Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-940/2025 04.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 15 may 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 104 036,65 manat məbləğində pulun və ödənilmiş 410 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında SEL/235/05/024 nömrəli xx.xx.2024-cü il tarixli malların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 104 036,65 manat olmaqla mal satışı həyata keçirmiş, lakin cavabdeh tərəfindən malların dəyərinin ödənilməsi təmin edilməmiş və nəticə etibarilə cavabdehin iddiaçı qarşısında cəmi 104 036,65 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehlə dəfələrlə telefon əlaqəsi saxlanılmış və yazılı müraciətlər edilmişdir. Cavabdeh iddiaçı tərəfindən ona borcla bağlı göndərilmiş pretenziyanı almış, lakin buna baxmayaraq, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada mediasiyaya müraciət edilmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/8/2024-02197 saylı arayış alınmışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 427.3, 442-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi X4 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə bildirişləri cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla, telefonoqram ötürülməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İddia ərizəsinə əlavə edilən iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında 15 may 2024-cü il tarixdə bağlanmış SEL/235/05/24 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, hazırkı müqavilənin predmetini “Satıcı” tərəfindən qiyməti, sayı, çeşidi, modelli və s. müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə (X2, Sifarişnamə, Təklif, Spesifikasiya, Satınalma Sifarişi (“Purchase Order”) və sair adlandırıla bilər) qeyd olunan yüksək keyfiyyətli elektrik mallarının müqavilə müddəti dövründə “Alıcı”ya satılması və “Alıcı” tərəfindən həmin malların qəbul edilərək, dəyərinin hazırkı müqavilədə nəzərdə tutulmuş qaydada “Satıcı”ya ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir (1-ci bənd). Malların Əlavələrdə razılaşdırılmış dəyəri “Alıcı” tərəfdən aşağıdakı qaydada ödənilir (2.1): sifariş verilmiş malların dəyəri, Mal “Alıcı”ya təhvil verildikdən sonra “Satıcı”nın təqdim etdiyi sənədlər (elektron qaimə-faktura, hesabfaktura/elektron hesab-faktura) əsasında 30 təqvim günü ərzində köçürülmə yolu ilə ödənilə bilər. Ödəniş tarixinədək ölkədə dolların manat qarşısında dəyər qazanması halında, “Satıcı”nın qiymətləri təktərəfli qaydada dəyişmək hüququ vardır (2.2). Ödəniş tarixi pul vəsaitlərinin “Satıcı”nın bank hesabına daxil olduğu tarix hesab olunur (2.3). Sifarişin icrası avans ödənişinin ödənildiyi tarixdən hesablanır (4.1). Əlavələrdə qeyd olunan mallar “Satıcı” tərəfindən “Alıcı”ya bir qayda olaraq “Satıcı”nın anbarında (mağazasında) təhvil verilir (4.2). İstisna hallarda Sifarişin dəyəri 1000 manat və daha yüksək olduqda malların Bakı şəhəri daxilində başqa ünvanda təhvil verilməsinə dair Əlavələrdə başqa qayda müəyyən edilə bilər (4.3).
11. Həmin müqaviləyə əlavə olan qiymətlərin razılaşma protokollarından görünür ki, 22 may 2024-cü il tarixli 02 nömrəli qiymətlərin razılaşma protokolu ilə ƏDV daxil olmaqla 47086,9 manat, 05 iyun 2024-cü il tarixli 03 nömrəli qiymətlərin razılaşma protokolu ilə ƏDV daxil olmaqla 6124 manat, 05 iyun 2024-cü il tarixli 04 nömrəli qiymətlərin razılaşma protokolu ilə ƏDV daxil olmaqla 4697,32 manat, 05 iyun 2024-cü il tarixli 05 nömrəli qiymətlərin razılaşma protokolu ilə ƏDV daxil olmaqla 4510,28 manat, 05 iyun 2024-cü il tarixli 07 nömrəli qiymətlərin razılaşma protokolu ilə ƏDV daxil olmaqla 3537,43 manat, 05 iyun 2024-cü il tarixli 08 nömrəli qiymətlərin razılaşma protokolu ilə ƏDV daxil olmaqla 3867,3 manat, 05 iyun 2024-cü il tarixli 05 nömrəli qiymətlərin razılaşma protokolu ilə ƏDV daxil olmaqla 5541,75 manat, 06 iyun 2024-cü il tarixli 11 nömrəli qiymətlərin razılaşma protokolu ilə ƏDV daxil olmaqla 4527,38 manat, 06 iyun 2024-cü il tarixli 12 nömrəli qiymətlərin razılaşma protokolu ilə ƏDV daxil olmaqla 7646,19 manat, 06 iyun 2024-cü il tarixli 13 nömrəli qiymətlərin razılaşma protokolu ilə ƏDV daxil olmaqla 6687,48 manat, 06 iyun 2024-cü il tarixli 14 nömrəli qiymətlərin razılaşma protokolu ilə ƏDV daxil olmaqla 3736,23 manat, 07 iyun 2024-cü il tarixli 14 nömrəli qiymətlərin razılaşma protokolu ilə ƏDV daxil olmaqla 6272,86 manat dəyərində malın ölçü vahidi, miqdarı, qiyməti və ümumi məbləği razılaşdırılmışdır.
12. Məhkəməyə təqdim edilən elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2024cü il tarixli EBED 436095 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 47086,9 manat, xx.xx.2024-cü il tarixli EBED 755144 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 6124 manat, xx.xx.2024-cü il tarixli EBED 760349 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 5541,75 manat, xx.xx.2024-cü il tarixli EBED 782605 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4201,7 manat, xx.xx.2024-cü il tarixli EBED 760344 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4697,32 manat, xx.xx.2024cü il tarixli EBED 765378 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4510,28 manat, xx.xx.2024-cü il tarixli EBED 765379 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3537,43 manat, xx.xx.2024-cü il tarixli EBED 782603 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3867,3 manat, xx.xx.2024-cü il tarixli EBED 806285 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 7646,19 manat, xx.xx.2024-cü il tarixli EBED 810347 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4527,37 manat, xx.xx.2024cü il tarixli EBED 810344 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 6687,48 manat, xx.xx.2024-cü il tarixli EBED 812497 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3736,23 manat, xx.xx.2024-cü il tarixli EBED 856460 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 6272,85 manat olmaqla ümumilikdə 108 436,8 manat dəyərində malın verilməsi üçün tərtib edilmişdir.
13. İş materiallarına əlavə edilən ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli EBED 436095 seriya və nömrəli elektron qaiməyə istinad edilməklə 4400 manat məbləğində ƏDV ödənilmişdir.
14. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya olan cəmi 108 436,8 manat borcundan 4400 manat ödənildiyi, qalan 104 036,8 manat məbləğində puldan xx.xx.2024-cü il tarixdə 26000 manat, xx.xx.2024-cü il tarixdə 26000 manat, xx.xx.2024-cü il tarixdə 26000 manat və xx.xx.2024-cü il tarixdə 26036,8 manat ödənilməsi cavabdehin direktorunun imzası ilə razılaşdırılmışdır.
15. Məhkəməyə təqdim edilən hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya olan borcu 104 038,87 manat olaraq təsdiq edilmişdir.
16. İş materiallarına əlavə edilən cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 məxsus ***-***-**-** nömrəli (“Elektron məhkəmə” informasiya sistemindən sorğulanaraq məxsusluğu təsdiq edilmiş) mobil telefon nömrəsi ilə aparılan vatsap danışıqlarından görünür ki, xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən həmin tarixli ödəniş cədvəli təqdim edilmiş, ödəniş cədvəlinə uyğun olaraq iddiaçının nümayəndəsi tərəfindən ayın 5nə (xx.xx.2024-cü il) ödənişin olub-olmayacağı dəqiqləşdirilərkən cavabdehin qanuni təmsilçisi ödənişin ediləcəyini bildirmişdir.
17. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında (3.11-3.30-cu dəqiqələr) vatsap yazışmalarına baxış keçirilərək müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixli üzləşmə aktı Qanuni nümayəndə2 məxsus ***-***-**-** nömrədən “pdf” formatında iddiaçının nümayəndəsinə göndərilmişdir.
18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 15 may 2024-cü il tarixli SEL/235/05/24 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində yüksək keyfiyyətli elektrik mallarını müqavilə müddəti dövründə cavabdehə satmağı, cavabdeh isə həmin malların qəbul edilərək dəyərini hazırkı müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə ƏDV daxil olmaqla 108 436,8 manat dəyərindən mal cavabdehə verilmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə cəmi 4400 manat ödəniş edilmişdir. Daha sonra cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 tərəfindən iddiaçıya göndərilən xx.xx.2024-cü il tarixli ödəniş cədvəli ilə mallarının dəyərinin hissə-hissə xx.xx.2024-cü il tarixədək ödənilməsi razılaşdırılmış, xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə cavabdehin iddiaçıya olan borcu ƏDV daxil olmaqla 104 038,87 manat olaraq müəyyən edilmişdir.
19. İddiaçı 15 may 2024-cü il tarixli SEL/235/05/24 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 104 036,65 manat borcun tutulmasını tələb edir.
20. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
21. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
24. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
25. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
26. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
27. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
28. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
29. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
30. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
31. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
32. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
33. Məhkəmə qeyd edir ki, cavabdehin qanuni təmsilçisi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilmiş bütün sübutlarla tanış olmaq imkanına malik olmuş, lakin üzləşmə aktı təsdiqləndikdən sonra ödənişin edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.
34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
35. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
38. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
39. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə təmin olunmalı, 15 may 2024-cü il tarixli SEL/235/05/24 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil olmaqla 104 036,65 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
40. İddiaçı eyni zamanda ödənilmiş 410 manat dövlət rüsumunun da tutulmasını tələb edir.
41. İş materiallarından görünür ki, **********38 nömrəli mədaxil qəbzi ilə 395 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
42. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
43. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Beləliklə, iddia tələbinin təmin edildiyini, iddianın qiymətinə uyğun dövlət rüsumunun məbləğini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 394 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
V. Nəticə:
45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli malların alqı-satqı müqaviləsi üzrə 104 036,65 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 394 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova