Məhkəmə qərarları › İş №e-2-2(113)-955/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-955/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-955/2022 12.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi ilə, İddiaçı (MMC) “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1917,10 pul məbləğinin, mediasiya xidmətinə görə ödənilmiş 60 manat pul məbləğinin və hüquqi yardımla bağlı ödənilmiş 110 manat pul məbləğinin “X1 Mərkəzi” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X1 Mərkəzi” MMC arasında 22 oktyabr 2020-ci tarixində NT-64/20 saylı “Mallar (işlər və xidmətlər) üzrə satınalma” müqaviləsi imzalanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən satıcı İddiaçı MMC alıcı “X1 Mərkəzi” MMC-yə müqavilənin əlavəsi olan “Qiymətdə razılaşdırma protokolun”da qeyd olunan malların çatdırılmasını, alıcı isə malları qəbul edərək dəyərini satıcıya ödəməyi öhdəsinə götürümüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı “X1 Mərkəzi” MMC malları təxirəsalınmadan qəbul edərək ödəmələri vaxtında aparmağı öhdəsinə götürmüşdür. 22.10.2020-ci tarixli NT-64/20 saylı “Mallar (işlər və xidmətlər) üzrə satınalma” müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən mallar cavabdeh “X1 Mərkəzi” MMC-yə təqdim edilmişdir. Lakin təqdim edilmiş malların əvəzi olaraq 1917,10 manat məbləğində pul cavabdeh tərəfində iddiaçıya ödənilməmişdir. Göründüyü kimi iddiaçı alqısatqı müqaviləsi üzrə öhdəliklərini tam icra edərək, cavabdehə malları təqdim etsə də cavabdeh müqavilə şərtlərini pozmuş və malların dəyərini ödəməmişdir. Tərəflər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materiallarında olan: - İddiaçı MMC ilə “X1 Mərkəzi” MMC arasında bağlanmış 22 oktyabr 2020-ci tarixində NT-64/20 saylı “Mallar (işlər və xidmətlər) üzrə satınalma” müqaviləsinə əsasən “İcraçı” - İddiaçı MMC müqavilədə müəyyən olunmuş şərtlər əsasında əlavədə verilmiş X2 əsasən qeyd olunan malların “Sifarişçiyə” - “X1 Mərkəzi” MMC-yə çatdırılmasını, “Sifarişçı” isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların “İcraçı”dan qəbul edilməsini və dəyərinin tam ödənilməsini öhdəsinə götürür. - 11 yanvar 2022-ci il tarixli qəbzə əsasən İddiaçı MMC tərəfindən Bakı şəhəri 30 saylı Vəkil Bürosuna 110 manat məbləğində hüquqi yardıma görə ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. İş materiallarında olan müqavilənin 2.1-ci bəndinə əsasən satıcı kimi malları satmağı və alıcı isə almağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilnin 4-ci bəndində ödəniş qaydası müəyyən olunmuş, 4.2-ci bəndində qeyd olunmuşdur ki, “Müqavilə üzrə hesablaşmalar mallar (işlər, xidmətlər) icraçı tərəfindən sifarişçiyə təhvil verildikdən sonra tam məbləğ köçürmə yolu ilə həyata keçirilir”. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə mallar verilsə də, sonuncu müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, müqavilə üzrə borcun ödənilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə 110 manat vəkil xidməti ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 60 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 1917,1 manat məbləğində pul vəsaiti “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 110 manat və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar