Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-942/2025 17.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 16 yanvar 2024-cü il tarixli, HSG/FP-16/01/24 saylı alqı satqı müqaviləsi üzrə yaranmış 8596,99 AZN borc məbləğinin və bu məbləğin 18% ƏDV-sinin (1547,48 AZN) olmaqla, həmçinin 2028,89 AZN məbləğində dəbbə pulu, ümumilikdə 12173,36 AZN pul məbləğinin və həmçinin 126,52 AZN dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 16 yanvar 2024-cü il tarixli, HSG/FP-16/01/24 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Satıcı ona məxsus olan və üçüncü şəxslərin hüquqlarından azad malları Alıcının yazılı sifarişi və hər iki tərəfin imzaları (möhürləri) ilə təsdiq edilmiş elektron qaimə əsasında Alıcıya satır. Alıcı isə həmin malları qəbul edərək, müqavilədə göstərilən qaydada Malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Cavabdeh MMC tərəfindən alqı-satqı müqavilələrinin şərtləri pozulmuş və müqavilə üzrə ödənişlər icra olunmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, lakin iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında xx.xx.2024-cü il tarixli, HSG/FP-16/01/24 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı ona məxsus və üçüncü şəxslərin hüquqlarından azad malları alıcının yazılı sifarişi və hər iki tərəfin imzaları ilə təsdiq edilmiş elektron qaimə əsasında alıcıya satır, alıcı isə həmin malları qəbul edərək, müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəyir.
11. Müqavilənin 2.1-ci maddəsinə əsasən bu Müqavilə üzrə malın qiyməti, Satıcının, mal alınan tarixə uyğun olan qiymət cədvəli ilə hesablanır. Son qiymət Alıcının Təchizat şöbəsi ilə razılığa gələndən sonra elektron qaimədə göstərilir.
12. Müqavilənin 2.2-ci bəndinə əsasən Malların dəyəri köçürmə yolu ilə mallar Alıcıya tam təhvil verildikdən sonra tərəflər arasında təsdiqlənən müvafiq təhvil təslim aktı və Satıcı tərəfindən təqdim olunan ödəniş sənədləri (hesab- faktura, e-qaimə) əsasında 3 (üç) bank günü ərzində həyata keçirilir.
13. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
16. İddiaçı tərəfindən iş materiallarına məhsulun adı, miqdarı, qiyməti və ümumi məbləği barədə cavabdehlə imzaladığı qiymət razılaşdırma protokolları və malların İddiaçı tərəfindən "xxxx" MMC-yə təhvil verilməsi barədə təhvil-təslim aktları əlavə edilmişdir.
17. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBEA seriyalı 117522 nörməli, xx.xx.2024-cü il tarixli, dəyəri 193,59 manat, EBEA seriyalı 118510 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 2.368,85 manat, EBDZ seriyalı, 352051 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri776,68 manat, EBDZ seriyalı, 351228 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 255,59 manat, EBDZ seriyalı, 352367 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 317,41 manat, EBDZ seriyalı, 344713 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 256,30 manat, EBEA seriyalı, 124436 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 2.069,84 manat, EBDZ seriyalı, 352211 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 362,78 manat, EBDZ seriyalı, 353916 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1.723,39 manat, EBEA seriyalı, 117635 nömrəlixx.xx.2024-cü il tarixli, dəyəri 151,75 manat, EBEAseriyalı 117124 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 254,41 manat, EBDZ seriyalı, 351941 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 1.413,88 manat olan elektron qaimələr göndərilmişdir.
18. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 10.114,47 manat təşkil edir.
19. Hazırda iddiaçı 8.596,99 manat əsas borc və 1.547,48 manat ƏDV borcu olmaqla, ümumilikdə 10.114,47 manat məbləğində borcun tutulmasını xahiş edir.
20. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 10.114,47 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
21. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.
22. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, əsas borc üzrə 8.596,99 manat və ƏDV borcu üzrə 1.547,48 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.
24. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən Alıcı Malların dəyərini Satıcıya vaxtında ödəmədikdə, o hər ötən gün üçün müqavilə əsasında alınan malın ümumi məbləğinin 1%-i həcmində, lakin ümumi məbləğin 20%dən çox olmamaqla dǝbbə pulu ödəməlidir.
25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
26. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 430 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir
27. Bundan başqa, iddia ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixli, **********68 nömrəli qəbzə əsasən İddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 126,52 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
28. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 121,72 manat təşkil edir.
29. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 8.596 (səkkiz min beş yüz doxsan altı) manat 99 (doxsan doqquz) qəpik, ƏDV borcu üzrə 1.547 (bir min beç yüz qırx yeddi) 48 (qırx səkkiz) qəpik, cərimə borcu üzrə 430 (dörd yüz otuz) manat olmaqla, ümumilikdə 10.574 (on min beş yüz yetmiş dörd) manat 47 (qırx yeddi) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 121 (bir yüz iyirmi bir) manat 72 (yetmiş iki) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov