci təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir.

38. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

39. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 169,83 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 143,02 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 26610 manat məbləğində pul, 169,83 manat dövlət rüsumu, ümumilikdə 26779,83 (iyirmi altı min yeddi yüz yetmiş doqquz manat səksən üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 143,02 (bir yüz qırx üç manat iki qəpik) manat dövlət rüsumu və 500 (beş yüz) manat hüquqi yardıma görə xərc İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar