Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9388/2025 13.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 1,824.35 manat borcun, 38.25 manat dövlət rüsumunun - cəmi 1,862.60 manat məbləğin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Çünki iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı Cavabdeh2 məhkəmədə ona qarşı iddia qaldırılmamışdan öncə vəfat etdiyi müəyyən edilmişdir. Belə ki, “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Göründüyü kimi, iddia ərizəsi üzrə tələb yalnız fiziki və ya hüquqi şəxsə yönələ bilər. Fiziki şəxsin ölməsi ilə onun hüquq qabiliyyətinə, yəni mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətinə xitam verilir. Başqa sözlə, ölmüş şəxs heç bir mülki hüquq vəzifəsi daşıya bilmədiyindən həmin şəxsə qarşı iddia tələbi də yönələ bilməz. Cavabdeh2 02 fevral 2025-ci il tarixdə ölmüş, hazırkı iddia ərizəsi məhkəməyə onun ölümündən sonra 12 noyabr 2025-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İddiaçı MMC-nin Cavabdeh2 vərəsələrinə qarşı iddia qaldırmalı olduğu halda, ölmüş şəxsə qarşı iddia qaldırdığından, ölmüş fiziki şəxsin hüquq qabiliyyəti olmadığından və ona hər hansı tələb yönələ bilməyəcəyindən hazırkı işə cavabdehə münasibətdə məhkəmə qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə cavabdehin məhkəmədə iddia qaldırılmamışdan öncə vəfat etdiyini nəzərə alaraq hesab edirəm ki, İddiaçı MMC-nin Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməli, iddiaçıya cavabdehin vərəsələrinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı MMC-nin Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçı MMC-yə Cavabdeh2 vərəsələrinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddia qaldırmaq hüququ izah edilsin. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-9388/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9388/2025
13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver