Məhkəmə qərarları › İş №e-2-2(113)-938/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-938/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-938/2021 23.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən bağlanmış müqavilə üzrə öhdəlikləri vicdanla yerinə yertirmədikləri üçün dəymiş maddi zərərə görə 3000 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi , A.Zeynallı küçəsi, 25 saylı ünvanda yerləşən və ümumi sahəsi 40 m2 olan qeyri-yaşayış sahəsini icarə müqaviləsinə əsasən işlədir. xx.xx.2016-cı ildə “Azərqaz” İB-nin Bakı RQSD ilə 1276-06-16 saylı müqavilə bağlanmışdır. Müqavilə bağlanmamışdan öncə vəsaiti ilə qaz sayğacı qoyulmuş və bu sayğaca görə xx.xx.2014cü ildə 883,86 manat pul ödəmişdir. Qaz sayğacı qoyularkən onun dövlət standartlarına uyğun olması haqqında uygunluq sertifikatı təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010–cu ildə qəbul etdiyi “Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması” haqqında qərarının 8-ci bəndində müəyyən edilmişdir ki, bütün aidiyyəti təşkilatlar elektrik, qaz və su sayğaclarının Dövlət reyestrinə daxil edilməli olan məlumatları müvafiq qaydada Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə təqdim etsinlər. Qərarın 4.3. bəndinə müvafiq olaraq qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011 –ci ildə “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 80 saylı qərarının 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qanun qüvvəli aktdan müəyyən olunur ki, qaz sayğacı iddiaçının hesabına deyil, məhz qazpaylayıcı tərəfindən qoyulmalı idi. Qazpaylayıcı tərəfindən satılmış smart qaz sayğacı quraşdırılqıqdan sonra həmin karta müvafiq məbləğdə pul yükləndikdən sonra işləməyə başlamışdır. Lakin bir neçə aydan sonra sayğacda müəyyən qüsurlar aşkar edilmişdir. Belə ki, smart sayğacının tipik xüsusiyyəti ondan ibarətdir ki, karta yüklənmiş pul qurtardıqdan sonra sayğac avtomatik olaraq fəaliyyətini dayandırdığı üçün qazın verilməsi də dayanır. Lakin əksinə olaraq kartda pul vəsaitinin olmamasına baxmayaraq, sayğac işləmiş və pul vəsaiti olan vəziyyətdən də artıq sərfiyyat yaranmışdır. Sayğacın normal işlədiyi vaxtda gün ərzində 10-11 manatlıq qaz sərf edirdisə, nasaz vəziyyətdə 13-14 manatlıq qaz sərf edrdi. Bununla yanaşı qaz sayğacının qoyulduğu ilk günlərdə sayğac tez-tez koda düşürdü. Dəfələrlə qaz idarəsinin işçisini öz avtomobili ilə gətirmiş və həmin qaz idarəsinin işçisi özündə olan “qızıl” kart vasitəsilə kodu açmış və bunun müqabilində muzd almışdır. Binəqədi qaz idarəsinin işçilərinin yalnız bir və ya ikisində “qızıl” kart olduğu və Binəqədi rayon ərazisində obyektlərin çoxluğu nəzərə alınsa, qaz sayğacının koda düşməsi prosesində qaz idarəsinin işçilərini tapmaq faktiki olaraq mümkün olmamışdır. Məhz bu baxımdan da icarə götürdüyü obyektin işlədilməsində problemlərlə üzləşmişdir.Yuxarıda sadalan faktlar nəticəsində ona maddi zərər dəymişdir. Sayğacın bu qüsurları aşkar edildiyi andan cavabdehin Binəqədi rayonu ərazi idarəsinə müraciət etmişdir. Bir müddət keçdikdən sonra idarənin Namik adlı işçisi icarəyə götürdüyü yerə gələrək, qaz sayğacında olan problemləri görmüş və onun şəklini çəkərək aparmışdır. Binəqədi rayon qaz idarəsinin bu hadisəyə laqeyd yanaşmasının şahidi olduqda 104 xidmətinə zəng edərək, baş vermiş hadisə haqqında məlumat vermiş, lakin adekvat cavab almamışdır. Bir müddət keçdikdən sonra qaz idarəsinin işçisi olan Namik Çingiz adlı şəxsi obyektə gətirdi və ona da qaz sayğacında olan qüsurlar haqqında məlumat verərək bildirdi ki, sayğac artıq pul yazır. Daha sonra ona bildirdilər ki, qazın sayğacında yaranmış 2000 manat borc 1 ay müddətində ödənildikdən sonra qaz sayğacı dəyişdiriləcək. Qaz sayğacının artıq yazdığını və onun vaxtında qarşısını almadıqlarını qaz idarəsinin işçiləri bildikləri halda, qaz sayğacının dəyişdirilməsi baxımından 2000 manat pulu ödədi. Sayğacın pulunu tam ödəsə də, cavabdeh qüsurlu sayğacı dəyişmədi. Mövcud problemin aradan qaldırılması və artıq pul ödənilməsinin qarşısının alınması baxımından sayğacın təmiri ilə bağlı laboratoriyaya müraciət etdi. Laboratoriya işçiləri gəlib sayğacı çıxararaq yerinə mexaniki sayğac qoydular. Qaz idarəsinin işçiləri və laboratoriyanın nümayəndələri hadisə yerinə baxış keçirərkən müəyyən etmişdilər ki, qazın sayğacına kənar müdaxilə edilməmiş və bunun haqqında akt tərtib etmişdilər. Aparılmış müayinə nəticəsində müəyyən edilmişdir ki, qaz sayğacı yararsızdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda adıçəkilən qərarının 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Dəfələrlə “Azərqaz” İB-yə, Binəqədi qaz idarəsinə sayğacın təmir edilərək qoyulmasını tələb etsə də, bu orqanlar heç bir tədbir görməmişdir və əksinə olaraq deyirdilər ki, yenidən 1400 manat pul verib yeni sayğac almalıdır. Belə ki, Azərqaz İB-lə bağlanmış 1276-06-16 saylı müqavilənin 2.1.5 və 2.1.8-ci maddələrinə əsasən qazın dayandırılması hallarında istehlakçını xəbərdar etmək vəzifəsini daşıdığı halda müqavilə üzrə öhdəliklərini həyata keçirməmiş və bununla da maddi zərər vurmuşdur. Bu hal dəfələrlə baş verdiyi üçün çörək sexində xəmir hazırlanmış və qazı qəflətən və xəbərdar etmədən kəsdikləri üçün hazırlanmış xəmir zay olmuşdur, bununla da xeyli maddi zərər dəymişdir. Bu hadisə dəfələrlə təkrarlanmışdır. Hətta xx.xx.2018-ci ildə də qazın xəbərdar edilmədən kəsilməsi nəticəsində iki kisə undan hazırlanmış xəmirləri zay olmuşdur. Beləliklə, cavabdehin vəzifəsini həyata vaxtında və lazımınca həyata keçirmədiyi üçün ona 3000 manat maddi ziyan dəymişdir. 2016-2017-ci illər ərzində “Azərqaz” İB tərəfindən müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün, yəni əvəllcədən xəbərdarlıq etmədən 82 dəfə qaz söndürülmüş və bunun nəticəsində hazırlanmış xəmir zay olmuş və kisələrlə una verdiyi pul batmış və ziyana düşmüşdür. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 2016-2017-ci illər ərzində qazın kəsilməsi nəticəsində hazırlanmış xəmiri zay olduğuna və kisələrlə una verdiyi pulu batdığına görə hazırkı məbləğin cavabdehdən tutulmasını və iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, hər hansı bir qəza halı baş verdikdə və ya nasazlığın aradan qaldırılması və s. səbəblərdən verilən təbii qaz Cavabdeh tərəfindən dərhal dayandırılır. Baş verə biləcək hər hansı qəza ehtimalını nəzərə alaraq qazın verilməsi abonentlərə xəbərdarlıq edilmədən dərhal dayandırılır. Hazırkı iş üzrə iddiaçıya xəbərdarlıq edilmədən qazın veriməsinin dayandırılması halları olmamışdır. Həmçinin iddiaçı Cavabdeh tərəfindən ona zərər vurulması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - İddiaçı ilə Cavabdeh İB arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 1276-06-16 nömrəli müqavilədən müəyyən olunur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür - xx.xx.2014-cü il tarixli, 001035 nömrəli qaimə-fakturadan görünür ki, ünvan 2 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının yekun dəyəri 883,86 manat təşkil etmişdir. - İddiaçı tərəfindən Cavabdehnə məktubla müraciət edilərək sonuncu tərəfindən dəymiş 3000 manat zərərin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları məcmu halda qymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iddia tələbini cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 3000 manat maddi ziyanın vurulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 3000 manat maddi ziyanın vurulması sübuta yetirilmədiyindən, iddia tələbi rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar