Məhkəmə qərarları › İş №e-2-2(113)-9585/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9585/2025

09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9585/2025 09.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 09 yanvar 2023-cü il tarixli 03 №-li alqı-satqı müqavilə əsasında verilmiş, müxtəlif ölçülərdə viski, şərab, konyak, araq cəmi 2837,77 manat dəyərində alkoqollu içkilərin dəyərinin ödənilməməsi səbəbindən iddiaçı "xxxx" ASC-yə vurulmuş maddi ziyan hesabına 2837.77 (iki min səkkiz yüz otuz yeddi manat 77 qəpik) manat, ödənilmiş dövlət rüsumu hesabına 50 manat, cəmi 2887,77 manat cavabdeh fiziki şəxsdən alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında 09 yanvar 2023-cü il tarixli 03 №- li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, 19 yanvar 2023-cü il tarixində EBCN seryalı 282127 saylı, 28 mart 2023-cü il tarixində EBDC seryalı 411457 saylı, 23 May 2023-cü il tarixində EBDG seryalı 239690 saylı və 20 iyun 2023-cü il tarixində EBDİ seryalı 268924 saylı elektron qaimə fakturalara əsasında dəyəri 2837.77 (iki min səkkiz yüz otuz yeddi manat 77 qəpik) AZN olan alkokollu içkilər, satılıb dəyərinin ödənilməsi məqsədi ilə Cavabdeh2 verilmişdir. Həmin mallar 19 yanvar 2023-cü il tarixli 000274 saylı, 19 yanvar 2023-cü il tarixli 000275 saylı, 28 mart 2023-cü il tarixli 001745 saylı, 23 may 2023-cü il tarixli 002808 saylı və 20 iyun 2023-cü il tarixli 003476 saylı malların təhvil-qəbul aktları əsasında təhvil verilmişdir. Cavabdeh2 müqavilə öhdəliklərini yerinə yetirməmiş, qəbul etdiyi, Abşeron Şərab ASC-yə məxsus, ümumi dəyəri 2837,77 manat olan alkoqollu içkilərin dəyərini bu günə qədər ödəməmişdir. Bununla Cavabdeh2 iddiaçı müəssisəyə qeyd olunan məbləğdə maddi ziyan vurmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında xx.xx.2023-cü il tarixli 03 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.

10. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı elektron qaimə əsasında təqdim olunan müəyyən edilmiş malı alıcıya satmağı, alıcı isə həmin malı qəbul edib onların qiymətini bu elektron qaimə fakturada müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdələrinə götürürlər.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı elektron qaimə fakturada göstərilən malın cəmi qiymətini satıcının elektron qaiməsini aldıqdan sonra 30 gün ərzində satıcıya ödəməyi öhdəsinə götürür.

12. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür.

15. iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBCN 282127 saylı dəyəri 2.132,61 manat, xx.xx.2023-cü il tarixli EBDC 411457 saylı dəyəri 339,63 manat, xx.xx.2023-cü il tarixli EBDG 239690 saylı dəyəri 196,29 manat, xx.xx.2023-cü il tarixli EBDİ saylı dəyəri 169,27 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.

16. Sadə riyazi hesablama ilə görünür ki, elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi 2.837,8 manat təşkil edir.

17. İddiaçı hazırda cavabdehin 2.837,77 manat borcunun qaldığını bildirir.

18. Məhkəmə hesab edir ki, elektron qaimələrlə bağlı hər hansı bir etiraz verilmədiyi, müqavilənin 2.2-ci bəndi nəzərə alındığında elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmiş, cavabdehin də, ona verilmiş olan malların dəyərini ödəmək öhdəliyi yaranmışdır

19. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, borcun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

20. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2.837,77 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Bundan başqa, iş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

22. Ona görə də, dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

23. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə əsasında 2.837 (iki min səkkiz yüz otuz yeddi) manat 77 (yetmiş yeddi) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar