Məhkəmə qərarları › İş №e-2-2(113)-942/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-942/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-942/2020 27.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı “İddiaçı" MMC-nin nümayəndəsi X1 və cavabdeh "X6 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti"nin nümayəndəsi, vəkil X2 iştirakı ilə, İddiaçı "İddiaçı" MMC-nin cavabdeh "X6 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti"yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 37906,43 ABŞ dolları, hesablanmış cərimə borcuna görə 189,53 ABŞ dolları olmaqla, ümumilikdə 38095,96 ABŞ dolları məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli İm 018/17 saylı tekstil avadanlıqları üçün ehtiyyat hissələrinin alqısatqısına dair kontrakta əsasən, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 319893,57 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Lakin, köçürülmüş avans məbləğinin müqabilində cavabdeh tərəfindən iddiaçının ünvanına cəmi 299793,60 ABŞ dolları məbləğində ehtiyyat hissələri göndərilmişdir. Son nəticədə cavabdehin iddiaçıya xx.xx.2017-ci il tarixli İm 018/17 saylı müqavilə üzrə 20100 ABŞ dolları məbləğində borcu yaranmışdır. Həmçinin, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli İm 024/17 saylı kontrakta əsasən, tekstil avadanlıqlarının alınması üçün cavabdehə ümumilikdə 219106,43 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Köçürülmüş avans məbləğinin müqabilində cavabdeh tərəfindən iddiaçının ünvanına cəmi 201300 ABŞ dolları məbləğində avadanlıq göndərilmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2017-ci il tarixli İm 024/17 saylı müqavilə üzrə 17806,43 ABŞ dolları məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdehin iddiaçıya hər iki kontrakt üzrə ümumilikdə 37906,43 ABŞ dolları məbləğində borcu yaranmışdır. Eyni zamanda, mövcud kontraktın 9-cu bəndinə əsasən, tərəflər müqavilə üzrə üzərinə götürülmüş öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yerinə yetirilməmiş öhdəliklərin miqdarının 0,5 % həcmində cərimə ödəməlidirlər. Cavabdehin müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə bağlı iddiaçıya ümumilikdə 37906,43 ABŞ dolları məbləğində borcu yaranmış, dəbbə pulunun hesablanmış məbləği (37906,43 ABŞ*0,5 %) 189,53 ABŞ dolları təşkil edir. Həmçinin, mövcud kontraktın 8-ci bəndinə uyğun olaraq, tərəflər arasında yaranmış mübahisələrə və fikir ayrılıqlarına Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, aidiyyatı üzrə Azərbaycan Respublikasının Məhkəməsində baxılması nəzərdə tutulmuşdur. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, İm 018/17 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 317600 ABŞ dolları məbləğində vəsaitin ödənildiyini, lakin cavabdehin ümumilikdə 300430 ABŞ dolları məbləğində iddiaçıya mal göndərdiyini bildirərək, xx.xx.2017-ci il tarixli, İm 018/17 saylı müqavilə öhdəliklərinin yerinə yetirilməməsindən yaranmış 17100 ABŞ dolları məbləğində əsas borcun, 86 ABŞ dolları məbləğində dəbbə pulunun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “İddiaçı" MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında iddia ərizəsində göstərilənlərlə yanaşı, tələb olunan vəsaitin əvəzində cavabdeh tərəfindən eyni həcmdə hər hansı avandanlıqların quraşdırılmasını və texniki dəstək işlərinin görülməsi ilə bağlı tərəflərin arasında heç bir razılaşmaların olmadığını bildirmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddia tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "X6 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti"nin nümayəndəsi, vəkil X4 iddianı qəbul etməyərək izahatında cavabdehin iddiaçıya məxsus İmişli filialında olan müəssisədə 17806,43 ABŞ dolları məbləğində avandanlıqların quraşdırılmasını və texniki dəstək işlərinin görüldüyünü və bu haqda müvafiq aktın tərtib olunduğunu və tələb olunan vəsaitin həmin işlərlə əvəz olundunu bildirmişdir. Odur ki məhkəmədən qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli, İm 018/17 nömrəli tərəflər arasında bağlanmış alqı-satqı kontraktından (bundan sonra - müqavilə) görünür ki, Satıcı – “X6 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti" müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli qoşmada göstərilmiş 317600 ABŞ dolları dəyərində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə hesab-invoys, mal-nəqliyyat qaiməsi, mənşə setifikatı əsasında alıcıya - “İddiaçı" MMC-yə təhvil verməyi (satmağı), Alıcı – “İddiaçı" MMC də öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə ödəməli, əgər gecikdirilərsə müqavilənin yerinə yetirilməmiş öhdəliklərin miqdarının 0,5 faizi həcmində cərimənin ödənilməsi şərti ilə təhvil almağı öz öhdəsinə götürmüşdür. Həmçinin, mövcud kontraktın 8-ci bəndinə uyğun olaraq, tərəflər arasında yaranmış mübahisələrə və fikir ayrılıqlarına Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, aidiyyatı üzrə Azərbaycan Respublikasının İnzibati-İqtisadi Məhkəməsində (indiki Bakı Kommersiya Məhkəməsi) baxılması nəzərdə tutulmuşdur. xx.xx.2017-ci il tarixli, İm 018/17 nömrəli müqaviləyə 01 nömrəli qoşmadan görünür ki, sözügedən müqavilə üzrə Satıcı – “X6 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti" tərəfindən Alıcı – “İddiaçı" MMC-yə göndəriləcək malların ümumi dəyəri 317600 ABŞ dolları təşkil edir. xx.xx.2017-ci il tarixli, 6029 nömrəli ödəniş tapşırığından görünür ki, ödənişin təyinatı olan xx.xx.2017-ci il tarixli, İm 018/17 nömrəli müqavilə üzrə 158800 ABŞ dolları məbləğində vəsait “İddiaçı" MMC tərəfindən “X6 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti"nin hesabına köçürülmüşdür. 294904 nömərli, xx.xx.2017-ci il tarixli faturadan görünür ki, xx.xx.2017-ci il tarixli, İm 018/17 nömrəli müqavilə üzrə malların ümumi dəyəri 134395 ABŞ dolları təşkil edir. xx.xx.2017-ci il tarixli gömrük bəyyanəməsindən görünür ki, “X6 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti" tərəfindən ümumi dəyəri 134395 ABŞ dolları məbləğində olan mallar “İddiaçı" MMC-yə göndərilmişdir. 295051 nömərli, xx.xx.2017-ci il tarixli faturadan görünür ki, xx.xx.2017-ci il tarixli, İm 018/17 və 024/17 nömrəli müqavilələr üzrə malların ümumi dəyəri 17806,43 ABŞ dolları təşkil edir. 294907 nömərli, xx.xx.2017-ci il tarixli faturadan görünür ki, xx.xx.2017-ci il tarixli, İm 018/17 nömrəli müqavilə üzrə malların ümumi dəyəri 166035 ABŞ dolları təşkil edir. xx.xx.2017-ci il tarixli gömrük bəyyanəməsindən görünür ki, “X6 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti" tərəfindən ümumi dəyəri 166035 ABŞ dolları məbləğində olan mallar “İddiaçı" MMC-yə göndərilmişdir. xx.xx.2017-ci il tarixli, 8840 nömrəli köçürmə ərizəsindən (ödəniş tapşırığından) görünür ki, ödənişin təyinatı olan xx.xx.2017-ci il tarixli, İm 018/17 nömrəli müqavilə üzrə 158800 ABŞ dolları məbləğində vəsait “İddiaçı" MMC tərəfindən “X6 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti"nin hesabına köçürülmüşdür. xx.xx.2018-ci il tarixli tərəflərin imzaları ilə təsdiq edilmiş aktın sürətindən görünür ki, “İddiaçı" MMC ilə “X6 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti" şirkəti ilə arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İm 018/17 və 024/17 nömrəli müqavilələrin icra olunması ilə əlaqədar göndərilmiş 294904, 294907, 294910, 294914, 294915 və 294982 nömrəli faturalara əsasən alınmış mallardan əlavə olaraq, 295051 nömrəli, xx.xx.2017-ci il tarixli faturaya əsasən avadanlıqların (makinaların, EkiP malların) quraşdırılmasına layihəmantaj və texniki dəstək göstərilmiş və filialda şirkət tərəfindən göndərilmiş sex ustası işləmiş, göstərilən işlərin fatura üzrə dəyəri 17806,43 ABŞ dollar təşkil edir və işlər yerinə yetirilmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 449.1, 462.1, 467, 567 və 598ci maddələri). Göründüyü kimi iddiaçı "İddiaçı" MMC ilə cavabdeh "X6 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti" arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış, "İddiaçı" MMC cavabdeh "X6 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti" ehtiyyat hissələrin alınması üçün 317600 ABŞ dolları məbləğində vəsait köçürülmüş, sonuncu isə bunun müqabilində iddiaçıya cəmi 300430 ABŞ dolları məbləğində mallar göndərməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, göndərilməyən mallara görə ödənilən vəsait 17170 ABŞ dolları təşkil etsə də, iddiaçı həmin vəsaitdən az, yəni 17100 ABŞ dolları tələb etdiyindən, iddia həmin hissədə tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə (cərimə) tələbi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə (cərimə) tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "X6 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti" dən xx.xx.2017-ci il tarixli, İm 018/17 nömrəli müqavilə üzrə 17100 ABŞ dolları məbləğində pul, 10 ABŞ dolları dəbbə (cərimə) olmaqla, cəmi 17110 ABŞ dolları məbləğində pul tutularaq iddiaçı "İddiaçı" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu da cavabdeh "X6 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti"dən tutularaq iddiaçı "İddiaçı" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli, İm 018/17 nömrəli müqavilə üzrə 17100 ABŞ dolları məbləğinə pul, 10 ABŞ dolları dəbbə (cərimə) olmaqla, cəmi 17110 ABŞ dolları məbləğində pul ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdeh "X6 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti"dən tutularaq iddiaçı "İddiaçı" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar