Məhkəmə qərarları › İş №e-2-2(113)-922/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-922/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-922/2022 11.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi) qarşı qanunsuz göndərilmiş qaimələrin ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-yə 02 may 2017-ci il tarixdən 31 avqust 2018-ci il tarixədək olan dövr üzrə 196.879,80 manat dəyərində olan ona məxsus ********** saylı VÖEN-ə göndərilmiş müxtəlif markalı tütün məmulatlarına dair elektron qaimələrinin ləğv edilməsi öhdəliyinin həvalə olunması və vəkilə ödənilmiş 160 manat və Mediasiya Şurasına ödənilmiş 400 manat, ümumilikdə 500 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti 02 may 2017-ci il tarixdən 31 avqust 2018-ci il tarixədək olan dövr üzrə 196.879,8 manat dəyərində müxtəlif markalı tütün məmulatlarının təqdim edilməsi barədə ona məxsus VÖEN-ə elektron qaimələr göndərilmişdir. 02 avqust 2016-cı il tarixdən sahibkarlıq fəaliyyəti rəsmi olaraq dayandırılaraq ona məxsus ********** saylı VÖEN-in fəaliyyəti dayandırılmışdır. Ona məxsus ********** saylı VÖEN-ə qanunsuz olaraq göndərilmiş elektron qaimələrin nəticəsində ona vergi borcu yaranmışdır. Həmin qaimələrdən məlumatı yoxdur və qaimələrdə qeyd edilmiş müxtəlif markalı tütün məmulatlar ona təqdim edilməmiş və tərəfindən həmin mallar pərakəndə satılması üçün alınmamışdır. O, fiziki şəxs kimi 2016-cı il tarixdən sahibkarlıq fəaliyyətini dayandırmış, həmin elektron qaimələr qanunsuz olaraq göndərilmiş və həmin qaimələrə dair göstərilən tütün məmulatları tərəfindən qəbul edilməmişdir. Bununla əlaqədar cavabdehdən həmin tütün məmulatlarının tərəfindən üzləşmə və təhvil təslim aktını tələb etməyinə baxmayaraq cavabdeh təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən ona məxsus ********** saylı VÖEN-ə qanunsuz göndərilmiş qaimələrə görə onda vergi borcu yaranmışdır. Vergi borcuna görə də onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə vəsatət verərək, İddiaçı iddiası ilə bağlı e-2-2(113)-922/2022 nömrəli iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia tələbi heç bir hüquqi nəticə yaratmaması səbəbindən mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən göndərilən qaimələrin mübahisələndirilməsi iddiaçı ilə bağlı heç bir yeni hüquqi status yaratmır, dəyişdirmir və xitama səbəb olmur. Bu səbəblə də onun icraata qəbul edilməsi, elektron qaimələrin özlərinin mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Hüquqların təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb vergi orqanı tərəfindən onunla bağlı əlavə vergi borcunun hesablanmasıdır. Vergi ödəyicisinin vergi öhdəliyi yalnız onun sahibkarlıq fəaliyyəti ilə bağlı və vergitutma obyekti əsasında hesablana bilər. Elektron qaimələr iddiaçıya münasibətdə yalnız xərc sənədi kimi nəzərə alına bilər. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.3 və 3.4-cü maddəsinə əsasən elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Tərəflərindən iddiaçı tərəfindən tələb edilən elektron qaimənin ləğv edilməsi vergi orqanın elekron sisteminin texniki imkanları daxilində mümkün deyildir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Göründüyü kimi e-qaimələri təqdim edilməsi müddətindən 3 ildən artıq müddət keçdiyindən həmin qaimələrin ləğv edilməsi və ləğv edilmə əsasında yenidən hesablamaların aparılması həm vergi ödəyicisi həm də vergi orqanı tərəfindən mümkün deyildir. Qanunvericiliyə müvafiq olaraq iddia tələbləri müəyyən əsaslardan (müqavilə öhdəlikləri, əsassız varlanma, delikt və s.) yarana bilər. İddiaçının tələbi qanunvericiliklə müəyyən edilmiş heç bir əsasla irəli sürülə bilmir. Elektron qaimə qanunvericiliyə müvafiq olaraq vergi ödəyicisinin gəlir və xərcinin uçotu məqsədləri üçün sənəd olmaqla yalnız bu məqsədlər çərçivəsində qiymətləndirilə bilər. Elektron qaiməfakturanın ləğv olunması və ya hesablanmış vergi borcunun təkrar hesablanması yalnız bu vergi məbləği hesablamış inzibati orqana (Dövlət Vergi Xidməti) münasibətdə tələb oluna bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təqdim etmiş olduğu vəsatəti müdafiə edərək, vəsatətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nümayəndəsi X2 vəsatətə münasibət bildirərək qeyd etmişdir ki, iddia ilk öncə inzibati qaydada irəli sürülmüşdür, lakin elektron qaimələr hələ də qüvvədə olduğu üçün DVX-yə qarşı hər hansı tələb irəli sürülə bilməz. Mübahisənin predmeti tərəflərin arasında yaranan anlaşılmazlıqdır. Dövlət Vergi Xidmətinin hər hansı bir hərəkət və ya hərəkətsizliyinin nəticəsində yaranmış mübahisə deyil. Vəsatətin üçüncü şəxsə aidiyyatı yoxdur, lakin bildirməlidir ki, işə inzibati icraat qaydasında baxılması istisna edildiyi üçün mülki icraat qaydasında kommersiya mübahisəsi kimi baxılmalıdır. Elektron qaiməni göndərən tərəf səhv göndərdiyini bəyan edirsə, qanunvericiliklə müəyyən edilmiş müddətlərdə ləğv edilə bilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı vəsatətə münasibət bildirərək qeyd etmişdir ki, qeyri-qanuni elektron qaimə göndərilmiş və bu hal ona 4 il sonra məlum olmuş, cavabdeh ilə arasında hər hansı kommersiya münasibətləri olmamış, mübahisə qarşı tərəfin səhv elektron qaimə göndərməsi əsasında yaranmışdır. Hesab edir ki, vəsatət əsassızdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 vəsatətə münasibət bildirərək qeyd etmişdir ki, vəsatət tamamilə əsassızdır. Borc olmadığı, tərəflər arasında müqavilə olmadığı halda elektron qaimə sistemə daxil edilib. İnzibati mühakimə icraatı qaydasında işə baxıldığı zaman DVX-nin nümayəndəsi bildirdi ki, elektron qaimələr qüvvədə olduğuna görə vergi orqanı tərəfindən sonuncunun ləğv edilməsi mümkün deyil. Bununla bağlı onlar iddialarını geri götürmüşdülər. Qaimələr əsasında ödəniş edilməmiş və qarşı tərəf də onlardan pulun ödənilməsini tələb etməyib. Məhkəmə vəsatətin dəlillərini və iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, cavabdehin nümayəndəsi və vəkilinin vermiş olduğu vəsatət təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş elektron qaimələr özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə elektron qaimələrin özlərinin mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı yalnız həmin sənədlərin əsassızlığına dair dəlillərini təqdim edə bilər. Qaimələrin özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən məhkəmədə baxılmalı deyildirsə icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-ci maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh QSC-yə (müstəqil tələbm irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi) qarşı qanunsuz göndərilmiş qaimələrin ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar