Məhkəmə qərarları › İş №e-2-2(113)-946/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-946/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-946/2025 05.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1,662.73 manat borcunun və ödənilmiş 36.63 manat dövlət rüsumunun - cəmi 1,699.36 manat məbləğin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 27 iyul 2021-ci il tarixli, NSX 21-135 nömrəli Məhsulların alqı-satqı müqaviləsi imzalanmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-dən müxtəlif “Mallar” alınsa da, həmin “Mallar”ın dəyərinin cəmi 1,662.73 manat (bir min altı yüz altmış iki manat, yetmiş üç qəpik) məbləğində olan hissəsi hazırki vaxtadək Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. Göstərilən məbləğdə “Mallar”ın Cavabdeh MMC tərəfindən qəbul edilməsini “Malların Təhvil-Qəbul Aktları” da bir daha sübut edir. Ödənişin həyata keçirilməsi üçün Cababdehə: 1) 566584 saylı, xx.xx.2024-cü il tarixli; 2) 154811 saylı, xx.xx.2024-cü il tarixli; 3) 778372 saylı, xx.xx.2024cü il tarixli; 4) 775936 saylı, xx.xx.2024-cü il tarixli “Elektron qaimə”lər də göndərilmişdir. Bununla bağlı dəfələrlə nümayəndə vasitəsilə Cababdehlə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin Cababdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmiş və borc məbləği ödənilməmişdir. Daha sonra Cavabdeh MMC-nin elektron kabinetinə xx.xx.2024-cü il tarixli “Pretenziya” məktubu göndərilmiş, lakin cavabdeh həmin məktubu rəsmi şəkildə qəbul etsə də borcunu ödəməmişdir. Cavabdeh MMC aldığı Mallar”ın dəyərini hazırki vaxtadək ödəməməmiş və müqavilə üzrə öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.

8. İddia ərizəsinə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SX-21-135 saylı alqı-satqı müqaviləsinə əsasən:

9. 1-ci bəndinə əsasən Şirkət mülkiyyətində olan müxtəlif növ malları Müştəriyə satmaqla onun mülkiyyətinə verməyi, Müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini şirkətə ödəməyi və öz adından həmin məhsulları yalnız işlətməkdə olduğu iaşə obyektində satmağı öhdəsinə götürür.

10. 2.1-ci bəndinə əsasən Şirkət bu müqavilə qüvvəyə mindikdən sonra Müştərinin müraciəti əsasında onun sifarişini, bu müqavilə ilə müəyyən edilmiş qaydalarını nəzərə almaqla məhsulları müştəriyə əvvəlcədən köçürmə yolu ilə ödəmə və ya nisyə satış qaydasında faktura əsasında verir və müştərinin özü və ya səlahiyyətli nümayəndəsi qaimə-fakturanı imzalamaqla onları qəbul edir,

11. 2.3-cü bəndinə əsasən məhsulların şirkət tərəfindən qaimə-faktura üzrə müştəriyə verildiyi andan bütün hallarda onların təsadüfən məhv olması və ya zədələnməsi riski müştəriyə keçir.

12. 3.1-ci bəndinə əsasən satılmış məhsulun dəyəri müştəri tərəfindən şirkətin hesabına ödənilir. Satılmış məhsulun dəyəri Şirkətə vaxtında ödənilmədikdə, müştərinin yeni şifarişləri ödənişin tamamlanmasına qədər qəbul edilmir.

13. 3.4-cü bəndinə əsasən tərəflər hər ilin dekabr ayında bu müqaviləyə əsasən satılmış məhsullar üzrə borcların üzləşməsini aparırlar. Üzləşmədə müştərinin cari il üzrə mövcüd olan bütün borcları müəyyən edilərək sıfırlanması üçün müştəri tərəfindən şirkətə tam şəkildə ödənilməlidir.

14. Malların xx.xx.2024-cü il tarixli təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 42,57 manat dəyərində, eyni tarixli akta əsasən 2687,74 manat dəyərində, xx.xx.2024-cü il tarixli akta əsasən 796,80 manat dəyərində, xx.xx.2024cü il tarixli akta əsasən 87,66 manat dəyərində, xx.xx.2024-cü il tarixli akta əsasən 3 fərqli çeşiddə 220,15 manat dəyərində, xx.xx.2024-cü il tarixli akta əsasən 3 fərqli çeşiddə 540,50 manat dəyərində mallar təhvil verilmişdir.

15. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi eqaimələr tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmişdir.

16. Azərbaycan Sənaye Bankı ASC-nin xx.xx.2025-ci il tarixli İddiaçı MMC-yə ünvanladığı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC tərəfindən toplam 125658,88 manat İddiaçı MMC-nin hesabına vəsait daxil olmuşdur (məktuba əlavə olunmuş bank hesabından çıxarışdan görünür ki, bütün ödənişlər təyinatı e-qaimələr göstərilməklə həyata keçirilmişdir).

17. 23.01.2025-ci il tarixli maliyyə arayışına əsasən alqı-satqı müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC-yə ödənişin həyata keçirilməsi üçün 283978 saylı xx.xx.2024-cü il tarixli (42,57 manat); 566584 saylı xx.xx.2024-cü il tarixli (796,79 manat); 154811 saylı xx.xx.2024-cü il tarixli (87,66 manat); 775936 saylı xx.xx.2024-cü il tarixli (540,49 manat); 778372 saylı xx.xx.2024-cü il tarixli (220,15 manat) "Elektron qaimə"lər də göndərilmiş, lakin Cababdeh tərəfindən həmin qaimələr üzrə heç bir ödəniş həyata keçirilməmişdir. Yuxarıda yazılanları nəzərə alaraq bildirilir ki, cavabdeh "xxxx" MMC-nin iddiaçıya həmin əməliyyatlardan həqiqətən də 1,662.73 manat (bir min altı yüz altmış iki manat, yetmiş üç qəpik) borcu qalmaqdadır.

18. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

21. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

23. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

26. Tərəflər arasında bağlanmış xx.xx.2021-cü il tarixli, NSX 21-135 saylı alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən Şirkət mülkiyyətində olan müxtəlif növ malları Müştəriyə satmaqla onun mülkiyyətinə verməyi, Müştəri isə həmin mahsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini şirkətə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən alınmış mallara dair ödənilməmiş borc məbləği qalmışdır.

27. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – e-qaimə, təhvil-təslim aktları, qismən ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 1662,73 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur. Beləliklə, 1662,73 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 36,60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 1662,73 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 36,60 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar