Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-969/2023 29.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 101500 manat məbləğində pulun, ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin, ümumilikdə – 101900 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01 fevral 2022-ci il tarixli, 877 nömrəli 60 dəqiqə yanğına davamlı (1000x2200 ölçüsü) 186 ədəd qapıların alqısatqısı haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı”, yəni cavabdeh müqaviləyə əlavələrdə qeyd olunan malları “Alıcı”ya, yəni iddiaçıya satır, “Alıcı” isə öz növbəsində malın dəyərini ödəyir. Eyni zamanda, mallar haqqında məlumat X3nda qeyd olunmuşdur. Alıcı tərəfindən müqavilədə qeyd olunmuş ümumi məbləğdən 101.500 (ƏDV daxil) manat pulun satıcıya ödənilməsinə baxmayaraq, Satıcı sözügedən müqavilənin və X3nda göstərilən meyarlara və keyfiyyətə uyğun Alıcıya təhvil verməmiş və ödənişi geri qaytarmamışdır. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə cavabdehin vergi ödəyicisinin elektron kabineti vasitəsi ilə pulun qaytarılmasına dair pretenziya ünvanlanmışdır. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq cavabdeh tərəfindən cavab verilməmişdir. Məhkəmə icraatına qədər işin mediasiya vasitəsi ilə həlli üçün xx.xx.2022-ci il tarixdə cavabdehə müvafiq təklif göndərilsə də, təklif cavablandırılmadığından müvafiq mediyasiya təşkilatına müraciət edilmişdir. 12 saylı Mediasiya Təşkilatının xx.xx.2023-ci tarixli, MŞB/12/00205nömrəli arayışından göründüyü kimi cavabdehin səlahiyyətli nümayəndəsi xx.xx.2023-ci il tarixə saat 13:00-13:30-a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlməmişdir. Həmin arayışdan da göründüyü kimi mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı 400 manat məbləğində ödəniş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddiaçının cavabdehə qarşı iddiası formal olduğundan, heç bir sübut yükü olmadığından, habelə cavabdeh tərəfindən müqavilə və işgüzar adətlərə zidd olaraq heç bir addım atılmadığından iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01 fevral 2022-ci il tarixli, 877 nömrəli 60 dəqiqə yanğına davamlı (1000x2200 ölçüsü) 186 ədəd qapıların alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilə əsasında sözügedən sayda, miqdarda və keyfiyyətdə qapı sifarişçiyə təqdim edilməli və sifarişçi aralarında bağlanmış müqavilə əsasən ödənişi həyata keçirilməli idi. Qeyd olunan müddət ərzində cavabdeh müqavilədə üzərinə düşən şərtlərə ciddi şəkildə riayət edərək, ilkin nüsxəsini iddiaçı ilə razılaşdırmaqla qapıların sifarişini vermiş və həmin növdə və sayda olan qapıları gətirərək iddiaçıya müqavilədə nəzərdə tutulmuş müddət ərzində təhvil vermişdir. İddiaçı tərəfindən sözügedən əmtəələr qəbul edildikdən bir neçə ay sonra əsassız olaraq, həmin malların geri qaytarılması ilə bağlı tələblə çıxış etmişlər. İddiaçı məhsulun keyfiyyətindən narazı qalaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinə müraciət etmiş, müraciəti əsasında araşdırma aparılmışdır. Əməldə cinayət tərkibinin olmaması səbəbindən Nəsimi RPİ-nin İstintaq Şöbəsi tərəfindən 10 noyabr 2022-ci il tarixli qərarla əməldə cinayət tərkibinin olmaması səbəbindən rədd edilmişdir. Yanğına davamlı qapılarla əlaqədar iddiaçıya tərəflərindən 27 yanvar 2022-ci il tarixində təkliflər irəli sürülmüşdür. Təqdim olunmuş təkliflər paketinə əsasən “Doorhan” və “Dooray” olmaqla 2 fərqli qapı modelindən 112 ədəd üçün təklif irəli sürülmüşdür. Qiymətdə endirim etməklə qapı sayını artıraraq 186 ədəd sifariş vermişlər. Bildirilir ki, tərəflər arasında olan sözügedən müqaviləyə əlavə edilmiş “Əlavə 1”-ə əsasən 60 dəqiqə yanğına davamlı qapıların olması qeyd edilmişdir. Sözügedən qapıların qeyd olunan müddət ərzində yanğına davamlı olmasını sübut edən EEA-2000-0161-rev nömrəli sertifikat mövcuddur və qapıların qeyd olunan müddətdə yanğına davamlı olmasını təsdiq edir. 2022-ci ilin iyun ayında sözügedən əmlakın iddiaçı tərəfindən qəbul edilməsinə baxmayaraq, daha sonra əsassız iddialar irəli sürülmüşdür. Qeyd olunan iddia formal və əsassız olması səbəbindən rədd edilməlidir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qapılar cavabdeh tərəfindən iddiaçının qeyd etdiyi ünvana Türkiyə Respublikasından tır vasitəsilə çatdırılmış, lakin qapıların müqavilə ilə razılaşdırılmış tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, qapılar müqavilə ilə razılaşdırılmış ölçülərdə olmamış, razılaşdırılmış ölçülərdən kiçik olmuş, bu səbəbdən onların cavabdeh tərəfindən quraşdırılması mümkün olmamışdır. Bundan əlavə, qapıların onların mütəxəssisləri tərəfindən yanğına davamlı olmadığı müəyyən edilmişdir. Qapılar gətirilən kimi bu barədə cavabdehin qanuni təmsilçisinə şifahi qaydada, telefonla məlumat verilmiş, cavabdehin göndərdiyi ustalar baxış keçirdikdən sonra qapıların ölçülərinin düz olmaması səbəbindən qapıları quraşdıra bilməmiş, qapıların dəyişdirilməsi cavabdehdən tələb edilmiş, cavabdeh bu barədə vədini yerinə yetirməmiş, bu səbəbdən polis orqanına şikayət verilmiş, onlara mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Qapılar artıq başqa şirkətdən alınmış, cavabdehin onlara təqdim etdiyi qapılar istifadəsiz vəziyyətdə qalmaqdadır. Artıq həmin qapılara onların marağının itməsi səbəbindən pulun geri qaytarılmasını tələb edirlər. Bundan əlavə, müqavilənin cavabdeh tərəfindən möhürlənməməsinin səbəbi cavabdehin niyyətinin qabaqcadan səmimi olmamasından irəli gəlir. Qapılara dair onlara hər hansı uyğunluq sertifikatı və sairə təhvil verilməmiş, qapıların üzərində hər hansı sənəd yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, cavabdehin qanuni təmsilçisidir. Tərəflərindən iddiaçıya qapılarla bağlı qiymət və ölçülərlə bağlı təklif göndərilmiş, 186 ədəd yanğına davamlı qapının Türkiyə Respublikasından gətirilməsi razılaşdırılmışdır. Tərəflər arasında olan müqavilə yazılı deyil, şifahi qaydada bağlanmış, müqavilədə və onun əlavəsində olan imza ona məxsus deyil. İddiaçının özünün təklifi ilə 101500 manat məbləğində pul nağdsız deyil, nağd qaydada ödənilmiş, bu barədə qəbzlər tərtib edilmiş, qəbzlərdə olan imzalar ona məxsusdur. Qəbzlərdə olan imzalar birbaşa onun tərəfindən icra edilməmiş, onun göstərişi ilə işçiləri tərəfindən faksimile vasitəsilə imzalanmışdır. Onun imzasının faksimilesi hüquqi ünvanlarında olan seyfdə saxlanılır, hər dəfə onun göstərişi və xəbəri ilə faksimiledən istifadə edilir. Onun xəbəri olmadan faksimiledən istifadə olunmur. Qapılar Türkiyə Respublikasından tır vasitəsilə iddiaçının göstərdiyi ünvana çatdırılmış, 186 ədəd qapı iddiaçıya təhvil verilmişdir, qapılarda daşınma zamanı sürtünmə və sairə nəticəsində müəyyən cızılmalar və əyilmələr baş vermiş (bunun da aradan qaldırılması mümkündür), iddiaçı tərəfindən bununla bağlı onlara iradlar bildirilmiş, tərəflər arasında narazılıq yaranması səbəbindən qapılar tərəflərindən quraşdırılmamış, qalan ödənilməli olan vəsait isə şifahi qaydada iddiaçıdan tələb edilmişdir. Qapıların materiallarda olan fotoşəkildə (iş vərəqə 63) olan parametrlərdə olmasının (yəni qapıların onların quraşdırılması üçün nəzərdə tutulan çərçivədən ölçü cəhətdən xeyli az olmasının səbəbi) isə qapıların iddiaçı tərəfindən sifariş verilmiş ölçüdə çatdırılmasıdır, belə ki, qapıların ölçüsü iddiaçı tərəfindən şifahi qaydada onlara bildirilmiş, ölçülər iddiaçının bildirdiyi kimi 1000*2200 mm ölçüdə deyil, ondan daha az ölçüdə sifariş verilmişdir. Gətirilmiş qapıların iddiaçı tərəfindən şərait yaradılacağı təqdirdə tərəflərindən quraşdırılması mümkün idi, belə ki, fotoşəkildə olan boş sahə “alçipan” vasitəsilə, yaxud “əlavə dəmir list” vasitəsilə örtüləcəkdi. İddiaçının onlara qarşı belə iddia qaldırmasının səbəbi odur ki, gətirilmiş qapılar iddiaçı tərəfindən bəyənilməmiş, hər vasitə ilə geri qaytarılmasına nail olmaq istəyirlər. Əlavə olaraq qapıların onların göndərdiyi kommersiya təklifində ölçülərinin 1000*2200 mm olmasının, gətirilmiş qapıların isə həmin ölçüdən az olmasının səbəbinin isə ölçülərin sonradan iddiaçı tərəfindən dəyişdirilməsi ilə əlaqəli olduğunu bildirdi. Qapılara dair iddiaçıya uyğunluq sertifikatı və sairə təhvil verilməməsinin səbəbi isə belə sənədlərin olmamasıdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (alıcı) ilə cavabdeh (satıcı) arasında bağlanmış 01 fevral 2022-ci il tarixli 877 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Əlavələrdə qeyd olunan malları alıcıya satır, alıcı isə malın dəyərini ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən ödəniş forması nəğd yolu ilə müqavilə imzalandıqdan sonra ümumi məbləğin 30 %-i ödənilməlidir, ümumi məbləğin 30 %-i avadanlığın istehsalçı ölkəsindən çıxanda, 20 %-i gömrüyə daxil olan zaman, 10 %-i avadanlıq sahəyə gətirildikdə, qalan 10 %-i avadanlığın quraşdırılma işləri bitdikdən sonra ödənilməlidir. Müqavilənin ümumi dəyəri 111600 manat təşkil edir. Müqavilənin 3.1.1-ci bəndinə əsasən malın keyfiyyətsizliyi aşkar olunarsa, satıcı 1 ay ərzində malı keyfiyyətlisi ilə əvəz etməli və ya müqavilənin 2-ci bəndinə müvafiq olaraq dəyərini geri qaytarmalıdır. Müqaviləyə əlavə X3ndan görünür ki, ölçüsü 1000x2200 mm olan bir vahidinin qiyməti 600 manat olan 186 ədəd 60 dəqiqə yanğına davamlı qapıların ümumi məbləği 111600 manat təşkil edir. (Məhsulun çatdırılma və quraşdırılma işləri bu qiymətə daxildir). İddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 fevral 2022-ci il tarixdə 15000 manat, 03 fevral 2022-ci il tarixdə 21500 manat, 12 aprel 2022-ci il tarixdə 45000 manat, xx.xx.2022-ci il tarixdə 120.000 manat, ümumilikdə 101500 manat məbləğində pul ödənilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli EH-093 nömrəli yanğına davamlı qapı avadanlıqlarına dair kommersiya təklifdən görünür ki, yanğına davamlı qapıların qurulması üçün “Dooray” (Türkiyə) istehsalı olan (Cədvəl 1) və “Doorhan” (Avropa) istehsalı olan yanğına davamlı qapıların texniki xüsusiyyətləri və müəyyən ölçülərdə qiymətləri təqdim edilmişdir. Təqdim olunan cədvəllərə əsasən Dooray 60 dəqiqə yanğına davamlı qapının (1000*2000 mm ölçüdə) ümumi qiyməti 72800 manat, Doorhan 60 dəqiqə yanğına davamlı qapının (1000*2000 mm ölçüdə) ümumi qiyməti 76160 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 436-cı maddəsinə əsasən əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli əşya verməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli yanğına davamlı qapı avadanlıqlarına dair kommersiya təklifi ünvanlanmış, Türkiyə istehsalı olan 60 dəqiqə yanğına davamlı 186 ədəd qapının iddiaçıya satılması razılaşdırılmış, qapılara görə iddiaçı tərəfindən ümumilikdə 101500 manat pul əvvəlcədən avans olaraq ödənilmiş, qalan pulun qapılar cavabdeh tərəfindən quraşdırıldıqdan sonra ödənilməsi razılaşdırılmış, qapılar iddiaçıya təhvil verilmiş, lakin quraşdırılmamışdır. İddiaçı qapıların müqavilədə nəzərdə tutulmuş tələblərə cavab vermədiyini, yəni ölçülərin müqavilə ilə razılaşdırılmış 1000*2200 mm ölçüdə deyil, daha az ölçüdə olmasını, qapıların yanğına davamlı olmadığını bildirir. Cavabdeh iddiaya dair yazılı etirazında qapıların tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə şərtlərinə uyğun şəkildə iddiaçıya təhvil verildiyini, qapıların 60 dəqiqə ərzində yanğına davamlı qapılar olduğunu, iddiaçı tərəfindən əsassız iddialar irəli sürüldüyünü göstərir. Cavabdehin qanuni təmsilçisi məhkəmə iclasında verdiyi izahatında əvvəlcə təkcə müqavilənin əlavəsində olan imzanın ona məxsus olmadığını bildirsə də, daha sonra izahatının davamında materiallarda olan müqavilədəki imzanın da ona məxsus olmadığını iddia etmişdir. Cavabdehin qanuni təmsilçisi müqaviləni və onun əlavəsini yalnız sonuncu məhkəmə iclasında mübahisələndirmiş, bunun səbəbini həmin müqavilə və onun əlavəsindən yalnız məhkəmə iclasından öncə xəbər tutması ilə əlaqələndirmişdir. Məhkəmə cavabdehin qanuni təmsilçisinin müqavilə və onun əlavəsində olan imzaların ona məxsus olmaması, həmin şərtlərlə müqavilə bağlanmasına onun iradə ifadəsinin olmamasına dair dəlilini əsassız hesab edir. Belə ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, müqavilə və onun əlavəsi iddia ərizəsi ilə eyni vaxtda elekton məhkəmə informasiya sisteminə yerləşdirilmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaya dair yazılı etiraz təqdim edilmiş, etiraz cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanmışdır. Belə ki, cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanmış yazılı etirazın özündə tərəflər arasında xx.xx.2022-ci il tarixli, 877 nömrəli 60 dəqiqə yanğına davamlı (1000*2200 mm ölçülü) 186 ədəd qapıların alqı-satqı müqaviləsinin bağlanması və onun əlavəsi olan X1ması faktı təsdiq edilmiş, cavabdehin həmin müqavilə üzrə öz öhdəliklərini icra etdiyi göstərilmiş, həqiqiliyi cavabdeh tərəfindən təsdiq edilən ödəniş qəbzlərində də ödənişin təyinatı kimi məhz 877 saylı, xx.xx.2022-ci il tarixli müqavilə göstərilmişdir. Bundan əlavə, tərəflər arasında hazırkı müqavilə bağlanmamışdan əvvəl cavabdehin iddiaçıya göndərdiyi ofertada cavabdeh qapıların ölçüsünü özü 1000*2200 mm ölçüdə göstərmiş, bundan əlavə, müqavilənin əlavəsində müqavilənin əsas şərti kimi qapıların yanğına davamlı olmaqla bərabər 1000*2200 mm ölçüdə olması müqavilənin mühüm şərti kimi razılaşdırılmışdır. Cavabdehin qanuni təmsilçisi qapıların ölçülərinə dair tələblərin, yəni sifarişin iddiaçı tərəfindən sonradan dəyişdirildiyini bildirsə də, bunu təsdiq edən sübutları (müqavilənin mühüm şərtlərinə dair tələblərin iddiaçı tərəfindən dəyişdirilməsinə dair onun iradə ifadəsini təsdiq edən hər hansı sübutu) Məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdehin qanuni təmsilçisi materiallarda olan qəbzlərdə olan imzaların ona məxsus olduğunu, onun göstərişi ilə həmin qəbzlərin onun imzasının faksimilesi vasitəsilə cavabdehin işçiləri tərəfindən imzalandığını bildirmişdir. Materiallarda olan xx.xx.2022-ci il tarixli, 877 nömrəli müqavilənin hər iki səhifəsi və onun əlavəsi (X3) cavabdeh tərəfindən ödəniş qəbzlərində (habelə yazılı etiraz – i.v. 44 və vəkil Nümayəndə2 verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədə - i.v.40) olan formada imzalanmış, həmin müqavilənin şərtləri də (qapıların sayı, qiymət, ödənilmə şərtləri, qapıların 60 dəqiqə ərzində yanğına davamlı olması, pulun qalan 10 faiz hissəsinin qapılar quraşdırıldıqdan sonra ödənilməli olması, qapıların cavabdeh tərəfindən quraşdırılmalı olması) tərəflərin iradə ifadələrini əks etdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə cavabdehin qanuni təmsilçisinin bu izahatını qeyri-səmimi qəbul etməklə, iddiaçıya təhvil verilmiş qapıların ölçülərinin tərəflər arasında razılaşdırılmış ölçülərə uyğun gəlməməsi ilə əlaqədar yaranmış məsuliyyətdən yayınması cəhdi kimi qiymətləndirir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etdiyini və müqavilə üzrə cavabdehə 101500 manat məbləğində pul ödədiyini, lakin cavabdeh tərəfindən təhvil verilmiş qapıların müqavilə ilə razılaşdırılmış şərtlərdə və keyfiyyətdə olmadığını iddia edir. Cavabdeh isə buna etiraz edərək təhvil verilmiş qapıların müqavilə ilə razılaşdırılmış şərtlərdə və keyfiyyətdə olduğunu iddia edir. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də müqavilə şərtlərinə uyğun malın təhvil verildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh bununla bağlı xx.xx.2021-ci il tarixli X4 Test və Belgelendirme A.Ş. tərəfindən verilmiş EEA-2000-0161-rev nömrəli sınaq sertifikatını təqdim etmişdir. Həmin sınaq sertifikatına əsasən bir tərəfə açılan KİP X5 Ticaret zavodu tərəfindən istehsal olunan qapıların yanğına davamlılıq təsnifatı E90, Eİ245, Eİ120-dir. Hazırki sınaq sertifikatı sınaq nəticələri haqqında bəyənnamədir və məhsulun hər hansı təsdiq və ya sertifikasiyasını bildirmir. Məhkəmə həmin sınaq sertifikatını qapıların müqavilə üzrə şərtləşdirilmiş keyfiyyətdə olmasını təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş 186 ədəd qapının məhz bu uyğunluq sertifikatının tələblərinə uyğun gəldiyini təsdiq edən hər hansı sübut Məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş qapıların yanğına davamlı olmasını təsdiq edən sənədlərin (texniki pasport, keyfiyyət sertifikatı və i.a.) təqdim edilməsini cavabdehin nümayəndəsinə təklif etsə də, cavabdehin nümayəndəsi və vəkili həmin sənədlərin iddiaçıya qapılarla birlikdə təhvil verildiyini bildirmiş, cavabdehin qanuni təmsilçisi isə qapıların üzərində hər hansı sənədin olmadığını bildirmişdir. Bundan əlavə, materiallara əlavə edilmiş qapıların fotoşəkillərdən görünür ki, qapıların üzərində zədələr mövcud olmaqla təhvil verilmiş qapılar qapı üçün nəzərdə tutulmuş çərçivədəki ölçüyə uyğun gəlmir. Cavabdehin nümayəndəsi izahatında qapıların üzərində olan zədələrin onların daşınması zamanı yarandığını və aradan qaldırılması mümkün olan zədələr olduğunu bildirmiş, qapıların 1000-2200 mm ölçüdə deyil, daha az ölçüdə olduğunu təsdiq etmiş, bunun səbəbinin qapıların çatdırılmasının bir ay yubandığını, sonradan iddiaçı tərəfindən ölçülərin dəyişdirilməsi ilə əlaqəli olduğunu bildirmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1.1-ci bəndinə əsasən satıcı malı müqavilənin şərtlərinə uyğun vəziyyətdə alıcıya çatdırmaq vəzifəsini daşıyır. Həmin müqavilənin 3.1.2-ci maddəsinə əsasən malın keyfiyyətsizliyi aşkar olunarsa, satıcı bir ay ərzində malı keyfiyyətlisi ilə əvəz etməli və ya müqavilənin 2-ci bəndinə müvafiq olaraq dəyərini geri qaytarmalıdır. Göstərilənlərə əsasən, cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmədiyindən, müqavilədə razılaşdırılmış ölçüdə və keyfiyyətdə mallar alıcıya (iddiaçı) təhvil verilmədiyindən iddiaçı həmin müqavilənin icrasından imtina etməkdə və cavabdehə ödənilmiş pul vəsaitinin geri ödənilməsini tələb etməkdə haqlıdır, bu səbəbdən Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ödənilmiş 101500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan göründüyü kimi, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 101500 (bir yüz bir min beş yüz) manat məbləğində pul və ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-969/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-969/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver