Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-949/2022 05.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə 13 fevral 2020-ci il tarixində bağlanmış xidmət göstərilməsinə dair müqaviləyə əsasən 8600 manat pul məbləğinin sonuncudan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 13 fevral 2020-ci il tarixində xidmət göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən sifarişçi - Cavabdeh MMC müqavilənin 1.2-ci maddəsinə əsasən, göstərilmiş xidmətlərin yerinə yetirilməsini, xidmət haqqı qarşılığında icraçı - İddiaçı MMC-yə tapşırır. Müqavilənin 3.1-ci maddəsinə əsasən icraçı 08 may 2020-ci il tarixinədək 2300 manat, müqavilənin ayrılmaz hissəsi olan, 08 may 2020-ci il tarixli, 1 saylı Əlavəyə əsasən 08 may 2020-ci il tarixdən 01 sentyabr 2020-ci il tarixədək 2700 manat, 01 sentyabr 2020-ci il tarixli, 2 saylı Əlavəyə əsasən 01 sentyabr 2020-ci il tarixindən 01 sentyabr 2021-ci il tarixinədək 500 manat olan aylıq xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş hər ayın ilk 5 günü ərzində, ötən ay üzrə icraçının sifarişçiyə təqdim etdiyi hesab faktura əsasında nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Tərəflərin razılığına əsasən müqavilənin ayrılmaz hissəsi olan 01 sentyabr 2020 tarixli, 2 saylı Əlavəsi ilə, müqavilə müddətinin tarixi 01 yanvar 2020-ci il tarixindən 01 sentyabr 2021-ci il tarixinədək uzadılmışdır. 13 iyul 2021-ci il tarixli bank çıxarışından görünür ki, 21 may 2020-ci il tarixli 225585 saylı elektron qaimə üzrə Cavabdeh MMC tərəfindən 22 may 2020-ci il tarixdə hazırki müqavilə üzrə aprel və may aylarına görə ümumilikdə 5000 manat ödəniş olunmuşdur. İddiaçı MMC-nin hesab üzrə mühasibat cədvəlindən göründüyü kimi iyun, iyul, avqust və sentyabr ayları üzrə isə cavabdeh tərəfindən ödənişlər edilməmişdir. Hazırki müqavilə üzrə Cavabdeh MMC-nin 2020-ci ilin iyun, iyul, avqust ayları üzrə hər ay üçün 2700 manat olmaqla, 2700x3=8100 manat, sentyabr ayı üçün 500 manat, ümumilikdə 8600 manat ödənilməmiş xidmət haqqı borcu mövcuddur. Bu barədə Cavabdeh MMC-yə dəfələrlə məlumat verməyimizə baxmayaraq heç bir ödəniş olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübu tlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə Aftadil oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsinə dair hər hansı sübut yoxdur. Belə ki, xidmət göstərildikdən sonra hesab-faktura təqdim edilməli idi. Həmçinin, iddiaçı tərəf müqavilə müddəti ərzində HR xidməti göstərdiyini bildirsə də, xidmət dövründə Cavabdeh MMC-nin Əmək Müfəttişliyi və vergi orqanı ilə problemləri yaranmışdır. Müqavilə üzrə lazimi keyfiyyətdə xidmətlər göstərilsə idi, bu hal baş verməzdi. İş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 007/20 saylı, 13 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, “İcraçı”-İddiaçı MMC Cavabdeh MMC-nin, yəni “Sifarişçi”nin tapşırığı ilə “Müqavilə”nin 1.2-ci maddəsində qeyd edilən xidmətlərin göstərilməsini, “Sifarişçi” isə xidmətin haqqını vaxtında və tam ödənilməsini öhdəsinə götürür. - 21 may 2020-ci il tarixli EBAK seriyalı, 225585 saylı elektron qaiməyə əsasən 5000 manat məbləğində cavabdehin borcu yaranmışdır. - İddiaçı MMC tərəfindən tərtib edilmiş 211.01 nömrəli hesablama cədvəlinə əsasən xidmətlərin göstərilməsinə görə 08 iyun 2020-ci il tarixində 2700 manat məbləğində, 10 iyul 2020-ci il tarixində 2700 manat məbləğində, 10 avuqst 2020-ci il tarixində 2700 manat məbləğində, 05 sentyabr 2020-ci il tarixində 500 manat məbləğində Cavabdeh MMC-yə borc məbləği hesablanmışdır. - 17 noyabr 2020-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin işçisinə həmin şirkətə aid sənədlər təhvil verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin hallarından görünür ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Cavabdehin iddiaya etirazını müqavilə üzrə xidmətlərin keyfiyyətiz şəkildə göstərilməsi təşkil edir. Bununla bağlı sübut qismində cavabdeh tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının auditinin 2020-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçırilməməsı ilə əlaqədar məcburi auditdən yayınmağa görə kommersiya təşkilatlarının törətdikləri inzibati xəta barədə Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında ******* nömrəli protokolun surəti təqdim olunmuşdur. Lakin, tərəflər arasında bağlanmış 13 fevral 2020-ci il tarixli, 007/20 nömrəli müqavilənin 1.2-ci bəndində məcburi audit yoxlamasının aparılması və ya həmin xidmətin aparılmasına köməklik göstərilməsi iddiaçının göstərəcəyi xidmətlər siyahısında qeyd olunmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğlər təqdim olunmuş sübutlarla və elektron qaimələrlə təsdiqini tapdığından iddia ərizəsinin təmin olunması üçün əsaslar mövcuddur. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış, 13600 manat dəyərində göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən iddiaçıya 5000 manat məbləğində ödəniş olunmuş, 8600 manat məbləğində borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 8600 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 8600 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-949/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-949/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver