Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-945/2025 10.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cəmi 4.272,94 manat borcun və ödənilmiş 70 manat dövlət rüsumunun Cavabdehndən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında SER 081/11/022 nömrəli xx.xx.2022-ci il tarixli Xidmət müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 4.272,94 manat olmaqla mal satışı həyata keçirmiş, lakin cavabdeh tərəfindən xidmətlərin dəyərinin ödənilməsi təmin edilməmiş və nəticə etibarı ilə cavabdehin iddiaçı qarşısında cəmi 4.272,94 məbləğində borcu yaranmışdır. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehlə dəfələrlə telefon əlaqəsi saxlanılmış və yazılı müraciətlər edilmişdir. Cavabdeh iddiaçı tərəfindən ona borcla bağlı göndərilmiş pretenziyanı almış, lakin, buna baxmayaraq, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə qiyabi icraat qaydasında, nümayəndənin iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
5. Məhkəmə iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 112.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda – alınan məbləğlə müəyyən edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı QSC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında SER 081/11/022 saylı xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır.
10. Müqavilənin 1-ci bəndinə əsasən icraçı tərəfindən sifarişçiyə məxsus elektrik avadanlıqlarına onun sifarişi əsasında servis xidməti göstərilir, sifarişçi tərəfindən isə həmin xidmətlər qəbul edilib dəyəri ödənilir.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən müqavilə ilə müəyyənləşdirilmiş qaydada və məbləğdə icraçının təqdim etdiyi sənədlər (hesab-fakturalar, qaimə-fakturalar və digər sənədlər) əsasında ən qısa müddət ərzində 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
12. Müqaviləsi üzrə 15 noyabr 2022-ci il tarixli X1 ilə tərəflər xidmətlərin adı, qiyməti barədə razılığa gəlmişlər.
13. Müqavilə və X1 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan müqavilə münasibətləri alqı-satqı və xidmət müqaviləsinin elementlərini özündə əks etdirməklə, qarışıq müqavilədir.
15. Belə ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif adda mallar verilmiş və xidmətlər göstərilmişdir
16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDİ seriyalı 038880 nömrəli xx.xx.2023-cü il tarixli 1.513,92 manat dəyəri olan, EBDJ seriyalı 012332 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 3.349,03 manat olan elektron qaimələr göndərilmişdir.
17. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği ƏDV daxil 4.862,95 manat təşkil edir.
18. Hazırda iddiaçı cavabdehə verilmiş mallara görə 4.272,94 manat əsas borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.
19. Qeyd edilənləri və müqavilənin 2.2-ci bəndinə nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müvafiq xidmətlər cavabdehə göstərilmiş, cavabdehin isə göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsi yaranmışdır.
20. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
21. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, sözügedən borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.
22. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borc üzrə 4.272,94 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və Cavabdehndən tutularaq "xxxx" Qapalı Səhmdr Cəmiyyətinə Cəmiyyətinə ödənilməlidir.
23. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pulun tələb edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumu öənilməmiş, ilkin mediasiya xərci kimi 70 manat məbləğində pul ödənilmişdir. Yəni Məhkəmənin dövlət rüsumu ödənilməmişdir.
24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir.
25. Məhkəmə iddia tələbini nəzərə alaraq hesab edir ki, ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 62,73 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
VI. Nəticə:
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 4.272 (dörd min iki yüz yetmiş iki) manat 94 (doxsan dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 62 (altmış iki) manat 73 (yetmiş üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Kənan Hüseynov