Məhkəmə qərarları › İş №e-2-2(113)-9406/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9406/2025

09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9406/2025 09.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasında Filialına qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı2 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasında Filialına qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı2 (bundan sonra-iddiaçı) cavabdeh Maqro Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasında Filialına (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12817.38 azn pulun və ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fərdi sahibkarlıqla məşğul olur, xx.xx.2023-cü il tarixdə № YXM-115/23 nömrəli Xidmət müqaviləsi tərtib edərək cavabdeh təşkilatın direktoru Əmrah Ucarla müqavilə bağlamışdır. Bağlanmış müqavilə əsasında ona məxsus olan yük maşınları ilə “Gəncə-Qazax Gürcüstan” sərhəddi yolunun 4 zolağa genişləndirilməsi layihəsi çərçivəsində çalışmışam. Göstərdiyi xidmətə görə ona veriləcək zəhmət haqqının bir qismini almış lakin, 31 mart 2024-cü il tarixdə 6045.63 azn, 30 aprel 2024-cü il tarixdə 5952.38 azn, 31 may 2024-cü il tarixdə 829.37 azn, cəmi 12817.38 azn dəyərində iş görmüş, lakin həmin pullar mənə bu günə qədər ödənilməmişdir. Dəfələrlə həmin şirkətin rəhbərinə müraciət olunmasına baxmayaraq onlar heç bir əsas olmadan pulu verməkdən imtina edirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmaq üçün vəkilə müraciət etmişdir. Bağlanmış müqavilə əsasında vəkil həmin təşkilata məktubla müraciət edərək həmin pulun ödənilməsini qısa müddətdə təmin etmələrini, əks təqdirdə isə məhkəmədə iddia qaldıracağı barədə rəsmi olaraq xx.xx.2025-ci il tarixdə cavablı məktub göndərmişdir. Onlar həmin müraciəti almaqlarına baxmayaraq göstərilənlərə əməl etməmiş və pulu ödəməmişdir.

3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 12817,38 manat əsas borcun, 700 manat faiz borcunun, ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş təhvil-təslim aktları tərəflər tərəfindən imzalanmamış və müvafiq qaydada təsdiq edilməmişdir, həmçinin müqavilə iş materiallarında mövcud deyildir. Həmin aktlarda nə cavabdehin səlahiyyətli nümayəndəsinin imzası, nə də cavabdeh hüquqi şəxsin möhürü mövcuddur. Bu isə sözügedən aktların tərəflərin iradəsini ifadə edən, hüquqi nəticə doğuran sənəd kimi qəbul edilməsinə imkan vermir. Tərəflər tərəfindən imzalanmamış və təsdiqlənməmiş sənədlər isə mötəbər sübut hesab edilə bilməz və məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməməlidir. Bu baxımdan, iddiaçı tərəfindən təqdim edilmiş imzasız və təsdiqsiz təhvil-təslim aktlarının hüquqi qüvvəsi yoxdur və həmin sənədlər əsasında cavabdehin hər hansı öhdəlik götürdüyü qənaətinə gəlinməsi mümkün deyildir. Bu halın məhkəmə tərəfindən nəzərə alınmasını və sözügedən aktların sübut kimi qiymətləndirilməməsini və iddianın rədd edilməsini xahiş edir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında müqavilə üzrə işlərin qəbulu təhvil-təslim aktı ilə deyil, elektron qaimə ilə rəsmiləşdirilmişdir. Hazırkı elektron qaimələr üzrə cavabdeh tərəfindən ona ümumilikdə 38559,28 manat pul ödənilmişdir. İddia ərizəsi verilərkən qalıq borc yanlışlıqla az göstərilmişdir. Hazırkı iddia tələbi 2024-cü ilin mart, aprel və may aylarında görülmüş işlərlə bağlıdır. Həmin işlərlə bağlı cavabdehə təqdim etdiyi elektron qaimələr hazırkı günə qədər düzəlişə və ya ləğvə göndərilməmişdir. Bundan əlavə, borcun gecikdirildiyi bir illik dövr üzrə illik 5 faizlə hesablanmış borcun tutulmasını da tələb edir, 700 manat məbləği də təxmini olaraq hesablamışdır.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.

8. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 21BB555 dövlət qeydiyyat nişanlı, 2011-ci il istehsal tarixli, qeydiyyat tarixi xx.xx.2022, mühərrikin nömrəsi 1408F002012, rəngi qızılı oxra, markası Shacman, model SX3315DT326 Yük, tip özüboşaldan olan nəqliyyat vasitəsi iddiaçının xüsusi mülkiyyətindədir.

11. İddiaçı ilə (icraçı) cavabdeh (sifarişçi) arasında imzalanmış xx.xx.2023-cü il tarixli, YXM-115/23 nömrəli xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin sifarişi əsasında xidmətləri icra edərək sifarişçiyə verməyi, sifarişçi isə həmin xidmətləri qəbul etdikdən sonra müqavilə məbləğini ödəməyi öhdəsinə götürür.

12. Müqavilənin 1.2-ci bəndinə əsasən xidmətin növləri, xidmət haqqı müqavilənin əlavəsi olan “qiymət razılaşdırma protokolu” ilə müəyyən edilir.

13. Müqavilənin 2.3-cü bəndinə əsasən “xidmətlərin göstərilməsinə dair akt” tərəflər arasında yazılı təsdiq edildikdən sonra icraçı tərəfindən həmin akt üzrə düzgün formada təqdim edilən elektron qaimə-faktura əsasında sifarişçi tərəfindən 30 (otuz) iş günü ərzində xidmətlərin dəyəri icraçının bu müqavilədə göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilir.

14. Müqavilənin 3.1.4-cü bəndinə əsasən sifarişçi xidmət haqqını bu müqavilədə göstərilən müddətdə və miqdarda icraçıya ödənilməsini təmin edir.

15. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, YXM-115/23 saylı xidmət müqaviləsinə 1 nömrəli əlavə ilə tərəflər buraxılış ili 2011, qeydiyyat tarixi xx.xx.2022, mühərrikin nömrəsi 1408F002012, rəngi qızılı oxra, qeydiyyat nömrəsi 21BB555, markası Shacman, model SX3315DT326 Yük, tip özüboşaldan olan nəqliyyat vasitəsi ilə inşaat sahəsi ərazisində torpaq və yük daşınması işlərinin həyata keçirilməsi aylıq 5500 AZN, günlük 196,42 AZN, saatlıq 21,82 AZN dəyərində razılaşdırılmışdır.

16. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, EBDW 954719 nömrəli 2523,84 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDR 161323 nömrəli 4244,64 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDM 494055 nömrəli 4571,04 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDU 418006 nömrəli 5546,10 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDL 303488 nömrəli 6523,28 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDH 835471 nömrəli 6404,20 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDR 161087 nömrəli 5532 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDH 834758 nömrəli 5346,90 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBEC 909257 nömrəli 6045,30 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBEC 909291 nömrəli 5952,08 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT10543149 nömrəli 829,36 manat məbləğində (ümumilikdə 53518,74 manat) elektron qaimə-faktura təqdim edilmişdir.

17. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 6404,20 manat, xx.xx.2023-cü il tarixdə 16626,32 manat, xx.xx.2023-cü il tarixdə 5546,10 manat, xx.xx.2024-cü il tarixdə 9982,68 manat, ümumilikdə 38559,28 manat məbləğində vəsait ödənilmişdir.

18. Məhkəmə iddiaçının izahatını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

25. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

26. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, YXM-115/23 nömrəli podrat müqaviləsi bağlanmış, iddiaçı sifarişçinin sifarişi əsasında mülkiyyətində olan texnika ilə torpaq qazıntısı və yük daşınması işlərinin icra edilməsi öhdəliyini icra etməyi üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etsə də cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

28. Belə ki, iddiaçı tərəfindən həmin müqavilə üzrə icra edilmiş işlərlə bağlı cavabdehə təqdim edilmiş elektron qaimələr üzrə ümumilikdə 53518,74 manat məbləğində ödəniş edilməli olduğu halda cavabdeh tərəfindən cəmi 38559,28 manat vəsait ödənilmiş, qalıq borc ödənilməmişdir.

29. Təqdim edilmiş sənədlərdən qalıq borcun məbləğinin 14959,46 manat olması müəyyən edilmiş, lakin iddiaçı iddia ərizəsində qalıq 12817,38 manat borcun tutulmasını xahiş etmişdir.

30. Məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün iddia əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 12817,38 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

31. Məhkəmə cavabdehin icra edilmiş işlərlə bağlı tərəflər arasında lazımi qaydada təsdiqlənmiş ikitərəfli təhvil aktlarının olmaması barədə dəlilinə cavab olaraq bildirir ki, materiallardan görünür ki, xx.xx.2023-cü il tarixli, YXM-115/23 nömrəli müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək ümumilikdə 38559,28 manat məbləğində vəsait ödənilmişdir.

32. Cavabdeh tərəfindən məhkəməyə həmin vəsaitlərin elektron qaimələr üzrə deyil, təhvil aktları əsasında ödənildiyini, habelə əvvəlki işlərin qəbulunun məhz aktlarla rəsmiləşdirildiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

33. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 12817,38 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 12817,38 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir

34. İddia ərizəsindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli, YXM-115/23 saylı müqavilə üzrə icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində bir illik dövr üzrə ümumilikdə 700 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.

35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

36. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

37. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

38. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

39. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

40. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

41. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

42. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

43. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

44. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

45. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

46. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması bankın gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

47. Bununla yanaşı, məhkəmə hesab edir ki, tələb edilən zərərin məbləği iddiaçı tərəfindən düzgün hesablanmamışdır.

48. İddiaçı məhkəmə iclasındakı izahatında zərərin bir il üçün tələb edildiyini bildirmişdir.

49. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 640,86 manat (12817,38 manat * 5 % / 100) müəyyən edilməlidir.

50. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 12817,38 manat əsas borc, 640,86 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 130,38 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 29,62 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasında Filialından 12817,38 manat əsas borc, 640,86 manat faiz borcu, 130,38 manat dövlət rüsumu, ümumilikdə 13588,62 (on üç min beş yüz səksən səkkiz manat altmış iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 29,62 (iyirmi doqquz manat altmış iki qəpik) manat dövlət rüsumu İddiaçı2 özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar