Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-969/2024 22.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İ. İşin halları İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17025.98 manat məbləğində əsas borc və 58590 manat məbləğində cərimə borcu olmaqla, ümumi 76615 manat məbləğində borcun və mediasiyaya görə ödənilmiş 200 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MMC iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 17025.98 manat məbləğində əsas borc və 850 manat məbləğində cərimə, 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən cavabdeh "xxxx" MMC-yə KS/KLZ/3130/2021 nömrəli Müqavilə və xx.xx.2021 tarixli qiymət təklifinə əsasən 35716.59 manat məbləğində malların təhvil verilməsi razılaşdırılmışdır. İddiaçı MMC xx.xx.2021 tarixli, 447303 nömrəli elektron qaimə əsasında razılaşdırılmış malların 17025.98 manat məbləğində hissəsini xx.xx.2021 tarixində cavabdehə təhvil vermişdir. Lakin, təəssüflər olsun ki, artıq təhvil verilmiş mallar müqabilində hələ də iki ilə yaxın bir müddətdir ki, 17025.98 manat məbləğində borc ödənilməmiş qalmışdır. Dəfələrlə şifahi və yazılı müraciətlərimizə baxmayaraq borcun ödənilməsindən hələ də imtina edilir. Həmçinin, xx.xx.2023 tarixli Borcun təsdiqi və möhlət verilməsi barədə razılaşmaya əsasən cavabdeh "xxxx" MMC 17025,98 manat məbləğində borcu etiraf etmiş və öhdəlik götürmüşdür ki, borcu xx.xx.2023 tarixinə qədər tam həcmdə bağlayacaq. Əgər borcu xx.xx.2023 tarixinə qədər bağlamazsa, İddiaçı MMC, 17025,98 manat məbləğində borcu və Müqavilənin 7.2-ci bəndinə əsasən hər gecikmə gününə görə gecikdirlən məbləğin 0.5 faizi həcmində dəbbə pulunu cavabdehdən tələb etmək hüququna malik olacaq. Onu da qeyd edək ki, borc bu günə qədər ödənilməmiş qalmışdır və Müqavilənin 7.2-ci bəndinə və Borc təsdiqi barədə razılaşmaya əsasən Alıcı malların ödənişini gecikdirdiyi gər bir günə görə gecikdirilən məbləğin 0.5% həcmində cəriməni satıcıya ödəməyə borcludur. Borcun 700 gündən daha artıq bir müddətdir ki, gecikdirildiyini nəzərə alaraq 700 gün üçün 17025.98 manat əsas məbləğə gündəlik hesablanmış 0.5% cərimə (85,12 manat) olmaqla ümumi 58590 manat məbləğində cərimə borcunu da cavabdehdən tələb edirik. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qismən qəbul edərək qeyd etmişdir ki, iddia tələbini 17025,98 manat əsas borc və 200 manat mediasiya xərci hissəsində qəbul edir, cərimə məbləğinin isə azaldılmasını xahiş etmişdir. O, “Borcun təsdiqi və möhlət verilməsi barədə” razılaşmanı qəbul edir. Sonda o, iddianın qismən təmin olunmasını xahiş etmişdir. İİ. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: KS/KLZ/3130/2021 nömrəli alqı-satqı Müqaviləsi və xx.xx.2021 tarixli qiymət təklifindən görünür ki, satıcı İddiaçı MMC 35716.59 manat məbləğində malı alıcı "xxxx" MMC-yə satır, alıcı isə həmin malı qiymət təklifində nəzərdə tutulmuş şərtlərə uyğun alır. Müqavilənin 7.2-ci bəndinə əsasən alıcı ödənişi həyata keçirmədikdə hər gecikmə gününə görə gecikdirlən məbləğin 0.5 faizi həcmində dəbbə pulunu ödəməlidir. xx.xx.2023-cü il tarixli Borcun təsdiqi və möhlət verilməsi barədə razılaşmadan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə KS/KLZ/3130/2021 nömrəli Müqavilə və xx.xx.2021-ci il tarixli qiymət təklifinə əsasən 35716,59 manat məbləğində malların təhvil verilməsi razılaşdırılmışdır. İddiaçı MMC xx.xx.2021-ci il tarixli 447303 nömrəli elektron qaimə əsasında razılaşdırılmış malların 17025,98 manat məbləğində hissəsini xx.xx.2021-ci il tarixində Cavabdeh MMC-yə təhvil vermişdir. Tərəflər razılıq əldə elədilər ki, borc məbləğinin ödənişi üçün Cavabdeh MMC-yə 31 oktyabr 2023-cü il tarixə qədər möhlət verilsin. Cavabdeh MMC öhdəlik götürür ki, bu borcu 31 oktyabr 2023-cü ilə qədər tam şəkildə 100% bağlayacaq. Əgər Cavabdeh MMC borcu 31 oktyabr 2023-cü ilə qədər tam şəkildə 100% bağlamazsa, hazırki razılaşma qüvvədən düşür və İddiaçı MMC qalmış borc məbləğini və müqavilənin 7.2-ci bəndinə əsasən ödənişin gecikdirildiyi hər bir günə görə gecikdirilən məbləğin 0,5% həcmində cəriməni borcludan tələb etmək hüququnu özündə saxlayır. xx.xx.2021-ci il tarixli EBBJ seriyalı, 447303 nömrəli elektron qaiməyə əsasən 17025,98 manat, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC Bakı 11 saylı Mediasiya Təşkilatının hesabına 200 manat ödəmişdir. İİİ. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması cavabdehin qismən etirafı, borcun təsdiqi və möhlət verilməsi barədə razılaşma ilə də təsdiq edilmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşıdığını və cavabdehin əsas borc məbləğini qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi KS/KLZ/3130/2021 saylı alqı-satqı müqaviləsi üzrə 17025,98 manat əsas borcun tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Eləcə də, iddiaçı cavabdehdən 850 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 500 manat müəyyən olunmalıdır. Qeyd edilənlərdən əlavə məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən və mediasiya xərcini qəbul etdiyindən ödənilmiş 200 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vİ. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 17025.98 manat məbləğində əsas borc və 500 manat məbləğində cərimə borcu olmaqla, ümumi 17525 (on yeddi min beş yüz iyirmi beş) manat 98 (doxsan səkkiz) qəpik məbləğində borc və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-969/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-969/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver