Məhkəmə qərarları › İş №e-2-2(113)-947/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-947/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-947/2025 11.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 03 may 2023-cü il tarixli alqısatqı müqaviləsi üzrə 40722,72 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında SEL/228/05/023 nömrəli xx.xx.2023-cü il tarixli malların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 40722,72 manat olmaqla mal satışı həyata keçirmiş, lakin cavabdeh tərəfindən malların dəyərinin ödənilməsi təmin edilməmiş və nəticə etibarilə cavabdehin iddiaçı qarşısında cəmi 40722,72 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehlə dəfələrlə telefon əlaqəsi saxlanılmış və yazılı müraciətlər edilmişdir. Cavabdeh iddiaçı tərəfindən ona borcla bağlı göndərilmiş pretenziyanı almış, lakin buna baxmayaraq, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada mediasiyaya müraciət edilmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/8/2024-02136 saylı arayış alınmışdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 427.3, 442-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi X4 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, təhvil verilən mallar üzrə həm əsas məbləğ, həm də ƏDV-dən ödənişlər edilmişdir.

7. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməklə, hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə edilən iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında 03 may 2023-cü il tarixdə bağlanmış SEL/228/05/023 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, hazırkı müqavilənin predmetini “Satıcı” tərəfindən qiyməti, sayı, çeşidi, modeli və s. müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə (X2, Sifarişnamə, Təklif, Spesifikasiya, Satınalma Sifarişi (“Purchase Order”) və sair adlandırıla bilər) qeyd olunan yüksək keyfiyyətli elektrik mallarının müqavilə müddəti dövründə “Alıcı”ya satılması və “Alıcı” tərəfindən həmin malların qəbul edilərək, dəyərinin hazırkı müqavilədə nəzərdə tutulmuş qaydada “Satıcı”ya ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir (1-ci bənd). Malların Əlavələrdə razılaşdırılmış dəyəri “Alıcı” tərəfdən aşağıdakı qaydada ödənilir (2.1): Sifariş verilmiş mallar “Satıcı”nın anbarında satışa hazır olduğu halda malların dəyəri Əlavələr imzalandıqdan sonra “Satıcı”nın təqdim etdiyi sənədlər (hesab-faktura/elektron hesab-faktura) əsasında “Alıcı” tərəfindən əvvəlcədən ödəniş qaydasında köçürülmə yolu ilə ödənilir (2.1.1). Sifariş verilmiş mallar “Satıcı”nın anbarında satışa hazır olmadıqda malların dəyərinin 50%-i Əlavələr imzalandıqdan sonra “Satıcı”nın təqdim etdiyi sənədlər (hesab-faktura/elektron hesabfaktura) əsasında “Alıcı” tərəfindən əvvəlcədən ödəniş qaydasında, qalan 50%-in ödənişi isə Mallar “Alıcı”ya təhvil verilmək üçün hazır olduğu gündən 5 (beş) gün ərzində köçürülmə yolu ilə ödənilir (2.1.2). İstisna hallarda tərəflərin qarşılıqlı razılığı ilə 10000 manatdan çox olmayan malın dəyəri, Mal “Alıcı”ya təhvil verildikdən sonra “Satıcı”nın təqdim etdiyi sənədlər (hesab-faktura/elektron hesab-faktura) əsasında 5 (beş) təqvim günü ərzində köçürülmə yolu ilə ödənilə bilər (2.1.3). Ödəniş tarixi pul vəsaitlərinin “Satıcı”nın bank hesabına daxil olduğu tarix hesab olunur (2.3). Əlavələrdə qeyd olunan mallar “Satıcı” tərəfindən “Alıcı”ya bir qayda olaraq “Satıcı”nın anbarında (mağazasında) təhvil verilir (4.1). İstisna hallarda Sifarişin dəyəri 1000 (bir min) manat və daha yüksək olduqda malların Bakı şəhərini daxilində başqa ünvanda təhvil verilməsinə dair Əlavələrdə başqa qayda müəyyən edilə bilər (4.2).

12. Məhkəməyə təqdim edilən çatdırılma bildirişlərindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək müxtəlif adda mallar qəbul edilmişdir.

13. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2023-cü il tarixli EBDF 012820 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 560,94 manat, xx.xx.2023-cü il tarixli EBDF 461579 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 313,5 manat, xx.xx.2023-cü il tarixli EBDF 729238 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1501 manat, xx.xx.2023-cü il tarixli EBDH 005579 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 523,42 manat, xx.xx.2023-cü il tarixli EBDH 552016 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4550,91 manat, xx.xx.2023-cü il tarixli EBDİ 034751 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 50,83 manat, xx.xx.2023-cü il tarixli EBDİ 558345 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 113 manat, xx.xx.2023-cü il tarixli EBDİ 897151 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 8983,93 manat, xx.xx.2023-cü il tarixli EBDJ 350311 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1523,97 manat, xx.xx.2023-cü il tarixli EBDJ 385314 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2520,48 manat, xx.xx.2023-cü il tarixli EBDJ 670653 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2665,33 manat, xx.xx.2023-cü il tarixli EBDK 086533 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 678,5 manat, xx.xx.2023-cü il tarixli EBDK 177880 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 82,6 manat, xx.xx.2023-cü il tarixli EBDK 557005 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 199,89 manat, xx.xx.2023-cü il tarixli EBDK 867793 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4568,7 manat, xx.xx.2023-cü il tarixli EBDK 867792 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 19495,25 manat, xx.xx.2023-cü il tarixli EBDK 867788 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 377,56 manat, xx.xx.2023-cü il tarixli EBDK 867791 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1333,16 manat, xx.xx.2023-cü il tarixli EBDL 738553 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 957,18 manat, xx.xx.2023-cü il tarixli EBDM 115420 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 528,4 manat, xx.xx.2023-cü il tarixli EBDM 478353 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1252,22 manat, xx.xx.2023-cü il tarixli EBDN 025426 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 890,71 manat, xx.xx.2023-cü il tarixli EBDN 725604 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 8,45 manat, xx.xx.2023-cü il tarixli EBDO 813196 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1527,43 manat, xx.xx.2023-cü il tarixli EBDO 862849 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4924,51 manat, xx.xx.2023-cü il tarixli EBDO 862846 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3476,17 manat, xx.xx.2023-cü il tarixli EBDP 123162 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 189,08 manat, xx.xx.2023-cü il tarixli EBDP 150542 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 191,76 manat, xx.xx.2023-cü il tarixli EBDP 235514 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 8539,9 manat, xx.xx.2023-cü il tarixli EBDQ 239970 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 128,73 manat, xx.xx.2023-cü il tarixli EBDQ 672366 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2934,45 manat, xx.xx.2023-cü il tarixli EBDU 318258 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 695,99 manat olmaqla ümumilikdə 76287,95 manat dəyərində malın verilməsi üçün tərtib edilmişdir.

14. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, yuxarıda göstərilən elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, ləğvə və ya düzəlişə qaytarılmamışdır.

15. İş materiallarında olan ödəniş tapşırıqları və icra qeydindən görünür ki, xx.xx.2023-cü il tarixdə avans ödənişi olaraq 18109,69 manat, xx.xx.2023-cü il tarixdə EBDK 867793, EBDK 867778, EBDK 867791, EBDL 738553, EBDM 115420, EBDM 478353, EBDN 025426, EBDN 725604 seriya və nömrəli elektron qaimələrə istinad etməklə 8403,72 manat olmaqla ümumilikdə 26513,41 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmüşdür.

16. İş materiallarına əlavə edilən ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə EBDF 012820 seriya və nömrəli elektron qaiməyə istinad edilməklə 85,57 manat, xx.xx.2023-cü il tarixdə EBDF 461579, EBDF 729238, EBDH 005579 seriya və nömrəli elektron qaimələrə istinad edilməklə 288,92 manat, xx.xx.2023-cü il tarixdə EBDH 552016, EBDİ 034751, EBDİ 558345, EBDİ 897151, EBDJ 350311, EBDJ 385314, EBDJ 670653, EBDK 086533, EBDK 177880, EBDK 557005 seriya və nömrəli elektron qaimələrə istinad edilməklə 3259,75 manat, xx.xx.2023cü il tarixdə EBDK 867793, EBDK 86778, EBDK 867791, EBDL 738553, EBDM 115420, EBDM 478353, EBDN 025426, EBDN 725604 seriya və nömrəli elektron qaimələrə istinad edilməklə 1512,67 manat olmaqla ümumilikdə 5146,91 manat məbləğində ƏDV ödənilmişdir.

17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 03 may 2023-cü il tarixli SEL/228/05/023 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində yüksək keyfiyyətli elektrik mallarını müqavilə müddəti dövründə cavabdehə satmağı, cavabdeh isə həmin malların qəbul edilərək dəyərini hazırkı müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən ümumilikdə ƏDV daxil olmaqla 76287,95 manat dəyərində verilmiş mallarla bağlı elektron qaimələr tərtib edilərək cavabdehə təqdim edilmiş, həmin qaimələr sistem tərəfindən təsdiq edilmişdir. Cavabdeh tərəfindən avans qaydasında 18109,69 manat, ayrı-ayrı elektron qaimə-fakturalara istinad edilməklə ƏDV daxil olmaqla 13550,63 manat ödəniş edilmişdir.

18. İddiaçı 03 may 2023-cü il tarixli SEL/228/05/023 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 40722,72 manat borcun tutulmasını tələb edir.

19. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

20. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

22. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

23. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

24. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

25. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

28. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

29. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

30. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

31. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

32. Məhkəmə qeyd edir ki, cavabdehin qanuni təmsilçisi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilmiş bütün sübutlarla tanış olmaq imkanına malik olmuş, lakin iddia ərizəsində tələb olunan məbləğin ödənilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.

33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

34. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

37. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

38. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 03 may 2023-cü il tarixli SEL/228/05/023 nömrəli alqı-satqı müqaviləsi üzrə 40722,72 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

39. İddiaçı eyni zamanda ödənilmiş dövlət rüsumunun da tutulmasını tələb edir.

40. İş materiallarından görünür ki, **********26 nömrəli mədaxil qəbzi ilə 213 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Beləliklə, iddia tələbinin təmin edildiyini, iddianın qiymətinə uyğun dövlət rüsumunun məbləğini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 213 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 03 may 2023-cü il tarixli malların alqı-satqı müqaviləsi üzrə 40722,72 məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 213 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar