Məhkəmə qərarları › İş №e-2-2(113)-931/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-931/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-931/2022 16.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15.02.2019-cu il tarixli 3116-GL/19 nömrəli müqavilə üzrə hesablanmış 5772,95 manat cərimə borcu, 200 manat mediasiyaya dair xərc, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 6322,95 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 15.02.2019-cu il tarixli 316-GL/19 nömrəli müqavilə üzrə cavabdeh tərəfindən 17.08.2021-ci il tarixindən 30.12.2021-ci il tarixədək əsas borc üzrə 24500 manat gecikdirilmiş məbləğ ödənilmişdir. Lakin iddia ərizəsi üzrə iddia tələblərindən biri olan 5772,95 manat cərimə borcu və hüquqi yardımla bağlı 350 manat iddiaçıya ödənilməmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə qəbul edilmiş 2021- 007640 saylı 02.11.2021-ci il tarixli arayışdan göründüyü kimi, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya dair xərc də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəməyə müraciət edildikdən sonra tərəfindən 22818 manat əsas borc tərəfindən tam şəkildə ödənilmişdir. Həmin pul gecikdirilmə ilə ödənilsə belə, hazırda ondan cərimə digər əlavə xərclərin də tələb edilməsi əsassızdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 15.02.2019-cu il tarixli 316-GL/19 nömrəli müqaviləyə əsasən lizinq verən spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin 2 nömrəli Əlavəsində göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqavilənin 4.3-cü bəndinə əsasən hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. 25 yanvar 2019-cu il tarixli 316-GL/19 nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsində tərtib edilmiş ödəniş qrafikinə əsasən lizinq alan tərəfdən ödənilməli olan məbləğlər qeyd edilmişdir. "xxxx" ASC-yə məxsus damazlıq heyvanların təhvil-qəbulu barədə 23 oktyabr 2018ci il tarixli, 724 nömrəli aktlardan görünür ki, aktda göstərilən texnikalar saz, nizamlanmış və komplekt halda lizinq alana təhvil verilmişdir. İddiaçı tərəfindən verilmiş 28.07.2021-ci il tarixli arayışdan görünür ki, 15.02.2019-cu il tarixli 316-GL/19 nömrəli müqavilə üzrə cavabdehin iddiaçıya olan gecikdirilmiş əsas borcu 22818 manat, cərimə borcu isə 5772,95 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, 15.02.2019-cu il tarixli 316-GL/19 nömrəli müqavilə üzrə 22818 manat gecikdirilmiş əsas borc və 5772,95 manat cərimə məbləğinin qısa zaman ərzində cavabdehdən ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 15.02.2019-cu il tarixli 316-GL/19 lizinq müqaviləsi bağlanmışdır. Belə ki, materiallara əlavə edilmiş sənədlərdən də göründüyü kimi, cavabdeh işə məhkəmədə baxıldığı müddətdə iddiaçı ilə aralarında bağlanmış həmin lizinq müqaviləsi üzrə yaranmış əsas borcunu iddiaçıya tam şəkildə ödəmiş, iddiaçı da bu halı nəzərə alıb iddia tələbinin həcmini azaldaraq cavabdehdən yalnız borcun gecikdirilməsinə görə cərimənin ödənilməsini tələb etmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 300 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddia ərizəsində 350 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, 07.12.2021-ci il tarixli 000İPX1213411F15 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 1814 nömrəli müqaviləyə əsasən 350 manat pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 15.02.2019-cu il tarixli 316-GL/19 nömrəli müqavilə üzrə 300 manat cərimə, hüquqi yardıma görə ödənilmiş 350 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 02.12.2021-ci il tarixli 2021-007640 nömrəli arayışdan görünür ki, tərəflər mediasiya sessiyasında iştirak etmiş, lakin prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh mediasiya sessiyasında iştirak etdiyindən və tərəflər prosesi davam etdirmək barədə qərar qəbul etmədiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15.02.2019-cu il tarixli 316-GL/19 nömrəli müqavilə üzrə 300 (üç yüz) manat cərimə, hüquqi yardıma görə ödənilmiş 350 (üç yüz əlli) manat, ümumilikdə 650 (altı yüz əlli) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar