Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-917/2022 13.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “müqavilənin ləğv edilməsi və obyektin mülkiyyət hüquqlarının verilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan İddiaçı arasında bağlanmış "xxxx" ASC-yə məxsus istixana avadanlıqlarının quraşdırılma ilə birlikdə lizinqə verilməsi barədə 02 iyul 2012-ci il tarixli, 30-LA/12 nömrəli müqavilənin ləğv edilməsi və hazırkı lizinq müqaviləsi üzrə hüquq və öhdəliklər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürüldüyündən həmin müqavilənin tərkib hissəsi olan 1-2 nömrəli əlavələrdə göstərilən kompleks istixana avadanlıqlarının və 3 nömrəli əlavədə göstərilən əlavə istixana avadanlıqlarının (Obyekt) mülkiyyət hüququnun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Lizinq alana verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir tərəfdən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (“Lizinq verən”) və digər tərəfdən İddiaçı (“Lizinq alan”) arasında İstixana avadanlıqlarının və konstuksiyalarının lizinqə verilməsi barədə 14 mart 2011-ci il tarixli, 06 İM/11 saylı ilkin müqavilə və "xxxx" ASC-yə məxsus istixana avadanlıqlarının quraşdırılma ilə birlikdə lizinqə verilməsi barədə 02 iyul 2012-ci il tarixli, 30-LA/12 nömrəli müqavilə bağlanmışdır. "xxxx" ASC-yə məxsus istixana avadanlıqlarının quraşdırılma ilə birlikdə lizinqə verilməsi barədə 02 iyul 2012-ci il tarixli, 30-LA/12 nömrəli müqavilənin1.1-ci bəndinə əsasən lizinq verən bu müqavilənin tərkib hissəsi olan 1-2 nömrəli əlavələrdə göstərilən ümumi dəyəri ******* (iki milyon beş yüz on üç min üç yüz) manat olan Abşeron rayonunda 2 ha sahədə xüsusi polietilen örtüklü, temperatur davamlığı -34C və küləyə qarşı davamlığı 28 m/san olan kompleks istixana avadanlıqlarının (quraşdırılması ilə birlikdə) və 3 nömrəli əlavədə göstərilən ümumi dəyəri 358200 (üç yüz əlli səkkiz min iki yüz) manat olan əlavə istixana avadanlıqlarının (Obyekt) dəyərini lizinq ödəniş qrafikində (4 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşdirmə aparıldıqdan sonra Lizinq alanın mülkiyətinə verilməsi şərti ilə 10 (on) il müddətinədək lizinqə verir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən texniki təsnifat və iş həcmləri (əlavə nömrə 1-2) bu müqavilənin tərkib hissəsi hesab olunan sənədlər siyahısına aiddir. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən Lizinq verən bu müqavilədə göstərilən obyektin tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə (texniki pasport, istismar təlimatı) birlikdə, texniki təsnifata və müqavilə şərtlərinə uyğun olaraq Lizinq alana verilməsini təmin edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən obyekt üzərində müstəsna mülkiyyət hüququ olun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsusdur. 3.3-cü bəndinə əsasən lizinq alan obyekti qəbul etdikdən sonra təhvitəslim aktını imzalayır. 3.5-ci bəndinə əsasən obyektdən istifadə nəticəsində əldə edilmiş mal və mənfəət lizinq alanın mülkiyyəti hesab edilir. 3.6-cı bəndinə əsasən obyektin dəyərini tam ödədikdən sonra mülkiyyət hüququ lizinq alana keçir. 3.7-ci bəndinə əsasən bu müqavilənin 3.6-cı bəndində göstərilən şərtə əməl olunduqda lizinq verən lizinq alan tərəfindən təqdim olunan bütün sənədləri araşdırmalı və obyektə mülkiyyət hüququnun 10 gündən gec olmayaraq lizinq alana verilməsini rəsmiləşdirir. Həmin müqavilənin 5.7.1-ci bəndinə əsasən təhvil verilən obyektin texniki təsnifatda göstərilən külək, yağış və qar yüklərinə dözməməsi və istilik sisteminin texniki təsnifatda göstərilən hava şəraitində içərini qızdırmağa gücü çatmaması; 5.7.2-ci bəndinə əsasən quraşdırılmış avadanlığın təhvil verildikdən sonra iki il ərzində xarab olması lizinq verən tərəfindən müqavilənin şərtlərinin pozulması halları hesab olunur. Həmin müqavilənin 5.8-ci bəndinə əsasən göstərilən hallardan biri mövcud olduqda lizinq alan lizinq verənə yazılı surətdə xəbərdarlıq etməklə, müqavilə üzrə ödənişləri dayandırır, vurulmuş zərərin tam ödənilməsini tələb edir, lizinq verənin hesabına təmir-tikinti işlərinin aparılmasını və avadanlıqların dəyişdirilməsini tələb edir. Lizinq verən bir ay ərzində vurulmuş zərəri ödəməli və təmir-tikinti, avadanlıqların dəyişdirilməsi işlərinə başlamalıdır. Lakin lizinq verən tərəfindən üzərinə yuxarıda göstərilən öhdəliklərin götürülməsinə baxmayaraq, 04 iyul 2012-ci il tarixdə lizinq verəndən lizinqə götürülmüş komlpleks avadanlıqlarının təhviltəslimi zamanı onlarda qüsurlar aşkar olunmuşdur. Buna görə də "xxxx" ASC-nin baş mütəxəssisinin, içraçı təşkilat “Proline Technology LTD”-nin nümayəndəsinin və Lizinq alanın iştirakı ilə ilə Bakı şəhəri, Abşeron rayonu, Zirə “Südçülük-Tərəvəzçilik” sovxozu ərazisində 2 ha torpaq sahəsində qurulmuş xüsusi polietilen örtüklü, tunel tipli istixananın təhvil-təslimi zamanı aşkar olunmuş qüsurlar barədə “Qüsur Aktı” tərtib edilərək imzalanmışdır. İstixananın təhvil-təslimi zamanı 04 iyul 2012-ci il tarixli “Qüsur Aktı” ilə aşkar olunan nöqsanlar aşağıdakılardır: 1. Dam örtüyündə istifadə olunmuş polietilen örtük texniki təsnifata uyğun deyil, keyfiyyəti aşağıdır; 2. Dam örtüyündə istifadə olunan polietilen hissələrin birləşdirmə elementləri texniki təsnifata uyğun qurulmayıb; 3. Dam örtüyünün metal-konstruksiyasında texniki təsnifata uyğun olmayan nöqsanlar müəyyən olundu. Eyni zamanda, Qüsur aktı tərtib edilərkən qeyd olunan nöqsanların aradan qaldırılmasına icraçı təşkilat “Proline Technology LTD” şirkəti və lizinq verən "xxxx" ASC təminat vermişlər. “Qüsur Aktı”nın tarixindən də göründüyü kimi, kompleks avadanlıqlarının lizinqə götürülməsinə dair müqavilə 02 iyul 2012-ci il tarixdə bağlanmış, həmin avadanlıqlar lizinq verənin nümayəndələrinin iştirakı ilə 04 iyul 2012-ci il tarixdə lizinq alana təhvil verilmiş və təhvil-təslim zamanı onlarda yuxarıda qeyd olunan nöqsanlar aşkar olunmuşdur. Göründüyü kimi, lizinq verən tərəfindən müqavilə şərtlərinə avadanlıqların təhvil verildiyi andan əməl edilməyərək, aşağı keyfiyyətli və bazar dəyəri daha aşağı olan avadanlıqlardan istifadə edilmiş, kompleks avadanlıq tam formada verilməmiş və bu hüquq pozuntusu bu günədək davam etməkdədir. Həmçinin tərəflər arasında bağlanmış 02 iyul 2012-ci il tarixli, 30-LA/12 nömrəli müqavilədə lizinq verən tərəfindən texniki təsnifata uyğun olaraq təhvil verilməli olan kompleks istixana avadanlıqlarının dəyəri ******* (iki milyon beş yüz on üç min üç yüz) manat və 358200 (üç yüz əlli səkkiz min iki yüz) manat, cəmi ******* manat göstərilsə də, lizinq verən tərəfindən müqavilə şərtlərinə əməl edilməyərək, aşağı keyfiyyətli və bazar dəyəri daha aşağı olan avadanlıqlardan istifadə edildiyindən quraşdırılmış kompleks avadanlığın faktiki dəyəri cəmi ******* (bir milyon beş yüz min) manat təşkil etmişdir. Hazırda da, eyni keyfiyyətli avadanlıqlarla 2 ha sahədə kompleks istixana avadanlıqlarının quraşdırılması üçün tələb olunan vəsait ******* manatdan artıq deyil. Lizinq verən tərəfindən quraşdırılmış kompleks istixana avadanlıqlarının və əlavə istixana avadanlıqlarının faktiki dəyərini məhkəmə tərəfindən məhkəmə-tikinti və qiymətləndirmə ekspertizası təyin edilməsi yolu ilə müəyyən etmək mümkündür. Bununla yanaşı, bu müqavilənin tərkib hissəsi olan 3 nömrəli əlavədə göstərilən ümumi dəyəri 358200 (üç yüz əlli səkkiz min iki yüz) manat təşkil edən əlavə istixana avadanlıqları ümumiyyətlə istismara yararlı olmadığından bu günədək lizinq alan tərəfindən istifadə edilməmiş, lizinq alan tərəfindən obyektin fəaliyyətinin dayanmasının qarşısının alınması məqsədi ilə məcburiyyət qarşısında öz vəsaiti hesabına yeni istixana avadanlıqları quraşdırılmış və bu günədək öz vəsaiti hesabına quraşdırılmış həmin avadanlıqlardan istifadə edilməkdədir. Eyni zamanda lizinq verən tərəfindən quraşdırılmış avadanlıqlar və konstuksiyalar texniki təsnifatda qeyd olunan keyfiyyətə cavab vermədiyindən 2012-ci ilin dekabr ayında külək əsməsi nəticəsində avadanlığa zərər dəymiş və bununla da lizinq alan normal iş prinspini itirmişdir. Belə ki, təhvil verilən obyektin texniki təsnifatda göstərilən külək və qar yüklərinə dözməməsi nəticəsində dam örtüyündə istifadə olunmuş polietilen örtük, polietilen hissələrin birləşdirmə elementləri və dam örtüyünün metal-konstruksiyası tatamilə yararsız hala düşmüş, bununla da dam örtüyünün üstünə yığılmış qarın istixananın daxilinə tökülməsi nəticəsində təsərrüfata ciddi ziyan dəymişdir. Bunu təsdiq edən foto şəkillər mövcuddur. Bu isə özlüyündə müqavilənin 5.7.1-ci bəndinə əsasən lizinq verən tərəfindən müqavilənin şərtlərinin pozulması hesab edilir və bu halda məsələ müqavilənin 5.8, 5.9 və 5.10-cu bəndlərində nəzərdə tutulduğu qaydalar üzrə həll edilir. Yuxarıda qeyd olunanlarla əlaqədar lizinq alanın işinin təşkilində problemlər yaranmış, aldıqları sifarişləri vaxtlı-vaxtında icra edə bilmədiyi üçün ona külli miqdarda ziyan dəymişdir. Həmçinin avadanlıqlarda nasazlıq və çatışmazlıq olması səbəbindən onun normal iş fəaliyyətinin bərpa edilməsi ilə əlaqədar təmir işlərinə külli miqdarda vəsait xərcləmiş və bu pul vəsaitləri lizinq verən tərəfindən kompensasiya olunmamışdır. Qeyd olunan çatışmazlıqlar aşkar edildikdən sonra avadanlıqlarda aşkar olunan nöqsanlar, eyni zamanda külək əsməsi nəticəsində avadanlığa dəymiş zərərlə əlaqədar lizinq alanın normal fəaliyyət göstərə və bunun nəticəsində iş planlarını və aldıqları sifariş tələblərini yerinə yetirə bilmədiyi lizinq verənin diqqətinə dəfələrlə yazılı və şifahi qaydada çatdırılmış, həmin çatışmazlıqların aradan qaldırılması tələb olunmuş, əks təqdirdə isə tərəflər arasında bağlanmış müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi və bundan sonra həmin müqaviləyə əsasən mülkiyyət hüququnun lizinq alana keçəcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin bu müddət ərzində lizinq verən tərəfindən bu hallar aradan qaldırılmamış, eləcə də yazılı və şifahi müraciətlərə hər hansı bir münasibət bildirilməmişdir. Beləliklə, bir müddət fəaliyyətsiz qalan lizinq alan obyektin fəaliyyətinin davam etdirilməsi məqsədi ilə təmir-bərpa işlərini öz vəsaiti hesabına bərpa etmək məcburiyyətində qalmış və təmir-bərpa işlərinə 235000 (iki yüz otuz beş min) manat məbləğində vəsait sərf edilmişdir. Buna baxmayaraq, lizinq alan yenə də ödənişlərinə qismən də olsa davam edərək 02 iyul 2012-ci il tarixdən 02 iyun 2020-ci il tarixədək olan dövr ərzində lizinq verənin Kapital Bankda olan hesabına hissələrlə ******* (bir milyon üç yüz otuz dörd min səkkiz yüz on altı) manat məbləğində pul vəsaiti ödəmiş, bütün bu fəsad və narahatlıqlara baxmayaraq, vicdanlı şəkildə davranaraq lizinq verənlə işgüzar əlaqələrini kəsməmişdir. Bundan başqa, inventarizasiya komissiyasının sədri, rayon bölməsinin (TB, RN) nümayəndəsi və lizinq alanın iştirakı ilə hər il aparılan inventarizasiya zamanı keyfiyyətsizliyi ilə əlaqədar sıradan çıxan digər avadanlıqlarla bağlı da lizinq alan tərəfindən bu barədə lizinq verənə məlumatlar verilmişdir. Bununla da, lizinq alanın iş fəaliyyəti və işgüzar nüfuzu zədələnmiş, digərləri ilə razılaşdığı sövdələşmələri vaxtında icra edə bilməmişdir ("xxxx" ASC-yə məxsus texnoloji avadanlıqların 01 noyabr 2020-ci il tarixinə inventarizasiyası barədə məlumatın surəti əlavə olunur). Tərəflər arasında bağlanmış 02 iyul 2012-ci il tarixli, 30-LA/12 nömrəli müqavilənin 5.10-cu bəndinə əsasən lizinq verən bu müqavilənin 5.8-ci bəndinin tələblərini yerinə yetirmədikdə lizinq alan birtərəfli qaydada bu müqaviləni ləğv edir, obyektin mülkiyyət hüququ lizinq alana keçir, dəyən zərərin lizinq verəndən alınması üçün lizinq alan məhkəməyə müraciət edir. Qeyd olunanları nəzərə alaraq, lizinq alan tərəfindən 14 iyul 2021-ci il tarixli pretenziya məktubu ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" Acıq Səhmdar Cəmiyyətinin (əvvəlki "xxxx" ASC) direktoruna müraciət olunaraq, tərəflər arasında bağlanmış 02 iyul 2012-ci il tarixli, 30-LA/12 nömrəli müqavilənin tələbləri lizinq verən tərəfindən kobud surətdə pozulduğundan həmin müqavilənin 5.8-ci bəndinin tələblərinə uyğun olaraq müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə məlumat verilmiş və obyektin mülkiyyət hüququnun 10 gündən gec olmayaraq lizinq alana verilməsinin rəsmiləşdirilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" Acıq Səhmdar Cəmiyyətindən müraciətə 27 iyul 2021-ci il tarixli, 23/Q-262 saylı məktubla cavab olaraq bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli, 1137 nömrəli Fərmanının 2.2-ci və 3.1-ci maddələrinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklərinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan Fərmanın iclasının təmin edilməsi məqsədilə Sizinlə bağlanmış 2012-ci il 02 iyul tarixli 30-LA/12 nömrəli lizinq müqaviləsi üzrə hüquq və öhdəliklər "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" Acıq Səhmdar Cəmiyyətinin 27 iyul 2021-ci il tarixli, 23/Q-262 saylı cavab məktubunda qeyd olunanları və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli, 1137 nömrəli Fərmanının 2.2-ci və 3.1-ci maddələrini nəzərə alaraq lizinq alan tərəfindən 10 avqust 2021-ci il tarixli pretenziya məktubu ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədrinə müraciət olunaraq, tərəflər arasında bağlanmış 02 iyul 2012-ci il tarixli, 30-LA/12 nömrəli müqavilənin tələbləri Lizinq verən tərəfindən kobud surətdə pozulduğundan həmin müqavilənin 5.8-ci bəndinin tələblərinə uyğun olaraq müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə məlumat verilmiş və obyektin mülkiyyət hüququnun 10 gündən gec olmayaraq lizinq alana verilməsinin rəsmiləşdirilməsi xahiş edilmişdir. Aqrar Kredit və İnkişaf Agentliyinin 01 oktyabr 2021-ci il tarixli, 22/02/05-3985 saylı məktubu ilə pretenziyaya cavab olaraq, istixana avadanlıqlarının "xxxx" ASC (əvvəlki "xxxx" ASC) tərəfindən təhvil verildiyi səbəbindən araşdırma aparılmaqla, araşdırmanın nəticəsi barədə ətraflı məlumat veriləcəyi bildirilmişdir. Eyni zamanda Aqrar Kredit və İnkişaf Agentliyindən 05 noyabr 2021-ci il tarixli, 22/02/05-4567 saylı məktubla cavab olaraq bildirilmişdir ki, daxil olmuş məlumatlara əsasən lizinq predmeti olan Abşeron rayonunun Zirə südçülük və tərəvəzçilik sovxozu ərazisində 2 ha sahədə quraşdırılmış xüsusi polietilen örtüklü, tunel tipli istixana avadanlıqlarının və konstuksiyalarının icraçı təşkilatdan təhvil götürülməsi və lizinq alana təhvil verilməsi üçün yaradılmış Komissiyanın 2012-ci il tarixli, 04 iyul tarixli qüsur aktı nəzərə alınmaqla istixana avadanlığı Sizə təhvil verilmiş və tərəfinizdən akt imzalanaraq istismara qəbul edilmişdir. Müraciətinizin təmin edilməsi istiqamətində müvafiq hüquq-məhkəmə orqanlarına müraciət edə bilərsiniz. Belə olan halda lizinq alan tərəfindən ərizə ilə mediasiya şurasına müraciət olunaraq kommersiya mübahisəsi ilə əlaqədar mediatorun təyin edilməsi xahiş edilmişdir. Lakin mediator tərəfindən keçirilən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul edilmədi, eyni zamanda ilkin mediasiyanın keçirilməsi üçün 100 (yüz) manat məbləğində mediasiya xərci lizinq alan tərəfindən ödənildi. Beləliklə, lizinq verən tərəfindən quraşdırılmış kompleks avadanlığın faktiki dəyərini təşkil edən ******* (bir milyon beş yüz min) manatdan lizinq alan tərəfindən ******* (bir milyon üç yüz otuz dörd min səkkiz yüz on altı) manat ödənildiyini, 2012-ci ilin dekabr ayında külək əsməsi nəticəsində avadanlığa zərər dəyməsi nəticəsində təmir-bərpa işlərinə 235000 (iki yüz otuz beş min) manat sərf edildiyini, eyni zamanda bu müqavilənin tərkib hissəsi olan 3 nömrəli əlavədə göstərilən, ümumi dəyəri 358200 (üç yüz əlli səkkiz min iki yüz) manat təşkil edən əlavə istixana avadanlıqlarının istismara yararsız olduğundan bu günədək lizinq alan tərəfindən istifadə edilmədiyini nəzərə alaraq hesab edirlər ki, hazırda lizinq alanın lizinq verənə heç bir borcu qalmamış, hətta 428016 (dörd yüz iyirmi səkkiz min on altı) manat (1500000 - ******* = 165184 – 235000 = -69816 - 358200 = -428016) artıq pul vəsaiti ödənilmişdir. Bu isə özlüyündə tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndinə əsasən obyektin mülkiyyət hüququnun lizinq alana keçməsinin əsasıdır. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, lizinq alan tərəfindən lizinq verənə ilkin ödəniş - 79000 (yetmiş doqquz min) manat, lizinq ödənişi - ******* (bir milyon üç yüz otuz dörd min səkkiz yüz on altı) manat olmaqla, cəmi ******* (bir milyon dörd yüz on üç min səkkiz yüz on altı) manatın ödənildiyinin nəzərə alınmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslanıdırlmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində lizinq alan tərəfindən 02 iyul 2012-ci il tarixdən 02 iyun 2020-ci il tarixədək olan dövr ərzində lizinq verənin Kapital Bankda olan hesabına hissələrlə ******* (bir milyon üç yüz otuz dörd min səkkiz yüz on altı) manat məbləğində pul vəsaitinin ödənildiyi qeyd edilmişdir. Lizinq alan tərəfindən 02 iyul 2012-ci il tarixdən 02 iyun 2020-ci il tarixədək olan dövr ərzində ******* manat məbləğində pul vəsaitinin ödənildiyi qeyd edilərkən texniki səhvə yol verilərək, 02 iyul 2012-ci il tarixli, 30-LA/12 nömrəli müqavilənin 1.2-ci bəndinə əsasən obyektin dəyərindən 79000 (yetmiş doqquz min) manat məbləğinin əvvəlcədən lizinq verənə ödənildiyi göstərilməmişdir. Beləliklə, lizinq alan tərəfindən lizinq verənə ümumilikdə ******* manat deyil, ******* (bir milyon dörd yüz on üç min səkkiz yüz on altı) manat (79000 + ******* = 1413816) ödənilmişdir. Cavabdeh iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq verən "xxxx" ASC ("xxxx" ASC) ilə lizinq alan iddiaçı arasında bağlanmış “Aqrolizinq" ASC-yə məxsus istixana avadanlıqlarının quraşdırılma ilə birlikdə lizinqə verilməsi barədə 02.07.2012-ci il tarixli 30-LA/12 nömrəli müqavilənin ləğv edilməsi və hazırkı lizinq müqaviləsi üzrə hüquq və öhdəliklər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinə ötürüldüyündən həmin müqavilənin tərkib hissəsi olan 1-2 nömrəli əlavələrdə göstərilən kompleks istixana avadanlıqlarının və 3 nömrəli əlavədə göstərilən əlavə istixana avadanlıqlarının (Obyekt) mülkiyyət hüququnun Agentlik tərəfindən Lizinq alana verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbində liziq müqaviləsinin ləğvini və lizinq müqaviləsi üzrə istixana avadanlıqlarına dair mülkiyyət hüququnun lizinq alana verilməsini göstərmişdir. Halbuki bu iki tələb bir-birini istisna edən tələblərdir, habelə müqavilənin ləğv olunması halında lizinq predmetinin iddiaçının mülkiyyətinə verilməsi təmin edilə bilməz. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-424-cü maddələrinə uyğun olaraq tənzimlənir və hazırkı halda həmin müddəaların pozulması ilə bağlı heç bir dəlil müəyyən olunmamış, həmçinin iddia tələbində də həmin məsələlər əsaslandırılmamışdır. Abşeron rayonunun Zirə südçülük və tərəvəzçilik sovxozu ərazisində 2 ha sahədə quraşdırılmış xüsusi polietilen örtüklü, tunel tipli istixana avadanlıqlarının və konstruksiyalarının icraçı təşkilatdan təhvil götürülməsi və lizinq alana təhvil verilməsi üçün yaradılmış komissiyanın 04 iyul 2012-ci il tarixli qəbul aktına əsasən iddiaçı lizinq obyektini aktda göstərilmiş şəkildə istismar üçün təhvil almış və 10 il müddətində istismar etdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı iddia ərizəsində də göstərdiyi kimi, 02 iyul 2012-ci ildən 02 iyun 2020-ci ilədək ******* (bir milyon üç yüz ötuz dörd min səkkiz yüz on altı) manat lizinq ödənişini həyata keçirmişdir. Bununla da, iddiaçının lizinq obyektini olduğu kimi təhvil almaqla və lizinq ödənişlərini etməklə müqavilə üzrə şərtlərə, o cümlədən liziq obyektinin istismara yaralı olmasına öz razılığını ifadə etdiyi açıq-aşkar müəyyən edilir. Eyni zamanda iddiaçı 10 ilədək müddətdən sonra lizinq obyektindəki qüsurlarla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüş və bununla bağlı müvafiq ərizə məhkəməyə təqdim olunmuşdur. Həmçinin bildirilir ki, müqavilədə göstərilən lizinq predmetinin dəyəri ilə bağlı şərtlər qüvvədə olduğu müddətdə də iddiaçı tərəfindən həmin şərtlər icra edilməlidir. Etiraza münasibətə dair ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin gedişində cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi məhkəməyə iddia ərizəsinə etiraz təqdim etmişdir. Etiraz ilk olaraq onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində lizinq müqaviləsinin ləğvini və lizinq müqaviləsi üzrə istixana avadanlıqlarına dair mülkiyyət hüquqlarının Lizinq alana verilməsini göstərmişdir. Halbuki, bu iki tələb bir-birini istisna edən tələblərdir, habelə müqavilənin ləğv olunması halında lizinq predmetinin iddiaçının mülkiyyətinə verilməsi təmin edilə bilməz. Etirazın bu dəlilinin əsassızlığı ilə bağlı məhkəmənin diqqətinə çatdırılır ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməmiş və hazırda qüvvədədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Eyni zamanda, tərəflər arasında bağlanmış 02 iyul 2012-ci il tarixli, 30-LA/12 nömrəli müqavilənin 5.10-cu bəndinə əsasən lizinq verən bu müqavilənin 5.8-ci bəndinin tələblərini yerinə yetirmədikdə lizinq alan birtərəfli qaydada bu müqaviləni ləğv edir, obyektin mülkiyyət hüququ lizinq alana keçir, dəyən zərərin lizinq verəndən alınması üçün lizinq alan məhkəməyə müraciət edir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən və tərəflər arasında bağlanmış müqavilənin 5.10-cu bəndindən aydın şəkildə görünür ki, iddiaçının istixana avadanlıqlarının (Obyekt) mülkiyyət hüququnun verilməsi tələbini irəli sürməsi üçün ilkin olaraq müqavilənin ləğv edilməsini tələb etməsi zəruridir və müqavilənin məhkəmə qaydasında ləğv edilməsi onun şərtlərini birtərəfli qaydada pozan cavabdehi öhdəliklərinin icrasından azad etmir. Eyni zamanda cavabdehin etirazının “Lizinq verən tərəfindən öhdəliyin pozulmaması, lizinq alanın obyekti 04 iyul 2012-ci il tarixli qəbul aktına əsasən qəbul etməsi, ödənişlər etməsi, bununla da, lizinq obyektini olduğu kimi təhvil almaqla lizinq obyektinin istismara yararlı olmasına öz razılığını ifadə etdiyi” barədə dəlillərinin əsassızlığı ilə bağlı dəlilləri məhkəmənin diqqətinə çatdırılır. Belə ki, cavabdehin iddia ərizəsinə etirazında istinad etdiyi Abşeron rayonunun Zirə Südçülük və tərəvəzçilik sovxozu ərazisində quraşdırılmış xüsusi polietilen örtüklü, tunel tipli istixana avadanlıqlarının və konstruksiyalarının icraçı təşkilatdan təhvil götürülməsi və lizinq alana təhvil verilməsi üçün yaradılmış komissiyanın 04 iyul 2012-ci il tarixli qəbul aktının 2-ci vərəqində adları sadalanan Layihə-smeta sənədləri və sınaq aktlarının siyahısında 04.07.2012-ci il tarixli qüsur aktının da (aktda səhvən 04.06.2012-ci il tarixli qüsur aktı kimi qeyd olunmuşdur) mövcudluğu öz əksini tapmışdır. Bununla yanaşı, aktın “İşçi komissiya qərara alır” hissəsində qeyd olunur ki, istixananın istismarı ilə əlaqədar tərtib olunmuş 04 iyul 2012-ci il tarixli qüsur aktı nəzərə alınmaqla obyekt Lizinq alana istismar üçün təhvil verilir. Qeyd olunanlardan göründüyü kimi, mübahisəli obyekt lizinq alan tərəfindən 04 iyul 2012-ci il tarixli qəbul aktında qeyd olunan qaydada deyil, məhz 04 iyul 2012-ci il tarixli qüsur aktı ilə aşkar olunmuş qüsurlu vəziyyətdə təhvil alınmışdır. 04 iyul 2012-ci il tarixli qəbul aktının tikintisi başa çatmış obyektin əsas göstəricilərini özündə əks etdirən 6-cı bəndinə nəzər saldıqda görünür ki, bu bəndin 5, 6, 7, 9, 10, 11, 12, 19-cu yarımbəndlərində göstərilən göstəricilər texniki təsnifata uyğun olmamış, təhvil-təslim zamanı lizinq obyektində 04 iyul 2012-ci il tarixli qüsur aktında göstərilən qüsurlar aşkar olunmuş, bununla yanaşı qeyd olunan nöqsan və qüsurlar səbəbindən quraşdırıldıqdan 5 ay sonra, yəni 2012-ci ilin dekabr ayında külək əsməsi nəticəsində avadanlığa zərər dəymişdir. Həmçinin lizinq alanın hansı səbəbdən obyekti qüsurlu vəziyyətdə qəbul etməyə məcbur olması barədə dəlilləri məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edirlər. Belə ki, tərəflər arasında bağlanmış 02 iyul 2012-ci il tarixli, 30-LA/12 nömrəli müqavilənin 1.2-ci bəndindən görünür ki, Lizinq alan obyektin dəyərindən 79000,00 (yetmiş doqquz min) manat məbləği əvvəlcədən lizinq verənə ödəmişdir. Həmçinin həmin bənddə qeyd olunur ki, əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Bununla yanaşı, lizinq obyekti təhvil verildikdən sonra boşdayanmaya yol verilməməsi məqsədi ilə ilkin müqavilənin bağlandığı 14 mart 2011-ci il tarixdən obyektin təhvil alındığı 04 iyul 2012-ci il tarixədək lizinq alan tərəfindən digər şirkətlərlə əməkdaşlıq barədə razılıqlar əldə edilmişdir. Belə olan halda lizinq alan tərəfindən obyektin qüsurlu olması səbəbindən qəbul edilməməsi əvvəlcədən ödədiyi 79000 manat məbləğin ona qaytarılmaması və digər şirkətlərlə əməkdaşlıq barədə əldə etdiyi razılıqlarla əlaqədar külli miqdarda zərərin dəyməsi ilə nəticələnə bilərdi. Bu səbəbdən lizinq alan obyekti 04 iyul 2012-ci il tarixli qüsur aktında göstərilən qüsurlarla qəbul etmək məcburiyyətində qalmış və aktda qeyd olunan nöqsanların aradan qaldırılmasına icraçı təşkilat “Proline Technology LTD” şirkəti və lizinq verən "xxxx" ASC təminat vermişlər, hansı ki, nöqsanların aradan qaldırılması istiqamətində bu günədək icraçı təşkilat və lizinq verən tərəfindən hər hansı iş görülməmişdir. Buna baxmayaraq, lizinq alan yenə də ödənişlərinə qismən də olsa, davam etmiş, bütün bu fəsad və narahatlıqlara baxmayaraq, vicdanlı şəkildə davranaraq, lizinq verənlə işgüzar əlaqələrini kəsməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Eyni zamanda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin ötürüldüyünü bildirmiş və həmin əsasla da iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, iddiaçının nümayəndəsi isə hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitmədiyindən və müqavilə hazırda qüvvədə olduğundan cavabdehin məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinin əsassız olduğunu bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki: - Lizinq verən qismində "xxxx" ASC ilə Lizinq alan qismində İddiaçı arasında istixana avadanlıqlarının və konstruksiyalarının lizinqə verilməsi barədə 14 mart 2011-ci il tarixli, 06 İM/11 nömrəli ilkin müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq alanın 11 mart 2011-ci il tarixli müraciətinə əsasən Lizinq verən Abşeron rayonunda 2 ha sahədə xüsusi polietilen örtüklü istixana avadanlıqlarının və konstruksiyalarının istehsalçıdan aldıqdan sonra quraşdırılması ilə birlikdə Lizinq alana 10 il müddətinədək lizinqə verilməsini təmin edir; 1.2-ci bəndinə əsasən lizinq alan həmin avadanlığın dəyərindən 100000 (yüz min) manat məbləği əvvəlcədən ödəyir. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır; 1.3-cü bəndinə əsasən avadanlığı lizinq verən istehsalçıdan aldıqdan sonra tərəflər əsas lizinq müqaviləsini bağlamağı öhdələrinə götürürlər. Lizinq müqaviləsi bağlanarkən avadanlığın satış qiyməti müəyyənləşdiriləcəkdir. - Lizinq verən qismində "xxxx" ASC ilə Lizinq alan qismində İddiaçı arasında "xxxx" ASC-yə məxsus istixana avadanlıqlarının quraşdırılma ilə birlikdə lizinqə verilməsi barədə 02 iyul 2012-ci il tarixli, 30-LA/12 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən bu müqavilənin tərkib hissəsi olan 1-2 nömrəli əlavələrdə göstərilən ümumi dəyəri ******* (iki milyon beş yüz on üç min üc yüz) manat olan Abşeron rayonunda 2 ha sahədə xüsusi polietilen örtüklü, temperatur davamlığı -34°C və küləyə qarşı davamlığı 28 m/san olan kompleks istixana avadanlıqlarının (quraşdırılması ilə birlikdə) və 3 nömrəli əlavədə göstərilən ümumi dəyəri 358200 (üç yüz əlli səkkiz min iki yüz) manat olan əlavə istixana avadanlıqlarının dəyərini lizinq ödəniş qrafıkində (4 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 (on) il müddətədək lizinqə verir; 1.2-ci bəndinə əsasən lizinq alan Obyektin dəyərindən 79000 (yetmiş doqquz min) manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafıkində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır; 1.3-cü bəndinə əsasən obyektə mülkiyyət hüququ Lizinq alan tərəfindən ödənişlər tam yerinə yetirilənədək Lizinq verənə məxsusdur; 2.1.1-ci bəndinə əsasən lizinq verən bu müqavilədə göstərilən obyektin tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə (texniki pasport, istismar təlimatı) birlikdə, texniki təsnifata və müqavilə şərtlərinə uyğun olaraq Lizinq alana verilməsini təmin edir; 2.1.8-ci bəndinə əsasən lizinq alan tərəfindən müqavilənin şərtləri pozulduqda, o cümlədən ödənişi üzürsüz səbəbdən ardicil olaraq iki dəfədən artıq qrafik (Əlavə N° 4) üzrə aparılmadıqda bu müqavilənin 5.2- 5.6-cı bəndlərində göstərilən hərəkətləri edir; 2.2.1-ci bəndinə əsasən lizinq ödənişlərinin vaxtında və tam həcmdə müqavilə şərtlərinə uyğun olaraq ödəyir; 2.2.6-ci bəndinə əsasən obyektin hər hansı bir hissəsinin zədələnməsi, yaxud itirilməsi və ya funksiyalarının itirilməsi Lizinq alanı bu müqavilə üzrə öhdəliklərindən azad etmir; 2.2.9cu bəndinə əsasən obyektə zərər dəydiyi andan ən geci 24 saat ərzində Lizinq verənə məlumat verir; 3.1-ci bəndinə əsasən obyekt üzərində müstəsna mülkiyyət hüququ olun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsusdur; 3.3-cü bəndinə əsasən lizinq alan obyekti qəbul etdikdən sonra təhvi-təslim aktını imzalayır; 3.5-ci bəndinə əsasən obyektdən istifadə nəticəsində əldə edilmiş mal və mənfəət lizinq alanın mülkiyyəti hesab edilir; 3.6-cı bəndinə əsasən obyektin dəyərini tam ödədikdən sonra mülkiyyət hüququ lizinq alana keçir; 3.7-ci bəndinə əsasən bu müqavilənin 3.6-cı bəndində göstərilən şərtə əməl olunduqda lizinq verən lizinq alan tərəfindən təqdim olunan bütün sənədləri araşdırmalı və obyektə mülkiyyət hüququnun 10 gündən gec olmayaraq lizinq alana verilməsini rəsmiləşdirir; 5.7.1-ci bəndinə əsasən təhvil verilən obyektin texniki təsnifatda göstərilən külək, yağış və qar yüklərinə dözməməsi və istilik sisteminin texniki təsnifatda göstərilən hava şəraitində içərini qızdırmağa gücü çatmaması; 5.7.2-ci bəndinə əsasən quraşdırılmış avadanlığın təhvil verildikdən sonra iki il ərzində xarab olması lizinq verən tərəfindən müqavilənin şərtlərinin pozulması halları hesab olunur; 5.8-ci bəndinə əsasən göstərilən hallardan biri mövcud olduqda lizinq alan lizinq verənə yazılı surətdə xəbərdarlıq etməklə, müqavilə üzrə ödənişləri dayandırır, vurulmuş zərərin tam ödənilməsini tələb edir, lizinq verənin hesabına təmir-tikinti işlərinin aparılmasını və avadanlıqların dəyişdirilməsini tələb edir. Lizinq verən bir ay ərzində vurulmuş zərəri ödəməli və təmir-tikinti, avadanlıqların dəyişdirilməsi işlərinə başlamalıdır; 5.9-cu bəndinə əsasən lizinq verən 5.8. bəndin tələblərini yerinə yetirdikdə Lizinq alan, ödənişləri bərpa edir, ödənişlərdə yaranmış fasilə müddətinə müqavilə uzadılır. Fasilə nəticəsində Lizing alan həmin sezonda fəaliyyətini bərpa edə bilməsə, ödənişlər gələn sezondan bərpa olunur; 5.10-cu bəndinə əsasən lizinq verən 5.8. bəndin tələblərini yerinə yetirmədikdə Lizinq alan, bir tərəfli qaydada bu müqaviləni ləğv edir, Obyektin mülkiyyət hüqügü Lizinq alana keçir, dəyən zərərin Lizinq verəndən alınması üçün Lizinq alan məhkəməyə müraciət edir; 9-cu bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. - Bakı şəhəri Abşeron rayonu Zirə “Südçülük-Tərəvəzçilik” sovxozu ərazisində 2 ha torpaq sahəsində qurulmuş xüsusi polietilen örtüklü, tunel tipli istixananın təhvil-təslimi zamanı aşkar olunmuş nöqsanlar barədə 04 iyul 2012-ci il tarixli Qüsur Aktında qeyd edilmişdir ki, bu aktı tərtib edirik ondan ötəri ki, Abşeron rayonu, Zirə “Südçülük-Tərəvəzçilik” sovxozu ərazisində 02 iyul 2012-ci il tarixli, 30LA/12 nömrəli müqaviləyə əsasən 2 ha torpaq sahəsində qurulmuş xüsusi polietilen örtüklü, tunel tipli istixananın təhvil - təslimi zamanı aşağıda göstərilən nöqsanlar aşkar edildi: 1. Dam örtüyündə istifadə olunmuş polietilen örtük texniki təsnifata uyğun deyil keyfiyyəti aşağıdır. 2. Dam örtüyündə istifadə olunan polietilen hissələrin birləşdirilmə elementləri təsnifata uyğun qurulmayıb. 3. Dam örtüyünün metal-konstruksiyasında texniki təsnifata uyğun olmayan nöqsanlar müəyyən olundu. Qeyd olunan nöqsanların aradan qaldırılmasına icraçı təşkilat “Proline Technology LTD” şirkəti və "xxxx" ASC təminat verir. - Abşeron rayonu Zirə “Südçülük-Tərəvəzçilik” sovxozu ərazisində 2 ha sahədə quraşdırılmış xüsusi polietilen örtüklü, tunel tipli istixana avadanlıqlarının və konstruksiyalarının icraçı təşkilatdan təhvil götürülməsi və lizinq alana təhvil verilməsi üçün yaradılmış komissiyanın 04 iyul 2012-ci il tarixli qəbul Aktında qeyd edilmişdir ki, işçi komissiya qərara alır: Abşeron rayonu Zirə “Südçülük-Tərəvəzçilik” sovxozu ərazisində tikilmiş 20160 m2 sahədə istixananın tikinti-quraşdırma işləri tam başa çatdırılmış və istismara verilmək üçün hazırdır. İstixananın istismarı ilə əlaqədar tərtib olunmuş 04 iyul 2012-ci il tarixli qüsur aktı nəzərə alınmaqla obyekt lizinq alana istismar üçün təhvil verilir. Qeyd edilən aktın təhvil verdi hissəsi "xxxx" ASC-nin baş mütəxəssisi, təhvil aldı hissəsi isə İddiaçı tərəfindən imzalanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilərək İddiaçı ünvanlanmış 02 iyul 2012-ci il tarixli, 767651 nömrəli qaimə-fakturadan görünür ki, İddiaçı ******* manat məbləğində borcu vardır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş kassa mədaxil orderinin qəbzlərindən görünür ki, İddiaçı tərəfindən texnoloji avadanlığın lizinq ödənişi üçün ödənişlər edilmişdir. - İddiaçı tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış 14 iyul 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək müqavilənin 5.8-ci bəndinin tələbləri yerinə yetirmədiyindən müqaviləni birtərəfli qaydada ləğv edərək, Obyektin mülkiyyət hüququnun 10 gündən gec olmayaraq lizinq alana verilməsinin rəsmiləşdirilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddiaçıya ünvanlanmış 05.11.2021-ci il tarixli pretenziyaya cavab məktubunda qeyd edilir ki, sizin istixana avadanlıqlarının təhvil-təslimi zamanı qüsurların olması barədə müraciətinizə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində (Agentlik) baxılmışdır. Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı "xxxx" (Aqrolizinq) ASC-yə Agentlik tərəfindən rəsmi sorğu göndərilmişdir. Daxil olmuş məlumatlara əsasən lizinq predmeti olan Abşeron rayonun Zirə südçülük və tərəvəzçilik sovxozu ərazisində 2 ha sahədə quraşdırılmış xüsusi polietilen örtüklü, tunel tipli istixana avadanlıqlarının və konstruksiyalarının icraçı təşkilatdan təhvil götürülməsi və lizinq alana təhvil verilməsi üçün yaradılmış Komissiyanın 2012- ci il 04 iyul tarixli qüsur aktı nəzərə alınmaqla, istixana avadanlığı sizə təhvil verilmiş və tərəfinizdən akt imzalanaraq istismara qəbul edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə İddiaçı arasında 14 mart 2011-ci il tarixli, 06 İM/11 nömrəli ilkin müqavilə və 02 iyul 2012-ci il tarixli, 30-LA/12 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Tərəflər arasında yuxarıda qeyd olunan müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Tərəflər yuxarıda göstərilən müqavilələri bağlamış, müqavilələrin məzmununu müəyyənləşdirmişlər. Lizinq obyekti 2012-ci ilin iyul ayında İstixananın istismarı ilə əlaqədar tərtib olunmuş 04 iyul 2012-ci il tarixli qüsur aktı nəzərə alınmaqla, lizinq alana istismar üçün təhvil verilmiş, lizinq alan tərəfindən imzalanaraq təhvil alınmışdır. İddiaçı tərəfindən cavabdehə 79000 manat ilkin ödəniş və 02 iyul 2012-ci ildən 02 iyun 2020-ci ilədək ******* manat məbləğində lizinq ödənişi olmaqla, ümumilikdə ******* manat məbləğində ödəniş edilmişdir və bu məbləğin ödənilməsi işin mübahisəsiz halıdır. Hazırda iddiaçı 02 iyul 2012-ci il tarixli, 30-LA/12 nömrəli müqavilənin ləğv edilməsi və hazırkı lizinq müqaviləsi üzrə hüquq və öhdəliklər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürüldüyündən həmin müqavilənin tərkib hissəsi olan 1-2 nömrəli əlavələrdə göstərilən kompleks istixana avadanlıqlarının və 3 nömrəli əlavədə göstərilən əlavə istixana avadanlıqlarının (Obyekt) mülkiyyət hüququnun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Lizinq alana verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin bir hissəsini 02 iyul 2012-ci il tarixli, 30-LA/12 nömrəli müqavilənin ləğv edilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddia tələbinin bu hissəsi ilə bağlı ilk növbədə məhkəmə qeyd edir ki, ləğv edilməsi tələb edilən 02 iyul 2012-ci il tarixli müqavilə 10 il müddətinə bağlanmış və müqavilənin 9cu bəndində qeyd edilmişdir ki, bu müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Hazırda sözügedən müqavilə qüvvədən düşməmişdir. Digər tərəfdən iddiaçı iddia tələbinin hazırkı hissəsi ilə bağlı müqavilənin 5.7 və 5.8-ci bəndlərinə istinad etmişdir. Bununla bağlı qeyd olunur ki, tərəflər arasında istixananın təhvil-təslimi zamanı aşkar olunmuş nöqsanlar barədə 04 iyul 2012-ci il tarixli Qüsur Aktı tərtib edilsə də, elə həmin tarixdə, yəni 04 iyul 2012-ci il tarixli istixana avadanlıqlarının və konstruksiyalarının təhvil-təslim Aktı imzalanaraq lizinq avadanlıqları istifadəyə götürülmüşdür. Bundan sonra iddiaçı tərəfindən cavabdehə mütəmadi olaraq ödənişlər həyata keçirilmişdir. Buradan belə bir nəticəyə gəlinir ki, iddiaçı tərəfindən lizinq avadanlıqları nöqsanlı olsa belə, qəbul edilərək istifadə edilmiş və müqavilə bağlandığı müddətdən 02 iyun 2020-ci ilədək cavabdehə lizinq ödənişləri etmişdir. Ona görə də, məhkəmə müqavilə şərtlərini, qanunvercilik normalarını və işin göstərilən hazırkı xüsusatlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin digər hissəsini isə müqavilənin tərkib hissəsi olan 1-2 nömrəli əlavələrdə göstərilən kompleks istixana avadanlıqlarının və 3 nömrəli əlavədə göstərilən əlavə istixana avadanlıqlarının (Obyekt) mülkiyyət hüququnun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Lizinq alana verilməsi təşkil edir. İddia tələbinin bu hissəsinə münasibətdə isə məhkəmə qeyd etməyi lazım bilir ki, 02 iyul 2012-ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən obyekt üzərində müstəsna mülkiyyət hüququ olun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsusdur. İddiaçı tərəfindən isə mütəmadi olaraq ümumilikdə ******* məbləğində pul vəsaiti ödənilsə də, müqavilənin 1.1-ci bəndində göstərilən lizinq avadanlıqlarının ümumi dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilməmişdir. Əlavə olaraq qeyd olunur ki, iddiaçı iddia tələbinin bu hissəsini lizinq verən tərəfindən müqavilə şərtlərinə əməl edilməyərək aşağı keyfiyyətli və bazar dəyəri daha aşağı olan avadanlıqlardan istifadə edildiyindən quraşdırılmış kompleks avadanlığın faktiki dəyərinin cəmi ******* (bir milyon beş yüz min) manat təşkil etməsi ilə əsaslandırmış və hesab etmişdir ki, onun tərəfindən avadanlıqların dəyəri təqdim edilmiş avadanlıqların keyfiyyətinə uyğun olaraq tam şəkildə ödənilmişdir. Lakin bununla bağlı qeyd olunmalıdır ki, müqavilələrin məzmununu tərəflər azad şəkildə müəyyənləşdirmiş və lizinq obyektinin ümumi məbləği barədə razılığa gələrək, müqaviləni imzalamışlar və iddiaçı həmin şərtlərlə razılaşaraq lizinq obyektini təhvil alaraq, 10 ilə yaxın müddətdə istifadə etmişdir. Belə olan halda avadanlığın faktiki dəyərinin cəmi ******* (bir milyon beş yüz min) manat təşkil etməsi və o əsasla əmlakın mülkiyyət hüququnun iddiaçıya verilməsi tələbinə münasibətdə qeyd olunmalıdır ki, iddia həmin hissədə də əsassızdır və müqavilə şərtlərinə uyğun olaraq obyekt üzərində müstəsna mülkiyyət hüququ olun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsus olduğundan, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-917/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-917/2022
13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver