Məhkəmə qərarları › İş №e-2-2(113)-9158/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9158/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9158/2025 12.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 iyul 2021-ci il tarixli 007/M saylı Alqı-satqı müqaviləsi və ona əlavə olunan elektron qaimə fakturalara əsasən yaranmış 39329,08 manat əsas borc və 3932.91 manat cərimə məbləği və ödənilmiş 219.79 manat olmaqla, cəmi 43481.78 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 29 iyul 2021-ci il tarixli 007/M saylı alqı satqı müqaviləsi bağlanılmışdır. Sözügedən Müqaviləyə əsasən tərəfimizdənxx.xx.2021-ci il tarixli EBBF 592239 saylı elektron-qaimə faktura əsasında 26 078,00 manat, xx.xx.2021-ci il tarixli EBBN 064791 saylı elektron-qaimə faktura əsasında 236,00 manat, xx.xx.2023-cü il tarixli EBBN 159154 saylı elektron-qaiməfaktura əsasında 236,00 manat, xx.xx.2023-cü il tarixli EBCN 189533 saylı elektron-qaimə faktura əsasında 15266,00 manat, xx.xx.2023-cü il tarixli EBCN 402164 saylı elektron-qaimə faktura əsasında 3043,20 manat, xx.xx.2023-cü il tarixli EBCN 559705 saylı elektron-qaimə faktura əsasında 3710,40 manat, xx.xx.2023cü il tarixli EBCN 823537 saylı elektron-qaiməfaktura əsasında 3136,00 manat, xx.xx.2023-cü il tarixli EBCO 846222 saylı elektron-qaimə faktura əsasında 5248,03 manat, xx.xx.2023-cü il tarixli EBCO 846225 saylı elektron-qaimə faktura əsasında 3710,42 manat, xx.xx.2023-cü il tarixli EBCO 948087 saylı elektron-qaimə faktura əsasında 3710,42 manat, xx.xx.2023-cü il tarixli EBCO 948085 saylı elektron-qaimə faktura əsasında 3082,41 manat olmaqla ümumilikdə 67 456,88 manat məbləğində mallar alıcıya təhvil verilmişdir. Qeyd edilən borc üzrə "xxxx" MMC hissə-hissə olmaqla ümumilikdə 28 127,80 manat ödəniş etmişdir. Hal hazırkı tarixinə "xxxx" MMC-nin "xxxx" MMC-nə ödəniş məbləği çıxıldıqdan sonra ümumilikdə 39329,08 manat borcu qalmışdır. 29 iyul 2021-ci il tarixli 007/M saylı müqavilənin 4-cü bəndinə əsasən mallar (işlər və xidmətlər) təhvil verildikdən sonra müqavilə üzrə ödəmələr bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimə, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 (otuz) bank günündən gec olmamaq şərti ilə aparılmasına baxmayaraq hələdə ödəniş cavabdeh tərəfindən icra edilməmişdir ki, bu da bizim sahibkarlıq fəaliyyətimizdə müəyyən çətinliklər və o çümlədən Dövlət vergi xidməti qarşısında vergi öhdəliklərimizin gecikdirilməsinə gətirib çıxardır. Nəzərinizə çatdırırıq ki, bağlanılmış müqavilənin 5.2-ci bəndinə əsasən sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində ödəmələr iaparmasa, gecikdirilmiş hər gün üçün 0.1%-i məbləğdə faiz hesablamaq hüququ vardır. Cavabdeh 28 oktyabr 2025-ci il tarixədək müqavilə üzrə ödənişləri tam icra etməmiş və bununla da, müqavilə öhdəliklərini pozmuşdur. Tərəflər arasında aparılmış danışıqlar nəticəsində öz öhdəliklərini yerinə yetirməsi üçün iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixədək əlavə müddət verilmişdir. Cavabdeh qeyd edilən müddət ərzində də heç bir ödəniş həyata keçirməmiş və bununla da, müqavilə şərtlərini bir daha pozmuşdur. Beləliklə, hazırda müqavilə və ona əlavə olunan QRP-lərə əsasən iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların39329,08 manat (otuz doqquz min üç yüz iyirmi doqquz manat 08 qəpik) manat məbləğində pul öhdəliyinin ödənişini gecikdirmişdir. Müqavilənin 5.2-ci bəndinə uyğun olaraq ödəniş gecikdirildiyi təqdirdə, cavabdeh malların ümumi dəyərinin 10%-dən artıq olmamaqla hər gecikdirilmiş gün üçün satılmış malların ümumi qiymətinin 0,1% miqdarında cərimə ödəyəcəyini öz üzərinə öhdəlik qismində götürüb. Beləliklə, cavabdehin 28 oktyabr 2025-ci il tarixə 39329,08 manat (otuz doqquz min üç yüz iyirmi doqquz manat 08 qəpik) əsas borc və 3932.91 manat (üç min üç doqquz yüz otuz iki manat doxsan bir qəpik) cərimə məbləği olmaqla, cəmi 43261.99 manat (qırx üç min iki yüz altmış bir manat 99 qəpik) borcu yaranmışdır. Dəfələrlə cavabdehlə aramızda müqavilə öhdəliklərini icra etməsi, borc məbləğinin tam ödənilməsi ilə bağlı danışıqlar və yazışmalar aparılmağına və hətta, cavabdehə pretenziya qaydasında yazılı müraciət edilməsinə baxmayaraq, təəssüf ki, heç bir müsbət nəticə əldə olunmamışdır. Cavabdehin öz öhdəliklərinə vicdanla yanaşmaması və borcunu vaxtında ödəməməsi səbəbindən iddiaçı olaraq maddi zərərlə üzləşirik. Belə ki, cavabdeh tərəfindən öhdəliklərinin vaxtında icra edilməməsi nəticəsində tərəfimizdən üçüncü şəxslər qarşısında götürdüyümüz öhdəliklərin icrasında yubanmalar yaranmışdır. Sonuncu dəfə cavabdehə öhdəliyin tam icra edilməsi ilə bağlı 30 iyul 2025-ci il tarixli pretenziya məktubu ilə vergi kargüzarlığı və poçt vasitəsilə xəbərdarlıq ünvanlanaraq, öhdəliyin 15 avqust 2025-ci il tarixədək tam icrası tələb edilmişdir.

3. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dair yazılı etiraz ərizəsi təqdim edərək, iddia tələbinin qalıq borcdan başqa digər hissələrdə rədd edilməsini xahiş etmişdir.

4. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC barəsində irəli sürülmüş 39329,08 manat əsas borc və 3932,91 manat cərimə tələbi faktiki hallara və təqdim edilmiş müvafiq qaytarma sənədlərinə uyğun deyil, əsassızdır və işin real maliyyə vəziyyətini təhrif edir. Aşağıdakı hüquqi və faktiki əsaslarla iddiaçı tələblərinə tam və qismən etiraz edirik: iddiaçı iddia ərizəsində özü göstərir ki: cavabdehə ümumilikdə malların dəyəri: 67 456,88 manat cavabdeh tərəfindən ödənilmiş məbləğ: 28 127,80 manat. Bu rəqəmlər tərəflər arasında mübahisə predmeti deyil. İddiaçı iddia ərizəsində malların geri qaytarılması faktını gizlədir və bu barədə heç bir qeyd etmir. Halbuki cavabdeh tərəfindən iddiaçıya 26 iyul 2024-cü il tarixində 29 655,4 manat dəyərində mallar geri qaytarılmışdır. Bu barədə hər iki tərəfin iştirakı ilə akt tərtib edilmiş, imzalanmış və möhürlənmişdir. Həmin akt etiraza əlavə edilir. Bu səbəbdən iddiaçı ümumi borc məbləğini hesablayarkən qaytarılmış malları nəzərə almamışdır ki, bu da iddia tələbinin saxta şəkildə şişirdilməsi deməkdir. Hesablamanı qanuni olaraq belə aparmaq tələb olunur: ümumi təhvil verilmiş mallar- 67 456,88 cavabdeh tərəfindən ödənilmiş - 28 127,80 cavabdeh tərəfindən qaytarılmış mallar - 29 655,40 real qalıq borc: 9 673,68 manat. Bu, həm faktlara, həm sənədlərə, həm də tərəflərin imzası ilə təsdiq olunmuş geri qaytarma aktına söykənən yeganə doğru rəqəmdir. Bildirmək istəyirik ki, cavabdeh tərəfin fəaliyyəti yoxdur. Odur ki, istənilən cərimə məbləği həm reallığı əks edirmir, həmdə cavabdehi daha ağır maddi duruma salacaqdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Nağıyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-c il tarixli malların geri təhvil verilməsi aktını təsdiq edir, həmin mallar cavabdeh tərəfindən iddiaçıya qaytarılsa da, qalıq borc bu günə qədər iddiaçıya ödənilməmişdir. Dəbbə pulu ilə bağlı tərəflər arasında yazılı razılaşma yoxdur.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavadehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı (təchizatçı) ilə cavabdeh (alıcı) arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 007/M nömrəli müqaviləyə əsasən təchizatçı dərman (qeyri-dərman) vasitələri ilə alıcını təchiz etməyə, alıcı isə müqavilədə bəyan edilmiş qaydada mah qəbul etməyə və dəyərini ödəməyə borcludur.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən mallar alıcının sifarişi əsasında malın adı, kəmiyyəti, çeşidi və qiyməti göstərilən, tərəilərin hər birinin təsdiqlədiyi və imzaladığı mal fakturası ilə müəyyən edilir. Təchiz edilən mal öz keyfiyyətinə görə dövlət standartlarına, onun istehsal edildiyi sahədə mövcud olan texniki şərtlərə uyğun gəlir.

11. Müqavilənin 5.2-ci bəndinə əsasən təchizatçı satış qiymətlərinin dəyişdirilməsi haqqında məlumatı 1 (bir) ay əvvəldən alıcıya verməyə borcludur. Bu vəzifəsini icra etmədikdə təchizatçı alıcıya satmış olduğu aylıq malın ümumi məbləğinin 0.1% həcmində dəbbə pulu ödəyir.

12. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 26 iyul 2024-cü il tarixli, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş “malların iadəsi haqqında” akta əsasən cavabdeh tərəfindən iddiaçıya 29655,4 manat dəyərində mallar geri qaytarılmışdır.

13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBCO 948085 nömrəli 3082,41 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCO 948087 nömrəli 3710,42 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCO 846225 nömrəli 3710,42 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCO 846222 nömrəli 5248,03 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBCN 823537 nömrəli 3136 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBCN 559705 nömrəli, 3710,40 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBCN 402164 nömrəli 3043,20 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBCN 189533 nömrəli 15266 manat məbləğində, xx.xx.2021-ci il tarixli, EBBN 159154 nömrəli 236 manat məbləğində, xx.xx.2021-ci il tarixli, EBBN 064791 nömrəli, 236 manat məbləğində, xx.xx.2021-ci il tarixli, EBBF 592239 nömrəli, 26078 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 007/M nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

22. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

24. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 007/M nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, cavabdehə ümumilikdə 67456,88 manat məbləğində mal təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmiş, təhvil verilmiş malların müqabilində yalnız 28127,80 manat ödəniş edilmiş, cavabdeh tərəfindən 29655,40 manat dəyərində mallar geri qaytarılmış, qalıq 9673,68 manat borc ödənilməmişdir.

26. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində qismən təmin edilməli, cavabdehdən 9673,68 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

27. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 3932,91 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

30. Lakin iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında imzalanmış dəbbə pulu haqqında yazılı razılaşma təqdim olunmamış, belə bir razılaşmanın olmaması müəyyən edilmişdir.

31. Odur ki, tərəflər arasında pulun ödənilməsi ilə bağlı öhdəliyin icra edilməməsi ilə bağlı dəbbə pulunun ödənilməli olması barədə yazılı razılaşma olmadığından məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 9673,68 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 116,74 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 104,26 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 9673,68 manat əsas borc, 116,74 manat dövlət rüsumu, ümumilikdə 9790,42 (doqquz min yeddi yüz doxsan manat qırx iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 104,26 (bir yüz dörd manat iyirmi altı qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar