Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-933/2024 20.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yüklərin daşınması üçün cavabdeh “X1” MMC-nin hesabına köçürülmüş 3434 manat pul vəsaiti, 1000 manat dəymiş zərər, 65 manat dövlət rüsumu olmaqla, cəmi 4499 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və “X1” MMC arasında bağlanılmış 10 may 2023-cü il tarixli yükdaşıma müqaviləsinə və razılaşmaya əsasən “X1” MMC müxtəlif növ yüklərin, daşınmasını həyata keçirməsini və ya təşkil edilməsini öz öhdəsinə götürmüş, xx.xx.2023-cü il tarixədək Çin Xalq Respublikasından yüklərin daşınması üçün tərəfimizdən cavabdehin hesabına xx.xx.2023-cü il tarixdə 884 (səkkiz yüz səksən dörd) manat pul vəsaiti, xx.xx.2023-cü il tarixdə isə 2550 (iki min beş yüz əlli) manat pul vəsaiti olmaqla, ümumilikdə 3434 (üç min dörd yüz otuz dörd) manat pul vəsaiti köçürülmüşdür. Aralarında olan razılaşmaya əsasən müxtəlif növ texniki avadanlıqların xx.xx.2023-cü il tarixədək daşınması həyata keçirilməli olduğu halda, razılaşdırılmış öhdəlik cavabdeh tərəfindən icra edilməmiş, aralarında olan müqaviləyə faktiki xitam verilmiş, yüklər cavabdehin ambarından götürülmüş, digər yükdaşıma şirkəti tərəfindən daşıma həyata küçirilmiş, bunun nəticəsində iddiaçıya 1000 manat zərər dəymişdir. İddiaçı tərəfindən “X1” MMC-nin direktoru Qanuni nümayəndə və məsul şəxslərinə dəfələrlə ödənilmiş məbləğin geri qaytarılması barədə müraciət olunmuş, lakin qarşı tərəf ödənişi həyata keçirməməklə birlikdə zənglərə və mesajlara cavab verməmişdir. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı tərəfindən cavabdeh şirkətin direktoru Qanuni nümayəndə barəsində Yasamal Rayon Polis İdarəsinə şikayət edilmiş və Polis bölməsindən şikayətin nəticəsi olaraq iddiaçıya ərizədə göstərilən xüsusatların mülki xarakterli olduğu qeyd edilmişdir. Qanuni nümayəndə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsində verdiyi xx.xx.2023-cü il tarixli izahatından da görünür ki, qeyd edilən məsələ onun tərəfindən etiraf olunaraq təsdiq olunmuşdur. Müqaviləyə faktiki xitam verildiyi tarixdən bu günə qədər qeyd edilən pul vəsaitinin iddiaçıya geri ödənilməməsi iddiaçının digər işlərini ləngitmiş, həmin pul vəsaiti ilə alış-veriş etməyini əngəlləmiş və nəticədə iddiaçıya əldən çıxmış fayda qismində 1000 manat zərər dəymişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə pretenziya məktubu ilə müraciət olunmuş, ödənişin geri qaytarılması və dəymiş zərərin ödənilməsi tələb edilmiş, cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. 21 dekabr 2023-cü il tarixli İMS-də iştirak edilməməsi barədə arayışdan görünür ki, “X1” MMC mediasiya sessiyasında iştirak etməmişdir. 21 dekabr 2023-cü il tarixli İMS-də iştirak edilməməsi barədə arayışa əlavə edilmiş qəbzdən görünür ki, mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 398.1, 399.1, 421.2, 423.2, 442, 443.1, 446.2, 448.1, 861.1-ci maddələrinə istinad olunmuşdur.
4. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
Tədqiq olunan sübutlar:
5. İş materiallarından görünür ki, sifarişçi qismində İddiaçı MMC ilə daşıyıcı qismində Cavabdeh MMC arasında 10 may 2023-cü il tarixli, 18 nömrəli yük daşınması müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən daşıyıcı sifarişçinin tapşırığı ilə müxtəlif növ yüklərin daşınmasının həyata keçirməsini və ya təşkil edilməsini öz öhdəsinə götürür. Sifarişçi isə daşımanın müqabilində daşıyıcıya müvafiq sifarişdə nəzərdə tutulmuş daşımanın dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən daşıyıcı bəyan və təsdiq edir ki, onun tələb olunan daşımanın həyata keçirilməsi üçün müvafiq təcrübəsi, yüksək dərəcəli peşəkar heyəti və bütün digər lazımi vasitələri vardır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən daşımanın yerinə yetirilməsi vaxtı daşıyıcı texniki təhlükəsizlik qaydalarına və ekoloji normalara riayət etməli və fiziki şəxslərin sağlamlığı və həyatı, ətraf mühit, hökumət orqanları, hüquqi şəxslər üçün yarana biləcək zərər üzrə riski öz üzərinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən daşıyıcı daşımanı qüsursuz və üçüncü şəxslərin iddialarını yaratmadan həyata keçirir.
6. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli və xx.xx.2023-cü il tarixli, **********16 nömrəli ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq 884 manat və 2550 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
7. Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə AR DİN Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində xx.xx.2023-cü il tarixdə vermiş olduğu izahatda qeyd edilmişdir ki, İddiaçı MMC və Cavabdeh MMC arasında olan iş birliyi ilə əlaqədar İddiaçı MMC-yə 3433 manat məbləğində borcu yaranmışdır. Hal-hazırda maddi vəziyyətlə əlaqədar ödəniş edə bilmədiyinə görə ödəniş edilməsi üçün möhlət verilməsini xahiş etmişdir.
8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuşdur.
9. Tədqiq olunan sübutlar əsasında müəyyən edildi ki, tərəflər arasında 10 may 2023-cü il tarixli, 18 nömrəli yük daşınması müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 854.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
12. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
13. İddia tələbinin bir hissəsini yüklərin daşınması üçün cavabdehə ödənilmiş 3434 manat pul vəsaitinin cavabdehdən tutulması təşkil edir.
14. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır.
15. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən daşımanın dəyəri ödənilsə də, cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməyərək, daşıma həyata keçirilməmişdir..
16. Belə olan halda məhkəmə cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, iddiaçının isə ödədiyi məbləğin geri qaytarılmasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə tam təmin edilməli, Cavabdeh MMC-dən 3434 (üç min dörd yüz otuz dörd) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
17. İddia tələbinin bir hissəsini də cavabdeh “X1” MMC-dən 1000 manat dəymiş zərərin tutulması təşkil edir.
18. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona vuurlmuş ziyanın nədən ibarət olması və onun məbləği ilə əlaqədar hər hansı bir sübutü məhkəmə təqdim etmədiyindən, iddia həmin hissədə təmin edilməməlidir.
19. Eləcə də, iddiaçı 65 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
20. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən mediasiyaya ödənilmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə belə qənaətə gələrkən onu nəzərə almışdır ki, hazırkı tələblə bağlı ödənilməli olan dövlət rüsumunun məbləği 64,34 manat (hazırkı iddianın ümumilikdə qiyməti 4434 manat) təşkil edir. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən tərtib edilmiş mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı hazırkı tələblə bağlı mediasiya xərci olaraq 70 manat (60 manat İMS və 10 manat poçt xərci) ödəmişdir.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 3434 (üç min dörd yüz otuz dörd) manat əsas borc və 65 (altmış beş) manat mediasiya xərci olmaqla, cəmi 3499 (üç min dörd yüz doxsan doqquz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova