Məhkəmə qərarları › İş №e-2-2(113)-913/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-913/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-913/2021 15.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi Kərimov İlkin Camal oğlunun katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "X2 və Şəbəkə Satış" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X2 və Şəbəkə Satış" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3359,15 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə “X2 və Şəbəkə Satış” MMC arasında bağlanmış 24 fevral 2020-ci il tarixli 118 saylı alqı-satqı müqaviləsinə əsasən “X2 və Şəbəkə Satış” MMC-nin ünvanına ümumi dəyəri 3669 (üç min altı yüz altmış doqquz) manat olan “mal” göndərilmişdir. Sözügedən “mal” sifarişçiyə çatdırıldıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq onun ümumi dəyərinin 310 (üç yüz on) manat hissəsi Cavabdeh MMC tərəfindən iddiaçının hesabına ödənilmişdir. İddiaçı tərəfindən 04 noyabr 2020-ci il tarixində Cavabdeh MMC-yə etiraz məktubu göndərilək “X2 və Şəbəkə Satış” MMC-yə olan borc məbləğini 9 noyabr 2020-ci il tarixinə kimi ödəməsi xahiş edilsə də, heç bir nəticəsi olmamışdır. 24 fevral 2020-ci il tarixli 118 saylı alqı-satqı müqaviləsinin 3.2.1-ci maddəsinə əsasən satıcı malların təhvil-təslim aktı əsasında alıcı tərəfindən qəbul edildikdən sonra satıcı alıcıya müvafiq elektron qaimə-faktura təqdim edir və alıcı ödəməni elektron qaimə-faktura alındıqdan sonra 14 (on dörd) iş günü ərzində satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən satıcı alıcı tərəfindən alış qiyməti ödənilənədək mallar mülkiyyət hüququnu özündə saxlayır və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və malı geri götürmək hüququ var. Göründüyü kimi Cavabdeh MMC iddiaçıya alqısatqı müqaviləsinə əsasən borcun ödənilməsini 14 gün ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirməyə borclu olduğu halda bunu etməmiş, ödəməsi barədə qanuni xəbərdarlığa məhəl qoymamışdır. Hazırda Cavabdeh MMC-nin borcunun məbləği 3359,15 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini MPM-nin 185.5-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -satıcı olan iddiaçı ilə alıcı olan cavabdeh arasında bağlanmış 24 fevral 2020-ci il tarixli 118 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin 2-ci maddəsində göstərilən ərzaq və qeyri- ərzaq mallarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib əvəzinə müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. -Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malların qiyməti qaimə-fakturaya əsasən müəyyən olunur. -Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş qabaqcadan və ya satıcıdan bilavasitə təvıl alınarkən həyata keçirilməli olan malların dəyəri köçürmə qaydasında və ya nəğd olaraq satıcının hesablaşma hesabına ödənilir. -Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən satıcı tərəfindən alıcıya təqdim olunan məhsulları 14 (on dörd) gün müddətindən gec olmamaqla tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər. -EBAH seriyalı 559228 nömrəli 11.03.2020-ci il tarixli elektron qaimədən görünür ki, “X2 və Şəbəkə Satış” MMC tərəfindən Cavabdehnə ümumi dəyəri 693,74 manat olan 6 adda malın dəyərinin ödənilməsi barədə qaimə göndərilmişdir. -EBAH seriyalı 553934 nömrəli 11.03.2020-ci il tarixli elektron qaimədən görünür ki, “X2 və Şəbəkə Satış” MMC tərəfindən Cavabdehnə ümumi dəyəri 457,32 manat olan 4 malın dəyərinin ödənilməsi barədə qaimə göndərilmişdir. -EBAH seriyalı 562178 nömrəli 11.03.2020-ci il tarixli elektron qaimədən görünür ki, “X2 və Şəbəkə Satış” MMC tərəfindən Cavabdehnə ümumi dəyəri 558,09 manat olan 5 adda malın dəyərinin ödənilməsi barədə qaimə göndərilmişdir. -EBAH seriyalı 721913 nömrəli 16.03.2020-ci il tarixli elektron qaimədən görünür ki, “X2 və Şəbəkə Satış” MMC tərəfindən Cavabdehnə ümumi dəyəri 25,00 manat olan 1 adda malın dəyərinin ödənilməsi barədə qaimə göndərilmişdir. -EBAL seriyalı 278229 nömrəli 18.06.2020-ci il tarixli elektron qaimədən görünür ki, “X2 və Şəbəkə Satış” MMC tərəfindən Cavabdehnə ümumi dəyəri 985,00 manat olan 1 adda mal satılmışdır. -EBAQ seriyalı 366763 nömrəli 23.09.2020-ci il tarixli elektron qaimədən görünür ki, “X2 və Şəbəkə Satış” MMC tərəfindən Cavabdehnə ümumi dəyəri 475,00 manat olan 1 adda malın dəyərinin ödənilməsi barədə qaimə göndərilmişdir. -EBAQ seriyalı 367112 nömrəli 23.09.2020-ci il tarixli elektron qaimədən görünür ki, “X2 və Şəbəkə Satış” MMC tərəfindən Cavabdehnə ümumi dəyəri 475,00 manat olan 1 adda malın dəyərinin ödənilməsi barədə qaimə göndərilmişdir. -04.11.2020-ci il tarixli borc bildirişindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 24 fevral 2020-ci il tarixli 118 saylı alqı-satqı müqaviləsi üzrə satılmış malların dəyərinin 5 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə “X2 və Şəbəkə Satış” MMC arasında 24 fevral 2020-ci il tarixli 118 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən satıcı ərzaq və qeyri-ərzaq mallarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib əvəzinə müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini tam olaraq yerinə yetirməmiş nəticədə 3359,15 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1 -ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, iş materiallarında görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilməsinə baxmayaraq, həmin məhsulların və xidmətlərin dəyəri iddiaçıya tam ödənilməmişdir. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında malların alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş malları cavabdehə vermiş, cavabdeh isə həmin malların dəyərini tam olaraq ödəməmiş, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, 24 fevral 2020-ci il tarixli 118 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC -dən 3359,15 manat borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 24 fevral 2020-ci il tarixli 118 saylı alqı-satqı müqaviləsi üzrə 3359,15 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X2 və Şəbəkə Satış” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar