Məhkəmə qərarları › İş №e-2-2(113)-9475/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9475/2025

30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9475/2025 30.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Azərsun Kağız və X1” ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı “Azərsun Kağız və X1” ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “Azərsun Kağız və X1” ASC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4047.39 AZN məbləğində pul vəsaitinin, o cümlədən, 61 AZN məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərsun Kağız və X1” ASC (bundan sonra “iddiaçı” və ya “satıcı” adlandırılacaq) ilə Cavabdeh1 (bundan sonra “cavabdeh” və ya “satıcı” adlandırılacaq) arasında 18 yanvar 2025-ci il tarixində RE25/039 saylı alqı-satqı müqaviləsi (bundan sonra “müqavilə” adlandırılacaq) bağlanmışdır. Müqavilənin müddəalarına görə satıcı alıcının sifarişi əsasında adı, növü, ölçüsü, miqdarı, qiyməti və ümumi dəyəri qaimə-fakturada və ya təhvil-təslim aktında göstərilən müxtəlif növ mal və məhsulları (bundan sonra “mal”) alıcının mülkiyyətinə verməyi, alıcı isə bu müqavilə əsasında malın qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Müqaviləyə uyğun olaraq satıcının məhsulları alıcının mülkiyyətinə verməsinə baxmayaraq, alıcı qeyd edilən müddət ərzində məhsulların dəyərini satıcıya ödəməmişdir. Hazırki tarixə cavabdehin iddiaçıya 4047,39 AZN (dörd min qırx yeddi manat otuz doqquz qəpik) məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı ilə cavabdeh arasında borcun təsdiqi qismində qarşılıqlı üzləşmə aktı imzalanmış və borc təsdiq edilmişdir. Əlavə olaraq, xx.xx.2025-ci il tarixli Zaminlik müqaviləsinə əsasən, Qanuni nümayəndə (bundan sonra "xxxx") Azərsun Kağız və X1 ASC (bundan sonra “Şəxs”) ilə Cavabdeh1 (bundan sonra “Borclu”) arasında bağlanmış 18 yanvar 2025-ci il tarixli RE25/039 saylı alqı-satqı müqaviləsinə əsasən Borclunun Şəxs qarşısında həmin müqavilədən irəli gələn və gələ biləcək bütün öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə Zamin Borclu ilə birlikdə Şəxs qarşısında cavabdehlik və birgə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. Həmin Zaminlik müqaviləsinin 2.1.-ci maddəsinə əsasən, Borclu Şəxs qarşısında öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə Zamin Şəxs qarşısında borclunun öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır. İddiaçı cavabdehlər arasında olan kommersiya mübahisəsini məhkəmədən kənar qaydada həll etmək üçün ona 24 oktyabr 2025-ci il tarixli pretenziya məktubu ünvanlamış, Cəmiyyətimizə olan 4047,39 AZN (dörd min qırx yeddi manat otuz doqquz qəpik) məbləğində olan borcu ən geci 15 (on beş) təqvim günü ərzində ödəməsini, əks təqdirdə məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyini bildirmişdir. Lakin cavabdehlər tərəfindən iddiaçının 24 oktyabr 2025-ci il tarixli pretenziya məktubuna hər hansı rəsmi cavab verilməmişdir. Belə olduğu təqdirdə iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında imzalanmış xx.xx.2025-ci il tarixli, RE25/039 saylı HORECA müştəriləri ilə məhsulların alqı-satqı müqaviləsinə əsasən satıcı alıcının sifarişi əsasında adı, növü, ölçüsü, miqdarı, qiyməti və ümumi dəyəri qaiməfakturada və ya təhvil-təslim aktında göstərilən müxtəlif növ mal və məhsulları allıcının mülkiyyətinə verməyi, alıcı isə bu müqavilə əsasında malın qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

5. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcı bu müqavilə qüvvəyə mindikdən sonra alıcının müraciəti əsasında onun sifarişini, bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla məhsulları alıcıya əvvəlcədən köçürmə yolu ilə ödəmə və ya nisyə satış qaydasında Malların Təhvil-Qəbul Aktı əsasında verir və alıcının özü və ya səlahiyyətli nümayəndəsi elektron Malların Təhvil-Qəbul Aktını imzalamaqla onları qəbul edir.

6. Müqavilənin 3.5-ci bəndinə əsasən alıcı satıcının müraciətinə əsasən aylıq qarşılıqlı üzləşmənin həyata keçirilməsi üçün hazırkı müqaviləyə əsasən məhsulların alqısatqı əməliyyatlarını özündə əks etdirən məlumatları razılaşdırılmış müvafiq elektron formatda satıcıya göndərməlidir. Qarşılıqlı üzləşmə aparıldıqdan sonra tərəflər arasında dərhal qarşılıqlı üzləşmə aktı tərtib edilməlidir. Qarşılıqlı üzləşmə aktı elektron vasitələrdən (elektron poçt və s.) istifadə edilməklə də aparıla bilər. Qarşılıqlı üzləşmə aylıq, rüblük, yarım illik və ya illik olaraq aparıla bilər. Son olaraq aparılmış üzləşmə və qəbul edilmiş qarşılıqlı üzləşmə aktı əsas olaraq diqqətə alınır və son üzləşmə tarixindən əvvəlki dövrlə bağlı daha sonradan ortaya çıxacaq hər hansı bir iddia “SATİCİ” tərəfindən diqqətə alınmır. Qarşılıqlı üzləşmə aktı tərəflərin öhdəliklərini təsdiq edən rəsmi mühasibatlıq sənədi olmaqla sübut qismində hüquqi qüvvəyə malik yazılı sənəddir. Satıcı tərəfindən göndərilən elektron qaimə fakturanın təsdiqlənməsi alıcının borc öhdəliyinin yaranması üçün əsasdır.

7. İddiaçı (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında xx.xx.2025-ci il tarixli, RE25/039 saylı HORECA müştəriləri ilə məhsulların alqı-satqı müqaviləsinə “satış qiymətlərinə şərti dəyişikliklərin razılaşdırılması” barədə 1 nömrəli əlavə razılaşma imzalanmışdır.

8. İddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında imzalanmış xx.xx.2025-ci il tarixli zaminlik müqaviləsinə əsasən Qanuni nümayəndə xx.xx.2025-ci il tarixli, RE25/039 Məhsulların Alqı-satqı Müqaviləsinə əsasən Borclunun Şəxs qarşısında həmin müqavilədən irəli gələn və gələ biləcək bütün öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə Zamin Borclu ilə birlikdə Şəxs qarşısında cavabdehlik və birgə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür.

9. İddiaçı (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında imzalanmış xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktına əsasən satıcı tərəfindən alıcıya ədv daxil 2165,45 manat dəyərində mal təhvil verilmişdir.

10. İddiaçı (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında imzalanmış xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktına əsasən satıcı tərəfindən alıcıya ədv daxil 726,29 manat dəyərində mal təhvil verilmişdir.

11. İddiaçı (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında imzalanmış xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktına əsasən satıcı tərəfindən alıcıya ədv daxil 1066,57 manat dəyərində mal təhvil verilmişdir.

12. İddiaçı (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında imzalanmış xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktına əsasən satıcı tərəfindən alıcıya ədv daxil 89,08 manat dəyərində mal təhvil verilmişdir.

13. İddiaçı tərəfindən Cavabdeh1nə xx.xx.2025-ci il tarixli, MT2502 11046838 nömrəli 2165.45 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2502 11493518 nömrəli 726,29 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2502 11502518 nömrəli 1066.56 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2502 12043180 nömrəli, 89,07 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

14. İddiaçı (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında imzalanmış xx.xx.2025-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən müqavilə üzrə alıcının xx.xx.2025-ci il tarixinə satıcıya olan borcu 4047,39 manat təşkil edir. Akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

15. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

17. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdehlərin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında yaranamış alqı-satqı və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

20. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

22. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

24. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

25. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

26. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin alqısatqı müqaviləsinə əsasən üzərlərinə götürdüyü öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 4047,39 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada 4047,39 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 4047,39 manat əsas borc cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 61 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

IV. Nəticə:

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə (müştərək) qaydada 4047,39 manat məbləğində pul, 61 manat dövlət rüsumu, ümumilikdə 4108,39 (dörd min bir yüz səkkiz manat otuz doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “Azərsun Kağız və X1” ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar