Məhkəmə qərarları › İş №e-2-2(113)-949/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-949/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-949/2023 29.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli, 22/14 saylı müqaviləyə əsasən borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22/14 nömrəli alqı-satqı müqaviləsinə əsasən 23.626,50 manat əsas borcun, 7.086 manat dəbbə pulunun, 210 manat mediasiya xərcinin, cəmi 30.922,50 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı ildə təsis edilmişdir. İddiaçı MMC mineral gübrə və pestisidlərin, o cümlədən bitki mühafizə vasitələrinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22/14 nömrəli alqı-satqı müqaviləsi və onun əlavələrinə əsasən cavabdehə satılmış malların dəyərindən cavabdeh şirkət tərəfindən bu günədək cəmi 35.000 manat ödəniş aparılmış, qalan 23.626,50 manat məbləğində borc isə ödənilməmişdir. Qeyd olunan borcla cavabdehə elektron qaimə fakturalar göndərilmişdir. Bu Müqavilənin 3.4.3-cü bəndinə əsasən ödənişləri vaxtında göndərmək “Alıcı”nın əsas vəzifəsidir. Həmin müqavilənin 5.1.1-ci maddəsinə əsasən Alıcı tərəfindən Malların ümumi dəyəri mallar təhvil verilməzdən öncə ödənilməlidir. Həmin müqavilənin 5.3-cü maddəsinə görə, ödənişin müqavilədə göstərilən qaydada həyata keçirilməməsi halında satıcı alıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.1%-i miqdarında cərimə tələb edə bilər. Müqavilənin bu bəndinə əsasən gecikdirilmiş məbləğ üçün cərimə 7.086 manat təşkil edir. Beləliklə, Cavabdeh MMC-in İddiaçı MMC-yə ödəməli olduğu borc məbləğinin həcmi 23.626,50 manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixində AG-107/22 nömrəli pretenziya məktubunun göndərilməsi və borcun ödənilməsi üçün 10 günlük vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qeyd olunan borc məbləğindən bu günədək heç bir ödəniş edilməmişdir. Bundan əlavə, yaranmış kommersiya mübahisəsinin mediasiya yolu ilə həll edilməsi üçün mediatora müraciət edilmiş, lakin cavabdeh təyin olunmuş mediasiya sessiyasına gəlməmişdir. Bu barədə Bakı 9 saylı Mediasiya Təşkilatının mediatoru Leyla Nəsibova tərəfindən xx.xx.2022-ci il tarixli, MŞB/9-00301 saylı arayış tərəflərinə təqdim olunmuşdur. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22/14 nömrəli alqı-satqı müqaviləsinə əsasən 8.876,50 manat əsas borcun, 7.086 manat dəbbə pulunun, 210 manat mediasiya xərcinin, cəmi 16.172,50 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə İddiaçı MMCyə 8.876,50 manat məbləğində əsas borcun olduğunu etiraf edərək, izahatında əsas borcu 2 ay ərzində ödəyəcəyini bildirdi Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 29 mart 2022-ci il tarixli 22/14 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı alıcını bu müqavilənin əlavələrində (qiymət razılaşdırma protokolu) qeyd olunmuş məhsulla tərəflər arasında müəyyən edilmiş müddətdə təmin edir, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə malın dəyərini satıcıya ödəyir. 1.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri bu müqaviləyə əlavələrlə (qiymət razılaşdırma protokolu) müəyyən olunur. 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hisəssi olan əlavələrlə (qiymət razılaşdırma protokolu) müəyyənləşdirilir. 3.1.1-ci bəndinə əsasən tərəflər arasında bu müqavilənin əlavələri ilə müəyyən edilmiş müddətdə alıcını bu müqavilənin əlavəsində göstərilən malla təchiz etmək satıcının vəzifəsidir. 3.2.1-ci bəndinə görə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. 3.4.3-cü bəndinə görə ödənişləri vaxtında həyata keçirmək alıcının vəzifəsidir. 5.1.1-ci bəndinə görə müqaviləyə əsasən alıcı sifariş olunan malın dəyərini satıcıya malların ümumi dəyəri mallar təhvil verilməzdən öncə ödənilməlidir. 5.2-ci bəndinə görə satıcı ödənişin təsdiqi olaraq alıcıya hesab-faktura təqdim edir. 5.3-cü bəndinə əsasən ödənişlərin bu müqavilənin 5.2-ci bəndində göstərilən qaydada həyata keçirilməməsi halında satıcı alıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0,1%-i miqdarında cərimə tələb edə bilər. 10.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində qüvvədə qalır. Müqavilənin müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsinə dair təşəbbüs göstərməzsə, müqavilə eyni şərtlərlə eyni müddətə uzadılmış sayılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV daxil 40.568 manat dəyərində göndərilmiş mallara görə, o cümlədən 21.020,40 manat dəyərində göndərilmiş mallara görə EBBT seriyalı, 529616 nömrəli, xx.xx.2022-ci il tarixli, 201,10 manat dəyərində göndərilmiş mallara görə EBBU seriyalı, 355325 nömrəli, xx.xx.2022-ci il tarixli, 1.234,90 manat dəyərində göndərilmiş mallara görə EBBU seriyalı, 675291 nömrəli, xx.xx.2022-ci il tarixli, 13.386,60 manat dəyərində göndərilmiş mallara görə EBBV seriyalı, 405106 nömrəli, xx.xx.2022-ci il tarixli və 4.725 manat dəyərində göndərilmiş mallara görə EBBV seriyalı, 705893 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdehnə təqdim edilmişdir. Elektron qaimələr hər iki tərəfi möhürü və imzası ilə təsdiq edilmişdir. İddiaçı MMC pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, borcu öhdəliyinin 10 gün ərzində icra edilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında - 29 mart 2022-ci il tarixli 22/14 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında ƏDV daxil 40.568 manat dəyərində malların təqdim edilməsi faktı hər iki tərəfin imza və möhürləri ilə təsdiq etdikləri elektron qaimələrlə öz təsdiqini tapır. Hazırda İddiaçı MMC həmin müqavilə əsasında təqdim edilmiş mallarin dəyərinin bir hissəsinin - 8876,50 manat məbləğində borcun Cavabdeh MMC tərəfindən ödənilmədiyini iddia edir və həmin borcun tutulmasını, eləcə də borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulun ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahatda Cavabdeh MMC-nin İddiaçı MMC-yə 8.876,50 manat məbləğində əsas borcunun olmasını faktını etiraf etmişdir. Azərbaycan Respublikası MPM-in 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Belə olan halda məhkəmə cavabdehin mübahisəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərinin bir hissəsini – 8.876,50 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, iddiaçının isə göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh MMC-dən 8876,5 manat məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 7.086 manat dəbbə məbləğində pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 400 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərcləri ilə bağlı iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmaqla) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 137,90 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 110 (yüz on) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 8876,5 manat məbləğində əsas borc, 400 manat məbləğində dəbbə pulu, mediasiya xərclərinin əvəzi olaraq 110 manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.. . Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar