Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-946/2024 04.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, hüquqi yardım və mediasiya xərci ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən 35.290,99 manat (Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) məbləğində əsas pulun, hər gecikdirilmiş gün üçün 0,1 % olmaqla, cəmi 5000 manat məbləğində dəbbə pulunun, həmçinin iddiaçı tərəfindən mediasiyaya çəkilmiş 210 manat və vəkilə ödənilmiş 220 manat pul vəsaitinin tutularaq İddiaçı QSC-nin xeyrinə ümumilikdə 40721 məbləğində pul vəsaitinin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC-nin (bundan sonra Saıctı) Baş direktoru X2 ilə Cavabdeh QSC -nin (bundan sonra Aılcı) direktoru X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli №061/V-20 müqaviləyə əsasən, müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən çeşiddə və texniki göstəricilərə uyğun vəziyyətdə olsan səki və döşəmə daşlarını müəyyən edilmiş şərtlər əsasında satmağı, Alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci maddəsinə əsasən, Alıcı Satıcının bank hesabına müqavilə imzalandıqdan sonra 3 bank günü ərzində müqavilə dəyərinin 50% məbləğində ilkin ödəniş edir. Müqavilə dəyərinin 50% isə məhsul təhvil verilənə qədər ödənilməlidir. Həmçinin müqavilənin 7.3-cü bəndinə əsasən, Alıcı tərəfindən hər gecikdirilmiş gün üçün 0,1 % qədər dəbbə pulu ödənilməlidir. Müqavilə üzrə mallar Alıcıya təhvil verilmiş və bu barədə elektron qaimələr də tərtib edilmişdir. Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla,cəmi 35.290,99 manat təşkil edir Həmçinin hər gecikdirilmiş gün üçün 0,1 % olmaqla, cəmi 5000 manat məbləğində dəbbə pulu da Alıcı tərəfindən Satıcının xeyrinə ödənilməlidir. Mübahisənin məhkəməyə qədər nizama salınması üçün Cavabdeh QSC -yə pul məbləğinin 10 gün ərzində ödənilməsi üçün xx.xx.2023-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Həmçinin Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa uyğun olaraq mediatorun təyin edilməs i üçün Mediasiya Şurasına müraciət edilmiş və mediator X1 təyin edilmişdir. Bundan sonra, ilkin mediasiya sessiyası keçirilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasının keçirilmə yeri və vaxtı barədə poçt vasitəsilə məlumatlandırılsa da, həmin sessiyada iştirak etməmişdir. Mediator tərəfindən xx.xx.2023-ci il tarixli arayış tərtib olunmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 061/V-20 saylı alqı-satqı müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən çeşiddə və texniki göstəricilərə uyğu vəziyyətdə olan səki və döşəmə daşlarını müəyyən edilmiş şərtlər əsasında satmağı, alıcı isə onu qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən qiymətlə malın çeşidinə görə müəyyən edilir və 1 saylı əlavədə razılaşdırma prookolunda göstərilir.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən ödəniş ancaq köçürmə yolu ilə aparıla bilər.
11. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı satıcının bank hesbaına müqavilə imzalandıqdan sonra 3 bank günü ərzində müqavilə dəyərinin 50% məbləğində ilkin ödəniş edir. Müqavilə dəyərinin 50% isə məhsul təhvil verilənə qədər ödənilməlidir.
12. Müqavilənin 4.1-ci bəndinə əsasən satıcının hüquqları:
13. Müqavilənin 4.1.2-ci bəndinə əsasən alıcıdan müqavilənin 2.1-ci bəndində göstərilən malın qiymətini müqavilənin bəndlərinə müəyyən edilmiş müddtdə və qaydada ödənilməsini tələb etmək.
14. Müqavilənin 5.2.2-ci bəndinə əsasən müqavilənin 2.1-ci bəndinə göstərilən malın dəyərini müqavilənin bəndləri ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifələri kimi nəzərdə tutulmuşdur.
15. Müqavilənin 7.3-cü bəndinə əsasən müqaviləyə əlavə edilmiş qiymət razılaşdırma prokolunda və ya qaimə fakturalarda öz əksini tapmış malların dəyəri sifariş tarixindən 10 gün müddətində satıcının bank hesabına ödənilmədikdə alıcı hər gecikdirilən gün üçün məbləğin 0.1%-i qədər dəbbə pulu ödəməlidir.
16. xx.xx.2020-ci il tarixli, 061/V-20 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan satış üçün nəzərdə tutulmuş hazır məhsulun qiymətlərinin razılaşdırma protokoluna əsasən 47862,57 (ƏDV daxil) manat dəyərində mal satışı həyata keçirilmişdir.
17. 22.05.2020-ci il tarixli, 51 saylı hesab-fakturaya əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 17314,38 manat dəyərində, xx.xx.2020-ci il tarixli, 068 saylı hesab-fakturaya əsasən 15674,18 manat dəyərində və xx.xx.2020-ci il tarixli, 129 saylı hesab-fakturaya əsasən ƏDV daxil 47862,57 manat məbləğində mal satılmışdır.
18. Qarşılıqlı borcların üzləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli akta əsasən Cavabdeh QSC-nin xx.xx.2022-ci il tarixə İddiaçı QSC-yə aldığı mala görə ƏDV ilə birlikdə borcu 35290,99 manat həddində müəyyən edilmiş və hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiqlənmişdir.
19. 14.06.2021-ci il tarixli EBBD210691 saylı e-qaimə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2235,51 manat dəyərində, xx.xx.2021-ci il tarixli EBBE542754 saylı eqaimə əsasən 2407,20 manat dəyərində, xx.xx.2021-ci il tarixli EBBE542885 saylı e-qaimə əsasən 2140,99 manat dəyərində, xx.xx.2021-ci il tarixli EBBE543420 saylı e-qaimə əsasən 2407,20 manat dəyərində, xx.xx.2021-ci il tarixli EBBE543682 saylı e-qaimə əsasən 4078,08 manat dəyərində, xx.xx.2021-ci il tarixli EBBE543923 saylı e-qaimə əsasən 2854,66 manat dəyərində, xx.xx.2021-ci il tarixli EBBE735091 saylı e-qaimə əsasən 1263,78 manat dəyərində, xx.xx.2021-ci il tarixli EBBE895448 saylı e-qaimə əsasən 2256,75 manat dəyərində, xx.xx.2021-ci il tarixli EBBE895601 saylı e-qaimə əsasən 2256,75 manat dəyərində, xx.xx.2021-ci il tarixli EBBF410694 saylı e-qaimə əsasən 2256,75 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBBQ872358 saylı e-qaimə əsasən 1533,06 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBBQ872649 saylı e-qaimə əsasən 2407,20 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBBQ872782 saylı e-qaimə əsasən 2407,20 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBBQ873563 saylı e-qaimə əsasən 1504,50 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBBQ873770 saylı e-qaimə əsasən 3313,44 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBBQ873962 saylı e-qaimə əsasən 53,10 manat dəyərində və xx.xx.2022-ci il tarixli EBBQ874633 saylı e-qaimə əsasən 15,34 manat dəyərində mal satışı həyata keçirilmişdir.
20. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
23. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 061/V-20 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən çeşiddə və texniki göstəricilərə uyğu vəziyyətdə olan səki və döşəmə daşlarını müəyyən edilmiş şərtlər əsasında satmağı, alıcı isə onu qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
27. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, üzləşmə aktı və elektron qaimə və hesab-faktura ilə təstiq olunduğu üçün 35290,99 manat borca dair hissədə tələbin təmin olunması üçün əsaslar mövcuddur.
28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 35290,99 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 35290,99 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
29. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 7.3-cü bəndinə əsasən hesablanmış 5000 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
30. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
31. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
32. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
33. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1765 manat məbləğində müəyyən edilməlidir.
34. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 210 manat məbləğində mediasiya xərcləri və 220 manat məbləğində vəkil xərci ödənilmişdir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 220 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 210 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən ƏDV daxil 35.290,99 manat əsas borc məbləği, 1765 manat dəbbə pulu, mediasiya xərcinin əvəzi olaraq 210 manat və hüquqi yardımla bağlı ödənilmiş 220 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova