Məhkəmə qərarları › İş №e-2-2(113)-913/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-913/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-913/2022 14.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1 və X1, cavabdehin nümayəndələri Nümayəndə2 və X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi və Cavabdeh İddiaçınə qarşı artıq ödənilmiş pul vəsaitinin və əldən çıxmış faydanın ödənilməsi, qırıcı (rokson) aqreqatların qaytarılması tələblərinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 23 may 2019-cu il tarixli, 05/19 saylı alqı-satqı/xidmət müqaviləsi üzrə Cavabdeh MMC-dən 6792 manat borc məbləğinin və mediasiya xərci olaraq ödənilmiş 100 manat məbləğinin tutaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 23 may 2019-cu il tarixli 05/19 saylı alqı-satqı/xidmət müqaviləsi imzalamışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı/podratçı malları/xidmətləri hazırki müqavilənin şərtlərinə uyğun olaraq təqdim etməyi, alıcı/sifarişçi isə öz növbəsində həmin malları/xidmətlərin dəyərini ödəməyi öz öhdəsinə götürür. Lakin, Cavabdeh MMC tərəfindən 6792 manat (ƏDV xaric) məbləğində pul vəsaiti ödənilməmişdir. Həmçinin, iddiaçı tərəfindən Cavabdeh MMC-yə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Buna baxmayaraq, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərci ödənilmişdir. Cavabdeh MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 23 may 2019-cu il tarixli, 05/19 saylı alqı-satqı/xidmət müqaviləsi üzrə İddiaçı MMC-dən artıq ödənilmiş 7137,5 manat borc məbləğinin, MTB-170 markalı qırıcı (rokson) və MTB-55 markalı qırıcı (rokson) aqreqatların iddiaçıya işlək vəziyyətdə təhvil verilməsi, 20000 manat məbləğində əldən çıxmış fayda və mediasiya xərci olaraq ödənilmiş 100 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 23 may 2019-cu il tarixli xidmət müqavləsi bağlanmışdı. Həmin müqavilə üzrə Cavabdeh MMC tərəfindən 2020-ci ilin aprel-iyun aylarında İddiaçı MMC-yə 15151,76 manat (ƏDV daxil) pul vəsaiti ödənilmiş, halbuki şirkətlər arasında imzalanmış 15 fevral 2020-ci il tarixli üzləşmə aktına əsasən 01 yanvar 2020-ci il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə cəmi 8014,56 manat borcu olmuşdur. Beləliklə, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 7137,50 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir və bu pul vəsaitlərinin müqabilində xidmətlər göstərilməmişdir. Həmçinin, Cavabdeh MMC-yə məxsus MTB-170 markalı qırıcı (rokson) və MTB-55 markalı qırıcı (rokson) aqreqatlar əsassız və qanunsuz olaraq İddiaçı MMC-də saxlanılır. Bunların nəticəsində iddiaçı cəmiyyətə külli miqdarda ziyan dəymişdir. Belə ki, Cavabdeh MMC "xxxx" ASC ilə A04/2020 saylı xx.xx.2020-ci il tarixli müqavlə bağlamışdır. Həmin müqavləyə əsasən, Cavabdeh MMC tərəfindən "xxxx" ASC-yə 349862 manat məbləğində müxtəlif söküntü işlərini, o cümlədən MTB-170 markalı qırıcı (rokson) və MTB- 55 markalı qırıcı (rokson) aqreqatlar istifadə edilməklə bina konstruksiyalarının dağıdılması işlərini həyata keçirilməli idi. Lakin, xx.xx.2020-ci ildə "xxxx" ASC ilə imzalanmış A04/2020 saylı xx.xx.2020-ci il tarixli müqavləyə 4 saylı əlavəyə əsasən, görüləcək işlərin həcmi 237153,79 manatadək azaldılmışdır. Nəticədə Cavabdeh MMC 112709 manat (349862 manat – 237153,79 manat) məbləğində gəlirindən və müvafiq olaraq 20000 manat məbləğində mənfəətindən məhrum olmuşdur. Tərəflər arasında mediasiya prosesi keçirilmiş, lakin razılıq əldə edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən İddiaçı MMC-yə pretenziya qaydasında müraciət edilmiş, 7137,50 manat məbləğində artıq pul vəsaitinin, 20000 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi, MTB-170 markalı qırıcı (rokson) və MTB-55 markalı qırıcı (rokson) aqreqatların iddiaçıya işlək vəziyyətdə təhvil verilməsi xahiş edilmişdir, lakin müraciət nəticəsiz qalmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1096/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qərardadı ilə Cavabdeh İddiaçınə qarşı artıq ödənilmiş pul vəsaitinin və əldən çıxmış faydanın ödənilməsi, qırıcı (rokson) aqreqatların qaytarılması tələblərinə dair iş e-2-2(113)- 1096/2022 nömrəli kommersiya mübahisəsi ilə bağlı işlə bir icraatda birləşdirilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini, Cavabdeh MMC-nin iddiasını qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı MMC-də , Cavabdeh MMC-yə məxsus yalnız MTB-170 və MTB 35 markalı qırıcı (rokson) aqreqatlar vardır. Yaranmış borc məbləğinin ödənildiyi təqdirdə, avadanlığın qaytarılmasına etiraz etmirlər. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədiyini, Cavabdeh MMC-nin iddiasını müdafiə etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, aqreqatın geri qaytarılması ilə bağlı qarşı tərəfə dəfələrlə şifahi müraciətlər edilməsinə baxmayaraq, nəticəsi olmamışdır. Tərəflər arasında bağlanılmış bir müqavilə olmuş, bütün işlər də həmin müqavilə üzrə görülmüşdür. Artıq ödənişlər müəyyən işlərin görülməsi üçün edilmişdir, lakin həmin işlər görülməmişdir. İş materiallarında olan: - 15 fevral 2020-ci il tarixli üzləşmə aktına əsasən 05/19 nömrəli 23 may 2019-cu il tarixli müqavilə üzrə sifarişçinin icraçıya xx.xx.2020-ci il tarixinə olan borcu 6792 manat (1222,56 manat ƏDV) təşkil edir. - 22/20 nömrəli, 16 aprel 2020-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 5000 manat, 26/20 nömrəli, 28 aprel 2020-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 857 manat, 27/20 nömrəli, 28 aprel 2020-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 154,26 manat, 46/20 nömrəli, 20 iyun 2020-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 3200 manat, 37/20 nömrəli, 13 may 2020-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 3784 manat, ümumilikdə 12995,26 manat məbləğində pul vəsaiti köcürülmüşdür. - xx.xx.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlərə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 310,32 manat və 370,8 manat, xx.xx.2020-ci il tarixli bildirişə əsasən 576 manat, xx.xx.2020-ci il tarixli bildirişə əsasən 900 manat, ümumilikdə 2157,12 manat məbləğində pul vəsaiti köcürülmüşdür. - 23 may 2019-cu il tarixli alqı-satqı/xidmət müqaviləsinə əsasən Satıcı/Podratçı bu Müqavilənin tərkib hissəsi olan və bu müqavilənin qüvvədə olduğu dövrdə hər bir alqısatqı/xidmət göstərilməsi zamanı imzalanacaq müvafiq əlavələrdə qeyd olunan mallrı/xidmətləri jazırki Müqavilənin şərtlərinə uyğun olaraq təqdim etməyi öhdəsinə götürür, alıcı/sifarişçi isə öz növbəsində həmin malların/xidmətlərin dəyərini ödəməyə razılığını bildirir. - 12 fevral 2020-ci il tarixli, A04/2020 nömrəli işlərin satın alınması üzrə müqaviləyə əsasən müqavilənin predmeti Sifarişçinin xx.xx.2020-ci il tarixli təkliflər sorğusu elanında göstərilmiş Sifarişçiyə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy vı Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə 11 mərtəbəli yaşayəş binalarının söküntü işlərinin satın almasıdır. Müqavilənin ümumi qiyməti 349862,11 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, A04/2020 nömrəli işlərin satın alınması üzrə müqaviləyə 17 dekabr 2020-ci il tarixli 4 saylı əlavəyə əsasən müqavilənin ümumi dəyərinin 5,1%-ni təşkil edən 12747,56 manat dəyərində olan işlər podratçı tərəfindən yerinə yetirilmir və sifarişçi tərəfindən ödənilmir. Eyni zamanda, müqavilə üzrə satın alınan işlərin dəyəri ümumilikdə 237153,79 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 281940 saylı elektron qaiməyə əsasən 2034,32 manat, xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 282721 saylı elektron qaiməyə əsasən 2430,8 manat, xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 282476 saylı elektron qaiməyə əsasən 7316 manat, ümumilikdə 11781,12 manat xidmətlərin göstərilməsinə görə Cavabdeh MMC-nin İddiaçı MMC-yə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Tərəflər arasında imzalanmış 23 may 2019-cu il tarixli alqı-satqı/xidmət müqaviləsinin 3.2-ci bəndinə əsasən “Tərəflər arasında digər şəkildə razılaşdırılmayıbsa, bütün ödənişlər Satıcının/Podratçının müqavilədə göstərilmiş bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir. Həmin müqavilənin 5.2-ci bəndində göstərilmişdir ki, ... çatdırılmış malların keyfiyyəti və kəmiyyəti, eləcə də onların Müqaviləyə və əlavələrə uyğun olub-olmaması alıcı və satıcının səlahiyyətli nümayəndələr tərəfindən imzalanan təhvil-təslim aktı ilə sənədləşdiriləcəkdir. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. İş matertiallarında olan 15 fevral 2020-ci il tarixli üzləşmə aktı ilə təsdiq olunur ki, sifarişçi - Cavabdeh MMC-nin icraçı - İddiaçı MMC-yə borcu 6792 manat (1222,56 manat ƏDV) təşkil edir. Həmin üzləşmə aktı cavabdeh tərəfindən borcun qəbul edilməsini təsdiq edir. Cavabdehin iddianın bu hissəsinə etirazının və öz iddiasının əsasını o təşkil edir ki, üzləşmə aktı imzalandıqdan sonra Cavabdeh MMC-yə 28 aprel 2020-ci il tarixli hesab fakturalar, hər 2 tərəfindən iştirakı ilə tərtib olunmuş razılaşma aktı, elektron qaimələr təqdim olunmuşşdur və həmin sənədlərə əsasən sonradan görülən işlərin cəmi 11781,32 manat təşkil edir. Buna görə məhkəmə hesab edir ki, ilkin iddia üzrə borcun ödənilməsi və digər iddia üzrə artıq ödənişin aparılması işin halları ilə təsdiqini tapmadığından İddiaçı MMC-nin 6792 manat borcun ödənilməsi barədə iddiası təmin, Cavabdeh MMC-nin artıq ödənilmiş 7137,5 manat borc məbləğinin tutulması barədə iddiası rədd edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, Cavabdeh MMC-nin tələbi digər 2 hissəsində aşağıdakılar tələb olunur: - 20000 manat məbləğində əldən çıxmış fayda; - MTB-170 markalı qırıcı (rokson) və MTB-55 markalı qırıcı (rokson) aqreqatların iddiaçıya işlək vəziyyətdə təhvil verilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı mübahisə üzrə ilkin araşdırılmalı olan məsələ zərərin mövcud olub – olmamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən əldən çıxmış fayda dedikdə zərər çəkmiş şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərdə tutulur. İddiaçı tərəfindən əldən çıxmış faydanın məbləği ona görə 2000 manat müəyyən olunmuşdur ki, onunla "xxxx" ASC arasında imzalanmış A04/2020 saylı xx.xx.2020-ci il tarixli müqavlənin 4 saylı əlavəsinə əsasən, görüləcək işlərin həcmi 237153,79 manatadək azaldılmış, bununla da Cavabdeh MMC 112709 manat (349862 manat – 237153,79 manat) məbləğində gəlirindən və müvafiq olaraq 20000 manat məbləğində mənfəətindən məhrum olmuşdur. Lakin, iddiaçı tərəfindən məhkəməyə yuxarıda qeyd olunan xüsusatların məhz İddiaçı MMC-nin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulmasını təsdiq edən hər hansı bir sənəd təqdim olunmamışdır. Bundan başqa Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 7137,50 manat məbləğində artıq pul vəsaitinin ödənilməsinə dair heç bir sübut təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı İddiaçı MMC-nin direktoru X3 tərəfindən etiraf olunmuşdur ki, Cavabdeh MMC-yə məxsus MTB-170 markalı qırıcı (rokson) aqreqat hazırda İddiaçı MMC-nin istifadəsindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı işdə olduğu kimi, əşyaların tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq – “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərdə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: - Birincisi, tələb olunan əşya mövcuddur; - İkincisi, tələb edilən əşya iddiaçıya məxsusdur; - Üçüncüsü, tələb edilən əşya cavabdehdədir; - Dördüncüsü, tələb edilən əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əşyanı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2). Əşyanın mövcudluğunu və özünə məxsus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əşyanın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əşyanı özündə saxlamasını sübut etməlidir. Hazırkı iş üzrə iddiaçı iddiasına əsasən cavabdehdən tələb etdiyi MTB-55 markalı qırıcı (rokson) aqreqata münasibətdə tələbini yuxarıda qeyd olunan qaydada sübuta yetirə bilməmişdir. Həmin iddia üzrə cavabdeh MTB-35 markalı qırıcı (rokson) aqreqatın onda olduğunu bildirsə də, həmin əmlak hazırkı iddianın predmetini təşkil etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçınə qarşı artıq ödənilmiş pul vəsaitinin və əldən çıxmış faydanın ödənilməsi, qırıcı (rokson) aqreqatların qaytarılması barədə iddiası qismən, MTB-170 markalı qırıcı (rokson) aqreqatının işlək vəziyyətdə Cavabdeh MMC-yə qaytarılması hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə həmin Məcəllənin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası üzrə ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə, Cavabdeh MMC-nin iddiası üzrə ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi barədə iddiası təmin edilsin. 6792 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh İddiaçınə qarşı artıq ödənilmiş pul vəsaitinin və əldən çıxmış faydanın ödənilməsi, qırıcı (rokson) aqreqatların qaytarılması barədə iddiası qismən təmin edilsin. MTB-170 markalı qırıcı (rokson) aqreqat işlək vəziyyətdə İddiaçı tərəfindən Cavabdehnə qaytarılsın. Cavabdeh iddiası qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq Cavabdehnə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar