Məhkəmə qərarları › İş №e-2-2(113)-955/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-955/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-955/2021 27.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı “X1.Tic Ltd” şirkətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “X1.Tic Ltd” Şirkəti Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 514163,14 ABŞ dolları (beş yüz on dörd min bir yüz altmış üç dollar, on dörd sent) məbləğinin qətnamənin çıxarıldığı tarix üçün bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizləri ilə birlikdə, ödəniş günü manata olan məzənnə ilə alınaraq «X1ayi və Ticaret Ltd» şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X1ayi və Ticaret Ltd» şirkəti ilə Cavabdeh MMC arasnda 01.07.2013-cü il tarixdə bağlanmış “Cavabdeh – Bakı fasad işləri ilə əlaqədar malların alqı-satqı müqaviləsi” əsasında «X1ayi və Ticaret Ltd» şirkəti tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 2487389,96 ABŞ dolları məbləğində SCHUCO sistemi aliminium panel fasad, klassik çubuq sistemi fasad və doğrama sistemləri ilə birlikdə bu sistemlərə aid olan şüşələr (panel sistemin üzərində 3 mm aliminium fasad örtük lövhə sisinus vizuallıqda aliminium fasad profilləri, aliminium şüşə qorxuluq, fırlanan qapı, paslanmaz giriş saçağı və dam örtük işlərinin polad dam konstruksiyası) ixrac edilmiş, həmin mal-material Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Mal-materialların ilk hissəsi 09.09.2013-cü il tarixində, son hissəsi 23.10.2015-ci il tarixində olmaqla, 69 dəfəyə göndərilmiş, göndərilmiş bütün mal-material tam həcmdə Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Lakin Cavabdeh MMC tərəfindən mal-materialın 1973226,62 ABŞ dolları məbləğində bir hissəsinin ödənişi edilmiş, 514163,14 ABŞ dolları məbləğində qalan hissəsinin ödənişi isə edilməmişdir. 514163,14 ABŞ dolları məbləğində qalan hissənin ödənişi ilə bağlı cavabdehə tərəflərindən dəfələrlə pretenziyalar göndərilmiş, hər dəfə cavabdehin xahişləri nəzərə alınaraq sözügedən qalan hissənin ödənişinə möhlət verilmişdir. Lakin dəfələrlə möhlət verilməsinə baxmayaraq, cavabdeh qalan hissənin ödənişini etməmişdir. Sonuncu dəfə cavabdehin ünvanına 04.10.2019-cu il tarixli növbəti pretenziya göndərilərək, pretenziyada cavabdehin nəzərinə, o cümlədən aşağıdakılar çatdırılmışdır: «…Müəssisələrimiz arasında bağlanmış 01.07.2013-cü il tarixli “Cavabdeh – Bakı fasad işləri ilə əlaqədar malların alqı-satqı müqaviləsi” üzrə müqavilə qiymətinin qalan hissəsinin ödənişinin tərəfinizdən edilməməsi nəticəsində yaranmış olan bu vəziyyət tələb edir ki, sözügedən müqavilənin 19-cu bəndi ilə nəzərdə tutulduğu kimi sizin tərəfinizdən bir, bizim tərəfimizdən bir və barəsində birlikdə razılığa gələcəyimiz müstəqil üçüncü şəxsin iştirakı ilə bir hakim heyəti yaradaq və bəhs edilən qalan hissənin ödənişi ilə bağlı aramızda yaranmış məsələni həll edək. Müqavilənin 19-cü bəndinin digər tələbinə görə məsələnin yuxarıda qeyd edilən qaydada həlli mümkün olmazsa, o cümlədən qeyd edilən hakim heyətinin yaradılması mümkün olmazsa, aramızda yaranmış məsələ məhkəmə qaydasında həll olunmalıdır. Odur ki, xahiş edirik, qeyd edilən məsələnin aramızda həll edilməsi məqsədilə tərəfinizdən təyin ediləcək nümayəndənizin adını və müstəqil üçüncü şəxsin seçilməsi ilə bağlı təkliflərinizi bizə təqdim edəsiniz. Xahiş edirik, bu məktubu (pretenziyanı) aldıqdan sonra 10 (on) gün müddətində ya qalan hissənin ödənişini edəsiniz, yaxud təklif edildiyi kimi öz nümayəndənizi və üçüncü şəxslə bağlı təkliflərinizi bizə yazılı olaraq bildirəsiniz. Pretenziyaya cavab vermədiyiniz təqdirdə müqavilə ilə nəzərdə tululduğu kimi məhkəməyə müraciət etmək məcburiyyətində qalacağıq. Xahiş edirik nəzərə alasınız». Lakin cavabdeh tərəfindən bu dəfə pretenziyaya, ümumiyyətlə hər hansı cavab verilməmişdir. Maddi hüquq normalarının, habelə tərəflər arasında bağlanmış müqavilənin tələblərindən də göründüyü kimi, cavabdeh müqavilə üzrə təhvil aldığı mal-materialın 514163,14 ABŞ dolları məbləğində qalan hissəsinin ödənişini etməlidir. Lakin cavabdeh həmin məbləğin ödənişi ilə bağlı öhdəliyini könüllü olaraq icra etməmişdir. Odur ki, həmin məbləğ və onun faizləri məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında izahat verərək iddia əsassız olduğundan, eyni zamanda iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - 01.07.2013-cü il tarixli “Cavabdeh- Bakı fasad işləri ilə əlaqədar malların alqı satqı müqaviləsi”nə əsasən Azərbaycan Respublikası, Bakı şəhərində yerləşən Cavabdeh binasının SCHUCO sistem alüminium panel fasad, klassik çubuq sistemi fasad və doğrama sistemləri ilə birlikdə bu sistemlərə aid olan şüşələr ( panel sistemin üzərində 3 mm alüminium fasad örtük lövhəsi sinus vizuallıqda alüminium fasad profilləri, alüminium şüşə qorxuluq, fırlanan qapı, paslanmaz giriş saçağı və dam örtük işlərinin polad dam konstruksiyası ) və novlar istisna olmaqla, işə götürən tərəfindən təsdiq edilən sistemlərə uyğun olaraq layihənin tətbiq ediləcəyi binadan alınan relyeflər istiqamətində işə götürən və ya konsultant tərəfindən təsdiq edilən layihələr istiqamətində materialının tədarük edilməsinin həyata keçirilməsi, emalatı və daşınması işidir. Emalat və göndərmə əsnasındakı Türkiyə Respublikası hökumətini maraqlandıran bütün icazələr və ödənişlər emalatçıya aiddir. Müqavilənin 5.1-ci maddəsinə əsasən işə götürənin ehtiyacı olan və əlavə edilmiş sifariş siyahısındakı miqdar, tip, xüsusiyyət və sair təfərrüatları olan SCHUCO sistem alüminium fasad və doğrama sistemləri ilə birlikdə 3 mm alüminium fasad örtük lövhəsi, sinus vizualda alüminium fasad profilləri, alüminium şüşə qorxuluq, fırlanan qapı, paslanmaz giriş saçağı və dam örtük işlərinin polad dam konstruksiyası ) və novlar istisna olmaqla, tender sənədləri, şərtnamələr və bu müqavilədə müəyyən edilmiş şərtlər daxilində satıcı tərəfindən təmin edilməsi işidir; 5.2-ci maddəsinə əsasən bu müqavilə ilə təmin ediləcək dolan mal, müqavilə və əlavələrində müəyyən edilmiş olan istənilən təfərrüata uyğun olan və texniki şərtnamələrdə müəyyən edildiyi formada təhvil veriləcəkdir; 6-ci maddəsinə əsasən bu müqavilənin predmeti olan toplam olaraq tender dosyesində göstərilmiş olan və satıcının nəzarət etdiyi metr və miqdarlara əsasən mallar istehsal ediləcək olan malın haqqı müqavilənin vahid qiymət cədvəlinə görə ******* Avro ( bir milyon yeddi yüzotuz səkkiz min dörd yüz avro )-dur; 8.1-ci maddəsinə əsasən bu müqavilənin müddəti iş başladığı tarixdən etibarən 1 (bir) ildir; 8.2-ci maddəsinə əsasən təhvil müddəti bu müqavilənin ödəniş maddəsinə əsasən təsis ediləcək avans ödənişinin satıcıya ödənilməsi ilə başlayacaqdır. Satıcı avansı ödənilən malların hamısını 120 təqvim günü müddətində təhvil vermiş sayılacaqdır. -“X1.Tic Ltd” Şirkəti tərəfindən Cavabdehnə ünvanlanmış 04.10.2019-cu il tarixli pretenziya məktubunda deyilir ki, pretenziyanı aldıqdan sonra 10 (on) gün müddətində əvvəla, «X1ayi və Ticaret Ltd» şirkəti ilə Cavabdeh MMC arasnda bağlanmış 01.07.2013cü il tarixli “Cavabdeh - Bakı fasad işləri ilə əlaqədar malların alqı-satqı müqaviləsi” üzrə aldığınız mal-materialın dəyərini, ödənişini bu günədək etmədiyiniz 514163,14 ABŞ dolları məbləğində qalan hissəsini hesabımıza köçürəsiniz. Qeyd edilən ödənişi etməyəcəyiniz təqdirdə, həmin məsələnin aramızda həll edilməsi məqsədilə tərəfinizdən təyin ediləcək nümayəndənizin adını və müstəqil üçüncü şəxsin seçilməsi ilə bağlı təkliflərinizi bizə yazılı olaraq təqdim edəsiniz. Pretenziyaya cavab vermədiyiniz təqdirdə müqavilənin 19-cü bəndi ilə nəzərdə tululdugu kimi, məhkəməyə müraciət etmək məcburiyyətində qalacağıq. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “X1.Tic Ltd” Şirkəti ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddia ərizəsində qeyd olunur ki, mal-materialların ilk hissəsi 09.09.2013-cü il tarixində, son hissəsi 23.10.2015-ci il tarixində göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İddiaçı iddia etmişdir ki, cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Cavabdehin nümayəndəsi iddiaçıya heç bir borcunun olmadığını bildirmiş, iddiaçının nümayəndəsinə təqdim etdiyi sənədlərin əsllərinin məhkəməyə təqdim eilməsini təklif etmişdir. Vaxt verilsə də, iddiaçının nümayəndəsi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunmalıdır ki, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin nümayəndəsi hazırkı işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmədə hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçı 2021-ci ildə, yəni iddia axımının başladığı tarixdən 5 ildən artıq müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etməklə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini buraxmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar