Məhkəmə qərarları › İş №e-2-2(113)-9645/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9645/2025

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9645/2025 18.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: şifahi alqı-satqı, mal göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalar əsasında yaranmış 1959.35 manat borcun və 40 manat ödənilən dövlət rüsumunun, cəmi 1999.35 manat pulun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə şifahi razılaşma əsasında İddiaçı MMC tərəfindən cavabdehə spirtli içkilərin satışı həyata keçirilmiş, cavabdeh həmin malları qəbul edərək dəyərini şirkətə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən 1959.35 manat (ƏDV daxil olmaqla) malın dəyərini, tərəflərin razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni İddiaçı MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlıalıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Alıcı ödəniş öhdəliklərini yerinə yetirməyərək həm müqavilənin, həmdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarını pozmuşdur. Mövcud qanunvericiliyin maddələri nəzərə alınmaqla elektron qaiməyə əsasən cavabdeh tərəfindən 1959.35 manat İddiaçı MMC-yə ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə istinad olunmuşdur.

Tərəflərin mövqeləri:

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, tərəflər arasında olan şifahi razılaşma əsasında qarşı tərəfə 2509 manat məbləğində məhsul verilmiş, həmin məbləğdən 550 manat ödəniş edilmişdir. Həmin 400 manat ödəniş edilməsini təsdiq edən sənəd sistemə əlavə edilmişdir. Tərəflər arasında ödənişin edilməsi tələbi ilə bağlı dəfələlərlə danışıqlar olmuş, lakin heç bir nəticə əldə edilməmişdir. İddia tələbini müdafiə edir. 150 manat borc məbləğinin ödənilməsini təsdiq edən sənədləri sistemə əlavə etməmişdir, lakin buna etiraz etmir, həmin məbləğin ödənilməsini də qəbul edir.

5. İddiaçının nümayəndəsi hazırki məhkəmə iclasında iştirak edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

6. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, ərizə yazaraq onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:

7. İş materiallarında olan:

8. 30.01.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qaimə fakturalardan və müştəri sifarişlərindən görünür ki, cavabdeh(X3) ümumilikdə 2509,35 manat dəyərində mallar sifariş vermişdir.

9. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan elektron qaimələrə əsasən ümumilikdə 2509.35 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə ödəniş üçün təqdim edilmişdir.

10. Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixədək olan borcu 1959,35 manatdır. Cavabdeh qaimələrin ümumi məbləği olan 2509.35 manat pul vəsaitindən 550 manatını ödəmişdir.

11. Kassa mədaxil qəbzlərindən görünür ki, cavabdeh tərəfindən 400 manat iddiaçıya ödənilmişdir.

12. İddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında cavabdehin əlavə olaraq 150 manat da ödədiyini, lakin bununla bağlı elektron sistemə qəbz əlavə etmədiyini bildirmiş və bu faktın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir.

13. 14.11.2025-ci il tarixli **********00 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh2 40 manat dövlət rüsumu ödəmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 329.2-cü maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

16. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

19. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.

23. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir.

24. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır.

25. 632.3-cü maddəsinə əsasən əgər göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı göndərilməsi gecikdirilmiş malların qəbulundan mal göndərənə bildiriş verməklə imtina edə bilər. Alıcı mal göndərənin bildirişi aldığı vaxtadək göndərdiyi malları qəbul etməyə və ödəməyə borcludur.

26. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir.

27. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir.

28. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.

Tətbiq edilən prosessual hüquq normaları:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir.

32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər

Məhkəmənin əsaslandırması:

36. Tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuşdur. Belə ki, satıcı spirtli içki məmulatlarını fərdi sahibkar olan alıcıya satmışdır. Ümumi dəyəri 2509.35 manat olan malların alıcının sifarişi əsasında ona təhvil verilməsi iş materiallarında olan və alıcının imzası ilə təsdiq edilən qaimə-fakturalarla təsdiq olunur. Satıcı isə həmin məbləğdən 550 manat ödənildiyini təsdiq edir. Odur ki, cavabdeh aldığı malların dəyərini ödəməməklə öhdəliyini pozmuşdur. Bu səbəbdən də satıcının Mülki Məcəllənin 637.2-ci maddəsinin tələbi baxımından satdığı malların dəyərini tələb etmək hüququ əsaslı sayılmalıdır. Beləliklə, 1959.35 manat qalıq borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

37. Bundan başqa iddia təmin edildiyindən ödənilmiş 40 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə:

38. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 1959,35 (min doqquz yüz əlli doqquz manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 1959,35 (min doqquz yüz əlli doqquz manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar