Məhkəmə qərarları › İş №e-2-2(113)-927/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-927/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-927/2025 04.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilməməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən əsas borca görə 11307,24 manat (on bir min üç yüz yeddi manat iyirmi dörd qəpik), ödənilmiş dövlət rüsumlarına görə 140 (bir yüz qırx) manat və hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar 320 (üç yüz iyirmi) manat olmaqla, ümumilikdə 11767 manat (on bir min yeddi yüz altmış yeddi manat iyirmi dörd qəpik) məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında Zəngilan rayonu, Cahangirbəyli kəndi, yaşayış məntəqəsi, tikinti sahəsində torpağın qazılması və 300 metr kənara daşınması işlərinin görülməsi ilə əlaqədar 16 may 2024-cü il tarixli LQ- 04/24 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə icraçı işlərin 1 kub metrinin qiyməti 5 (beş) manat olmaqla, yerinə yetirməyi üzərinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə görə Cavabdeh, yəni sifarişçi razılaşdırılmış muzdlu ödənişi ödəməyi üzərinə götürmüşdür. Qeyd edilmişdir ki, iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklər icra edilmiş və bununla əlaqədar Cavabdeh direktoru Qanuni nümayəndələ aralarında müvafiq akt da bağlanmışdır. Həmin akta görə də iddiaçı tərəfindən 11307,24 manat (on bir min üç yüz yeddi manat iyirmi dörd qəpik) həcmində işlərin görüldüyü öz təsdiqini tapmışdır. Lakin əfsuslar olsun ki, dəfələrlə cavabdehdən pulun ödənilməsi xahiş edilsə də, heç bir nəticəsi olmamışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 386.1, 386.2, 386.3, 386.4-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı ilə sifarişçi qismində Cavabdeh arasında xx.xx.2024-cü il, LQ-04/24 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən müqaviləyə görə icraçı Zəngilan rayonu, Cahangirbəyli kəndi yaşayış məntəqəsi tikinti sahəsində torpağın qazılması və 300 metr kənara daşınması işlərini 1 m/3-n qiyməti 5 manat olmaqla, öz üzərinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən müqaviləyə əsasən icraçı nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə icraçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişin yerinə yetirilməsi üçün bütün lazımi texnikanın, avadanlıqların və yanacağın təchizatı icraçının üzərinə düşür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən icraçı sifarişi qüsursuz və üçüncü şəxslərin iddialarını yaratmadan yerinə yetirməlidir. Həmin müqavilənin 2.3-ci maddəsinə əsasən “İcraçı” sifarişi müqavilə imzalandığı gündən üç gün sonra icra etməyə başlamalı və 30 sentyabr 2024-cü ilədək tamamlamalıdır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən 1 m/3 torpağın qazılması və 1 km-dən 3 km-ədək kənara daşınmasının qiyməti 5 manata razılaşdırılmışdır. Tərəflər arasında müqavilə üzrə nəzərdə tutulmuş bütün hesablaşmalar manatla və bank vasitəsilə aparılacaqdır. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən yerinə yetirilən ümumi işin dəyəri yerinə yetirilməsini təsdiq edən forma-2 aktına əsasən sifarişçi tərəfindən icraçının bank hesabına 15 bank günü ərzində ödəniləcəkdir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən icraçı sifarişi müqavilənin 2.3-cü maddəsində göstərilən müddətlər ərzində yerinə yetirə bilmədikdə, hər keçirilmiş gün üçün müqavilənin ümumi məbləğinin 0,5%-i həcmində cərimə ödəməlidir. Həmin müqavilənin 8.2-ci maddəsinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir.

8. İşlərin və xidmətlərin göstərilməsi barədə aktdan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı tərəfindən icra edilmiş işlərin ümumi dəyəri 11307,24 manat təşkil edir. Akt tərəflərin imzası, cavabdehin möhürü ilə təsdiqlənmişdir.

9. İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 11767 manat borcun 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

12. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2024-cü il, LQ-04/24 nömrəli müqavilə bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən icraçı Zəngilan rayonu, Cahangirbəyli kəndi yaşayış məntəqəsi tikinti sahəsində torpağın qazılması və kənara daşınması işlərini yerinə yetirməyi, sifarişçi isə icraçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır.

13. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2024-cü il, LQ-04/24 nömrəli müqavilə üzrə 11307,24 manat məbləğində borcun tutulması təşkil edir.

14. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının razılaşdırılmış muzdun ödəmənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını, cavabdehin də həmin məbləği ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən 11307,24 manat (on bir min üç yüz yeddi manat iyirmi dörd qəpik) borc tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, tərəflərin təsdiq etdiyi „İşlərin və xidmətlərin göstərilməsi barədə” aktdan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı tərəfindən icra edilmiş işlərin ümumi dəyəri 11307,24 manat təşkil etmişdir.

15. Eləcə də, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140 manat və hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar 320 manatın cavabdehdən tutulmasını xahiş etmişdir.

16. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123,92 manat (yüz iyirmi üç manat doxsan iki qəpik) və 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödənilməli dövlət rüsumunun əvəzi olaraq hesablanmış məbləğ 123,92 manat təşkil edir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 11307,24 manat (on bir min üç yüz yeddi manat iyirmi dörd qəpik) borc, 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumuna görə 123,92 manat (yüz iyirmi üç manat doxsan iki qəpik) olmaqla, cəmi 11751,16 manat (on bir min yeddi yüz əlli bir manat on altı qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar