Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9290/2025 13.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “alğı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “alğı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı ASC iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4042 manat borcun, 3640 manat cərimənin, ödənilmiş 123,67 manat dövlət rüsumunun və 325 manat vəkil xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh MMC arasında sementin alqı-satqısına dair 02 mart 2023-cü il tarixli, 2023/ASM/029 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı istehsal etdiyi və müqavilədə razılaşdırılmış sementini alıcıya satılmasına, alıcı isə həmin məhsulların qəbul edib onların əvəzinin ödənilməsinə görə öhdəlik daşıyır. Müqavilənin “Qiymət və Ödəniş şərtləri”nə əsasən, göndərilən məhsulların dəyərinin sonradan ödənilməsi alıcıya (cavabdehə) məhsulların təhvil verildiyi tarixdən 15 (on beş) təqvim günü ərzində həyata keçirilir. Hər bir halda, alıcının (cavabdehin) satıcıya (iddiaçıya) olan borcları hər ilin 25 dekabr tarixinə qədər ödənilməlidir. Ödəniş gecikdiyi halda, satıcı (iddiaçı), gecikdirilən hər gün üçün gecikdirilmiş ödənişin 0.1%-i miqdarında cərimənin və bununla bağlı yaranan inzibati xərclərin ödənilməsini alıcıdan (cavabdehdən) tələb edə bilər. İddiaçı öz üzərinə düşən öhdəlikləri tam və müvafiq qaydada yerinə yetirmiş, uyğun keyfiyyətdə və razılaşdırılmış qaydada malları cavabdehə təslim etmişdir. Buna baxmayaraq, cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, yəni təhvil alınmış malların dəyərini ödəməmişdir. Həmçinin, sübut kimi əlavə olunan əmtəə-nəqliyyat qaimələrindən görünür ki, bütün mallar qüsursuz formada cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə öddəliyini icra etməsi üçün dəfələrlə şifahi və pretenziya qaydasında müraciət olunsa da, onlar nəticəsiz qalmış, cavabdeh borclu olduğu məbləği ödəməkdən boyun qaçırmışdır. İddia tələbinin həcminin azaldılması barədə ərizəsində qeyd etmişdir ki, iş məhkəmənin icraatında olduğu vaxtda, cavabdeh iddiaçıya əsas borcdan 3540 manat məbləği ödəmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 448.1, 462.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia və iddia tələbinin həcminin azaldılması barədə ərizələrində qeyd olunanları müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh MMC arasında imzalanmış 02 mart 2023-cü il tarixli, 2023/ASM/029 saylı müqavilənin 1-ci bəndinə əsasən satıcı Məhsulları Alıcıya satır və çatdırır Alıcı isə həmin Məhsulları qəbul edib onun dəyərini Satıcıya ödəyir. Cem İİ/A-P 32.5 R markasına uyğun “Norm Klass A” sementi (daşınma daxil) adlı məhsulun kisəsinin ƏDV daxil dəyəri 175,00 manat, Cem İİ/B-L 32.5 R markasına uyğun “Norm Klass B” sementi (daşınma daxil) adlı məhsulun kisəsinin ƏDV daxil dəyəri 160 manat təşkil edir. 4cü bəndinə əsasən bu Müqavilə 2 mart 2023-ci il tarixindən qüvvəyə minir və 30 Aprel 2024-cü il tarixinədək qüvvədə qalır. Satıcı alıcıya çatdırılmış məhsullara görə aşağıdakı sənədləri təqdim etməlidir: Əmtəə-Nəqliyyat Qaiməsi, Keyfiyyət sertifikatı (tələb olunan halda), Elektron Qaimə. Ödəniş gecikdirdiyi halda Satıcı gecikdirilən hər bir gün üçün əsas borcun 0,1%-i miqdarında cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini Alıcıdan tələb edə bilər. Müqaviləyə 15 sentyabr 2023-cü il tarixli 1 nömrəli Əlavə Razılaşmaya əsasən tərəflər müqaviləyə aşağıdakı dəyişiklik və əlavələrin edilməsi barədə razılığa gəlirlər: Cem İİ/A-P 32.5 R markasına uyğun “Norm Klass A” sementi (daşınma daxil)adlı məhsulun kisəsinin ƏDV daxil dəyəri 184,99 manat, Cem İİ/B-L 32.5 R markasına uyğun “Norm Klass B” sementi (daşınma daxil) adlı məhsulun kisəsinin ƏDV daxil dəyəri 169,99 manat. Müqaviləyə 07 yanvar 2024-cü il tarixli 1 nömrəli Əlavə Razılaşmaya əsasən tərəflər müqaviləyə aşağıdakı dəyişiklik və əlavələrin edilməsi barədə razılığa gəlirlər: Cem İİ/A-P 42.5 R markasına uyğun “Norm Klass C500” sementi (daşınma daxil) adlı məhsulun kisəsinin ƏDV daxil dəyəri 190 manat. xx.xx.2024-cü il tarixli əmtəə-nəqliyyat qaiməsinə əsasən 8000 kg 5 ədəd Palet Klass A PLT Cem ll/A-P 32,5 R / EN 197-1-2000 (1300080), 16000 kg 10 ədəd Palet Klass B PLT Cem ll/B-L 32,5 R/EN 197-1-2000 (1300081) adlı mallar, xx.xx.2024-cü il tarixli, 80790808 nömrəli əmtəə-nəqliyyat qaiməsinə əsasən 24000 kg 15 ədəd Palet Klass C500 PLT CEM İİ/ A-P 42.5 R/EN 197-1 -2000 (1300112) adlı məhsul iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə ödəniş edilməsi üçün EBDW seriyalı, 973880 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 591.96 manat, EBDW seriyalı, 677156 nömrəli, xx.xx.2024cü il tarixli, dəyəri 4560.09 manat, EBDW seriyalı, 677141 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 2719.85 manat olan elektron qaimə-fakturalar göndərilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixli, ********* nömrəli ödəniş tapşırığına əsasən əsas borc üzrə 3000 manat, xx.xx.2025-ci il tarixli, **********558690 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən ƏDV borcu üzrə 540 manat olmaqla, cəmi 3540 manat pul ödənmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən “İsmayılbəyli və Partnyorları” vəkil bürosunun hesabına hüquqi yardım xərcinin əvəzi olaraq 325 manat məbləğində pul köçürmüşdür. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 123,67 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, əmtəə-nəqliyyat qaimələri, elektron qaimələr, ödəniş tapşırıqları) öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmiş, tələb edilən borcdan məhkəmə prosesi gedişatında 3540 manat ödəmiş, qalıq məbləğin ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə üzrə öhdəliklərini tam icra etmədiyini, yəni təhvil verilmiş malların dəyərindən 4042 manat pul məbləğini ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların qalan dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 4042 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı cavabdehdən 3640 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin “X1”nə əsasən ödənişləri vaxtında icra etmədikdə gecikdirilmiş məbləğin hər günü üçün 0,1 faiz məbləğində dəbbə pulunun hesablanması nəzərdə tutulmuşdur. İş materialları ilə cavabdeh tərəfindən ödənişlərin vaxtında həyata keçirilmədiyi təsdiq edilir və bu səbəbdən iddiaçının cərimə tələb etmək hüququ yaranmışdır. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə dəbbə pulunun tənasübsüz surətdə yüksək olması qənaətinə gəldikdə onu azalda bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hesablanmış cərimə əsas borcun məbləği ilə müqayisədə əhəmiyyətli faiz nisbəti təşkil edir, cavabdeh əsas borcu qəbul etmişdir, mübahisə predmeti olan lizinq obyektinin geri qaytarılması da təmin edilir, cərimənin tam həcmdə tutulması tərəflərin mənafeləri arasında balans prinsipini poza bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, ədalətlilik və tənasüblülük prinsipləri nəzərə alınmaqla cərimə məbləği 300 manat müəyyən edilməlidir. Bundan başqa iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123,67 manat dövlət rüsumunun 63,42 manatının əvəzi və hüquqi yardıma görə vəkilə ödənilmiş 325 manatın əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4042 (dörd min qırx iki) manat əsas borc, 300 (üç yüz) manat cərimə borcu olmaqla, cəmi 4342 (dörd min üç yüz qırx iki) manat pul, ödənilmiş 63 (altmış üç) manat 42 (qırx iki) qəpik dövlət rüsumu, hüquqi yardıma görə vəkil xərci üzrə 325 (üç yüz iyirmi beş) manatın əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-9290/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9290/2025
13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver