Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9120/2025 16.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2021-ci il tarixli, 221/21 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1. 1.1-ci bəndinə əsasən, “Satıcı” (iddiaçı) bu müqavilənin 1.2.-ci yarımbəndində göstərilən malları “Alıcı”ya (cavabdehə) satmağı, “Alıcı” isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. 1.2. 1.2-ci bəndinə əsasən, Müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti Razılaşma Protokolunda və ya Elektron Qaimə-Fakturada öz əksini tapır. 1.3. 1.3-cü bəndinə əsasən, “Alıcı” və “Satıcı” arasında yaranmış borc qalıqları mütəmadi olaraq tərəflər arasında imzalanaraq bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə müəyyən edilir. 1.4. 2.1 və 2.2-ci bəndlərinə əsasən, Malların çatdırılması müddətləri və digər şərtləri hər bir konkret partiya üçün razılaşdırılır. Mallar “Satıcı” tərəfindən “Alıcıya” və ya “Alıcının” nümayəndələrinə təhvil verilir. 1.5. 3.1-ci bəndinə əsasən, Malların qiymətləri bu müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan “Razılaşma Protokoluna'' və ya Elektron Qaimə-Fakturaya uyğun olaraq müəyyən edilir. 1.6. 3.2 və 3.3-cü bəndlərinə əsasən, “Alıcı” ödənişləri malın qəbul edilməsindən sonra 15 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir. Malların dəyəri 3.2 bəndində göstərilən 15 (on bes) təqvim günü müddətində ödənilmədikdə «Satıcı» malları geri götürmək, çatışmayan malların dəyərini və çəkilmiş xərcləri «Alıcı»dan tələb etmək hüququna malikdir. 1.7. 6.2-ci bəndinə əsasən, Bu müqavilə üzrə Ödənişlərin gecikdirilməsinə görə «Alıcı» gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5 %-i həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda «Satıcı» öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər.
2. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Borcların qarşılıqlı üzləşdirilməsinə dair aktdan görünür ki, cavabdehin həmin tarixə iddiaçıya 2736,34 manat əsas, 492,54 manat ƏDV olmaqla ümumilikdə 3228,88 manat məbləğində borcu mövcuddur. Akt hər iki tərəfdən imzalanmış və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş satış qaimələri və ona müvafiq olaraq tərtib edilmiş mal məxaric orderlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 3177,04 manat məbləğində mallar cavabdehə çatdırılmış, cavabdeh hüquqi şəxsin nümayəndələri tərəfindən təhvil alınmışdır.
4. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə cəmi 3221,43 manat məbləğində EBCO seriyalı, 625830 nömrəli elektron-qaimə göndərilmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı cavabdehdən 3228,88 manat əsas borc, 30 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 484 manat dəbbə pulu (cərimə) olmaqla, ümumilikdə 3712,88 manat pul vəsaiti və 57,13 manat ödənilmiş dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı ərizəsində göstərmişdir ki, Cavabdeh MMC İddiaçı ilə bağladığı 221/21 saylı, 30 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2 bəndinə əsasən, malların verilməsindən 15 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsullarını götürmüşdür. İşin faktiki halları: Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla xx.xx.2024-cü il tarixdə imzalanmış “Borcların qarşılıqlı üzləşdirilməsinə dair akt”a əsasən yaranmış borcu etiraf edərək onu bir (1) ay müddətində ödəməyi öhdəsinə götürmüş, lakin bu günədək 3.228,88 (üç min iki yüz iyirmi səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində borc qalığını ödəməmişdir. Cavabdeh alqısatqı müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildiriş ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün heç bir ödəniş etməmişdir. Məlumat üçün bildirirəm ki, mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehə borclu olduğu pul məbləğinin 5 gün ərzində ödənilməsi üçün xx.xx.2025-ci il tarixdə pretenziya məktubu vergi xidmətinin saytından online kargüzarlıq qaydasında göndərilmişdir. Cavabdeh bu günədək öz borcunu ödəmədiyindən tərəflər arasında imzalanmış müqavilənin 6.2 bəndinə əsasən gecikdirmənin müddəti 15 gündən çox olduqda hər gün üçün 0,5 % həcmində penya pulunuda ödəməli və həmin məbləğ borc məbləğinin üzərinə əlavə edilməlidir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim etməmişdir.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
8. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
10. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
14. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
17. Maddə 570.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır.
18. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
19. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maadə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.
26. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
27. Qeyd edilən müddəadan da (MM-nin 386.1-ci maddəsi) göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gəlməklə əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
28. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
29. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 221/21 saylı alqı-satqı müqaviləsinin bağlanması ilə müqavilə üzrə öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən iddiaçı bu müqavilənin 1.2.-ci yarımbəndində (müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti Razılaşma Protokolunda və ya Elektron Qaimə-Fakturada öz əksini tapır) göstərilən malları cavabdehə satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən, “Alıcı” və “Satıcı” arasında yaranmış borc qalıqları mütəmadi olaraq tərəflər arasında imzalanaraq bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə müəyyən edilir.
30. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Borcların qarşılıqlı üzləşdirilməsinə dair” aktdan görünür ki, cavabdehin həmin tarixə iddiaçıya 2736,34 manat əsas, 492,54 manat ƏDV olmaqla ümumilikdə 3228,88 manat məbləğində borcu mövcuddur. Akt hər iki tərəfdən imzalanmış və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmişdir.
31. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş satış qaimələri və ona müvafiq olaraq tərtib edilmiş mal məxaric orderlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 3177,04 manat məbləğində mallar cavabdehə çatdırılmış, cavabdeh hüquqi şəxsin nümayəndələri tərəfindən təhvil alınmışdır. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə cəmi 3221,43 manat məbləğində EBCO seriyalı, 625830 nömrəli elektronqaimə göndərilmişdir.
32. Beləliklə, iddiaçı müqavilə ilə üzərinə götürdüyü malların təhvil verilməsinə dair öhdəliyini lazımınca icra etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilənin 3.2 –ci bəndinə əsasən, ödənişləri malın qəbul edilməsindən sonra 15 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında malları almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməyərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Odur ki iddiaçı 3228,88 manat məbləğində əsas borcun cavabdeh tərəfindən ödənilməsinə dair hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.
33. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
34. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
35. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 161 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.
36. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən (təqribən 79% həcmində) dövlət rüsumu da ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3228,88 manat əsas borc, 161 manat dəbbə pulu, olmaqla, ümumilikdə 3389,88 manat pul vəsaiti və ödənilmiş 57,13 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı