Məhkəmə qərarları › İş №e-2-2(113)-9663/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9663/2025

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9663/2025 13.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 alqı-satqı müqaviləsi üzrə 2291.67 manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 42.92 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə (bundan sonra "xxxx") X5 Məsuliyyətli Cəmiyyəti arasında (bundan sonra “Cavabdeh”) bağlanmış 04 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, Satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvilalmağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş təhvil-qəbulaktlarına və elektron qaimə-faktura sənədlərinə əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən ona tam şəkildə tədarük edilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, "xxxx" MMC İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 2291.67 (iki min iki yüz doxsan bir manat altmış yeddi qəpik) manat məbləğində qalıq borcu qalmışdır. Təqdim edilmiş maliyyə arayışından da görünür ki İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 04 mart 2022-ci il tarixli alqısatqımüqaviləsinə əsasən,"xxxx" MMC-nin İddiaçı MMC-yə 2291.67 AZN əsas borcu mövcuddur. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq qalıq borcun ödənilməsi təmin edilməmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən alqı-satqı müqaviləsi üzrə 2291.67 manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 42.92 manat dövlət rüsumunun tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, direktoru olduğu Semazen Baku MMC 2022-ci ildə ünvan 1 ünvanında restoran fəaliyyəti göstərirdi. Şirkətin 3 təsisçisindən biri odur. Uğursuz fəaliyyət nəticəsində çox böyük maddi zərərlər edərək fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalmışlar, şirkətin direktoru olduğu üçün bütün borclar onun üzərində qalmış və digər təsisçilər borclarla bağlı heş bir məsuliyyət daşımamışdırlar. Lakin Veysəloğlu MMC ilə olan müqavilədən və əməkdaşlıqdan heç bir məlumatı olmamışdır. Belə ki, e-məhkəmə portalına yerləşdirilən sənədlərin içərisindəki müqaviləyə baxdığı zaman müqavilənin onun tərəfindən imzalanmadığını, yeni imzanın ona aid olmadığını görmüşdür. Təqdim edilən müqavilədəki imza ona aid deyildir. Başqası tərəfindən imzalanmış və möhürlənmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 04 mart 2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilədə Alıcı və Satıcı bundan sonra birlikdə “Tərəflər”, hər biri ayrılıqda isə “Tərəf” adlandırıla bilərlər. Müqavilənin Əlavələri o cümlədən Sifarişlər, Qaimə-fakturalar (təhvil qəbul Akt-ları) Müqavilənin ayrılmaz tərkib hissəsidirlər. Müqavilədə “gün” dedikdə, digər məna xüsusilə qeyd edilməmişdirsə, təqvim günü nəzərdə tutulur.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləni imzalamaqla Tərəflər aşağıdakılar barədə razılığa gəlirlər: Alıcı Satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda qida və qeyri qida Məhsullarını (bundan sonra “Mallar”) qiymətlər cədvəlinə uyğun olaraq vaxtaşırı Satıcıdan sifariş edəcək, satıcı Sifariş edilmiş Malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimenttə Alıcıya təhvil verəcək, və alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini Satıcıya Müqavilədə (Müqavilənin müvafiq Əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcəkdir, malların faktura məbləği satıcıya tam ödənilənə qədər malların mülkiyyət hüququ Satıcıya məxsus olaraq qalır.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı Malları aşağıdakı formada sifariş verə bilər: Satıcının nümayəndəsi vasitəsilə; (ii) Yazılı formada; (iii) Faks vasitəsilə; (iv) Telefon vasitəsilə; (v) Elektron poçt vasitəsilə; (vi) Online Sifariş formasında. Alıcıya Malların çatdırılması sifarişini verildiyi tarixdən sonra Tərəflər arasında razılaşmaya uyğun vaxtda həyata keçirilməlidir. Tərəflər bununla tam razılaşırlar ki, Alıcı tərəfindən faksla, telefonla, Online Sifariş və/və ya elektron poçtla göndərilən sifarişlər Tərəflərin müvafiq partiya (hissə) Malların göndərilməsinin əhəmiyyətli şərtlərinin təsdiqi sayılır. Sifarişlər icra edildiyi formadan və üsuldan asılı olmayaraq təsdiq edildiyi gündən qüvvəyə minir və bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılır.

13. Müqavilənin 4.1-ci bəndinə əsasən əgər alıcıda elə bir qənaət olsa ki, hər hansı Malın satışı alıcı və ya müştərilər üçün təhlükə yaradır və ya ziyan vurur və ya qanunvericiliyin tələblərinə pozulmasına gətirib çıxarır, həmçinin mala dair müştərilərdən şikayətlər alıcıya daxil olduğu hallarda, alıcı ən tez zamanda malların mağazalarda satışını dayandırmalı, malları mağazalardan yığışdırmalı, satıcıya məlumat verməli və malların ticarət dövriyyəsindən kənar edilməsi və/və ya malların müştərilərdən geri alınmasını təşkil etməli və malların satıcı tərəfindən geri alınmasını tələb etməlidir. Satıcının könüllü qaydada və öz mülahizəsinə əsaslanaraq istənilən malı geri çağıra bilər. Bütün geri çağırılan mallarla bağlı Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan sənədlərlə yanaşı xüsusi təhvil-qəbul aktı tərtib edilməli və tərəflər tərəfindən imzalanmalıdır. Alıcı hər hansı bu cür sənədi imzalamaqdan imtina etsə geri çağırılan mallar satıcı tərəfindən qəbul edilməyəcək və bu cür mallardan irəli gələn təhlükəyə görə yalnız alıcı məsuliyyət daşıyacaq.

14. Müqavilənin 4.3-cü bəndinə əsasən geri Qaytarma həyata keçirilən mallarda yararlılıq müddətinin bitməsində Alıcının təqsiri ucbatından baş veribdirsə Satıcı həmin növ malların geri qaytarmasını həyata keçirmək öhdəliyi yoxdur.

15. Müqavilənin 8-ci maddəsinə əsasən Alıcı bu müqaviləyə uyğun olaraq satıcı tərəfindən təhvil verilən malların dəyərini müqavilənin digər şərtlərini nəzərə almaqla, aşağıdakı qaydada ödəməlidir: alıcıya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan 7 gündən artıq ola bilməz. Ödəniş 7 gün ərzində aparılmadığı halda malın dəyəri bu müqavilənin 7.10-cü bəndində göstərilən qaydada hesablanmaqla satıcıya ödəniləcək.

16. Müqavilənin 7.10-cü bəndinə əsasən alıcı satıcıya olan ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5% məbləğində cərimə ödəməlidir. Bu qayda alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir.

17. 18.03.2022-ci il tarixli malların təhvil-qəbul Aktına əsasən 206,30 manat məbləğində, xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul Aktına əsasən 221,23 manat məbləğində, xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul Aktına əsasən 102,47 manat məbləğində, xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul Aktına əsasən 442,95 manat məbləğində, xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul Aktına əsasən 103,72 manat məbləğində, xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul Aktına əsasən 218,31 manat məbləğində, xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul Aktına əsasən 320,62 manat məbləğində, xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul Aktına əsasən 209,47 manat məbləğində, xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul Aktına əsasən 116,11 manat məbləğində, xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul Aktına əsasən 122,80 manat məbləğində, xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul Aktına əsasən 465,10 manat məbləğində mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

18. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə malların satışına dair xx.xx.2022-ci il tarixli EBBV167959 saylı 209,47 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBV174596 saylı 100,50 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBU742228 saylı 320,62 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBU781259 saylı 230,41 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBU783556 saylı 419,90 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBU561058 saylı 218,31 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBU582531 saylı 465,10 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBU068600 saylı 103,72 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBT876791 saylı 442,95 manat məbləğində eqaimələr göndərilmişdir.

19. Hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2022-ci il tarixində 756,29 manat məbləğində, xx.xx.2022-ci il tarixində 177,01 manat məbləğində, xx.xx.2022-ci il tarixində 375,38 manat məbləğində ödənişlər edilmişdir.

20. ƏDV sub-uçot hesabından köçürmələrin siyahısına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin ƏDV hesabına xx.xx.2022-ci il tarixində 67,57 manat məbləğində, xx.xx.2022-ci tarixində 31,86 manat məbləğində, xx.xx.2022-ci il tarixində 136,14 manat məbləğində ödəniş edilmişdir.

21. Maliyyə arayışına əsasən İddiaçı MMC ilə "xxxx" MMC (VÖEN **********) arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə "xxxx" MMC-nin uçot məlumatlarına əsasən İddiaçı MMC-nə qalıq borcu 2291,67 AZN (iki min iki yüz doxsan bir altmış yeddi) təşkil edir.

22. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

25. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

27. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

30. Göründüyü kimi tərəflər arasında 04 mart 2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqaviləni imzalamaqla Tərəflər aşağıdakılar barədə razılığa gəlirlər: Alıcı Satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda qida və qeyri qida Məhsullarını qiymətlər cədvəlinə uyğun olaraq vaxtaşırı Satıcıdan sifariş edəcək, satıcı Sifariş edilmiş Malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimenttə Alıcıya təhvil verəcək, və alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini Satıcıya Müqavilədə göstərilən qaydada ödəyəcəkdir, malların faktura məbləği satıcıya tam ödənilənə qədər malların mülkiyyət hüququ Satıcıya məxsus olaraq qalır. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 2291,67 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin qanuni nümayəndəsinin etirazı isə yalnız onunla əsaslandırılmışdır ki, Şirkətin 3 təsisçisindən biri odur. Uğursuz fəaliyyət nəticəsində çox böyük maddi zərərlər edərək fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalmışlar, şirkətin direktoru olduğu üçün bütün borclar onun üzərində qalmış və digər təsisçilər borclarla bağlı heş bir məsuliyyət daşımamışdırlar. Lakin Veysəloğlu MMC ilə olan müqavilədən və əməkdaşlıqdan heç bir məlumatı olmamışdır. Belə ki, e-məhkəmə portalına yerləşdirilən sənədlərin içərisindəki müqaviləyə baxdığı zaman müqavilənin onun tərəfindən imzalanmadığını, yeni imzanın ona aid olmadığını görmüşdür. Təqdim edilən müqavilədəki imza ona aid deyildir. Başqası tərəfindən imzalanmış və möhürlənmişdir.

31. Göründüyü kimi cavabdeh malların təhvil verilməsinə və ya tələb edilən borc məbləğinə dair hər hansı etirazını bildirməmişdir. Sadəcə təsisçilərdən biri və direktor olaraq bildirmişdir ki, müqavilədə olan imza ona məxsus deyil, müqavilədən heç bir məlumatı olmayıb. Lakin, məhkəmə qeyd edir ki, birincisi, cavabdeh etiraz ərizəsi ilə müraciət etsə də, iclaslarda iştirak etməmiş, imzanın ona məxsus olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Digər tərəfdən, hətta zənn edilsə belə ki, imza ona məxsu deyil, lakin müqavilədən görünür ki, müqavilə cavabdehin möhürü ilə təsdiq edilmişdir.

32. Qanunvericilikdə imperativ tələb kimi nəzərdə tutulmamasına baxmayaraq, işgüzar dövriyyədə uzun illərdir formalaşmış təcrübəyə əsasən, hüquqi şəxslərin blank olmayan xarici sənədlərində, o cümlədən tərəfdaşlara qarşılıqlı tərtib olunan çoxtərəfli sənədlərin (müqavilələr, aktlar və s.) üzərində, bir qayda olaraq, bu sənədə daha da rəsmi və mötəbər xarakter verilməsi, sənədi imzalayan şəxsin imzasının həqiqiliyinin təsdiqi üçün müvafiq vəzifəli şəxslərin, əməkdaşlarının imzaları ilə yanaşı, hüquqi şəxslərin möhürləri də vurulur. Bu həm də ondan irəli gəlir ki, fiziki şəxslərdən fərqli olaraq hər bir hüquqi şəxsin öz möhürü vardır. Hüquqi şəxsin möhürü bu şəxsi digər hüquq şəxslərindən fərqləndirən əsas əlamətlərdən biridir.

33. Möhürlər adətən hüquqi şəxslərin konkret rəhbər vəzifəli şəxslərinə, yaxud maddi məsul şəxslərinə təhkim olunmaqla kənar (səlahiyyəti olmayan) şəxslərin girişi qadağan olunan qapalı yerlərdə (xüsusi möhürlənmiş şkaf, seyf və s.) saxlanılır və yalnız səlahiyyətli şəxslər tərəfindən bilavasitə və ya onların etibar etdikləri şəxslər tərəfindən istifadə olunur, həmin qaydaları pozan əməkdaşlar intizam məsuliyyətinə cəlb edilirlər. Bu mənada, məhkəmə qənaəti belədir ki, hazırki işdə mübahisə predmeti olan müqavilə üzərində müvafiq şəxsin imzası ilə yanaşı cavabdeh şirkətin möhürünün vurulması rəhbərliyinin (cavabdehin mövqeyindən çıxış edərək şirkətin direktorunun) həmin sənədlərdən məlumatlı olmasının, həmin sənədləri bəyənməsinin, həmin müqaviləyə etirazının olmadığının, imzalayan şəxsin səlahiyyətini təsdiq etdiyinin göstəricisi kimi qəbul olunmalıdır.

34. Digər tərəfdən, iş materiallarında olan sənədlərdən müqavilənin etibarlı müqavilə olması, həmin müqavilə əsasında cavabdehə göndərilən e-qaimələrin təsdiqi və həmin eqaimələr üzrə qismən ödənişlərin edilməsi ilə də təsdiqini tapır. Belə olan halda, məhkəmə tərəfindən cavabdehin etirazı əsassız hesab edilir.

35. Qeyd dilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimələr, təhvil-qəbul aktı və qismən ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin əsas borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

36. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 2291,67 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən 2291,67 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

37. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 42,92 manat dövlət rüsumu ödənilmişdir.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün 42,92 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2291,67 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 42,92 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar