Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-953/2022 07.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdehnə (MMC) qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28166,81 manat məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "Körpü Tunel Tİkinti” MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında ərzaq məhsullarının satın alınması barədə 25 noyabr 2019-cu il tarixli KM/21 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı ("xxxx" ASC) alıcının (Cavabdeh MMC) sifarişi əsasında hər dəfə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən müvafiq qaydada təsdiq edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr ilə razılaşdırılan ərzaq məhsullarının satın alınması barədə təklifini qəbul edir və ərzaq məhsulları ilə təmin edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının satıcıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. Bildiririk ki, müqavilənin 1.1-ci bəndi üzrə öhdəliyimiz icra olunaraq 77876,07 manat ƏDV daxil dəyərində ərzaq məhsulu Cavabdeh MMC-yə təqdim edilmişdir. Cavabdeh MMC tərəfindən həmin öhdəliyin 49709,26 manat dəyərində hissəsi iddiaçıya ödənilmişdir. Lakin, müqavilənin 1.2-ci bəndinin tələbləri pozularaq qəbul edilmiş ərzaq məhsullarının müqabilində 28166,81 manat pul Cavabdeh MMC tərəfindən ödənilməmişdir. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehlə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi 28166,81 manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - 25 noyabr 2019-cu il tarixli KM/21 saylı alqı-satqı müqaviləsinə əsasən Satıcı ("xxxx" ASC) Alıcının (Cavabdeh MMC) sifarişi əsasında hər dəfə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən müvafiq qaydada təsdiq edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr ilə razılaşdırılan ərzaq məhsullarının satın alınması barədə təklifini qəbul edir və ərzaq məhsulları ilə təmin edir. Alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının satıcıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. - 07 may 2020-ci il tarixli EBAJ seriyalı, 632378 saylı, 632381 saylı və 632383 saylı elektron qaimələrə əsasən müvafiq olaraq 12035,99 manat, 27511,75 manat və 770,16 manat dəyərində mal, 15 may 2020-ci il tarixli EBAJ seriyalı, 940140 saylı, 940141 saylı, 940142 saylı, 940143 saylı, 940144 saylı və 940145 saylı elektron qaimələrə əsasən müvafiq olaraq 16360,66 manat, 5100,66 manat, 9401,06 manat, 377,36 manat, 142,63 manat və 6175,76 manat dəyərində mal Cavabdeh MMC-yə verilmişdir. - 29 mart 2020-ci il tarixli TA seriyalı, ******* saylı, ******* və ******* saylı malların təhvil-qəbul aktına əsasən müvafiq olaraq 12035,99 manat, 27511,76 və 770,16 manat dəyərində mal, 01 may 2020-ci il tarixli TA seriyalı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı malların təhvil-qəbul aktına əsasən müvafiq olaraq 5100,66 manat, 9401,06 manat, 16360,66 manat və 377,36 manat dəyərində mal, 07 may 2020-ci il tarixli TA seriyalı, ******* saylı və ******* saylı malların təhvil-qəbul aktına əsasən müvafiq olaraq 142,63 manat və 6175,76 manat dəyərində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, sonuncu tərəfindən alınmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında imzalanmış 25 noyabr 2019-cu il tarixli KM/21 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı - "xxxx" ASC alıcının - Cavabdeh MMC sifarişi əsasında hər dəfə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən müvafiq qaydada təsdiq edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr ilə razılaşdırılan ərzaq məhsullarının satın alınması barədə təklifini qəbul edir və ərzaq məhsulları ilə təmin edir. Alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının satıcıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, 77876,07 manat dəyərində mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada - elektron qaimə-faktura, elektron vergi hesab-fakturası və ciddi hesabat blankı olan malların təhvil-qəbul aktları əsasında "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Cavabdeh tərəfindən müəyyən məbləğdə ödəniş olunsa da, 28166,81 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Müqavilənin 2.4-cü maddəsində qeyd olunmuşdur ki, “satıcı tərəfindən alıcıya təqdim olunan malların dəyəri təhvil-təslim aktı, elektron qaimə-faktura, hesab-faktura və elektron vergi hesab-fakturası (E-VHF) təqdim olunduqdan sonra avans məbləğinin xüsusi çəkisi nəzərə alınmaqla, faktiki təhvil verilmiş ərzaq məhsullarının dəyəri 20 iş günü ərzində satıcının müqavilədə göstərilən bank hesabına ödənilir”. Müqavilənin 3.2.1-ci maddəsində qeyd olunmuşdur ki, “alıcının nümayəndəsi tərəfindən təhvil-təslim aktı imzalandıqdan sonra məhsullar qəbul edilmiş sayılır”. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən məhsullar qəbul edilsə də, müqavilə üzrə üzərinə düşən öhdəlik icra olunmamış, malların dəyəri tam məbləğdə ödənilməmişdir. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. - 4.5-ci bəndinə əsasən elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunaraq 28166,81 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 174,51 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 28166,81 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 174,51 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-953/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-953/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver