Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9435/2025 21.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Mənsimov Ceyhun Mənsim oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs, eyni zamanda fiziki şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2111,88 manat, İşsizlikdən sığorta fonduna olan 52,88 manat, İcbari Tibbi Sığorta Fonduna olan 378,8 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 0,94 manat, İcbari Tibbi Sığorta Fonduna 0,49 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 52,88 manat, Dövlət Sosial Müdafiə Fonduna 2110,94 manat, İcbari Tibbi Sığorta Fonduna 378,31 manat olmaqla, ümumilikdə 2543,56 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********589800, xx.xx.2022-ci il tarixli ******************.07.2025-ci il tarixli **********087100, xx.xx.2025-ci il tarixli **********088800, xx.xx.2025-ci il tarixli **********086400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahatında bildirdi ki, DSMF-yə rəhbəri olduğu hüquqi şəxsin təxminən 2000 manat borcu vardır və xəstəliyi ilə əlaqədar yaranmışdır. Ərizənin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxır. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə işdə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq edilən sübutlar əsasında müəyyən edilən işin halları: Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəridir, eyni zamanda o, Məişət maye yanacağı, balon qazı, kömür və ağac yanacağının pərakəndə satişi fəaliyyət istiqaməti üzrə xx.xx.2020-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyatdadır (VÖEN: **********), Hüquqi şəxs "xxxx" MMC xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır (VÖEN: **********). Həmin tarixlərdən açılan şəxsi hesab vərəqəsi üzrə hüquqi və fiziki şəxsin müvafiq tarixlərə sığorta fondlarına borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı maraqlı şəxsə müxtəlif vaxtlarda, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmiş və eyni zamanda borcun 15 gün müddətində ödənilmədiyi halda ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair xəbərdarlıq edilmişdir. Lakin nə məhkəməyə müraciət edilənə qədər, nə də məhkəmə icraatı dövründə ərizədə göstərilən borcun tam ödənildiyi müəyyən edilmir. Hansı ki, Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2025-ci il tarixli məlumat çıxarışından da görünür ki, xx.xx.2025-ci il tarixə vergi ödəyiciləri "UMUD-94 İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan hazırki borcu 718,15 manat, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə olan hazırki borcu 2737,72 manat təşkil edir. Tətbiq edilən normalar və məhkəmənin hüquqi mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-6. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. 355-7.1. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin 1.4-cü maddəsinə görə bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin məcəllənin 16.1.1-ci maddəsində qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi kimi təsbit edilmişdir. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Məhkəmə işin halları ilə müəyyən edilən hallara tətbiq edilməli olan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC-nin və fiziki şəxs kimi vergi ödəyicisi Maraqlı şəxs müvafiq olaraq Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən Sığorta Fonduna ödənilməmiş borcu yaranmışdır. Vergi ödəyicilərinə borcun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncular tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Lakin şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, fərdi sahibkar kimi Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 07 oktyabr 2025-ci il tarixə heç bir vergi borcu yoxdur, Dövlət Sosial Müdafiə Fonduna 0,94 manat, İcbari Tibbi Sığorta Fonduna isə 0,49 manat olmaqla, cəmi 1.43 manat borcu qalmışdır. Hansı ki, məhkəmə həmin borca münasibətdə ölkədən getmək hüququnun məhdudlaşdırılmasını aşağıda göstərilən hüquqi mövqeyə görə mütənasib hesab etməmişdir. Bununla belə, nəzərə alınmalıdır ki, Maraqlı şəxs həmçinin "xxxx" MMC-nin icra orqanının rəhbəridir və hansı ki, həmin hüquqi şəxsin yuxarıda göstərilən ödənilməmiş borcu qalmaqdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Odur ki, fərdi sahibkar kimi olmasa da, borclu hüquqi şəxsin icra orqanının rəhbəri olaraq, Maraqlı şəxs işsizlikdən sığorta fonduna, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna olan hüquqi şəxsin borcunun ödənilməsini təmin etmək məqsədilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsaslar mövcuddur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə mahiyyət etibarı ilə təmin edilməli, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2111,88 manat, İşsizlikdən sığorta fonduna olan 52,88 manat, İcbari Tibbi Sığorta Fonduna olan 378,8 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün "UMUD-94 İNŞAAT” MMC-nin icra orqanının rəhbəri – xx xxxxxx 1963-cü ildə Şəki şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “Dövlət rüsumu haqqında” AR Qanununun: 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. MPM-in 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən İşsizlikdən sığorta fonduna 52,88 manat, Dövlət Sosial Müdafiə Fonduna 2110,94 manat, İcbari Tibbi Sığorta Fonduna 378,31 manat olan borcun ödənilməsini təmin etmək üçün "UMUD-94 İNŞAAT” MMC-nin icra orqanının rəhbəri – xx xxxxxx 1963-cü ildə Şəki şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-9435/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9435/2025
21.11.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver