Məhkəmə qərarları › İş №e-2-2(113)-9240/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9240/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9240/2025 15.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh MMC-yə qarşı “alğı-satqı müqaviləsi üzrə borcun və gecikmə faizinin tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi) Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədov Fərid Elçin oğlunun katibliyi, cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh MMC və qeyrilərinə qarşı “alğı-satqı müqaviləsi üzrə borcun və gecikmə faizinin tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2025-ci il tarixli alğı-satqı müqaviləsi və ona əlavə edilmiş “Qiymətlərin razılaşdırılması protokolu” üzrə təhvil verilmiş malların dəyəri olan 24 367 (iyirmi dörd min üç yüz altmış yeddi) manat əsas borcun tutulması, cavabdehdən AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən xx.xx.2025–xx.xx.2025 dövrü üçün hesablanmış 307,09 (üç yüz yeddi manat 09 qəpik) məbləğində gecikmə faizinin tutulması, iddiaçı tərəfindən ödənilmiş 164,02 (bir yüz altmış dörd manat 02 qəpik) məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, habelə məhkəmə xərcləri və digər prosesual xərclərin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01 avqust 2025-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı predmeti üzrə kommersiya müqaviləsi bağlanmışdır. Həmin gün tərəflər tərəfindən imzalanmış “Qiymətlərin razılaşdırılması protokolu” (Əlavə №1) ilə cavabdehə təhvil veriləcək malların dəqiq siyahısı, miqdarı və dəyəri müəyyən edilmişdir. Protokola əsasən iddiaçı cavabdehə 3 (üç) ədəd “RANCİLİO CLASSE S 5 2GR 230–400V GRİGİO” markalı aparat və 1 (bir) ədəd “GRİNDER FİOR. F64 EVO PRO BLACK SCHUCO (DARK)” avadanlığını təhvil verməli, cavabdeh isə bu malların dəyərini tam həcmdə ödəməli idi. Malların ümumi dəyəri ƏDV xaric 20 650 (iyirmi min altı yüz əli) manat, 18% ƏDV ilə birlikdə 24 367 (iyirmi dörd min üç yüz altmış yeddi) manat təşkil etmişdir. Bu sənədlərin eyni tarixdə və eyni tərəflər tərəfindən imzalanması göstərir ki, alqı-satqının şərtləri tərəflər arasında əvvəlcədən razılaşdırılmış və rəsmiləşdirilmişdir. Müqavilə və protokolda nəzərdə tutulmuş öhdəliklərini icra edən iddiaçı 04 avqust 2025-ci il tarixdə faktiki təhvil-təslimi Satış qaiməsi №15566 ilə rəsmiləşdirmişdir. Sözügedən qaimədə məhz xx.xx.2025-ci il tarixli qiymət protokolunda göstərilmiş 4 (dörd) malın 3 (üç) ədəd “RANCİLİO CLASSE S 5 2GR 230–400V GRİGİO” markalı aparat və 1 (bir) ədəd “GRİNDER FİOR. F64 EVO PRO BLACK SCHUCO (DARK)” avadanlığını – hər biri ayrıca adı, say vahidi və qiyməti göstərilməklə yazılmışdır. Qaimə cavabdeh tərəfin nümayəndəsi tərəfindən də imzalanmışdır ki, bu da malların cavabdeh tərəfindən qəbul edildiyini və təhvil-təslim faktının təkcə iddiaçının iradəsi ilə deyil, hər iki tərəfin iradəsi ilə təsdiqləndiyini göstərir. Eyni əməliyyat üzrə 04 avqust 2025-ci il tarixdə tərtib olunmuş elektron vergi qaimə-faktura MT 2508 seriyalı 10209573 nömrəli qaimə üzrə də eyni mallar, eyni dəyər və eyni məbləğ göstərilmişdir. Beləliklə, xx.xx.2025 tarixi üçün həm kommersiya (satış qaiməsi), həm də vergi (elektron qaimə) sənədləri mövcuddur və biri digərini təsdiqləyir. İddiaçının malları müqavilə üzrə və protokol üzrə tam həcmdə təqdim etməsinə baxmayaraq, cavabdeh müqavilədə nəzərdə tutulmuş məbləği ödəməmişdir. Bu səbəbdən iddiaçı 04 sentyabr 2025-ci il tarixdə cavabdehə rəsmi pretenziya məktubu göndərmiş, məktubda xx.xx.2025-ci il tarixli müqavilə, həmin müqaviləyə əlavə qiymət protokolu, xx.xx.2025-ci il tarixli satış qaiməsi və xx.xx.2025-ci il tarixli vergi qaiməsi göstərilməklə cavabdehdən 24 367 (iyirmi dörd min üç yüz altmış yeddi) manat məbləğində yaranmış borcun 3 bank günü müddətində ödənilməsi tələb olunmuşdur. Pretenziya məktubunda həmçinin göstərilmişdir ki, mallar tam həcmdə təhvil verilib, cavabdeh tərəfindən imzalanmış satış qaiməsi ilə qəbul edilib, lakin ödəniş yerinə yetirilməyib. Cavabdeh bu pretenziyaya təqdim edildiyi tarixə yaxın bir müddətdə nə malların növü və sayı barədə, nə də tələb edilən məbləğin əsaslılığı barədə hər hansı yazılı etiraz irəli sürməmişdir. Sonradan, 28 oktyabr 2025-ci il tarixli elektron məktubla cavabdeh müəssisənin direktoru iddiaçıya müraciət edərək xx.xx.2025-ci il tarixli müqavilə üzrə tərtib edilmiş satış qaiməsinin ona təqdim edildiyini, qaimədə 3 ədəd kofe aparatının göstərildiyini açıq şəkildə etiraf etmişdir. Bu məktubun məzmunundan görünür ki, cavabdeh nə satış qaiməsinin mövcudluğunu, nə də qaimənin məhz bu müqavilə üzrə tərtib edildiyini inkar etmir; əksinə, qaimə ilə tanış olduğunu, qaimədə hansı malların yazıldığını bildiyini qeyd edir. Məktubda cavabdeh yalnız “mallardan 1 ədədinin faktiki qəbul olunduğunu” yazmaqla təhvil almanın həcmini azaltmağa yönəlmiş izah verir. Lakin bu izah qaimənin imzalanması ilə artıq rəsmiləşmiş təhvil-təslim faktını, ümumi məbləğin (24 367 manat) müəyyən edilməsini və cavabdehin qaiməni aldığı və tanıdığı faktını aradan qaldırmır. Əksinə, məktubda cavabdeh satış qaiməsini istinad edilən sənəd kimi qəbul etdiyi üçün bu yazışma cavabdehin borcu, təhvil-təslimi və qaiməni tam şəkildə etiraf etməsi kimi qiymətləndirilməlidir. Həmin xx.xx.2025-ci il tarixli məktubda cavabdeh yalnız aparatların “1 ədədinin” faktiki qəbul edildiyini qeyd etmiş, lakin satış qaiməsində ayrıca göstərilmiş digər mal mövqeyi – “GRİNDER FİOR. F64 EVO PRO BLACK SCHUCO (DARK)”– barəsində ümumiyyətlə heç bir etiraz və ya izahat verməmişdir. Kommersiya yazışmalarında alıcı yalnız etiraz etdiyi malın adını çəkir; bir mal barədə izah verib digərlərini sükutla keçirsə, bu, həmin digər mallar üzrə etirazının olmadığını göstərir. Bu halda cavabdeh qaimənin əsasını – yəni xx.xx.2025-ci il tarixli müqavilə üzrə 4 malın təqdim edilməsi faktını – qəbul etmiş, sadəcə sonradan fiziki qəbulun həcmini azaltmağa çalışmışdır. Başqa sözlə, cavabdehin susqunluğu təkcə “GRİNDER FİOR. F64 EVO PRO BLACK SCHUCO (DARK)” üzrə deyil, qaimədə göstərilmiş bütün malların ona sənədli şəkildə təqdim edildiyi və bu əməliyyat haqqında məlumatlı olduğu faktını bir daha təsdiqləyir. Çünki əgər qaimədə yazılmış malların yalnız 1-i təqdim olunsaydı, cavabdeh xx.xx.2025-ci il tarixli məktubunda qaimənin qalan mövqelərini də ayrıca inkar edərdi. Onun bunu etməməsi qaimənin bütöv sənəd kimi qəbul edildiyini göstərir. Bu sənədlərin – xx.xx.2025-ci il tarixli müqavilənin, həmin tarixli qiymət protokolunun, xx.xx.2025-ci il tarixli imzalanmış satış qaiməsinin, xx.xx.2025-ci il tarixli vergi qaiməsinin, xx.xx.2025-ci il tarixli rəsmi pretensiya məktubunun və nəhayət xx.xx.2025-ci il tarixli alıcı məktubunun – hamısının məzmunu bir-birini tamamlayır və eyni faktı göstərir: müqavilə üzrə nəzərdə tutulmuş bütün mallar Satıcı tərəfindən təqdim və sənədlərlə rəsmiləşdirilmiş, satış qaiməsi cavabdeh tərəfindən təsdiqlənmiş, cavabdeh bu əməliyyatdan xəbərdar olduğunu yazılı şəkildə etiraf etmiş, lakin malların dəyəri – 24 367 manat – bu günədək ödənilməmişdir. Cavabdehin sonradan yazdığı “yalnız 1 ədəd faktiki qəbul olunub” məzmunlu izah iddiaçının təqdim etdiyi müqavilə, əlavə, qaimələr və pretensiya ilə formalaşmış vahid sübut zəncirini pozmaq gücündə deyil, çünki bu izah nə qaimənin mövcudluğunu, nə məbləğin müəyyən edildiyini, nə də sənədlərin ona təqdim olunduğunu inkar edir. Əksinə, cavabdehin xx.xx.2025-ci il tarixli məktubu iddiaçının mövqeyini gücləndirir, çünki cavabdeh həmin məktubda borcun təməlini təşkil edən satış qaiməsinin onun tərəfindən təsdiqləndiyini tam şəkildə etiraf etmişdir. Bildiririk ki, Müqavilənin giriş və 1-ci bölməsinə (predmet barədə müddəalara) əsasən tərəflər arasında xx.xx.2025-ci il tarixli alqı-satqı münasibəti yaranmış, Satıcıya – malları təhvil vermək, Alıcıya – malların dəyərini ödəmək öhdəliyi qoyulmuşdur. Müqavilənin “əlavələr müqavilənin ayrılmaz hissəsidir” barədə müddəasına əsasən xx.xx.2025-ci il tarixli “Qiymətlərin razılaşdırılması protokolu” həmin müqavilənin tərkib hissəsi sayılır və orada göstərilmiş 3 ədəd “RANCİLİO CLASSE S 5 …” və 1 ədəd “GRİNDER FİOR F64 EVO PRO …” avadanlıqları üzrə öhdəliklər tərəflər üçün məcburidir. Müqavilənin təhvil-təslim qaydasını müəyyən edən bəndinə əsasən malların Alıcıya təhvil verilməsi Satıcı tərəfindən tərtib edilən və Alıcı tərəfindən imzalanan sənədlə (satış qaiməsi / təhvil-təslim sənədi) rəsmiləşdirilir. xx.xx.2025-ci il tarixli satış qaiməsi bu tələbin icra olunduğunu göstərir. Müqavilənin ödəniş şərtlərini müəyyən edən bəndinə və Əlavə №1-dəki “100% əvvəlcədən ödəniş / təqdim olunan hesab faktura əsasında ödəniş” bəndinə əsasən Alıcı malların dəyərini müqavilədə göstərilmiş qaydada və müddətdə ödəməli idi. Müqavilənin “tərəflərin sənədləri qəbul etməsi” ilə bağlı bəndinə əsasən Alıcı tərəfindən Satıcının təqdim etdiyi satış qaiməsinin imzalanması həmin malların müqavilə üzrə qəbulunu və öhdəliyin yaranmasını təsdiq edir. Müqavilənin öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyəti nəzərdə tutan bəndinə əsasən Alıcının müqavilə ilə müəyyən edilmiş məbləği vaxtında ödəməməsi müqavilə pozuntusu hesab olunur və Satıcıya həmin məbləğin tam həcmdə tutulmasını tələb etmək hüququ verir. Müqavilənin yazılı müraciət (pretensiya) mexanizmini nəzərə alan bəndinə əsasən Satıcı ödəniş yerinə yetirilmədiyi üçün Alıcıya yazılı qaydada müraciət etmiş, Alıcının bu müraciətə etiraz təqdim etməməsi müqavilə üzrə borcun həcmi və mənbəyi ilə bağlı mübahisənin olmadığını göstərir. Müqavilənin “tərəflərin təqdim etdiyi sənədlər hüquqi qüvvəyə malikdir” məzmunlu bəndinə əsasən Satıcının təqdim etdiyi satış qaiməsi, vergi qaiməsi və sonrakı yazılı müraciətlər (pretensiya) bu müqavilə üzrə icranın sənədli sübutu hesab olunur və Alıcı tərəfindən qəbul edildiyinə görə onun üçün məcburidir. AR Mülki Məcələsinin 445.7-ci maddəsinə əsasən gecikmə faizi belə hesablanır: əsas borc 24 367 (iyirmi dörd min üç yüz altmış yeddi) manatdır, gecikmə qaimə tarixi olan xx.xx.2025dən hesab edilir və xx.xx.2025 tarixinə qədər 92 (doxsan iki) gün təşkil edir; ilik faiz

3. dərəcəsi 5% olduğundan əvvəlcə 24 367 × 0,05 = 1 218,35 manat (bir il üçün) alınır, sonra bu məbləğ gecikmə günlərinə proporsional bölünür: 1 218,35 × 92 / 365 ≈ 307,09 manat; deməli, xx.xx.2025–xx.xx.2025 dövrü üçün MM 445.7-yə əsasən tələb edilə bilən gecikmə faizi 307 (üç yüz yeddi) manat 09 qəpikdir.

4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ərizəsi verərək, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış və “Qiymətlərin razılaşdırılması protokolu" ilə cavabdehə təhvil veriləcək malların dəqiq siyahısı, miqdarı və dəyəri müəyyən edilmişdir. Protokola əsasən iddiaçı cavabdehə 3 (üç) ədəd "RANCİLİO CLASSE S5 2GR 23040OVGRİGİO" markalı aparat və 1 (bir) ədəd "GRİNDER FİOR. F64 EVO PRO BLACK SCHUCO (DARK)"avadanlığını təhvil verməli, cavabdeh isə bu malların dəyərini tam həcmdə ödəməli idi. İddiaçı 04 avqust 2025-ci il tarixdə qaimdə məhz xx.xx.2025-ii il tarixli qiymət protokolunda göstərilmiş 4 (dörd) malın – 3 (üç) ədəd "RANCİLİO CLASSE S 5 2GR 230-400V GRİGİO" markalı aparat və 1 (bir) ədəd "GRİNDER FİOR. F64 EVO PRO BLACK SCHUCO (DARK)" avadanlığını – hər biri ayrıca adı, say vahidi və qiyməti göstərilməklə yazılmışdır. Qaimə cavabdeh tərəfin nümayəndəsi tərəfindən də imzalanmışdır ki, bu da malların cavabdeh tərəfindən qəbul edildiyini və təhvil-təslim faktının təsdiqləndiyini göstərir. Eyni əməliyyat üzrə 04 avqust 2025-ci il tarixdə tərtib olunmuş elektron vergi qaimə-faktura və qaimə üzrə də eyni mallar, eyni dəyər və eyni məbləğ göstərilmişdir.Aşağıda göstərilənlərə əsasən iddia ərizəsinə etiraz edərək bildirirəm ki, Alğı-satqı müqaviləsinin Satıcının Öhdəlikləri hissəsində göstərilmişdir, Malları Alıcının ünvanına çatdıraraq, quraşdıraraq Təhvil-təslim aktı əsasında təhvil verilməsi nəzərdə tutulmuşdur (Bənd 2.1.1). Yəni iddiaçı üzərinə götürmüşdür ki, Malları çatdırandan sonra gəlib quraşdırmalı və sonda təhvil-təslim aktı tərtib edilməlidir. Lakin iddiaçı qeyd olunan malları onlara məxsus anbara qapalı yəni qablaşdırılmış şəkildə gətirərək anbardara təhvil verərək rəhbərliyin məlumatı olduğunu və sabah gəlib quraşdıracaqlarını bildirmişlər. Ertəsi gün onlarla əlaqə saxladıqda quraşdıracaq işçinin yerində olmadığı üçün hazırda vaxtlarının olmamasını bildirmişlər. Bu zaman onlar tərəfindən anbara gətirilmiş bağlamanı açdıqda orada bir ədəd "RANCİLİO CLASSE S5 2GR 230-400V GRİGİO" markalı aparat və 1 (bir) ədəd "GRİNDER FİOR. F64 EVO PRO BLACK SCHUCO (DARK)" avadanlıİığının olmasını aşkar etmişlər. Bu zaman yəni xx.xx.2025-ci il tarixli elektron qaiməyə düzəliş edilməsi üçün xx.xx.2025-ci il tarixdə yəni növbəti gün müvafiq qaimə geri qaytarılmışdır. Eyni zamanda bildirmək istəyirlər ki, "RANCİLİO CLASSE S 5 2GR 230-400V GRİGİO” kofe aparatı, "GRİNDER FİOR. F64 EVO PRO BLACK SCHUCO (DARK)" avadanlığı isə kofe üyüdən aparatdr. İddiaçı tərəfindən göndərilən elekton qaimədə görünür ki, guya 3 ədəd kofe aparatı və 1 ədəd is kofe üyüdən aparat göndərilmişdir. Belə olan halda 1 ədəd kofe üyüdən aparat necə ayrıayrı yerlərdə quraşdırılması nəzərdə tutulan kofe aparatları tərəfindən istifadə edilə bilər? Yəni bu yenə də təsdiq edir ki, iddiaçı 1 ədəd kofe aparatı və üzərində həmin kofe aparatında istifadə ediləcək kofe dənəciklərini üyütmək üçün nəzərdə tutulan bir ədəd kofe üyüdən aparat göndərmişdir. Bir daha qeyd edir ki, iddiaçı malı korabkoda göndərmiş və qaiməyə imza ediləndən sonra özü tərəfindən mütəxəssis göndərəcəyini və mütəxəssis malları quraşdırandan sonra heç bir irad olmasa təhvil-təslim aktının imzalanacağını bildirmişdir. Göründüyü kimi Satıcı üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və malların təhvil verilməsinə dair akt tərtib edilməmişdir. Sonradan məlum olmuşdur ki, iddiaçı qaimədə malın ədəd olduğunu göstərsə də, faktiki olaraq iki ədədini yəni kofe aparatı və kofe üyüdən aparatları göndərmişdir. Qeyd edir ki, alğı-satqı müqaviləsinin və “Qiymətlərin razılaşdırılması protokolu” olması malların təhvil verilməsi anlamını vermir. Hesab edir ki, belə vəziyyətdə isə iddia əsaslı sayıla bilməz.

II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə elektron kabinet vasitəsi ilə ərizə göndərərək, iştirakı olmadan işə baxılaraq, iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, eləcə də o, cavabdeh tərəfindən verilmiş etiraza münasibət bildirərək göstərmişdir ki, cavabdehin irəli sürdüyü arqumentlər mahiyyət etibarilə məhkəmə prosesində çaşqınlıq yaratmağa, sənədli sübutların hüquqi qüvvəsini zəiflətməyə və təhvil-təslim faktını şübhə altına almağa yönəlmişdir. İş materiallarında mövcud olan müqavilə və təhvil-təslim sənədləri əsasında malların cavabdeh tərəfə verilməsi rəsmiləşdirilmiş, cavabdeh tərəfin nümayəndəsi tərəfindən sənədlər imzalanmış və bununla da cavabdehin ödəniş öhdəliyi yaranmışdır. Cavabdehin sonradan “qablaşdırılmış gətirilmə”, “kəmiyyətin yerində yoxlanılmaması”, “sənədin düzəliş üçün geri qaytarılması” kimi izahları təhviltəslimin baş verməsini və imza ilə rəsmiləşdirilmiş qəbul faktını aradan qaldırmır. Həmçinin, cavabdeh uzun müddət ərzində güya maklların ona tam çatdlrlkmamaslna dair heç bir nə şifahi, nə də ki, yazılı şəkildə iddiaçıya hər hansı bir müraciət etməmiş, heç iddiaçı pretenziya ilə ona müraciət edərkən pretenziyaya yazılı cavab verməmişdir Quraşdırma xidmətinə dair iradlar da iddianın predmetini təşkil edən əsas öhdəliyi - malın təhvil verilməsi və onun dəyərinin ödənilməsi öhdəliyini - ləğv etmir. Mallar təhvil verildiyi və bu hal sənədlərlə təsdiq edildiyi üçün cavabdehin ödəniş etməməsi əsassızdır. Borcun tutulması tələbi qanuni öhdəliyin icrasının təmin edilməsinə yönəlib və hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilməz; əksinə, öhdəliyin icrasından yayınma cavabdeh tərəfin davranışında özünü göstərir.

7. Məhkəmə iclasında işrtirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 təqdim etdiyi yazılı etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı MMC (“Satıcı”) və Cavabdeh MMC (“Alıcı”) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, CİB/AS/xx/xx/2025 saylı alğı-satqı müqaviləsinə əsasən, “Satıcı” qanuni əsaslarla özünün mülkiyyətində olan və markası, modeli, dəyəri, texniki vəziyyəti və digər göstəriciləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələri ilə müəyyən edilmiş Kofe aparatlarını (bundan sonra “Mallar” adlanacaq) “Alıcı”ya satmağı, “Alıcı” isə həmin Malları qəbul edib onun dəyərini hazırki müqavilədə qeyd olunan şərtlərlə “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Malları yalnız “Alıcı” tərəfindən onun dəyəri tam həcmdə ödənildikdən sonra onun mülkiyyətinə keçir.

10. Müqavilənin 3.1-ci bəndinə görə, bu Müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərinin lazımı şəkildə yerinə yetirilməməsinə görə Tərəflər mövcud qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.

11. Müqavilənin 4.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə təchiz edilən Malların dəyəri Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavələri ilə müəyyən olunur.

12. Müqavilənin 10.2-ci bəndinə əsasən, ödəniş tam şəkildə icra olunduqdan 3 iş günü ərzində X2 mülkiyyətinə təqdim etməyi öz öhdəsinə götürür.

13. Alğı-satqı Müqaviləsinə əlavədən (X1) görünür ki, tərəflər Alğı-Satqı Müqaviləsi üzrə avadanlığın alınması barədə razılaşmışlar.

14. Həmin protokola əsasən tərəflər malların çatdırılma yeri və müddəti ilə bağlı razılaşdırılmışdır ki, Mallar Satıcı tərəfindən Alıcıya məxsus olan əraziyə çatdırılaraq Alıcıya təhvil veriləcəkdir. Mallar dəyəri tam olaraq ödənildikdən sonra 3 iş günü ərzində çatdırılacaqdır.

15. Malların dəyəri, ƏDV və ödəniş şərtləri hissəsində göstərilmişdir ki, Malların ümumi dəyəri aşağıdakı cədvələ əsasən hesablanacaq. Alıcı tərəfindən ödəniş 100% əvvəlcədən Satıcı tərəfindən təqdim edilən hesab-fakturaya əsasən ödəniləcək. Alıcı hesab-fakturanı aldıqda ödənişi hesab fakturanı aldığı tarixdən 10 (on) təqvim günü ərzində həyata keçirir.

Sıra Ölçü Qiymət AZN CƏMİ Təsvir (Mallar) Sayı №-si vahidi (ƏDV xaric) (ƏDVxaric) RANCİLİO CLASSE 5 S 2GR 230-400V GRİGİO sn:

1. 104503 82 Ədəd 3 6 200.00 18 600.00

2. 104 5 03 81

3. 1048503 GRİNDER FİOR. F64 EVO PRO BLACK SCHUCO Ədəd 1 2050.00 2050.00 (DARK) sn: 800775 CƏMİ (ƏDV xaric): 20 650.00

16. İddiaçı və cavabdehin əməkdaşlarının elektron poçt yazışmalarından çıxarışlardan görünür ki, tərəflər arasında kofe aparatlarının alğı-satqısı ilə bağlı danışıqlar və müzakirələr aparılmış, xx.xx.2025-ci il tarixdə müqavilə imzalanıb təsdiqlənməsi üçün cavabdehə göndərilmiş və cavabdeh tərəfindən müqavilənin “scan” surəti təqdim edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən e-qaimənin təsdiq olunması xahiş edilmiş, cavabdeh tərəfindən isə e-qaimənin təhvil-təslimdən sonra təsdiq ediləcəyi bildirilmişdir.

17. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdehə göndərilmiş elektron poçt mətnindən görünür ki, “...Bildiyiniz kimi, 01 avqust 2025-ci il tarixində tərəflər arasında Alqı-Satqı Müqaviləsi № CiB/AS/xx/xx/2025 (bundan sonra - Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən, Satıcı qismində çıxış edən İddiaçı MMC müəyyən edilmiş malları Alıcıya təhvil verməyi, Alıcı qismində çıxış edən Cavabdeh MMC isə həmin malları qəbul edib dəyərini qaydalara uyğun, tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Satıcı öz öhdəliklərini vaxtında və tam şəkildə icra edərək malları Müqavilə şərtlərinə uyğun şəkildə təhvil vermişdir. Malların təhvili və qəbul edilməsi Satış qaiməsi №15566 (xx.xx.2025) və Elektron qaimə-faktura №0000729 (xx.xx.2025) ilə rəsmiləşdirilmişdir. undan əlavə, Cavabdeh MMC-nin nümayəndəsi satış qaiməsinə imza ataraq, malların təhvil alınmasını təsdiqləmişdir. Lakin, tərəfinizdən xx.xx.2025-ci il tarixində həmin qaimə səbəbi göstərilmədən düzəlişə göndərilmişdir. Düzəlişin səbəbi barədə məlumat təqdim edilmədiyi üçün, qeyd olunan Müqavilə üzrə qaimə yenidən təsdiq edilməsi və qaimə üzrə ödəniş olunması üçün Sizə göndərilir. xx.xx.2025-ci il tarixdə şirkətimiz tərəfindən sizə elektron poçt vasitəsilə müraciət edilərək, qeyd olunan elektron qaimənin təsdiqi xahiş olunmuşdur. Buna cavab olaraq tərəfinizdən, malların təhvil-təslim aktı imzalandıqdan sonra elektron qaimənin təsdiq ediləcəyi bildirilmişdir. Lakin, elə həmin tarixdə mallar sizə təhviltəslim aktı ilə təqdim edilməsinə baxmayaraq, növbəti gün - xx.xx.2025-ci il tarixdə elektron qaimə səbəb göstərilmədən düzəlişə göndərilmişdir. Düzəlişin mahiyyəti barədə məlumat təqdim edilmədiyindən, sözügedən qaimə sizə yenidən göndərilmişdir. Xahiş edirik qaiməni təsdiqləyəsiniz, müvafiq ödənişi həyata keçirəsiniz və vergi uçotu və hesabatlılığı ilə bağlı tələblərə ciddi şəkildə riayət edəsiniz”.

18. Cavabdeh tərəf həmin poçta cavab olaraq göstərmişdir ki, “...Sizin xx.xx.2025-ci il tarixli Alqı-satqı müqaviləsinə dair elektron müraciətə cavab olaraq bildiririk ki, həqiqətəndə tərəfinizdən xx.xx.2025-ci il tarixində göndərilmiş malların təhvil-təslim və qəbul edilməsinə dair satış qaiməsində 3 ədəd kofe aparatının təqdim edilməsi göstərilsədə anbara 1 ədəd kofe aparatı təqdim edilmişdir. Aramızda olan şifahi danışığa əsasən xx.xx.2025-ci il tarixdə yuxarıda qeyd edilən elektron qaimədə 1 ədəd kofe aparatı yazılmasına dair müvafiq düzəlişin edilməsi üçün sizə göndərilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq xx.xx.2025-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən digər 2 kofe aparatlarınında təhvil verilməsinə dair müvafiq göstəriş verməyinizi xahiş edirik...”.

19. İddiaçı və cavabdeh tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli 15566 saylı satış qaiməsindən görünür ki, hər birinin dəyəri 6200 manat təşkil edən 3 ədəd RANCİLİO CLASSE 5 S 2GR 230-400V GRİGİO və dəyəri 2050 manat təşkil edən 1 ədəd GRİNDER FİOR. F64 EVO PRO BLACK SCHUCO (DARK) aparatların təhvil-təslimi həyata keçirilmişdir. Həmin malların cəmi dəyəri 20650 manat təşkil etmiş və həmin məbləğə 3717 manat ƏDV hesablanmışdır.

20. Eyni tarixli elektron qaimə-fakturadan görünür ki, ümumi dəyəri ƏDV daxil 24367 manat təşkil edən kofe aparatlarına dair tərtib edilmiş elektron qaimə-faktura alıcı və satıcı tərəfindən fiziki olaraq imzalanmışdır.

21. Məhkəmə cavabdehin nümayəndəsi (vəkil) izahatlını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır.

22. Belə ki, işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixli, CİB/AS/xx/xx/2025 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədə 3 ədəd RANCİLİO CLASSE 5 S 2GR 230-400V GRİGİO və 1 ədəd GRİNDER FİOR. F64 EVO PRO BLACK SCHUCO (DARK) aparatların alsatqısı barədə tərəflər arasında razılıq əldə edilmişdir. Malların ümumi dəyəri ƏDV daxil 24367 manat razılaşdırılmışdır. Tərəflər həmçinin razılaşmışlar ki, mallar dəyəri tam olaraq ödənildikdən sonra 3 iş günü ərzində çatdırılacaq və alıcının mülkiyyətinə veriləcəkdir.

23. İddiaçının nümayəndəsi müqavilə mövzusu olan malların cavabdehə təhvil verildiyini, bununla belə cavabdehin ödəniş etmədiyini göstərməklə hazırkı iddia tələbini irəli sürmüş, malların təhvil verilməsini həmin tarixdə imzalanmış satış qaiməsi və elektron qaimə-faktura ilə əsaslandırmışdır.

24. Cavabdehin nümayəndəsi satış qaiməsinin və elektron qaimə-fakturanın imzalanmış olduğunu mübahisələndirməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə malların dəyərinin iddiaçıya ödənilmədiyi də mübahisə mövzusu deyildir. Cavabdehin nümayəndəsi bunu (ödənişin edilməməsini) onunla əsaslandırmışdır ki, 1. mallar natamam təhvil verilmişdir. Belə ki, mallar paketlənmiş halda təhvil-təslim edilmişdir. Sonradan paket açıldıqda isə 2 ədəd kofe aparatının çatışmadığını müəyyən etmişlər. 2. İddiaçı təhvillə yanaşı, həmçinin həmin aparatları quraşdırmalı idi, lakin o, bunu etməmişdir.

25. Göründüyü kimi, cavabdehin nümayəndəsi malların təhvil verildiyi qismən (1 ədəd RANCİLİO CLASSE 5 S 2GR 230-400V GRİGİO və 1 ədəd GRİNDER FİOR. F64 EVO PRO BLACK CHUCO (DARK) aparatlarına münasibətdə) etiraf etmişdir. 2 ədəd RANCİLİO CLASSE 5 S 2GR 230-400V GRİGİO aparatına münasibətdə isə onun iddia tələbinə etirazı ondan ibarətdir ki, təhvil-təslimdən sonra paket açıldıqda həmin aparatların çatışmadığını müəyyən etmişlər.

26. Bununla belə, cavabdeh (nümayəndəsi) etirazının əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları (misal üçün: təhvil-təslimə dair və paketlərin açılmasını əks etdirən video görüntüləri) məhkəməyə təqdim edə bilməmişdir.

27. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

28. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

29. Məhkəmə cavabdehin nümayəndəsinin “aparatların quraşdırmaması” arqumentini də əsassız hesab edir; belə ki, əvvəla cavabdehin nümayəndəsi aparatların quraşdırılmadığı halda, hansı səbəbdən satış qaiməsində təhvil-təslimlə bağlı imza edilməsinin ağlabatan izahını verə bilməmişdir. Digər tərəfdən, əgər aparatlar quraşdırılmamış idisə, ötən uzun müddət ərzində cavabdeh hansı səbəbdən iddiaçıya bununla bağlı tələb irəli sürməmişdir. Məntiqli deyildir ki, iddiaçı malları natamam versin, o cümlədən quraşdırmanı həyata keçirməsin, cavabdeh isə buna baxmayaraq ona rəsmi müraciətlər etməsin.

30. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “əsas borcun tutulması” hissəsində iddia əsaslıdır. Əsas borcun məbləğinə gəldikdə isə, tərəflər arasındakı müqavilədən göründüyü kimi, malların dəyəri 20650 manat təşkil etmiş və həmin məbləğə 3717 manat ƏDV hesablanmışdır.

31. Nəzərə alınmalıdır ki, Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1, 324.2 və 324.4-cü maddələri).

32. Mülki Məcəllənin 14.2.1-ci və 386.1-ci maddələrinə əsasən müqavilə, öhdəliyin meydana gəlməsi əsaslarının ən başlıcası olaraq müəyyən edilmişdir. Müqavilədən irəli gələn öhdəliyin tərəfləri kreditor və borclu olur. Tərəflərdən biri digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (MM maddə 387.2).

33. Mülki Məcəllənin 567-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Bu baxımdan məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli alğı-satqı müqaviləsi və ona əlavə edilmiş “Qiymətlərin razılaşdırılması protokolu” üzrə malların dəyəri olan 20 650 (iyirmi min altı yüz əlli) manat və hesablanmış 3717 manat ƏDV borcu Cavabdeh MMC-dən tutulub İddiaçı MMC-yə ödənilməlidir.

35. Məhkəmə iddia tələbinin “cavabdehdən AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən xx.xx.2025–xx.xx.2025 dövrü üçün hesablanmış 307,09 (üç yüz yeddi manat 09 qəpik) məbləğində gecikmə faizinin tutulması” ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

37. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

38. Yuxarıda qeyd olunan dispozisiya şərtlərinə əsasən, hazırkı iddia tələbinin qanuni əsasının şərtləri öhdəliyin icra vaxtının çatması, borclunun icranı gecikdirməsi və borclunun bunda təqsirli olmasıdır ki, işin faktiki halları da cavabdeh tərəfindən iddiaçının əmlakının sökülməsinə baxmayaraq ona cavabdeh tərəfindən müvafiq kompensasiyanın ödənilmədiyini, iddiaçının iddiası əsasında çıxarılan məhkəmə qərarının icrasının isə gecikdirilməsini təsdiq edir. Belə ki, gecikmə dedikdə razılaşdırılmış vaxtda, yaxud xəbərdarlıq olunmasına baxmayaraq, ondan sonra öhdəliliyin borclu tərəfindən icra edilməməsi başa düşülür.

39. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında xx.xx.2025-ci tarixdə təhvil-təslim sənədi imzalanmış, o cümlədən həmin tarixdə elektron qaimə-faktura tərtib edilmiş və fiziki olaraq imzalanmışdır. X1 görünür ki, Alıcı hesabfakturanı aldıqda ödənişi hesab fakturanı aldığı tarixdən 10 (on) təqvim günü ərzində həyata keçirir. Cavabdeh tərəfindən ötən müddətdə müvafiq ödəniş həyata keçirilməyərək, əksinə gecikdirilmişdir.

40. Beləliklə, işin müəyyən edilmiş halları ilə vaxtı çatmış öhdəliyin gecikməsində cavabdehin təqsirinin olduğu aydın olur.

41. Bu mənada məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

42. Beləliklə, məhkəmə Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək hesab edir ki, cavabdehdən gecikdirilmiş vaxt üçün beş faiz pul aşağıdakı qaydada tutulmalıdır.

43. İddiaçı xx.xx.2025–xx.xx.2025 dövrü üçün gecikmə faizi hesablanmalı olduğunu göstərsə də, məhkəmə yuxarıda şərh edilənlərə əsasən gecikmənin xx.xx.2025-ci il tarixdən başladığı qənaətinə gəlir. Beləliklə, gecikmə 82 (səkkən iki) gün təşkil edir. Digər tərəfdən alğı-satqı müqaviləsində malların dəyərinin 20 650 manat olduğu göstərilmişdir. Buna əsasən, gecikmə faizinin məbləği 232,06 manat təşkil edir (20 650 × 0,05 = 1.032,5; 1.032,5/ 365 ≈ 2.83 manat; 2,83 x 82 ≈ 232,06 manat).

44. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş pul məbləğinə görə 232,06 manat tutulmalı, iddianın həmin hissəsi qalan hissədə təmin edilməməlidir.

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Həmin Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 163,80 manatı Cavabdeh MMC-dən tutulub İddiaçı MMC-yə ödənilməlidir. V. Nəticə:

49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli alğı-satqı müqaviləsi və ona əlavə edilmiş “Qiymətlərin razılaşdırılması protokolu” üzrə malların dəyəri olan 20 650 (iyirmi min altı yüz əlli) manat və hesablanmış 3717 manat ƏDV borcu, borcun gecikdirildiyi 82 gün üçün hesablanmış 232,06 manat faiz məbləği və ödənilmiş 163,80 manat dövlət rüsumu olmaqla, ümumilikdə 24762,86 (iyirmi dörd min yeddi yüz altmış iki manat 86 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutulub İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar