Məhkəmə qərarları › İş №e-2-2(113)-9607/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9607/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9607/2025 03.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədov Fərid Elçin oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 276 saylı X2 xx.xx.2025-ci il tarixli Əlavə Razılaşmanın (Öhdəliyin ötürülməsi haqqında) ləğv edilməsi, Cavabdeh2 ümumilikdə 6565.60 (altı min beş yüz altmış beş.60) manat məbləğində vəsaitin (müqavilə üzrə borc-2150 (iki min bir yüz əlli) manat, nəqliyyat vasitəsinə dəymiş zərər-3560 (üç min beş yüz altmış) manat, ödənilmiş cərimələr - 855.60 (səkkiz yüz əlli beş.60) manat), vəkilin göstərdiyi hüquqi yardıma görə 450 (dörd yüz əlli) manat və məhkəməyə müraciət edilməsi ilə əlaqədar 90 (doxsan) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 (VÖEN: **********) arasında 276 saylı X2 xx.xx.2025-ci il tarixli Əlavə Razılaşma (Öhdəliyin ötürülməsi haqqında) bağlanmışdır. 276 saylı X2 xx.xx.2025-ci il tarixli Əlavə Razılaşmanın 1-ci bəndində göstərilmişdir: “Bu razılaşmaya əsasən “Öhdəlik ötürən” “Lizinq verən”in razılığı ilə 276 saylı X5 üzrə bütün hüquq və öhdəliklərini, borcunu “Öhdəlik götürən”ə verir və “Öhdəlik götürən”də bütünlüklə qəbul edir.” Lizinq obyekti - “Hyundaı Elantra” minik markalı (Qeydiyyat nişanı - 99PH039; Rəngi-Ağ; İstehsal tarixi- 2017; BAN nömrəsi KMHD04LB8JU482731) nəqliyyat vasitəsidir. Cavabdeh2 tərəfindən 276 saylı X2 xx.xx.2025-ci il tarixli Əlavə Razılaşmanın müddəaları pozularaq, öhdəliklər icra edilməmişdir. Cavabdeh2 276 saylı X2 xx.xx.2025-ci il tarixli Əlavə Razılaşma (Öhdəliyin ötürülməsi haqqında) üzrə İddiaçı MMC-yə ümumilikdə 2150 (iki min bir yüz əlli) manat məbləğində (2 aylıq lizinq ödənişi) öhdəliyi vardır. Bildirir ki, xx.xx.2025-ci il tarixində İddiaçı MMC-nin mülkiyyətində olan - “Hyundaı Elantra” minik markalı (Qeydiyyat nişanı- 99PH039; Rəngi-Ağ; İstehsal tarixi-2017; BAN nömrəsi-KMHD04LB8JU482731) nəqliyyat vasitəsi ilə Cavabdeh2 (276 saylı X2 xx.xx.2025-ci il tarixli Əlavə Razılaşmaya (Öhdəliyin ötürülməsi haqqında) əsasən istifadəsində olmuşdur) tərəfindən törədilmiş inzibati xətalarla bağlı 855.60 (səkkiz yüz əlli beş.60) manat məbləğində cərimə tərəfimizdən ödənilmişdir. Qeyd etmək istəyirik ki, “Hyundaı Elantra” minik markalı (Qeydiyyat nişanı- 99PH039; Rəngi-Ağ; İstehsal tarixi-2017; BAN nömrəsi-KMHD04LB8JU482731) nəqliyyat vasitəsi qəzalı vəziyyətdə mühafizə olunan duracağda aşkar edilmişdir. “X6 Mərkəzi” MMC-nin 22 oktyabr 2025-ci il tarixli rəyinə əsasən, İddiaçı MMC-nin mülkiyyətində olan “Hyundaı Elantra” minik markalı (Qeydiyyat nişanı-99PH039; Rəngi-Ağ; İstehsal tarixi- 2017; BAN nömrəsi KMHD04LB8JU482731) nəqliyyat vasitəsinə 3560 (üç min beş yüz altmış) manat məbləğində zərər vurulmuşdur (daşınar əmlakın zədələnməsi). xx.xx.2024cü il tarixli 276 saylı X1 5.1-ci bəndinə əsasən, lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya bu müqavilə ilə götürdükləri öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış faydanı tam həcmdə ödəməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı MMC ilə X7 arasında xx.xx.2024-cü il tarixli 276 nömrəli X5ndən görünür ki, lizinq verən İddiaçı MMC Rəngi-Ağ; İstehsal tarixi-2017; KMHD04LB8JU482731 BAN nömrəli “Hyundaı Elantra” minik markalı avtomobili lizinq alan X3 lizinqə vermiş və müqavilənin şərtlərinə əsasən lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür.

7. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya bu müqavilə ilə götürdükləri öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış faydanı tam həcmdə ödəməlidir.

8. BB659269 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2017-ci il olan “Hyundaı Elnatra” marakalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir.

9. X7, İddiaçı MMC ilə Cavabdeh2 (VÖEN: **********) arasında imzalanmış xx.xx.2025-ci il tarixli, 276 saylı (öhdəliyin ötürülməsi haqqında) X2 Əlavə Razılaşmadan görünür ki, X7 276 saylı X5 üzrə bütün hüquq və öhdəliklərini, borcunu öhdəlik götürənə (Cavabdeh2) verir və öhdəlik götürən də bütünlüklə qəbul edir.

10. Həmin razılaşmanın 2-ci bəndinə əsasən, lizinq müddəti bitdikdən sonra öhdəlik götürən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququ lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərclərin öhdəlik götürənin ödəməsi şərti öhdəlik götürənə keçir.

11. Həmin razılaşmanın 3-cü bəndinə əsasən, razılaşma imzalandığı anda 276 saylı X5 üzrə “öhdəlik götürən”in qalıq borcu 27347.65 (iyirmi yeddi min üçn yüz qərx yeddi manat 65 qəpik) manat təşkil edir və öhdəlik götürən həmin məbləği xx.xx.2028-ci il tarixədək (9164 manat məbləğində vəsaiti lizinq verənə mükafat ödəməklə) ödəməyi öhdəsinə götürmüşdür.

12. İddiaçı MMC və Cavabdeh2 arasında imzalanmış xx.xx.2025-ci il tarixli (276 saylı X2 əlavə -2) qəbul protokolundan görünür ki, qiyməti 27347,65 manat olan lizinq obyekti - “Hyundaı Elantra” minik markalı (Qeydiyyat nişanı – **-PH-***; Rəngi-Ağ; İstehsal tarixi- 2017; BAN nömrəsi KMHD04LB8JU482731) nəqliyyat vasitəsi ünvan 1 ünvanında Cavabdeh2 təhvil-təslim edilərək, onun istifadəsinə verilmişdir.

13. xx.xx.2025-ci il tarixli lizinq ödənişləri (276 saylı müqaviləyə əlavə) cədvəlindən görünür ki, Cavabdeh2 hər ay “Hyundaı Elantra” minik markalı, **-PH-*** dövlət qeydiyyat nömrəli avtomobil üçün 1075 manat olmaqla, 2028-ci il tarixə kimi qaytarılmasını (ümumilikdə 36512 manat) öhdəsinə götürmüşdür.

14. 16 oktyabr 2025-ci il tarixli 133544928, ********* və ********* nömrəli ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh2 barəsində tərtib edilmiş EQ-30052888 (360 manat), EQ-30067098 (360 manat), EQ-29354995 (18 manat) və EQ-27865333 (16 manat) nömrəli inzibati xəta haqqında qərarlar üzrə hesablanmış cərimələrə görə İddiaçı MMC-nin satış şöbəsinin müdiri X4 tərəfindən ümumilikdə (hökümət ödəniş portalı gəlirinə) 754 (yeddi yüz əlli dörd) manat məbləğində vəsait ödənilmişdir.

15. “Hyundaı Elantra” minik markalı, **-PH-*** dövlət qeydiyyat nömrəli avtomobilin qəzalı vəziyyətini əks etdirən 5 ədəd foto-şəkillərdən görünür ki, avtomobilin qabaq sol hissəsinin əzilməsi və digər zərərlər müəyyən edilir.

16. “X6 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 099-040/2025 saylı rəyindən görünür ki, “Hyundaı Elantra” minik markalı, **-PH-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymi zərər 3560 manat əşkil edir.

17. “X6 Mərkəzi” MMC-nin (İddiaçı MMC-nin təkrar müraciətinə əsasən) xx.xx.2025ci il tarixli, 099-040/2025 saylı rəyindən görünür ki, “Hyundaı Elantra” minik markalı, **-PH- *** dövlət qeydiyyat nömrəli avtomobilə dəymi zərər 3825 manat əşkil edir.

18. PulPal MMC-yə məxsus xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, hüquqi yardımın göstərilməsi üçün İddiaçı MMC tərəfindən “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına 450 manat məbləğində vəsait ödənilmişdir.

19. 04 noyabr 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir.

20. Beləliklə, məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə X7 arasında xx.xx.2024-cü il tarixli 276 nömrəli X5ndən görünür ki, lizinq verən İddiaçı MMC Rəngi-Ağ; İstehsal tarixi-2017; KMHD04LB8JU482731 BAN nömrəli “Hyundaı Elantra” minik markalı avtomobili lizinq alan X3 lizinqə verilmişdir.

21. Daha sonra isə, X7, İddiaçı MMC və Cavabdeh2 (VÖEN: **********) arasında xx.xx.2025-ci il tarixli, 276 saylı (öhdəliyin ötürülməsi haqqında) X2 Əlavə Razılaşmana imzalanmış və buna əsasən, lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklər Cavabdeh2 ötürülmüşdür. Həmçinin lizinq obyekti olan “Hyundaı Elantra” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 təhvil-təslim edilərək, onun istifadəsinə verilmişdir. Bununla belə, lizinq alan - Cavabdeh2 müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmiş və nəticədə onun xx.xx.2025-ci il tarixli, 276 nömrəli X2 əlavə razılaşma üzrə 2150 (iki min bir yüz əlli) manat borcu yaranmışdır.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

24. Həmion Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

25. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

26. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

27. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

28. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

29. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur;

30. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır;

31. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir;

32. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.

33. Məhkəmə aparılmış araşdırmanın nəticələrini rəhbər tutub, bu münasibətləri tənzimləyən maddi hüquq normaların tələblərini əsas götürüb belə qənaətə gəlir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan əsas borcunu ödəməlidir.

34. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda şərh edilən qərarında gəldiyi nəticəyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

35. Ona görə də məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçı cavabdehə xəbərdarlıq bildirişi göndərməklə, lizinq müqaviləsinin ləğv edilməsi tələbini irəli sürməsi ilə birtərəfli iradə ifadəsini bildirmiş hesab edilir. Bu da onu deməyə əsas verir ki, lizinq müqaviləsi həmin andan ləğv edilmişdir. Hazırda iddiaçı iddia tələbində lizinq müqaviləsinin ləğv edilməsini xahiş etsə də, məhkəmə belə qənaətə gəlir ki, qeyd edilənlər müqavilənin ləğv edilməsi barədə deyil, ləğv edilmiş hesab edilməsi barədə qətnamənin çıxarılmasına əsas verir və bu xüsusat heç də iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz.

36. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı “...lizinq müqaviləsi üzrə 2150 (iki min bir yüz əlli) manat borcun tutulması” tələbini irəli sürməkdə də haqlı olmuşdur. Nəzərə almaq lazımdır ki, cavabdehin dövri lizinq ödənişlərini etməli olması işin mübahisələndirilməyən halıdır. Bununla belə o, işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak edərək, həmin öhdəliyini icra etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir.

37. Məhkəmə həmçinin iddia tələbinin “Hyundaı Elantra” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 3560 (üç min beş yüz altmış) manat məbləğində zərərin ödənilməsi ilə bağlı hissədə aşağıdakıları qeyd edir.

38. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.

41. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz.

42. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə; və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir.

43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.

44. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

45. Hazırki işdən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan və Cavabdeh2 lizinqə verilmiş “Hyundaı Elantra” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qəzalı vəziyyətdə (5 ədəd fotoşəkillərlə öz əksini tapmışdır) mühafizə olunan duracağda aşkar edilmişdir.

46. Həmçinin işdən görünür ki, həmin nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixli protokol əsasında cavabdehin istifadəsinə verilmişdir. Həmin protokolda nəqliyyat vasitəsinin tam saz və istismara yararlı vəziyyətdə, heç bir texniki nöqsan müəyyən edilmədən cavabdehə təhvil verilmiş olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən həmin nəqliyyat vasitəsinin saz vəziyyətdə iddiaçıya/lizinqalana qaytarılmış olduğu müəyyən edilmir. Cavabdeh tərəfindən bu hala dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

47. Bu mənada zərərin məhz nəqliyyat vasitəsinin məhz cavabdehin istifadəsində olduğu vaxt vurulmuş olduğu qəbul edilməlidir.

48. Cavabdehdən tutulmalı zərərin məbləğinə gəldikdə isə, “X6 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 099-040/2025 saylı rəyinə əsasən, “Hyundaı Elantra” minik markalı, **-PH-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərər 3560 manat təşkil edir.

49. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

50. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

51. Məhkəmə iş üzrə verilən qiymətləndirmə rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır.

52. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, dəymiş maddi zərərin məbləği müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yəni iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır.

53. Beləliklə, məhkəmə “X6 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 099-040/2025 saylı mütəxəssis rəyini, xx.xx.2024-cü il tarixli 276 saylı X1 5.1-ci bəndində, lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya bu müqavilə ilə götürdükləri öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış faydanı tam həcmdə ödənilməsinin nəzərdə tutulmasını və məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutları tədqiq edərək hesab edir ki, vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 3560 manat məbləğində pul vəsaiti tutulmalıdır.

54. Məhkəmə, həmçinin iddia tələbinin cavabdehin törətmiş olduğu inzibati xətalar nəticəsində hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 850,60 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi üçün əsaslar mövcuddur.

55. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, 16 oktyabr 2025-ci il tarixli 133544928, ********* və ********* nömrəli ödəniş tapşırıqlara əsasən, Cavabdeh2 barəsində tərtib edilmiş EQ-30052888 (360 manat), EQ-30067098 (360 manat), EQ-29354995 (18 manat) və EQ-27865333 (16 manat) nömrəli inzibati xəta haqqında qərarlar üzrə hesablanmış cərimələrə görə İddiaçı MMC-nin satış şöbəsinin müdiri X4 tərəfindən ümumilikdə (hökümət ödəniş portalı gəlirinə) 754 (yeddi yüz əlli dörd) manat məbləğində vəsait ödənilmişdir.

56. Göründüyü kimi cərimələr üzrə 754 manat məbləğində vəsaitin ödənilməsi ilə bağlı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilsə də, qalan 101,60 (855,60- 754=101,60) manat məbləğində pul vəsaitinin ödənilməsini təsdiq edən sübutlar (digər təqdim edilmiş ödəniş qəbzləri başqa şəxsin adına ödənilib) məhkəməyə təqdim edilməmişdir.

57. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi cərimələrin ödənilməsi hissəsində qismən təmin edilərək, Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 754 manat məbləğində pul vəsaiti tutulmalıdır.

59. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 276 saylı X2 xx.xx.2025-ci il tarixli Əlavə Razılaşma (Öhdəliyin ötürülməsi haqqında) ləğv edilmiş hesab edilməli, Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə müqavilə üzrə yaranmış əsas borc 2150 (iki min bir yüz əlli) manat, nəqliyyat vasitəsinə dəymiş maddi zərərin əvəzi olaraq 3560 (üç min beş yüz altmış) manat və ödənilmiş cərimələrə görə 754 (yeddi yüz əlli dörd) manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

60. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-cı maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

62. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, hüquqi yardıma görə 450 manat və dövlət rüsumu üçün ödənilmiş 90 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

1. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2 müqavilə üzrə yaranmış əsas borca görə 2150 (iki min bir yüz əlli) manat, nəqliyyat vasitəsinə dəymiş maddi zərərin əvəzi olaraq 3560 (üç min beş yüz altmış) manat, ödənilmiş cərimələrə görə 754 (yeddi yüz əlli dörd) manat, hüquqi yardıma görə 450 manat və dövlət rüsumu üçün ödənilmiş 90 manat olmaqla, ümumilikdə 7004 (yeddi min dörd) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 276 saylı X2 xx.xx.2025-ci il tarixli Əlavə Razılaşma (Öhdəliyin ötürülməsi haqqında) ləğv edilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar