Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9161/2025 26.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə "xxxx" MMC arasında 32 saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə görə yaranmış 4.437 manat borcun və 60 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə, Cavabdeh MMC arasında 31 saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən “Satıcı” “Alıcı”nın sifarişinə uyğun olaraq, müəssisədə istehsal olunan qida məhsullarını, o cümlədən süd və süd məhsulları “Alıcı”ya satmağı üzərinə götürmüşdür. “Alıcı” isə 3 (üç) iş günü ərzində “Satıcı”nın təqdim etdiyi elektron-qaimə fakturaya uyğun olaraq aldığı malın əyərini ödəməlidir. Cavabdehlə qarşılıqlı etimad əsasında bəzən elə olurdu ki, götürdüyü məhsulun pulun müqavilədə göstərildiyi vaxt tam ödəyə bilmədiyi aldada ona nisyə şəklində mal buraxılırdı. Buda onun işgüzar fəaliyyətinin dahada genişləndirilməsinə və bizim partnyor kimi bir birimizə inam və etimadımızı daha da möhkəmləndirirdi. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturaya uyğun olrarq bizdən mal almışdır. Lakin müqavilənin şərtinə uyğun olaraq cavabdeh dövriyyəli şəkildə bizdən mal alçalı və əməkdaşlıq etməlidir. Əks təqdir yuxarıda qeyd etdiyimiz kimi o bizə olan borcunu 3 (üç) iş ünü müddətində ödəməlidir. Bununla bağlı onunla dəfələrlə telefon danışıqlarımız olsa da o, müxtəlif vaxtlarda müxtəlif vədlər verərək borcunu qısa bir zamanda ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Təəssüflər olsun ki, o üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (satıcı) "X4 Mood" MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
11. Müqaviləyə əsasən Satıcı satıcı alıcı tərəfindən təqdim olunmuş sifarişlərə əsasən, müxtəlif növ qida məhsullarını alıcının mülkiyyətinə verməyi, alıcı isə qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
12. Müqavilənin 2.2-ci bəndinə əsasən sifariş üzrə çatdırılmış malların alıcıya təhvili müvafiq qaimə-faktura ilə təsdiq olunur.
13. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" MMC-nin üzərinə düşür.
16. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024cü il tarixli EBDZ 904238 saylı dəyəri 215 manat, xx.xx.2024-cü il tarixli MT2410 10338860 saylı dəyəri 215 manat, xx.xx.2024 il tarixli MT2404 00218132 saylı dəyəri 215 manat, xx.xx.2024-cü il tarixli MT2409 10403011 saylı dəyəri 215 manat, xx.xx.2024-cü il tarixli EBDY 271964 saylı dəyəri 215 manat olan, xx.xx.2024-cü il tarixli MT2410 10772716 saylı dəyəri 215 manat, xx.xx.2024-cü il tarixli MT2403 00208919 saylı dəyəri 202,10 manat, xx.xx.2024-cü il tarixli MT2409 10957750 saylı dəyəri 210,70 manat, xx.xx.2024-cü il tarixli EBDY 819237 saylı dəyəri 215 manat, xx.xx.2024-cü il tarixli MT2404 00496763 saylı dəyəri 206,40 manat, xx.xx.2024-cü il tarixli MT2409 11162023 saylı dəyəri 189,20 manat, xx.xx.2024-cü il tarixli MT2409 11162031 saylı dəyəri 215 manat, EBDX 274737 saylı xx.xx.2024-cü il tarixli dəyəri 189,20 manat, xx.xx.2024-cü il tarixli MT2408 11309012 saylı dəyəri 215 manat, xx.xx.2024-cü il tarixli MT2404 00610292 saylı dəyəri 215 manat, xx.xx.2024-cü il tarixli MT2403 00372914 saylı dəyəri 215 manat, xx.xx.2024-cü il tarixli MT2403 00492476 saylı dəyəri 215 manat, EBDZ 709055 saylı, xx.xx.20224-cü il tarixli dəyəri 215 manat, xx.xx.2024-cü il tarixli MT2408 11882063 saylı dəyəri 215 manat, EBDX seriyalı, 856840 saylı, xx.xx.2024-cü il tarixli dəyəri 215 manat, xx.xx.2024-cü il tarixli MT2409 12053043 saylı dəyəri 215 manat olan elektron qaimələr göndərilmişdir.
17. Sadə riyazi hesablama ilə görünür ki, elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi 4.437,60 mana təşkil edir.
18. İddiaçı hazırda cavabdehin 4.437 manat borcunun qaldığını bildirir.
19. Görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə mal mübadiləsi olmuş, iddiaçı tərəfindən mallar verilmiş, cavabdeh tərəfindən isə ödənişlər edilmişdir.
20. Məhkəmə hesab edir ki, elektron qaimələrlə bağlı hər hansı bir etiraz verilmədiyi nəzərə alındığında elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmiş, cavabdehin də, ona verilmiş olan malların dəyərini ödəmək öhdəliyi yaranmışdır.
21. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
22. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
23. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.
24. Belə olan halda, Məhkəmə hesab edir ki, əsas borc üzrə 4.437 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 4.437 (dörd min dörd yüz otuz yeddi) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov