Məhkəmə qərarları › İş №e-2-2(113)-945/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-945/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-945/2023 28.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, üzləşmə aktı, sadələşdirilmiş icraat) Hakim Əhmədova Nərmin Məzahir qızı, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2522,63 manat borcun və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 65 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 05 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsi imzalnmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan ümumilikdə 2522,63 manat dəyərində müxtəlif mallar alsa da, həmin malların dəyəri hazırkı vaxtadək iddiaçıya ödənilməmişdir. Ödənişin həyata keçirilməsi üçün onlar tərəfindən cavabdehə 785291 saylı, xx.xx.2020-ci il tarixli, 785292 saylı, xx.xx.2020-ci il tarixli, 785293 saylı, xx.xx.2020-ci il tarixli, 830316 saylı, xx.xx.2020-ci il tarixli, 830622 saylı, xx.xx.2020 -ci il tarixli, 256829 saylı, xx.xx.2020-ci il tarixli, 256830 saylı, xx.xx.2020-ci il tarixli, 256831 saylı, xx.xx.2020-ci il tarixli, 450073 saylı, xx.xx.2020-ci il tarixli, 048996 saylı, xx.xx.2020-ci il tarixli, 048999 saylı, xx.xx.2020ci il tarixli elektron qaimələr də göndərilmişdir. Eyni zamanda tərəflər arasında 13 yanvar 2022-ci il tarixdə qarşılıqlı üzləşmə aktı da imzalanmış, borc məbləği təsdiq edilmişdir. Eləcə də borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdeh ilə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443, 448-ci maddələrinə istinad edilmişdir.

II. Mümkünlük və cavabdehin etirazı

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır;

5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

6. Cavabdehə Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə uyğun olaraq rəsmi qaydada bildiriş, telefonoqram, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Məhkəmə baxışının hədləri

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.

10. İddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 05 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsi itirildiyi üçün iş materiallarına əlavə edilməmişdir.

11. İş materiallarına əlavə edilmiş malların təhvil-qəbul aktlarından görünür ki, 08 yanvar 2020-ci il tarixli aktlarla 92,57 manat, 7,75 manat, 1386,77 manat, 09 yanvar 2020ci il tarixli aktlarla 17,75 manat, 40,16 manat, 21 yanvar 2020-ci il tarixli aktlarla 800,36 manat, 46,29 manat, 39,49 manat, 25 yanvar 2020-ci il tarixli aktla 17,75 manat, 04 fevral 2020-ci il tarixli aktlarla 522,26 manat, 24,13 manat dəyərindəki malların qəbul edilməsi təsdiqlənir.

12. İddia ərizəsinə əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2020-ci il tarixli EBAE 785291, EBAE 785292, EBAE 785293, EBAE 830316, xx.xx.2020-ci il tarixli EBAE 830622, xx.xx.2020-ci il tarixli EBAF 256829, EBAF 256830, EBAF 256831, xx.xx.2020-ci il tarixli EBAF 450073, xx.xx.2020-ci il tarixli EBAG 048996, EBAG 048999 seriya və nömrəli elektron qaimə-fakturalardan görünür ki, müvafiq olaraq əlavə dəyər vergisi daxil 1386,78 manat, 7,75 manat, 92,57 manat, 40,15 manat, 17,74 manat, 800,37 manat, 46,29 manat, 39,49 manat, 17,74 manat, 24,13 manat və 522,25 manat dəyərindəki müxtəlif adda məhsulların təqdim edilməsi rəsmiləşdirilmişdir. 13.Məhkəməyə təqdim edilən hər iki tərəfin möhürü ilə təsdiq edilmiş 13 yanvar 2022ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdeh 31 dekabr 2021-ci il tarixə iddiaçıya 2522,63 manat borcu olduğunu təsdiq etmişdir.

14. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, həmin münasibətdən irəli gələrək iddiaçı ayrı-ayrı vaxtlarda cavabdehə müxtəlif adda mallar təhvil vermiş, cavabdeh isə həmin malları qəbul etmiş, xx.xx.2022-ci il tarixə cavabdehin iddiaçıya 2522,63 manat borcu olmuşdur.

15. Məhkəmə 05 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinin itirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, təqdim olunmuş üzləşmə aktı, təhvil-qəbul aktları və elektron qaimə-fakturalarla tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətinin olduğu təsdiqlənir, həmçinin qarşılıqlı üzləşmə aktı ilə təsdiqlənmiş borc malların təhvil-qəbul aktları və elektron qaimə-fakturalarda göstərilən malların dəyəri ilə də əhatə olunur.

16. İddiaçı qeyd edilən 2522,63 manat məbləğində pulu tələb edir.

17. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir və sadələşdirilmiş icraat üzrə ərizəyə baxılma qaydası və iddiaya etiraz etmə hüququ rəsmi qaydada – məhkəmə bildirişi göndərilməklə, telefonoqram ötürülməklə izah edilsə də, heç bir etiraz təqdim etmir. 18.Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. 19.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları). 20.Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eləcə də vurğulayır ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

22. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

25. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

26. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, iddiaçının verilmiş əşyanın dəyərinin ödənilməsi tələbinin hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

27. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 28.Hazırkı iş üzrə qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.

29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

33. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyi nəzərə alındığında, malların dəyərini ödəmək ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 2522,63 manat borcun tutulması tələbi əsaslı olduğundan təmin edilməli, 2522,63 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

34. İddia ərizəsində iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 65 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.

35. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/11-01257 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixə keçirilməsi nəzərədə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçının nümayəndəsi iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat ödəniş etmişdir.

36. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

38. Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

39. Göründüyü kimi, kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. 40.Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 41.Hazırkı iş üzrə iddia tələbi tam təmin edildiyindən, eləcə də təqdim edilmiş mediasiya arayışı ilə sadəcə 60 manat məbləğində vəsaitin iddiaçı tərərfindən ödəndiyi təsdiq edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 2522 (iki min beş yüz iyirmi iki) manat 63 (altmış üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar