Məhkəmə qərarları › İş №e-2-2(113)-932/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-932/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-932/2024 23.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, dəbbə pulunun azaldılması, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 26 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 5697 manat əsas borcun, 220 manat cərimə məbləğinin və 110 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli U260923/04 nömrəli alqı-satqı müqaviləsi imzalanmış və müqaviləyə əsasən, iddiaçı bu müqavilə üzrə malların satılmasını, cavabdeh isə həmin malların dəyərini ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən mallar cavabdehə təqdim edilmiş və bu barədə elektron qaimə cavabdehə göndərilmişdir. Həmin müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 5697 manat dəyərində 3 ədəd “HP Pavilion x360 14-ek0017ci” markalı notbuk təhvil verilmiş, mallar cavabdehin qanuni təmsilçisi (direktoru) Qanuni nümayəndə2 tərəfindən şəxsən qəbul edilmişdir. 2.2. Lakin müqavilənin göstərilən şərtlərinə zidd olaraq, cavabdehə verilmiş malların dəyərinin ödənilməsi gecikdirilmiş və bu günədək ödənilməmişdir. Belə ki, adıçəkilən müqaviləyə görə iddiaçı malları cavabdehə təhvil verdikdən sonra malların dəyəri 15 iş gün ərzində ödənilməlidir. Cavabdehə pretenziya qaydasında borcun ödənilməsi barədə bildiriş göndərilsə də, borc ödənilməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386.1, 442, 600-cü və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-932/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3 notbuk cavabdehə təqdim edilmiş, bu barədə məxaric qaiməsini cavabdehin qanuni təmsilçisi imzalamışdır. Belə ki, iddiaçının sürücüsü məxaric qaiməsini cavabdehin qanuni təmsilçisinə təqdim edilmiş, sonuncu imza edərək qaiməni iddiaçının sürücüsünə qaytarmışdır.

7. Məhkəmənin birinci baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddiaya etiraz etdi və göstərdi ki, xx.xx.2023-cü il tarixli U260923/04 nömrəli alqı-satqı müqaviləsi cavabdeh tərəfindən bağlansa da, 3 ədəd notbukun verilməsi ilə bağlı tərtib edilən məxaric qaiməsində cavabdehin möhürü yoxdur və cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 həmin qaiməyə imza etdiyini xatırlamır. Elektron qaimənin sistem tərəfindən təsdiqlənməsi isə özü-özlüyündə malların qəbul edilməsini göstərmir. Belə ki, elektron qaimələrə nəzarət əksər hallarda cavabdehin qanuni təmsilçisi tərəfindən deyil, mühasiblər tərəfindən həyata keçirilir.

8. Cavabdehin nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İddia ərizəsinə əlavə edilən iddiaçı (Təchizatçı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında bağlanan xx.xx.2023-cü il tarixli U260923/04 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, Təchizatçı Alıcını ikinci tərəfdən şifahi və ya yazılı şəkildə təqdim edilmiş tələbnamə – sifarişlərinə müvafiq olaraq kompüter, printer və digər ofis avadanlıqları (mallar) ilə təmin etməyi, Alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür (1.1). Mallar barədə məlumatlar (adı, siyahısı, təsviri, çatdırılma şərti, miqdarı, qiyməti və s.) bu müqavilənin ayrılmaz hissəsi olan Elektron qaimə və ya Təhvil-təslim aktları ilə (Əlavə) müəyyən edilir (1.2). Bu müqaviləyə əsasən satılan malların (avadanlığın) dəyəri müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokoluna (əlavə) müvafiq surətdə müəyyən olunur (3.1). Ödəniş vasitəsi Azərbaycan manatıdır və köçürmə yolu ilə Təchizatçının hesablaşma hesabına köçürülür (3.2). Təchizatçı malları Alıcıya təhvil verdikdən sonra, Alıcı malların dəyərini 15 (on beş) iş günü ərzində ödəməyi öhdəsinə götürür. Mallarla əlaqədar olan bütün risklər və mülkiyyət hüququ Təchizatçıdan Alıcıya mallar təhvil verildiyi tarixdən keçir (3.3). Alıcı sifariş etdiyi malların (avadanlığın) dəyərinin ödənişini yerinə yetirilməsi üçün Təchizatçıya əvvəlcədən ödəniş edə bilər (3.4). Sifarişlərə əsasən Mallar hissə-hissə çatdırılmalı olduğu təqdirdə, onlara ayrıca hesabfaktura verilib hissə-hissə ödənilə bilər (3.5). Bu müqavilədə nəzərdə tutulmuş malın miqdarı, çeşidi, qiyməti, zəmanət müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaq Elektron qaimə və ya Təhvil-Təslim aktları ilə (Əlavə) müəyyən edilir (3.6).

13. Məhkəməyə təqdim edilən 27 sentyabr 2023-cü il tarixli 000 nömrəli məxaric qaiməsindən görünür ki, “HP Pavilion x360 14-ek0017ci” markalı 6G829EA seriyalı 3 ədəd notbuk cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 tərəfindən imza edilməklə qəbul edilmişdir.

14. İş materiallarına olan xx.xx.2023-cü il tarixli EBDP 415384 seriya və nömrəli elektron qaimədən görünür ki, həmin qaimə ƏDV daxil olmaqla 5697 manat dəyərində 3 ədəd “HP Pavilion x360 14-ek0017ci” markalı notbukun cavabdehə göndərilməsi üçün tərtib edilmişdir.

15. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixli EBDP 415384 seriya və nömrəli elektron qaimə xx.xx.2023-cü il tarixdə hazırlanaraq cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixdə sistem tərəfindən təsdiqlənmişdir.

16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli U260923/04 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehi sonuncunun şifahi və ya yazılı şəkildə təqdim edilmiş tələbnamə – sifarişlərinə müvafiq olaraq kompüter, printer və digər ofis avadanlıqları (mallar) ilə təmin etməyi, cavabdeh isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı 27 sentyabr 2023-cü il tarixli 000 nömrəli məxaric qaiməsi əsasında 3 ədəd “HP Pavilion x360 14-ek0017ci” markalı notbuku cavabdehə təqdim edilmiş, həmin notbuklar cavabdehin qanuni təmsilçisi tərəfindən imza edilməklə qəbul edilmiş, malların təqdim edilməsi xx.xx.2023-cü il tarixli EBDP 415384 seriya və nömrəli elektron qaimə tərtib edilməklə rəsmiləşdirilmiş, elektron qaimə-faktura sistem tərəfindən təsdiqlənmişdir.

17. İddiaçı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş malların dəyərini – ƏDV daxil olmaqla 5697 manat məbləğin tutulmasını tələb edir.

18. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, xx.xx.2023-cü il tarixli EBDP 415384 seriya və nömrəli elektron qaimə sistem tərəfindən təsdiq edilmiş, 27 sentyabr 2023-cü il tarixli 000 nömrəli məxaric qaiməsinin Qanuni nümayəndə2 tərəfindən imza edilməsini isə sonuncu xatırlamır. Bu səbəbdən də məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməlidir.

19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-932/2024 nömrəli qərardadı ilə cavabdehin məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatəti rədd edilmişdir.

20. Cavabdehin etirazları ilə bağlı isə göstərilməlidir ki, xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinin şərtlərindən görünür ki, tərəflər mallar barədə məlumatların müqavilənin ayrılmaz tərkib hissəsi olan elektron qaimə və ya təhvil-təslim aktları ilə müəyyən edilməsini razılaşdırmaqla təhvil-təslim aktına elektron qaimə-fakturanı alternativ olaraq təsbit etmişlər. İş materiallarına isə elektron qaimə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən həmin qaimənin statusu barədə məlumat əlavə edilmişdir.

21. Digər tərəfdən, cavabdehin qanuni təmsilçisi isə 27 sentyabr 2023-cü il tarixli məxaric qaiməsinin “təhvil aldı” hissəsində olan imzanın özü tərəfindən icra olunmadığı barədə birmənalı mövqe bildirməmiş, icra olunmaya biləcəyini göstərmişdir. Halbuki iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən tərəflər arasında müqavilənin bağlanaraq əmlakın təqdim olunmasından (2023-cü ilin sentyabr ayı) uzun müddət keçməmişdir. Belə olan halda qanuni təmsilçinin müqaviləni imzalayıb təsdiq etdiyini xatırladığı halda, əmlakın təhvil sənədini imzalamasını xatırlmaması, birmənalı mövqe bildirməməsi ağlabatan deyil. Digər tərəfdən, iddiaçı iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl pretenziya məktubu ilə cavabdehə müraciət etmişdir. Cavabdehin qanuni təmsilçisi nə pretenziyaya cavab olaraq (belə bir cavab məktubu məhkəməyə təqdim olunmamışdır), nə də “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə, iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, məhkəmənin baxış iclasına qədər belə bir etiraz əsası irəli sürmüşdür. Həmçinin nəzərə alınsa ki, məxaric qaiməsi təhvil-təslim aktı kimi tərəflər arasındakı razılaşmaya əsasən elektron qaiməyə alternativdir, bu zaman həmin imzanın eyniləşdirilməsinin iş üzrə əhəmiyyəti yalnız elektron qaimənin statusuna nəzarət edilə bilməməsi ilə bağlı cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edildikdə olur.

22. Beləliklə, məhkəmə cavabdehin arqumentlərini əsassız hesab edir.

23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

26. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

27. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 3.3-cü bəndi ilə malları təqdim edildikdən sonra dəyərinin 15 iş günü ərzində ödənilməsinin şərtləndirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

28. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

34. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

35. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, xx.xx.2023-cü il tarixli U260923/04 nömrəli alqı-satqı müqaviləsi üzrə 5697 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

36. İddia ərizəsində iddiaçı 220 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

37. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 5.5ci bəndinə əsasən bu müqavilə üzrə alıcı tərəfindən təchizatçının hesablaşma hesabına köçürmələr gecikdirilərsə, hər gecikdirilən gün üçün bu müqavilənin 0,1% həcmində cərimə ödəyir. Lakin bu məbləğ müqavilənin ümumi dəyərindən 10% artıq olmamalıdır.

38. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

39. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

40. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

41. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin mübahisə məhkəməyəqədər mərhələsində və yaxud mediasiya mərhələsində həll olunmamışdır.

42. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 220 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması tələbi təmin edilməli, 220 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

44. İddiaçı həmçinin 110 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş edir.

45. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/12/2023-00827 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli sessiyada iştirak etmiş, cavabdeh tərəf iştirak etməmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 110 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir.

46. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

47. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

48. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

49. Göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

50. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. İddia tam təmin olunduğundan məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 5697 (beş min altı yüz doxsan yeddi) manat əsas borc, 220 (iki yüz iyirmi) manat cərimə məbləği olmaqla ümumilikdə 5917 (beş min doqquz yüz on yeddi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 (bir yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar