Məhkəmə qərarları › İş №e-2-2(113)-9285/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9285/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9285/2024 18.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı “müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə bağlanmış 31 yanvar 2023-cü il tarixli “Razılaşma sazişi”nə əsasən “X1 Nakliyyat Petrol, Petrol Ürünleri, Yedek Parça, Gübre, Telekomünikasyon İthalat ve İhracat LTD” Şirkətinəyüklərin daşınmasına görə ödənilməli olan 314.000 ABŞ dolları (rəsmi məzənnə ilə 533.800 (beş yüz otuz üç min səkkiz yüz) manat) məbləğində pulun, bu məbləğdən qətnamənin çıxarıldığı gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsinə uyğun illik faizlərin və ödənilmiş 830 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətlərindən tutularaq “X1 Nakliyyat Petrol, Petrol Ürünleri, Yedek Parça, Gübre, Telekomünikasyon İthalat ve İhracat LTD” Şirkətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsini nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsini imzalayan şəxsin səlahiyyətli olub-olmaması ilə bağlı məhkəmə aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir. İşdən göründüyü kimi iddiaçı xarici elementli hüquqi şəxs və iddia ərizəsini imzalamış Nümayəndə iddiaçının adından iddia ərizəsinə imza etmək və məhkəmədə çıxış etmək səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə) qanunla müəyyən edilmiş qaydada təsdiq edilməmişdir. İşdə olan Azərbaycan dilində tərtib edilmiş etibarnamənin surətindən görünür ki, iddiaçı X1 Nakliyat, Petrol, Petrol Ürünleri, Yedek Parça, Gübre, Telekomünikasyon İthalat ve İhracat LTD” Şirkəti Türkiyə Respublikası qanunvericiliyinə əsasən müvafiq qaydada qeydiyyata alınaraq təsis edilmişdir (Şirkətin hüquqi ünvanı – Türkiyə Respublikasıdır). İddia ərizəsinə əlavə edilmiş 04 mart 2024-cü il tarixli etibarnamə azərbaycan dilində tərtib edilərək İddiaçı direktoru Garip Havalı tərəfindən Nümayəndə verilmişdir. Belə ki, işdə iştirak edən xarici hüquqi şəxs onun hüquqi statusunu, sahibkarlıq və digər iqtisadi fəaliyyətini təsdiq edən sübutları kommersiya məhkəməsinə təqdim etməlidir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası 6 iyun 2000-ci il tarixli Qanununun 18-ci maddəsinə əsasən etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 442.1-ci maddəsinə əsasən xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti yaradıldığı xarici dövlətin bu şəxslərin yaradılması üçün əsas olmuş qanunu ilə müəyyən edilir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun: - 12-ci maddəsinə əsasən hüquqi şəxsin istinad etdiyi qanun hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. - 13.1-ci maddəsinə əsasən hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur. İş materiallarına əlavə edilmiş iddiaçının nümayəndəsinin səlahiyyətlərini təsdiq edən etibarnamə “05 oktyabr 1961-ci il tarixli Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya uyğun (Apostille) lazımı qaydada təsdiq edilməmişdir. Cavabdeh iddia ərizəsinin verilmə anına hüquqi şəxsin statusunu və qeydiyyatını sübut edən şirkətin inkorporasiya olunmuş yerin lazımı qaydada təsdiq edilmiş dövlətin rəsmi sənədlərini təqdim etməlidir. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən bu Konvensiyanı imzalamış dövlətlər razılığa gəliblər ki, “X2 gələn Dövlətlərdən birinin ərazisində edilmiş və Razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər. - 4.3-cü maddəsinə əsasən Şəhadətnamənin "Apostille (Convention de la Haye du 5 octobre 1961)" adlı başlığı fransız dilində göstərilməlidir. 5... Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.0.2-ci maddəsinə əsasən xarici hüquqi şəxs - Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsdir; - 6.1.3-cü maddəsinə əsasən nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxarış (qeydiyyat şəhadətnaməsi və s.). Bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır; Bundan əlavə, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 15/2023 saylı qərarının 4-cü bəndinə əsasən xarici elementli mübahisələrdə xarici ölkələrdə verilmiş rəsmi sənədlərə dair tələblər 4.1. Xarici elementli mübahisələrə baxılarkən, müvafiq xarici ölkədə verilmiş sənədlərin lazımi qaydada rəsmiləşdirilməsinə diqqət yetirilməlidir. 4.2. Beynəlxalq hüququn ümumi prinsiplərinə görə, hər hansı ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Belə rəsmiləşdirmənin iki növü mövcuddur: 1) sənədlərin apostil edilməsi; 2) konsul leqallaşdırılması. 4.3. Xarici elementli mübahisələrdə apostil edilməsi tələb olunan rəsmi sənədlərin dairəsi, Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixində tərəfdar çıxdığı “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il 5 oktyabr tarixli Haaqa Konvensiyası (bundan sonra - mətndə Konvensiya) ilə müəyyən edilmişdir. Sənədlərin apostil edilməsi həmin Konvensiyaya üzv olan dövlətlərdə verilmiş sənədi imzalamış şəxsin imzasının, habelə lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini, bu şəxsin kim qisimdə çıxış etdiyini təsdiq edir. 4.4. Konvensiyanın tələbinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən şəhadətnamənin əlavə edilməsidir. Şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. 4.5. Konvensiyanın 1-ci maddəsinin müvafiq yarımbəndlərində nəzərdə tutulan aşağıdakı sənədlərin apostil edilməsinə diqqət yetirilməlidir: - dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər üzrə məhkəmə aktları (qətnamə, qərardad, hökm və qərar), məhkəmə tapşırıqları, icra qeydi, icra vərəqəsi (“a” yarımbəndi); - inzibati sənədlər üzrə - inzibati orqanların və bələdiyyələrin sərəncamları, qərarları, inzibati orqan və bələdiyyə rəhbərlərinin əmrləri, inzibati orqanlar tərəfindən verilmiş şəhadətnamələr, lisenziyalar, icazələr, mülkiyyət, doğum, ölüm və sair faktlar haqqında şəhadətnamələr, digər hüquqmüəyyənedici sənədlər (“b” yarımbəndi); - notarial aktlar üzrə notarial qaydada rəsmiləşdirilən və verilən bütün sənədlər (“c” yarımbəndi); özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər) (“d” yarımbəndi). 4.6. Konvensiya ilə diplomatik və ya konsulluq idarələri tərəfindən icra edilən sənədlərin, eləcə də kommersiya və ya gömrük əməliyyatlarına birbaşa aidiyyəti olan inzibati sənədlərin apostil edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. - 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. - 150.0.3-cü maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. - 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi hakim tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı “müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddia ərizəsi verirlərkən xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzə əsasən ödənilmiş 828,75 manat dövlət rüsumu ödəyən şəxsə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar