Məhkəmə qərarları › İş №e-2-2(113)-924/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-924/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-924/2022 29.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ("xxxx" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14387 (on dörd min üç yüz səksən yeddi) manat məbləğində pul vəsaiti, eyni zamanda mediasiya xidmətinə görə ödənilmiş 200 manat və hüquqi xidmətə görə ödənilmiş 250 manat olmaqla, cəmi 14837 (on dörd min səkkiz yüz otuz yeddi) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əsas fəaliyyəti mühərrik və sürtkü yağlarının satışından ibarət olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında, mühərrik və sürtkü yağlarının satışına dair 20 iyul 2019-cu il tarixli alqı–satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC tərəfindən 20 iyul 2019-cu il tarixdən 22 iyun 2020-ci il tarixədək olan dövr ərzində, ayrı-ayrı vaxtlarda ümumilikdə 21895 (iyirmi bir min səkkiz yüz doxsan beş) manat dəyərində mühərrik yağı Cavabdeh MMC-yə təhvil verilmiş və sonradan həmin malların 7508 (yeddi min beş yüz səkkiz) manat dəyərində olan hissəsi alıcı tərəfindən geri qaytarılmış, qalan 14387 (on dörd min üç yüz səksən yeddi) manat dəyərində mallara dair isə alıcı Cavabdeh MMC-yə elektron qaimələr göndərilmişdir. Göndərilmiş elektron qaimələr Cavabdeh MMC tərəfindən təsdiq edilərək qəbul edilmişdir. İstinad olunan alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-yə satılmış yuxarıda göstərilən malın dəyərini təşkil edən 14387 (on dörd min üç yüz səksən yeddi) manat məbləğdən bu günə qədər heç bir ödəniş edilməmişdir. Qeyd olunan borc məbləğinin ödənilməsi ilə bağlı etdikləri şifahi müraciətlər isə heç bir nəticə verməmişdir. İstinad olunan 20 iyul 2019-cu il tarixli alqı–satqı müqaviləsinin 5.2-ci bəndinə əsasən Mal “Alıcıya təhvil verildikdən sonra 10 iş günü ərzində Cavabdeh MMC malın dəyərinin 100% həcmində ödəniş etməlidir. İddiaçı MMC-nin qeyd olunan müqavilə üzrə öhdəliklərini layiqincə və vicdanla icra etməyinə baxmayaraq, Cavabdeh MMC müqavilə şərtlərini kobud şəkildə pozaraq, müqavilədə nəzərdə tutulan müddətin başa çatmasından uzun müddət keçməsinə baxmayaraq, 14387 (on dörd min üç yüzsəksən yeddi) manat borcunu ödəməkdən yayınır. Bu günə qədər cavabdehə etdikləri çoxsaylı şifahi müraciətlər nəticə vermədiyindən borcun 3 iş günü müddətində ödənilməsi, əks halda bununla bağlı məhkəməyə müraciət olunacağına dair 07.01.2022-ci il il tarixdə onlayn kargüzarlıq vasitəsi ilə cavabdehin Vergilər nazirliyində qeydiyyatda olan şəxsi kabinetinə göndərilmiş pretenziya məktubu ilə müraciət edilmiş, lakin borcun ödənilməsi ilə bağlı hər hansı bir tədbir görülməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 20.07.2019-cu il tarixdə 0008 nömrəli Alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya malları (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. Müqavilənin 2.1-ci bəndinə əsasən Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. Müqavilənin 5.1-ci bəndinə əsasən “Alıcı” sifariş olunan malın dəyərinin 0% həcmində ilkin ödənişi sifariş təsdiq edildikdən və Satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 10 (on) iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. Müqavilənin 5.2-ci bəndinə əsasən Mal “Alıcı”ya tam təhvil verildikdən sonra “Alıcı" 10 (on) iş günü ərzində Malın dəyərinin 100 % həcmində ödəniş etməlidir. - 22.06.2020-ci il tarixli, EBAL seriyalı, 296377 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 14887 manat təşkil edir. - "xxxx" ASC tərəfindən verilmiş 24.12.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 9 saylı Vəkil Bürosunun AZ80İBAZ******************** nömrəli hesabına 250 manat məbləğində ödəniş edilmişdir. - 30.07.2019-cu il tarixli, ******* nömrəli Qaimə-faktura adlı sənəddən görünür ki, satıcı - "xxxx" MMC tərəfindən ümumilikdə qiyməti 19797 manat təşkil edən 8 adda malları alıcı - Cavabdeh MMC-yə təhvil vermiş, alıcı da öz növbəsində malları təhvil almışdır. - 22.08.2019-cu il tarixli, ******* nömrəli Qaimə-faktura adlı sənəddən görünür ki, satıcı - "xxxx" MMC tərəfindən ümumilikdə qiyməti 100 manat təşkil edən 1 adda malı alıcı - Cavabdeh MMC-yə təhvil vermiş, alıcı da öz növbəsində malı təhvil almışdır. - 07.10.2019-cu il tarixli, ******* nömrəli Qaimə-faktura adlı sənəddən görünür ki, satıcı - "xxxx" MMC tərəfindən ümumilikdə qiyməti 550 manat təşkil edən 1 adda malı alıcı - Cavabdeh MMC-yə təhvil vermiş, alıcı da öz növbəsində malı təhvil almışdır. - 07.11.2019-cu il tarixli, ********* nömrəli Qaimə-faktura adlı sənəddən görünür ki, satıcı - "xxxx" MMC tərəfindən ümumilikdə qiyməti 348 manat təşkil edən 2 adda malı alıcı - Cavabdeh MMC-yə təhvil vermiş, alıcı da öz növbəsində malları təhvil almışdır. - "xxxx" MMC tərəfindən 07.01.2022-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək 3 (üç) gün müddətində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəmə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya 14387 manat borcu yaranmışdır. Həmin borcun mövcudluğu iş materiallarına əlavə edilmiş elektron qaimə və qaimə-fakturalarla təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 14387 (on dörd min üç yüz səksən yeddi) manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı vəkilə ödənilmiş 250 (iki yüz əlli) manat məbləğin və 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, 200 (iki yüz) manat mediasiya və 250 (iki yüz əlli) manat hüquqi yardım xərcləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 14387 (on dörd min üç yüz səksən yeddi) manat məbləğində borc, 200 (iki yüz) manat mediasiya və 250 (iki yüz əlli) manat hüquqi yardım xərcləri olmaqla, cəmi 14837 (on dörd min səkkiz yüz otuz yeddi) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar