Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-92/2020 04.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi Mustafayev Adil Şöhrət oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə bəndinin və müqavilənin ləğvi barədə bildirişin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1022/148 saylı müqavilənin 3.3-cü bəndinin və bunun əsasında verilmiş müqavilənin ləğvinə dair bildirişin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (icarəçi) ilə Cavabdeh MMC (icarəyə verən) arasında Bakı şəhəri, Azadlıq Prospekti 45, “28” Ticarət Mərkəzinin (28 MALL) daxilindəki R.4.23 saylı bölmənin istifadəsi ilə bağlı xx.xx.2015-ci tarixli, 1022/148 saylı icarə müqaviləsi imzalanmışdır. Müqavilənin xx xxxxxxxx 2022-ci ilə qədər qüvvədə olacağı müəyyənləşdirilmişdir. İcarə müqaviləsi 52 səhifə olub, icarəyə verən tərəfindən təktərəfli olaraq, çox təfərrüatlı şəkildə və yalnız icarəyə verənin mənfəəti nəzərə alınaraq hazırlanmış standart şərtli müqavilə mahiyyətindədir. İcarəçi sözügedən icarə müqaviləsinin bağlanması üçün əvvəlki icarəçiyə 230.000 manat ödəniş etmiş və obyektin uzunmüddətli istifadəsinə etimad edərək təmir üçün 154.000 manat məbləğində xərc çəkmişdir. İcarəçi müqavilə üzrə bütün öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirmiş, icarə haqqını hər ay gecikdirmədən ödəmişdir. Buna baxmayaraq, Cavabdeh MMC tərəfindən icarəçiyə xx.xx.2018-ci il tarixində müqavilənin xitamı ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İcarəyə verən həm xx.xx.2018-cu il tarixli və həm də xx.xx.2018-ci il tarixli məktublarda “Ticarət Mərkəzinin rəhbərliyi yerli ticarət bazarının reallığını, onun dinamikasını izləməli və bunları nəzərə alaraq ticarət mərkəzinin fəaliyyəti üçün lazımi dəyişiklikləri etməli (icarəçilər dəyişməli)” olduğunu və bu səbəblə də müqaviləyə xitam veriləcəyini bildirmişdir. İcarəçi xx.xx.2019-cu il tarixli və xx.xx.2019 tarixli cavab məktublarında müqavilə şərtlərinə tam riayət etdiklərini, icarə haqqını vaxtı-vaxtında ödədiklərini, əlavə olaraq da yerli bazarın dinamikasını nəzərə alaraq yeni konseptə uyğun dəyişikliklər edilməsi üçün 3 fərqli şirkətlə görüşdüklərini və bununla bağlı müvafiq təqdimatın hazır olduğunu bildirmişdir. Tərəflər arasındakı müqavilənin 3.3-cü bəndinə görə icarəyə verən 12 ay qabaqcadan bildirmək şərti ilə müqaviləyə xitam verə bilər. Bu hüquq sadəcə icarəyə verənə tanınmış, icarəçi üçün isə belə səlahiyyət nəzərdə tutulmamışdır. Müqavilənin 3.3-cü bəndinə görə “icarəyə verən xx xxxxxxxx 2018-ci il tarixindən etibarən hazırkı icarə müqaviləsinə xitam verə bilər”. Buna baxmayaraq icarəyə verən müqavilənin ləğvi haqqında bildirişi xx xxx 2018-ci il tarixindən etibarən göndərmişdir. İcarəyə verənin müqavilənin xitamını tələb etməsi tamamilə mövcud qanunvericilik normalarına açıq və kobud şəkildə ziddiyyət təşkil edir. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli müqavilə mahiyyəti etibarı ilə standart şərtli müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.1-ci maddəsində də göstərilir ki, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. İşin faktiki hallarından da göründüyü kimi, Cavabdeh MMC” əməkdaşlıq etdikləri şəxslərlə hüquqi münasibətlərini əvvəlcədən hazırlanmış xüsusi müqavilə əsasında həyata keçirir. Hazırkı iş üzrə Cavabdeh MMC ilə İddiaçı MMC arasındakı 1022/148 saylı müqavilə də xüsusi və müfəssəl olaraq icarəyə verənin lehinə ən incə təfərrüatlar nəzərə alınaraq təktərəfli hazırlanmış bir müqavilədir. İcarəçinin isə müqavilənin şərtlərini dəyişdirmə imkanı olmadan sadəcə imzalamaq səlahiyyəti mövcuddur. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi hazırkı iş üzrə tərəflər arasındakı müqavilə mahiyyəti etibarı ilə standart şərtli müqavilədir. Məsələ ilə bağlı qeyd edilməlidir ki, müqavilənin bütün müddəaları standart şərtli ola biləcəyi kimi, bəzi müddəaları da standart şərtli ola bilər. Bir müddəanın standart şərt mahiyyətində olub-olmamasını müəyyən edərkən əsas diqqətə alınacaq meyar, tərəflərcə müzakirə edilmədən bir tərəfin əvvəlcədən hazırlayıb digər tərəfə təqdim etdiyi və digər tərəfin sadəcə imzalamaqla qoşulduğu müqavilə şərtlərinin olmasıdır. Müqavilələr hüququnda rəhbər tutulan iradə azadlığı prinsipi ilə müqavilə bağlayan şəxslərə müqavilə predmeti barəsindəki münasibətləri tənzimləmək üçün qarşılıqlı razılaşma yolu ilə bu münasibətlərə dair qaydalar qəbul etmək səlahiyyəti verilmişdir. Ancaq tərəflərdən birinin tək tərəfli olaraq bu qaydaları müəyyən etməsi, dispozitiv (ixtiyari) hüquq qaydalarını aradan qaldırma imkanı verən “qayda qəbul etmə” səlahiyyətindən sui-istifadəyə səbəb ola bilər. Mülki hüquqda müqavilələr ilə bağlı qəbul edilən normativ aktlardakı qaydalar müqavilə tərəfləri arasında ədalətli bir tarazlıq qurmaq məqsədilə qoyulmuş olan dispozitiv (ixtiyari) hüquq qaydalarıdır. Lakin iradə azadlığına sahib və bərabər hüquqlu olan mülki hüquq subyektlərinə onların qarşılıqlı mənafelərinə və ortaq arzularına ən uyğun gələn qaydaları qəbul etmə imkanı da verilmişdir. Bununla da ixtiyari hüquq normalarından kənara çıxılmasına hüquqən şərait təmin edilmişdir. Yəni, qanunverici, hər dəfəsində mülki hüquq subyektlərinin sahib olduqları konkret şəraitin özünəməxsus xüsusiyyətləri içərisində onların subyektiv mənafelərinə ən uyğun gələn qaydanın qabaqcadan hər dəfəsində ən uyğun və ədalətli olanının (qaydanın) müəyyən edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, özünün müqavilə tərəfləri üçün müəyyən etmiş olduğu ədalətli və tərəflərin hər ikisinin haqlı mənfəətlərini nəzərə alan tarazlaşdırıcı qaydalarından kənara çıxıla biləcəyini qəbul etmişdir. Standart şərtlər vasitəsilə qanunvericilikdə nəzərdə tutulan qaydaların hamısının kənarlaşdırılması və bunun tamamilə bir adət halına gətirilməsi, hətta, bunun əslində və faktiki olaraq yalnızca bir tərəfin iradəsi nəticəsində edilməsi, qətiyyən mülki hüquq sisteminin nəzərdə tutmadığı bir nəticədir və belə bir nəticənin mülki hüquq sistemində qəbul edilən əsas prinsiplər ilə bir araya sığması da mümkün deyildir. Nəzərə alınmalıdır ki, qaydanın “ixtiyarı (dispozitiv)” olmasının nəzərdə tutulmasının tam əksinə olaraq, bu halda müqavilənin şərtlərinin müəyyənləşdirilməsi azadlığının tərəflərdən birinin əlindən tamamilə alınması nəticəsi ilə qarşılaşılır. Bütün bunların əslində mülki hüquqda tərəflərin bərabərliyi və müqavilə azadlığı prinsiplərinin istifadə edilməsi nəticəsində meydana gəldiyini qətiyyən nəzərdən qaçırmaq olmaz. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə bir yekun nəticəyə gəlmək olar ki, standart şərtlər günümüzdəki iqtisadi həyatın qaçınılmaz bir zərurətidir və bundan bütövlüklə imtina etmək məqsədəuyğun və ağlabatan olmaz. Bununla yanaşı, standart şərtlər ədalətli və müqavilə tərəflərinin hər ikisinin də qarşılıqlı mənfəətini tarazlaşdırıcı ixtiyari hüquq qaydalarından bütövlüklə və həmişəlik kənara çıxılmasının bir adət halını alması hüquq sistemində azruolunmaz bir hüquqi vəziyyətdir. Nəhayət, standart şərtlər vasitəsilə müqavilə azadlığının faktiki olaraq bir tərəfin əlindən alındığı nəzərə alınaraq ixtiyari hüquq qaydalarından kənara çıxmaları müqavilə azadlığı prinsipindən onun tamamilə qəbul edilməsi məqsədinin xaricində istifadə olunması, bu prinsipin sui-istifadə edilməsi demək olacaqdır. Bütün bunları nəzərə alaraq, standart şərtlər vasitəsilə bağlanan müqavilələrin hüquqa uyğunluq nəzarətini, digər şəkildə bağlanan müqavilələrin tabe tutulduğu şərtlərdən fərqləndirmək məcburiyyətindədilər. Çünki bunlara fərqli şəkildə və fərqli vəziyyətdə bağlanıldığı halda sanki eyni şəkildə və eyni şərtlər daxilində bağlanılmış kimi yanaşma heç vaxt ədalətli ola bilməz. Bərabər olmayanlara qarşı bərabər tələblər heç vaxt bərabər nəticəni və ədaləti təmin edə bilməz. Bu səbəblədir ki, mülki qanunvericilikdə və xüsusi olaraq da AR Mülki Məcəlləsinin 417- 420-ci maddələrində standart şərtli müqavilələrin etibarlılığı xüsusi qaydalara görə tənzimlənmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli müqavilənin 3.3-cü bəndi etibarsızdır. xx xxxxxxxx 2015-ci il tarixli müqavilənin 3.3-cü bəndinə görə “icarəyə verən xx xxxxxxxx 2018-ci ildən etibarən hazırkı icarə müqaviləsinə xitam verə bilər, bir şərtlə ki, icarə müqaviləsinə xitam vermək barəsində məlumatı digər tərəfə ən az on iki ay qabaqcadan yazılı şəkildə bildirmiş olsun.” Göründüyü kimi icarəyə verən 12 ay qabaqcadan bildirmək şərti ilə təktərəfli olaraq müqaviləyə xitam verə bilər. Müqaviləni təktərəfli ləğv etmək hüququ sadəcə icarəyə verən üçün nəzərdə tutulmuş, icarəçiyə belə bir səlahiyyət verilməmişdir. Belə bir hüququn, yəni müqaviləni təktərəfli olaraq xitam vermə imkanı tanıyan bu qədər güclü bir hüququn sadəcə icarəyə verənə tanınması, icarəçinin isə belə bir səlahiyyətinin olmaması başda AR konstitusiyasının subyektlərin hüquq bərabərliyini qoruyan, iqtisadiyyatın inkişafına şərait yaradan və azad sahibkarlığa təminat verən normaları olmaqla, AR Müki Məcəlləsinin 1.1-ci maddəsində tənzimlənən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi məqsədinə, AR Mülki Məcəlləsinin 6.1.1-ci maddəsində nəzərdə tutulan “mülki hüquq subyektlərinin bərabərliyi” prinsipinə və ümumiyyətlə standart şərtli müqavilələrin etibarlılıq şərtlərini tənzimləyən AR Mülki Məcəlləsinin müvafiq müddəalarına açıq və bariz şəkildə ziddir. İlk növbədə qeyd edilməlidir ki, standart şərtli müqavilələrlə bağlı tənzimləmələrdə əsas məqsəd zəif və gücsüz vəziyyətdə olan şəxsi qorumaqla hüquq bərabərliyinin və eyni zamanda mülki dövriyyənin və xüsusilə də sahibkarlıq fəaliyyətinin etibarlı hüquqi mühafizə altına alınmasıdır. Bu səbəblə də bir tərəfin hazırladığı və iqtisadi baxımdan zəif və gücsüz vəziyyətdə olan digər tərəfin isə sadəcə imzalamaq yolu ilə bağladığı müqavilələrdə öhdəliklər arasında etimad və vicdanlılıq prinsipini zədələyəcək dərəcədə bir tərəf üçün zərərli nəticəyə səbəb olacaq şərtlər etibarlı sayılmır. Məsələ ilə bağlı AR Mülki Məcəlləsinin 420.2-ci maddəsinə görə müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Maddə mətnindən də göründüyü kimi müqavilənin standart şərti etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsız saylır. İşin halları nəzərə alındığında, icarəçinin icarəyə verənlə müqayisədə iqtisadi və s. bu kimi cəhətdən faktiki olaraq olduqca qeyri-bərabər bir vəziyyətdə olması səbəbi ilə müqavilə şərtlərinin müəyyən edilməsində əməli olaraq heç bir şəkildə söz haqqının olmadığı və bu səbəblə də tamamilə öz əleyhinə olan bu müqavilə şərtlərini sadəcə qarşı tərəfin təklif etdiyi icarə obyektini əldə edə bilmək üçün qəbul etdiyi açıq və bariz şəkildə görülür. Belə olan halda müqavilənin standart şərtlərinin etibarlı ola bilməsi üçün bu şərtlər etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq icarəçi üçün zərərli nəticəyə səbəb olmamalıdır. Halbuki müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin təktərəfli ləğvi etimad prinsipinə və vicdanlılıq prinsipinə zidd olmaqla bərabər icarəçiyə də böyük bir zərər vurulmasına səbəbiyyət verəcəkdir. Belə ki, icarəçi müqavilənin uzun müddətli olmasına etimad edərək icarə obyektinə 400.000 manata yaxın bir sərmayə qoymuşdur. Belə olan halda müqaviləyə xitam verilməsi icarəçinin müqavilə münasibətinə olan etimadını kobud şəkildə yerlə bir etdiyi və heç bir məqbul vicdanın da qəbul etmədiyi bir nəticədir. Çünki icarəçi məhz icarə müqaviləsinin uzunmüddətli olmasına haqlı olaraq etimad edərək həmin icarə obyektindən ticarət məqsədi ilə istifadə edə bilməsi üçün külli miqdarda vəsait xərcləmişdir. İndiki halda isə icarəçinin icarə obyektinə xərclədiyi vəsait qarşılığında əldə etməyi planladığı gəliri qazanmamış, müqavilənin müddətinin vaxtından əvvəl, həm də birtərəfli qaydada sırf bir tərəfin subyektiv istəyinə görə ləğv edilməsi vicdanlıq prinsipi ilə bir araya sığa bilməz. Bunun nəticəsi olaraq da, yəni müqavilənin ləğvi ilə də icarəçiyə böyük zərər dəyəcəyi qaçınılmaz və danılmaz bir faktdır. Qeyd edilənlərdən də göründüyü kimi müqavilədə göstərilən bu müddəa (3.3-cü bənd) qanunvericiliyin standart şərtli müqavilələrinin etibarlı olması üçün tələb olunan şərtlərə uyğun gəlmədiyi kimi bir tərəfin digər tərəf üzərindəki üstün mövqeyindən faydalanılaraq, etimad və vicdanlılıq prinsiplərinə zidd olduğu, həmçinin bir tərəf üçün tənasübsüz ağır nəticə (zərər) meydana gətirdiyi üçün etibarlı deyildir. AR Mülki Məcəllənin 418.1-ci maddəsində qeyd olunur ki, Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. Həmin Məcəllənin 419.1-ci maddəsinə əsasən müqavilələrin standart şərtlərinin formaca qeyriadi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Göründüyü kimi hər hansı bir şərtin müqavilənin tərkib hissəsinə çevrilməsi üçün digər tərəfin həmin şərtlərlə tanış olması, razılıq verməsi və bu şərtləri qəbul etmək imkanına malik olması tələb olunur. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanan xx.xx.2015-ci il tarixli müqavilə 52 səhifə olub, azərbaycan və ingilis dilində tərtib edilib və müqavilənin 24.11-ci bəndinə görə mətnlər arasında uyğunsuzluq olduğunda ingilis dilindəki varinatın üstünlük təşkil edəcəyi bildirilir. Belə olan halda xüsusi və incə təfərrüatına qədər icarəyə verən lehinə hazırlanmış 52 səhifədən ibarət və inglis dili variantı əsas təşkil edən bir müqaviləni ancaq xüsusi hüquq təhsili olan hüquqşunaslar təhlil edə və anlaya bilər. Beləliklə, əslində icarəçinin müqavilənin 3.3-cü və bənzər bəndlərdə nəzərdə tutulan tənzimləmələr ilə tanış olub onların mahiyyətini anlaması mümkün deyildir. Çünki icarəçinin standart şərtləri təfərrüatı ilə araşdırmaq imkanına faktiki olaraq sahib olmadan, standart şərtlər haqqında xüsusi bir qənaətə sahib olmadan və eyni zamanda müqavilənin icrası ilə bağlı bir problemin çıxacağına ehtimal vermədən müqaviləni imzaladığı açıqdır. Çünki icarəçi sözügedən bəndin icarəyə verənə tək tərəfli müqaviləyə xitam vermək hüququ verən, amma icarəçiyə belə bir səlahiyyət tanımayan bəndi haqqında qənaət sahibi olsa idi, ümumiyyətlə bu müqaviləni bağlamaz və 400.000 manata yaxın bir sərmayə qoymazdı. Çünki heç bir şəxs xüsusi ilə də sahibkar olan bir icarəçi icarəyə verənin müqavilənin 3.3-cü bəndinə əsaslanaraq müqaviləyə istədiyi vaxt xitam verəcəyini bilsə və anlasa, o obyektə 400.000 manat sərmayə qoymazdı, dolayısı ilə da şəxsin həmin bəndi qəbul edib razılaşması və həmin bəndin belə bir nəticəyə səbəb olacağını təxmin etməsi mümkün deyildir. Sözügedən bəndin belə bir nəticəyə səbəb olması nəzərə alınıb razılaşma əldə edilməsi mümkün olmadığına görə həmin bənd haqqında tərəflərin qarşılıqlı iradəsi mövcud deyildir. Beləliklə, müqavilənin standart şərtinin etibarlılığı üçün AR Mülki Məcəlləsinin 418.1-ci maddəsinə görə tərəfin standart şərtlər ilə tanış olması, raşılaşması və qəbul etmək imkanını əldə etməsi tələb olunur. Eyni zamanda həmin məcəllənin 419.1-ci maddəsinə görə də də standart şərtin müqavilənin tərkib hissəsi sayılması üçün də digər tərəf baxımından müddəanın nəzərdə tuta bilməsi, nəticəsini təxmin edə bilməsi tələb olunur. Nəticə etibarilə sözügedən tələblər reallaşmadığı üçün müqavilənin 3.3-cü bəndində nəzərdə tutulan standart şərt müqavilənin tərkib hissəsi sayılmır və heç bir hüquqi qüvvəyə də malik deyildir. İcarəyə verən tərəfindən göndərilən xx xxx 2018-ci il tarixli bildiriş müqavilə şərtlərinə əməl edilmədən göndərildiyi üçün etibarlı deyildir. İcarəyə verən Cavabdeh MMC tərəfindən icarəçiyə xx.xx.2018-ci il tarixində müqavilənin xitamı ilə bağlı qeyri-qanuni xəbərdarlıq bildirişi göndərilmişdir. İcarəyə verən hətta özünün qanuna zidd bir şəkildə hazırlamış olduğu bu etibarsız müqavilə şərtinə belə məhəl qoymayaraq təktərəfli qaydada ləğvetməyə dair bildirişi xx xxxxxxxx 2018-ci il tarixindən deyil, xx xxx 2018- ci il tarixindən etibarən vermişdir. Belə ki, sözügedən müqavilənin 3.3-cü bəndinə görə “icarəyə verən xx xxxxxxxx 2018-ci il tarixindən etibarən hazırkı icarə müqaviləsinə xitam verə bilər”. Buna baxmayaraq icarəyə verən müqavilənin ləğvi haqqında bildirişi xx xxx 2018-ci il tarixindən etibarən göndərmişdir. Bütün bunlar kifayət etmirmiş kimi hal-hazırda icarəyə verən Cavabdeh MMC” rəhbərliyi tərəfindən bu qanunsuz bildirişin məhkəmədən kənar qaydada zorla icra ediləcəyi və 25 may tarixindən etibarən icarəçinin həmin icarə obyektindən zorla çıxarılacağı və obyektə buraxılmayacağı bildirilir. Nəticə etibariylə bildiriş müqavilə müddəalarına uyğun olmaması səbəb ilə etibarsızdır. Son olaraq qeyd edilməldir ki, AR Mülki Məcəlləsinini 419.2-ci maddəsinə görə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Beləliklə, sözügedən bəndlə bağlı hər hansı bir qeyri-müəyyənlik olarsa birbaşa və tərəddüdsüz müqaviləni hazırlayanın, yəni icarəyə verənin əleyhinə tövsif edilməlidir. İcarəyə verənin müqavilənin ləğvi tələbi hüquqdan sui-istifadəni təşkil edir. İşin faktiki hallarından göründüyü kimi icarəçi (iş üzrə iddiaçı), müqavilə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən icarəçiyə xx.xx.2018-ci il tarixində müqavilənin xitamı ilə bağlı qeyri-qanuni xəbərdarlıq bildirişi göndərilmişdir. Bildirişdə icarəyə verənin ticarət bazarının reallığını, onun dinamikasını izləməli və bunları nəzərə alaraq ticarət mərkəzinin fəaliyyəti üçün lazımi dəyişiklikləri etməli (icarəçilər dəyişməli) olduğu ifadə edilmişdir. İcarəçi (iş üzrə iddiaçı) cavab məktubunda bazar dinamıkasına uyğun dəyişikliklərə hazır olduqlarını bildirməsinə baxmayaraq icarəyə verən müqavilənin xitamı ilə bağlı israr edir. Yəni icarəçi bildirir ki, icarəyə verən tərəfindən müqavilənin ləğvi üçün əsas olaraq irəli sürülən dəyişiklikləri etməyə hazırdırlar. İcarəçinin müvafiq dəyişiklik etməyə hazır olduğunu ifadə etməsinə baxmayaraq icarəyə verən müqavilənin xitamını tələb edir. AR Mülki Məcəlləsinin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin maddədə hüquqdan sui-istifadə hallarına misal olaraq müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi göstərilmişdir. İşin faktiki hallarından göründüyü kimi icarəyə verən müqavilənin ləğvi ilə bağlı tələbdən heç bir məqbul əsas olmadan istifadə etməklə həm hüququn əsasını təşkil edən mənafeyə uyğun hərəkət etmir, həm də icarəçinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd davranır. İcarəyə verənin hərəkəti qadağan edilmiş özbaşınalıqdır. İşin faktiki hallarından da göründüyü kimi hal-hazırda icarəyə verən Cavabdeh MMC rəhbərliyi tərəfindən bu qanunsuz bildirişin məhkəmədən kənar qaydada zorla icra ediləcəyi və 25 may tarixindən etibarən icarəçinin həmin icarə obyektindən zorla çıxarılacağı və obyektə buraxılmayacağı bildirilir. Bu isə öz növbəsində açıq şəkildə mülki qanunvericilik normaları ilə qadağan edilmiş özbaşınalıq mahiyyətindədir. Məsələ ilə bağlı AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrum etməyə onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin məcəllənin 165.1ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Maddə mətnindən də göründüyü kimi icarəçi ilə icarəyə verən arasında müqavilə münasibəti davam edir və icarəçi obyektin faktiki sahibidir. Buna baxmayaraq icarəyə verən icarəçinin istəyi və razılığı olmadan icarə obyektini güc istifadə edərək əlindən alacağı ilə təhdid etməsi açıq, bariz və nümayişkaranə qadağan edilmiş özbaşınalıqdır. İşin faktiki hallarından da görüldüyü kimi tərəflər arasında icarə müqaviləsinin xitami ilə bağlı mübahisə davam edərkən icarəyə verənin güc tətbiq edərək icarəçini obyektən çıxarmağa çalışması açıq şəkildə qadağan edilmiş bir hərəkətdir. İcarəyə verən belə halda sadəcə məhkəmə yolu ilə müqavilənin xitam verilməsi təsdiqlənərsə icarəçini icarə obyektindən çıxara bilər. Buna baxmayaraq icarəyə verən qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına açıq şəkildə zidd davranaraq icarəçini icarə obyektindən güc tətbiq edərək çıxarmaq istəyir. Bunun isə icarəçi üçün nə qədər böyük zərərə səbəb olacağı sir deyildir. Beləliklə, icarəçinin hərəkəti həm Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq, həm də Cinayət Məcəlləsinin 322.1-ci maddəsinə görə də özabaşınalıq cinayəti təşkil etməkdədir. Cavabdeh MMC-nin nümayəndələri A.Mustafayev və Z.Ələkbərov iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və İddiaçı MMC ilə Cavabdeh” MMC arasında xx.xx.2015-ci il tarixdə icarə müqaviləsinin bağlandığını, İddiaçı MMC-nin isə həmin müqavilənin bəndinin etibarsızlığı barədə iddia ilə xx.xx.2019-cu ildə müraciət etdiyini əsas göstərərək Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlərin mübahisəyə tətbiq edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Mustafayev Adil Şöhrət oğlu iddia ərizəsinin əsassız olduğunu, eyni zamanda həmin ərizənin Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət ötürülməklə verildiyini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh MMC (icarəyə verən) ilə İddiaçı MMC (icarəçi) arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, 1022/148 saylı icarə müqaviləsinə əsasən icarəyə verən Azərbaycan Respublikası, Bakı şəhəri, Azadlıq prospekti 45, Ticarət Mərkəzi “28”-də yerləşən və Əlavə 1-də göstərilmiş obyektləri burada verilmiş şərt və müddəalara əsasən və hazırkı icarə müqaviləsinə Əlavə 1 kimi qoşulmuş plana uyğun olaraq icarəçiyə vermiş və icarəçi bu obyektləri qəbul etmişdir. Həmin Müqavilənin: 3.2-ci maddəsinə əsasən müqavilənin müddəti Əlavə 1-də qeyd olunmuş xx.xx.2015-ci il icarə haqqının başlanma tarixindən etibarən xx xxxxxxxx 2022-ci ilə qədər davam edəcək. 3.3-cü maddəsinə əsasən icarəyə verən xx xxxxxxxx 2018-ci ildən etibarən hazırkı icarə müqaviləsinə xitam verə bilər, bir şərtlə ki, icarə müqaviləsinə xitam vermək barəsində məlumat digər tərəfə ən azı on iki ay qabaqcadan yazılı şəkildə bildirilmiş olsun. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli müqavilənin ləğv edilməsi barədə bildirişlə təsdiq edilir ki, iddiaçıya xx.xx.2015-ci il tarixli, 1022/148 saylı icarə müqaviləsinə xx xxx 2019-cu il tarixdən xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.3-cü bəndinin etibarsız hesab edilməsi barədə tələbini həmin bəndin müqavilənin standart şərti olması və standart şərtlər üçün Mülki Məcəllənin 417-420-ci maddələrində nəzərdə tutulmuş etibarlılıq tələblərinə cavab verməməsi ilə əsaslandırmışdır. Mülki Məcəllənin: 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. Göstərilən normaların məzmunundan göründüyü kimi müqavilənin standart şərtləri müxtəlif kontragentlərlə bağlanacaq müqavilələrdə dəfələrlə istifadə etmək məqsədilə tərəflərdən biri tərəfindən tərtib edilmiş ümumi şərtlərdir. Tərəflərin qarşılıqlı münasibətlərini müfəssəl şəkildə tənzimləyən şərtlər isə tərəflərdən biri tərəfindən təklif olunsa belə standart şərtlər hesab edilmir. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilənin 3.3-cü bəndinin məzmunundan isə görünür ki, həmin bənddə müqavilənin icarəyə verən tərəfindən vaxtından xitam verilməsi qaydası (12 aylıq xəbərdarlıq müddəti) müəyyən edilmiş, eyni zamanda icarəyə verənin həmin hüququn həyata keçirilə biləcəyi ilk tarix kimi xx.xx.2018-ci il tarixi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan bənd cavabdeh tərəfindən təklif edilsə belə, tərəflər arasında münasibətləri müfəssəl şəkildə tənzimləyən şərt olduğundan Mülki Məcəllənin 417.2-ci maddəsinin tələbləri baxımından müqavilənin standart şərti kimi qiymətləndirilə bilməz. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri sayır ki, həmin şərt müqavilənin standart şərti olması ehtimal edildiyi halda da onun etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin standart şərtlərin etibarsız hesab edilməsi əsaslarını müəyyən edən 418.2-ci maddəsinə görə əgər müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin standart şərtləri bu şərtlə müqavilənin tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə tutmalı olsun. Həmin maddənin məzmunundan göründüyü kimi sahibkarlara münasibətdə tətbiq edilən standart şərtlər yalnız o zaman müqavilənin tərkib hissəsinə çevrilmir ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda tərəf bu şərti nəzərdə tutmalı olmasın. İş materiallarında olan mübahisəli icarə müqaviləsindən isə görünür ki, müqavilənin 3.3-cü bəndi müqavilədə açıq-aşkar şəkildə qeyd edilmiş və iddiaçı tərəf həmin müqaviləyə imza etməklə həmin şərti qəbul etmişdir. Belə olan halda şübhəsiz ki, iddiaçı minimal ehtiyatlılıq göstərdiyi təqdirdə həmin şərtin müqavilədə yer alması barədə məlumatlı olmalı idi. Digər tərəfdən məhkəmə hesab edir ki, mahiyyət etibarilə tərəfə müqavilədən birtərəfli imtina hüququ verən mübahisəli şərtin məzmun baxımından MM-in normalarına zidd olması və buna görə etibarsız hesab edilməli olması barədə iddiaçının irəli sürdüyü dəlillər də əsassızdır. Belə ki, Mülki Məcəllənin: 420.1.4-ci maddəsinə görə təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfə əsassız olaraq və müqavilədə göstərilmiş əsaslar olmadan öz öhdəliyinin icrasından imtina etmək hüququ (müqavilədən imtina şərti) verən müddəalar etibarsız sayılır. 430.2-ci maddəsinə görə isə öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Həmin normaların məzmunundan da göründüyü kimi, tərəfə müqavilədən imtina etmək hüququ verən müqavilə şərti yalnız müqavilənin digər tərəfi sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər olduqda etibarsız hesab edildiyindən göstərilən şərtin kommersiya hüquqi şəxsi olan iddiaçı ilə bağlanmış müqavilədə nəzərdə tutulması qanunazidd deyildir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.3-cü bəndinin etibarsız hesab edilməsi tələbinə dair hissədə iddia əsassızdır. Sonda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən hissədə iddia tələbi əsassız olduğundan məhkəmə tərəfindən mübahisəyə Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş kəsici müddətin tətbiq edilməsinə zərurət yoxdur. İddiaçının digər tələbinə - cavabdeh tərəfindən göndərilmiş müqaviləyə xitam verilməsi barədə bildirişin etibarsız hesab edilməsinə dair tələbinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, sözügedən bildiriş tərəflər üçün hüquqi nəticə yaradan və digər tərəfə çatdırıldığı andan etibarlı olan birtərəfli əqddir. Buna görə də bildirişin etibarsız hesab edilməsi tələbinə əqdlərin etibarsızlığı ilə bağlı qanunvericilik normalarına əsasən hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin: 325.1-ci maddəsinə başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. 326-cı maddəsinə görə birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. İddiaçı həmin hissədə iddia tələbinin əsası kimi iki hala:
1. həmin bildirişin müqavilənin etibarsız hesab edilməli olan 3.3-cü bəndinə əsasən göndərilməsinə və belə olan halda müqavilənin 3.3-cü bəndi kimi həmin bəndin əsasında göndərilmiş bildirişin də qanunazidd olmasına;
2. müqavilədə icarəyə verən həmin müqaviləyə xitam verilməsi hüququnun xx.xx.2018ci il tarixdən etibarən həyata keçirilə bilməsi göstərildiyi halda bildirişin xx.xx.2018-ci il tarixdə icarəçiyə göndərilməsinə, yəni bildirişin müqaviləyə zidd olmasına istinad etmişdir. Müqaviləyə xitam verilməsi barədə bildirişin qanunazidd olması barədə iddiaçının birinci dəlili ilə bağlı qeyd edilməlidir ki, həmin dəlilin əsassız olması məhkəmə tərəfindən iddia tələbinin müqavilə bəndinin etibarsız hesab edilməsinə dair hissəsinə münasibət bildirilərkən müəyyən edilmişdir. Mübahisəli bildirişin tərəflər arasında bağlanmış müqaviləyə zidd olması barədə ikinci dəlilə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə xx.xx.2018-ci il tarixi müqaviləyə xitam verilməsi barədə bildirişin göndərilə biləcəyi ilk tarix kimi deyil, müqaviləyə xitam verilməsi hüququnun həyata keçirilə biləcəyi ilk tarix kimi nəzərdə tutulmuşdur. İş materiallarından isə görünür ki, müqavilənin ləğv edilməsi barədə bildiriş xx.xx.2018-ci tarixdə göndərilsə də, müqaviləyə xx.xx.2019-cu il tarixdə(12 aylıq xəbərdarlıq müddəti gözlənilməklə), yəni müqavilənin 3.3-cü bəndində müəyyən edilmiş tarixdən sonra xitam verilmişdir. Göründüyü kimi müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə mübahisəli bildiriş Cavabdeh MMC tərəfindən müqavilənin 3.3-cü bəndinin tələblərinə riayət edilməklə göndərilmişdir. İddiaçının müqavilənin 3.3-cü bəndinin birmənalı olmaması, AR Mülki Məcəlləsinin 419.2-ci maddəsinə görə isə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklərin, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilməli olması barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla sözügedən bəndin məzmununda hər hansı qeyri-müəyyənliyin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Digər tərəfdən yuxarıda şərh etdiyimiz kimi tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.3-cü bəndi MM-in tələbləri baxımından standart şərt olmadığından MM-in 419.2-ci maddəsi göstərilən bəndə şamil edilmir. Beləliklə, məhkəmə iddiaçının müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə bildirişin etibarsız hesab edilməsinə dair iddia tələbinin əsası kimi istinad etdiyi halların iş materialları ilə öz təsdiqini tapmadığını, bununla yanaşı həmin bildirişə münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş əqdlərin etibarsızlığı üçün əsas verən hər hansı bir halın mövcud olmasının məhkəmə tərəfindən müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, həmin hissədə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə bəndinin və müqavilənin ləğvi barədə bildirişin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiy gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva