Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-953/2021 22.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Bağırov Bəhruz Mirhəsən oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 58.650,19 manat əsas borc, 1.759,51 manat gecikmə faizi və 30 manat dövlət rüsumu olmaqla cəmi 60.439,70 manat alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 58.650,19 manat əsas borc, 1.759,51 manat gecikmə faizi və 30 manat dövlət rüsumu olmaqla cəmi 60.439,70 manat alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli Alqı-Satqı Müqaviləsinə əsasən Satıcı tərəfindən Alıcıya müxtəlif inşaat mallarının satılması və satılmış malların dəyərinin Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada Alıcı tərəfindən Satıcıya ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Müqaviləyə əsasən Satıcı tərəfindən Alıcıya 502.811,15 manat məbləğində müxtəlif inşaat malları satılmışdır. Bu Müqavilə üzrə Cavabdehin İddiaçıya xx.xx.2017 tarixinə 113.889,30 manat debitor borcu olmuşdur. Bu fakt Tərəflər arasında imzalanmış xx.xx.2017 tarixli Üzləşmə Aktı ilə də təsdiq edilməkdədir. Bundan başqa, xx xxxxxx 2018-ci il tarixli Alqı- Satqı Müqaviləsinə əsasən Satıcı tərəfindən Alıcıya müxtəlif inşaat mallarının satılması və satılmış malların dəyərinin Müqavilədə nəzərdə tutulmuş qaydada ödənilməsi öhdəlik olaraq qəbul edilmişdir. Satıcı tərəfindən Alıcıya 100.418,50 manat məbləğində yenidən mal satılmışdır. Əvvəlki borcla birlikdə Cavabdehin İddiaçıya ümumilikdə 214.307,80 manat borcu yaranmışdır. İndiyədək həmin borcdan 155.657,61 manat ödənilmiş, 58.650,19 manat isə ödənməyən borcu vardır. Borcun ödənilməsi barədə dəfələrlə şifahi olaraq müraciət edilmiş, sonuncu dəfə isə rəsmi olaraq xx.xx.2020 tarixli məktubla müraciət edilərək cavabdehdən borcun ödənilməsi tələb olunmuşdur. Lakin buna baxmayaraq Cavabdeh borcun ödənilməsini təmin etmir. Ona görə də borcun məhkəmə qaydasında ödənilməsinin təmin edilməsi üçün məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Cavabdehlə aralarında olan müqavilənin 2.2-ci bəndində göstərilir ki, Alıcı satılmış malın dəyərini 28 təqvim günü ərzində Satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirəcəkdir. Lakin xx.xx.2018-xx.xx.2019 tarix aralığında kəsilmiş elektron qaimələrə əsasən satılmış mallara görə Cavabdeh tərəfindən İddiaçıya ödənilməli olan 58.650,19 manat vəsait aradan bir ildən çox vaxt keçməsinə baxmayaraq ödənilmir. Bununla da Cavabdeh özünün ödəmə öhdəliklərini yerinə yetirmir. xx.xx.2018-ci il tarixli Müqavilənin 6-cı bəndində nəzərdə tutulmuşdur ki, öhdəliklərini yerinə yetirməyən Tərəflərdən biri digərinə ziyan vurarsa, mal və materialların təqdim edilıməsi Satıcı tərəfindən, ödəniş isə Alıcı tərərfindən gecikdirilərsə, günahkar tərəf digər tərəfə gecikdirilən hər gün üçün borc məbləğinin ümuni dəyərinin 0,1 %-i məbləğində cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği borc məbləğinin 3%-dən artıq ola bilməz. Odur ki, Cavabdehin İddiaçıya 2019-cu ilin avqust ayından indiyədək ödənilməyən 58.650,19 manat borca hesablanan 3% cərimə məbləği 1.759,51 manat təşkil edir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı etiraf edərək, izahatında bildirdi ki, tərəflər asrasında müqavilə öhdəliyi vardır. Son dövrlər maliyyə çətinliklərindən borcları ödəyə bilmirlər. Əsas borc hissədə iddianı etiraf edir, cərimə hissəsində güzəşt edilməsini istəyir. Sonda cavabdehin nümayəndəsi iddianın qismən təmin edilməsini məhkəmədən xahiş edir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə müxtəlif inşaat mallarının satmağı, cavabdeh isə satılmış malların dəyərini Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəməyi öhdələrinə götürmüşlər. 29 ədəd elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən müxtəlif inşaat malları cavabdehə satılmışdır. xx xxxxxx 2018-ci il tarixli Qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdeh iddiaçıya xx.xx.2017-ci il tarixə 113889,30 manat borcu olmasını qəbul etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə müxtəlif inşaat mallarının satmağı, cavabdeh isə satılmış malların dəyərini Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə müxtəlif inşaat malları satılmış, cavabdehin ümumi borc qalığı 58.650,19 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən 58.650,19 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 6cı bəndinə əsasən öhdəliklərini yerinə yetirməyən Tərəflərdən biri digərinə ziyan vurarsa, mal və materialların təqdim edilıməsi Satıcı tərəfindən, ödəniş isə Alıcı tərərfindən gecikdirilərsə, günahkar tərəf digər tərəfə gecikdirilən hər gün üçün borc məbləğinin ümuni dəyərinin 0,1 %-i məbləğində cərimə ödəməlidir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 1.759,51 manat dəbbə pulu məbləği yaranmış 58.650,19 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 500 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 58.650,19 manat əsas borc, 500 manat cərimə tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 97,92 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29,37 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 0,63 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 58.650,19 manat əsas borc, 500 manat cərimə tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 29,37 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 0,63 manat məbləği İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-953/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-953/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver