Məhkəmə qərarları › İş №e-2-2(113)-9621/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9621/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9621/2025 23.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, mal göndərmə ) Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İ.İşin halları:

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 1,338.58 manat (min üç yüz otuz səkkiz manat, əlli səkkiz qəpik) borcunun, ödənilmiş 33.40 manat (otuz üç manat, qırx qəpik) dövlət rüsumunun - cəmi 1,371.98 manat (bir min üç yüz yetmiş bir manat, doxsan səkkiz qəpik) məbləğin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 (VÖEN: **********) arasında MŞT 23/156 saylı, xx.xx.2023-cü il tarixli məhsulların alqı-satqı müqaviləsi imzalanmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən İddiaçı MMC-dən müxtəlif “Mallar” (qeyri-qida məhsuları) alınsa da, həmin “Mallar”ın cəmi 1,338.58 manat (min üç yüz otuz səkkiz manat, əli səkkiz qəpik) dəyərində olan hissəsi hazırki vaxtadək Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. Ödənişin həyata keçirilməsi üçün tərəfimizdən Cavabdehə: 1) 11481321 saylı, xx.xx.2024cü il tarixli; 2) 3) 4) 5) 6) 11481328 saylı, xx.xx.2024-cü il tarixli; 10511155 saylı, xx.xx.2024-cü il tarixli; 10950437 saylı, xx.xx.2024-cü il tarixli; 11182203 saylı, xx.xx.2024cü il tarixli; 11625832 saylı, xx.xx.2024-cü il tarixli “Elektron qaimə”lər də göndərilmişdir. Göstərilən məbləğdə “Mallar”ın Cavabdeh2 tərəfindən qəbul edilməsini “Malların Təhvil- Qəbul Aktları”, həmin malara görə ödənilməmiş borcun qalmasını İddiaçı və Cavabdehin nümayəndəsi (anbardar) arasında imzalanmış 12 May 2025-ci il tarixli “X2” da bir daha sübut edir. Bununla bağlı dəfələrlə nümayəndəmiz vasitəsilə Cavabdeh2 ilə əlaqə saxlanılmış, daha sonra xx.xx.2025-ci il tarixində cavabdehə həm Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə, həm də Cavabdeh2 müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (onlayn kargüzarlıq) yaradılmış elektron kabinetinə pretenziya məktubu ilə müraciət edilərək qalan borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin Cavabdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 448.1 və 448.2-ci maddələrinə istinad olunmuşdur.

4. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. İİ.Tədqiq olunan sübutlar

5. İş materiallarında olan:

6. Müqaviləyə əsasən İddiaçı MMC “Şirkət”, Cavabdeh2 “Müştəri” olmaqla tərəflər arasında MŞT 23/156 nömrəli, xx.xx.2023-cü il tarixli Məhsulların «alqı-satqı» müqaviləsi imzalanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən “Şirkət” mülkiyyətində müxtəlif növ malları “Müştəri”yə satmaqla onun mülkiyyətinə verməyi, “Müştəri” isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini “Şirkət”ə ödəməyi və öz adından həmin məhsulları yalnız mülkiyyətində, istifadəsində və ya nəzarətində olduğu market və marketlər zəncirində üçüncü şəxslərə satmağı öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinə əsasən “Şirkət” bu müqavilə qüvvəyə mindikdən sonra “Müştəri”nin müraciəti əsasında onun sifarişini, bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla “Məhsul”ları “Müştəri”yə əvvəlcədən köçürmə yolu ilə ödəmə və ya nisyə satış qaydasında Malların Təhvil-Qəbul Aktı və elektron qaimə-faktura əsasında verir və “Müştəri”nin özü və ya səlahiyyətli nümayəndəsi qaimə-fakturanı imzalamaqla onları qəbul edir. Müqavilənin 3.1-ci bəndinə əsasən satılmış məhsulun dəyəri “Müştəri” tərəfindən “Şirkət”-in hesabına ödənilir. Ödənilmiş pul vəsaitinin “Şirkət”in hesabına oturduğu gün ödəniş günü hesab olunur. Satılmış məhsulun dəyəri “Şirkət”ə vaxtında ödənilmədikdə, “Müştəri”nin yeni sifarişləri ödənişin tamamlanmasına qədər qəbul edilmir.3.2-ci bəndinə əsasən Müştəri bu müqaviləyə əsasən faktura üzrə qəbul etdiyi məhsulları nisyə satış qaydasına uyğun olaraq borclanma limitini keçməmək şərti ilə aldıqda borcun-kreditin başlama müddətini nəzərə alaraq, Şirkət tərəfindən müəyyən edilmiş borcun-kreditin son ödəmə müddətini ötməməklə alınmış məhsulun dəyərinin Şirkətə ödənilməsini təmin etməlidir. 3.3-cü bəndinə əsasən Şirkət tərəfindən Müştəriyə verilən borclanma limiti ayda 2 dəfə dövr edəcək şəkildə istifadə edilməlidir. 3.4-cü bəndinə əsasən tərəflər hər ayın sonu bu müqaviləyə əsasən satılmış məhsullar üzrə üzləşmə aparırlar. Son aparılmış üzləşmə əsas olaraq diqqətə alınır və son üzləşmə tarixindən əvvəlki dövrlə bağlı daha sonradan çıxacaq hər hansı bir iddia diqqətə alınmır.

7. 31 may, 06 iyun, 14 iyun, 21 iyun və 28 iyun 2024-cü il tarixli tarixli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən müxtəlif məbləğdə və müxtəlif adda mallar Cavabdeh2 təhvil verilmişdir.

8. MT2405 seriyalı, 11481321 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1723,66 manat, MT2405 seriyalı, 11481328 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 24,56 manat, MT2406 seriyalı, 10511155 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 56,05 manat, MT2406 seriyalı, 10950437 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 41,28 manat, MT2406 seriyalı 11182203 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 59,59 manat, MT2406 seriyalı 11625832 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 434,32 manat dəyərində müxtəlif çeşidli mallar İddiaçı MMC tərəfindən Cavabdeh2 ödənilməsi üçün təqdim edilmişdir.

9. 12 may 2025-ci il tarixli X1 görünür ki, xx.xx.2025-ci il tarixə qarşılıqlı borc vəziyyəti 1338.58 manatdır. Üzləşməni borclu tərəfdən Qasımov Rəşad adlı şəxs imzalamışdır.

10. 05.11.2025-ci il tarixli **********28 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 33,4 manat dövlət rüsumu ödəmişdir. İİİ.Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

12. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

15. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

18. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

20. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.

21. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur.

22. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir.

23. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir.

24. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.

İV.Məhkəmə baxışının hədləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

V.Məhkəmənin mövqeyi

32. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqısatqı üzrə malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt üzləşmə aktı ilə də öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir.

33. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini, 1338.58 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslıdır, buna görə də 1338.58 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Tədqiq edilən sübutlar əsasında müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə tərtib edilən son üzləşmə aktına görə cavabdehin 1338.58 manat borcu yaranmışdır.

35. Odur ki, cavabdeh müqavilə üzrə malların dəyərini vaxtında ödəməyərək öhdəliyini lazımi qaydada icra etməmişdir və borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Bu səbəbdən də iddia əsaslı hesab edilməlidir.

36. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 33.4 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Vİ.Nəticə

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 357, 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİM: İddia təmin edilsin. MŞT 23/156 nömrəli, xx.xx.2023-cü il tarixli Məhsulların «alqı-satqı» müqaviləsi üzrə yaranmış 1,338.58 (min üç yüz otuz səkkiz manat, əli səkkiz qəpik) manat məbləğində bоrc və ödənilmiş 33,4 (otuz üç manat, qırx qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar