Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-931/2025 11.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin tutulması” (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X11) tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta ödənişinin verilməsindən imtina, qismən sığorta, sığorta hadisəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin tutulması” (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X11) tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra LPO Dövlət Sığorta Kommersiya Şirkəti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmlaka dəymiş zərər görə 1880 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 38,8 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. X5 ilə 12 sentyabr 2023-cü il tarixdə bağlanmış lizinq obyektinin alqı-satqı müqaviləsi əsasında sonuncunun mülkiyyətində olan “Nissan Note” minik markalı, tünd albalı metallik rəngli avtomobil X7 lizinqə verilməsi məqsədilə iddiaçı tərəfdən əldə edilmişdir. Bundan sonra iddiaçı ilə cavabdeh arasında “avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” üzrə 07 aprel 2023-cü il tarixli KSK********** saylı sığorta şəhadətnaməsi (müqaviləsi) imzalanmış və sığortalı iddiaçının mülkiyyətində (sahibliyində) olan “Nissan Note” markalı, 77AN981 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq kasko növü üzrə sığorta təminatı almışdır. 2.2. 19 iyul 2024-cü il tarixdə saat 20:30 radələrində “Nissan Note” markalı, 77AN981 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhərinin Xətai rayonunda Sarayevo küçəsindən M.Rüstəmov küçəsinə dönərək Neapol küçəsi istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə avtomobilə ciddi maddi ziyan dəymişdir. Belə ki, "Kia Motors" tərəfindən tərtib edilmiş qüsur aktına əsasən yol nəqliyyat qəzasına uğramış “Nissan Note” markalı, 77AN981 dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 1880 manat məbləğində müəyyən edilmişdir. 2.3. İddiaçı tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh tərəfindən “Nissan Note” markalı, 77AN981 dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmiş, habelə 30 sentyabr 2024-cü il tarixli “sığorta ödənişinin ödənilməsindən imtina barədə” bildirişində sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. Halbuki nəqliyyat vasitəsinin mülkiyyətçisi, sığortalı iddiaçı faydalanan şəxs kimi 07 aprel 2023-cü il tarixli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə sığorta təminatı almışdır. Deməli, cavabdeh tərəfin sığorta ödənişini ödəməkdən imtina etməsi tam əsassız və qanunsuz olmuşdur. 2.4. Cavabdehə pretenziya qaydasında müraciət edilərək, mübahisənin məhkəməyədək həll edilməsi təklif edilmiş, lakin bunun hər hansı bir formada nəticəsi olmamışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinin və sığorta münasibətlərini tənzimləyən digər normativ hüquqi aktların tələblərindən də göründüyü kimi, “Nissan Note” minik markalı, tünd albalı metallik rəngli, 77AN981 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi sığortalı iddiaçı faydalanan şəxsdir və baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sözügedən avtomobilə dəymiş ziyana görə 07 aprel 2023-cü il tarixli “avtomobil nəqliyyat vasitələrinin tam sığortası” haqqında KSK********** saylı sığorta müqaviləsinə əsasən mülkiyyətçiyə sığorta ödənişi həyata keçirilməlidir. Yəni avtomobilin mülkiyyətçisi, sığortalı iddiaçı mövcud qanunvericiliyin təsbit etdiyi imperativ müddəalara əsasən sığorta ödənişini tələb etməkdə haqlıdır və yuxarıda sadalanan normalar əsasında həmin məbləğ mülkiyyətçiyə (faydalanan şəxsə) ödənilməlidir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 922, 927, 933 və s. maddələri göstərilmişdir.
4. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya yazılı etiraz təqdim edərək, iddiaçı "xxxx" ASC-nin cavabdeh LPO Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. iddiaçıya məxsus “Nissan Note” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda cavabdeh tərəfindən “avtomobil nəqliyyat vasitələrinin tam sığortası” haqqında xx.xx.2023-cü il tarixli, KSK********** nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada sığortalanmışdır. 19 iyul 2024-cü il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsindən M. Rüstəmov küçəsinə döngüdə, Neapol küçəsi istiqamətində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə iddiaçıya məxsus “Nissan Note” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. 5.2. İddiaçı tərəfindən cavabdehə daxil olmuş müraciət əsasında aparılmış araşdırma nəticəsində cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi yaranmadığı məlum olmuş və iddiaçıya sığorta ödənişindən imtinaya dair bildiriş ünvanlanmışdır. Belə ki, iddiaçı və cavabdeh arasında sığorta müqaviləsinin bağlanması ilə əlaqədar iddiaçıya təqdim edilmiş sığorta şəhadətnaməsində sığortalanmış avtomobili idarə etməyə səlahiyyətli şəxs qismində yalnız Hüseynov Əlimirzə Rəfail oğlunun qeyd edilməsinə baxmayaraq, hadisə ilə əlaqədar toplanmış sənədlər əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sığortalanmış avtomobil iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında X11 və digərlərinin istifadəsinə verilmiş, hadisənin baş verdiyi zaman avtomobil X2 istifadəsində olmuşdur. Həmçinin iddiaçının təqdim etdiyi alqı-satqı müqaviləsində də görünür ki, iddiaçı sığortalanmış avtomobili sığortaçıya məlumat vermədən de fakto özgəninkiləşdirmişdir. 5.3. Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis polkovnik-leytenantı Teymur Ağamirovun qəbul etdiyi xx.xx.2024-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, xx.xx.2024-ci il tarixdə saat təxminən 20:30 radələrində baş vermiş yol nəqliyyat hadisəsində iştirak edən “Nissan Note” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 olmuşdur. Həmçinin iddiaçının iddia ərizəsinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən “Nissan Note” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil X11 lizinqə verilməsi məqsədilə iddiaçı tərəfindən əldə edilmişdir. 5.4. Göründüyü kimi, iddiaçı qeyd olunan avtomobilin üçüncü şəxsə satışını həyata keçirib, avtomobili üçüncü şəxsə təqdim etməsinə baxmayaraq, bu barədə Şirkətə məlumat verməmişdir. Bu hal qanunvericiliyin və cavabdehin “Avtonəqliyyat vasitələrinin tam sığortası” Qaydalarının tələblərinə ziddir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 5.3-cü bəndinə əsasən, sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir.
6. Cavabdehin iddiaya yazılı etirazında maddi hüquqi əsas kimi Mülki Məcəllənin 912, 922, 935.1.8-ci maddələrinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na istinad edilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X11 və X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmuşlar.
II. İşdə iştirak edən şəxslərin mövqeləri:
8. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X10 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, müqavilə şərtlərində nəqliyyat vasitəsinin başqa şəxslər tərəfindən idarə olunması ilə bağlı sığorta şirkətinə məlumat vermək öhdəliyi nəzərdə tutulmamışdır.
9. Məhkəməni suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirdi ki, nəqliyyat vasitəsi lizinq alan tərəfindən təmir edilmişdir.
10. Cavabdehin nümayəndəsi X12 məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda qeyd etdi ki, sığorta şəhadətnaməsində sığorta təminatının nəqliyyat vasitəsinin yalnız adı qeyd edilən sürücü tərəfindən idarə edilməsi halında verildiyi göstərilmişdir. Sürücünün yaşı, təcrübəsi və s. meyarlar nəzərə alınmaqla sığorta riski qiymətləndirilmişdir. Lakin yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxs şəhadətnamədə qeyd edilən şəxs olmamışdır. Halbuki iddiaçı sığorta predmeti ilə bağlı lizinq müqaviləsi bağlayıbsa, bu barədə sığorta şirkətinə məlumat verməli idi.
11. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi yol-nəqliyyat hadisəsini sığorta hadisəsi hesab etmədiklərini, iddiada qeyd olunan zərər məbləğinin cavabdehin qiymətləndirilməsinə əsasən müəyyən olunduğunu, nəqliyyat vasitəsinə dəymiş zərəri mübahisələndirmədiklərini qeyd etdi.
12. Üçüncü şəxs X9 məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edərək, nəqliyyat vasitəsinin qardaşı X11 tərəfindən servisdə təmir edildiyini bildirdi.
13. Üçüncü şəxslər məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
14. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Sığorta ödənişinin tutulması tələbi ilə bağlı
15. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər, mümkün və aid sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
16. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
17. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçının mülkiyyətində olan “Nissan Note” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən “avtomobil nəqliyyat vasitələrinin tam sığortası” haqqında xx.xx.2023-cü il tarixli KSK********** nömrəli sığorta şəhadətnaməsi əsasında 12500 manat sığorta məbləği, 553,75 manat sığorta haqqı, 100 manat azadolma məbləği, 89,29% qismən sığorta şərti ilə könüllü qaydada sığortalanmış, sığorta predmeti qismində “Nissan Note” markalı, 2014-cü il buraxılışı, E12231545 ban nömrəli, 77AN981 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi çıxış etmişdir. Sığorta müqaviləsinin xx.xx.2023-cü il tarixdə qüvvəyə minməsi, xx.xx.2025-ci il tarixdə qüvvədən düşməsi razılaşdırılmışdır. – xx.xx.2023-cü il tarixli maliyyə lizinqi müqaviləsi əsasında “Nissan Note” markalı, 2014-cü il buraxılışı, E12231545 ban nömrəli, 77AN981 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X7 lizinqə verilmiş, lizinq ödənişlərinin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək razılaşdırılmışdır. Qeyd olunan nəqliyyat vasitəsinin idarə edilməsi üçün iddiaçı tərəfindən X6 etibarnamə verilmişdir. – 19 iyul 2024-cü il tarixdə, saat təxminən 20:30 radələrində X9 idarə etdiyi “Nissan Note” markalı **-AN-*** dövlət qeydiyyat nömrəli avtomobillə Xətai rayonu, Sarayevo küçəsindən sağ istiqamətdə M.Rüstəmov küçəsinə dönərək Neapol küçəsi istiqamətində yolun sağdan 2-ci hərəkət zolağı ilə saatda 50 km surətlə hərəkətdə olarkən qarşıda tıxacda dayanmış X3 idarə etdiyi “Hyundai Grandeur” markalı **-LJ-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxa sol hissəsi ilə və əks istiqamətdə hərəkətdə olan X8 idarə etdiyi “Hyundai Elantra” markalı **-LT-*** dövlət qeydiyyat nömrəli avtomobilin sol hissəsi ilə toqquşmuşdur. “Kia Motors” servisinin qüsur aktına əsasən, 1210 manat ehtiyat hissələri, 670 manat işçilik olmaqla nəqliyyat vasitəsinə 1880 manat zərər dəymişdir. – Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli GS/04-112/24 nömrəli bildirişlə sığorta ödənişinin ödənilməsindən imtina edilərək göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli KSK********** saylı “avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” üzrə müqavilədə sığortalanmış nəqliyyat vasitəsini idarə edən sürücülər siyahısında barənizdə məlumatlar (ad, soyad, ata adı) qeyd edilmədiyindən sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
18. İşin mübahisəsiz halı ondan ibarətdir ki, nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1880 manat təşkil edir.
19. İddiaçı 19 iyul 2024-cü il tarixli hadisə nəticəsində **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üçün 1880 manat sığorta ödənişini tələb edir.
20. Cavabdeh iddiaya etiraz edərək nəqliyyat vasitəsini yalnız Hüseynov Əlimirzə Rəfail oğlu idarə edərsə, sığorta təminatı verildiyini, lakin hadisə zamanı avtomobilin X9 tərəfindən idarə edildiyini bildirir və iddianın rədd edilməsini xahiş edir.
21. Məhkəmə kommersiya mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
22. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
23. Həmin Məcəllənin 884.1-ci maddəsinə əsasən, sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.
24. Həmin Məcəllənin 888.1 – 888.3-cü maddələrinə əsasən, əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır.
25. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
26. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
27. Məhkəmə istinad edilən hüquq normalarına əsasən qeyd edir ki, hazırda tərəflər arasında 19 iyul 2024-cü il tarixli hadisənin xx.xx.2023-cü il tarixli KSK********** nömrəli sığorta şəhadətnaməsinə əsasən sığorta hadisəsi hesab olunub-olunmaması barədə mübahisə vardır.
28. Belə ki, Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır.
29. xx.xx.2023-cü il tarixli KSK********** nömrəli sığorta şəhadətnaməsinin “sığortalı” bölməsindən görünür ki, sığortalı qismində "xxxx" MMC, faydalanan şəxs qismində "xxxx" MMC, sürücü qismində Hüseynov Əlimirzə Rəfail oğlu göstərilmişdir.
30. Məhkəmə qeyd edir ki, adıçəkilən şəhadətnamədən sığorta hadisəsinin nəqliyyat vasitəsinin məhz Hüseynov Əlimirzə Rəfail oğlu tərəfindən idarə edilməsi ilə şərtləndirildiyi barədə nəticəyə gəlmək mümkün deyil. Lakin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na istinad edərək sığorta ödənişindən imtina etmişdir.
31. Əvvəla, həmin Qaydaların 1.1-ci bəndindən də göründüyü kimi, Qaydalar “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-ci il 22 aprel tarixli 398 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 16.5-ci maddəsinə uyğun olaraq, avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə fiziki şəxslərə təqdim edilən könüllü sığorta növünün aparılmasının əsaslandığı, bütün sığortaçılar üçün məcburi olan qayda və şərtləri müəyyən edir.
32. Belə aydın olur ki, həmin Qaydalar bilavasitə fiziki şəxslərə təqdim edilən könüllü sığorta növünün qayda və şərtləri müəyyən edir. Halbuki hazırkı iş üzrə sığorta müqaviləsinin tərəfi hüquqi şəxsdir, başqa sözlə, könüllü sığorta fiziki şəxsə deyil, hüquqi şəxsə təqdim edilmişdir. Bu səbəbdən həmin Qaydalara cavabdehin əsaslanması doğru olmamışdır.
33. Digər tərəfdən, Qaydaların 5.3-cü bəndinə əsasən, sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir.
34. Göründüyü kimi, Qaydalara əsasən (1) sürücü sığorta olunan kimi göstərilməli və (2) yalnız onun avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilməlidir. Halbuki hətta həmin Qaydalar hazırkı işin hallarına şamil edilsə belə, Hüseynov Əlimirzə Rəfail oğlu sığorta olunan qismində göstərilməmiş (1), sığorta hadisə yalnız onunla şərtləşdirilməmişdir (2).
35. Əksinə, adıçəkilən sığorta şəhadətnaməsinə əlavə olan “Şərtlər və istisnalar”da bilavasitə göstərilmişdir ki, yaşı 22-dən və sürücülük təcrübəsi 1 ildən az olan sürücülər üçün ikiqat məbləğində şərtsiz azadolma tətbiq olunur. Lakin cavabdehin bildirdiyi kimi, sığorta hadisəsi yalnız Hüseynov Əlimirzə Rəfail oğlunun idarəetməsi ilə şərtləşdirilsə idi, sürücünün yaş və təcrübəsi ilə bağlı ikiqat şərtsiz azadolma məbləğinin müəyyən edilməsinə ehtiyac qalmazdı. Belə ki, hazırkı iş üzrə öz sığorta risklərini sürücünün yaşı və təcrübəsi əsasında müəyyən etdiyini iddia edən cavabdehdə həmin sürücünün yaşı və təcrübəsi barədə məlumat olduğundan göstərilən tənzimlənməyə də zərurət olmazdı.
36. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin sığorta ödənişinin edilməsindən imtinası qanunsuz olmuşdur.
37. Məhkəmə sığorta ödənişinin məbləğinə münasibətdə isə göstərir ki, xx.xx.2023cü il tarixli KSK********** nömrəli sığorta şəhadətnaməsində sığorta təminatı qismən – 89,29%, azadolma məbləği 100 manat müəyyən edilmişdir.
38. Mülki Məcəllənin 896-cı maddəsinə əsasən əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. Sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində keçir. Bu Məcəllənin 930.1-ci maddəsində nəzərdə tutulmuş halda sığorta hadisəsinin baş verdiyi zaman, sığorta təminatı qismən sığorta kimi qiymətləndirilə bilməz.
39. Hazırda nəqliyyat vasitəsinə 1880 manat zərər dəydiyi cavabdeh tərəfindən mübahisələndirilmədiyindən və azadolma məbləği 100 manat şərtləşdirildiyindən məhkəmə bu qənaətə gəlir ki, sığorta ödənişi qismən sığorta şərtinə müvafiq olaraq 1578,7 (1880 manat*89,29%/100% – 100 manat) manat müəyyən edilməlidir.
40. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sığorta ödənişi olaraq 1578,7 manat məbləğində pul cavabdeh LPO Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
41. İddiaçı ödənilmiş 38,80 manat dövlət rüsumunun da cavabdehlərdən tutulmasını xahiş edir.
42. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 38,8 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Beləliklə, məhkəmə iddia tələbinin qismən edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 manat məbləğində pul cavabdeh LPO Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişi olaraq 1578,7 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 manat məbləğində pul cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova