Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9701/2025 23.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, EEL/024 saylı müqaviləyə əsasən əsas vəsait və ƏDV məbləği olmaqla 324.708,80 (üç yüz iyirmi dörd min yeddi yüz səkkiz) manat əsas borc, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa və onu qaytarmaqdan boyun qaçırmağa görə isə 83.125,45 (səksən üç min yüz iyirmi beş manat qırx beş qəpik) manat gecikmə faizi, hüquqi xidmət göstərilməsinə görə vəkilə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı və 699 (altı yüz doxsan doqquz ) manat dövlət rüsumu, ümumilikdə 408.833,25 (dörd yüz səkkiz min səkkiz yüz otuz üç manat iyirmi beş) manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin direktoru X2 (İcraçı) və Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə (Sifarişçi) arasında texnikiavadanlıqların satışı ilə bağlı xx.xx.2022-ci il tarixli, EEL/024 saylımüqavilə bağlanmışdır. “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaiməfakturaya əsasən mallar alıcıya təqdim edilmişdir. Tərəflərin qarşılıqlı razılıqla xx.xx.2025ci il tarixədək satılmış (verilmiş) mallara görə ödənilməmiş pul (borc) qalıqlarının təsdiq edilməsi məqsədilə tərtib etdikləri AKT sübut edir ki, xx.xx.2022-ci il tarixli, EEL/024 saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə borc2u87.870 manat (əsas vəsait), 36.838,80 manat (ƏDV məbləği) təşkil edir. Hazırda 287.870 manat və 36.838,80 manat ƏDV daxil ümumilikdə 324.708,80 manat borcu qalmışdır.
3. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, EEL/024 saylı müqaviləyə əsasən, 310.870 (üç yüz on min səkkiz yüz yetmiş) manat əsas, 41.678.8 (qırx bir min altı yüz yetmiş səkkiz manat səksən qəpik) manat ƏDV olmaqla, ümumilikdə 352.548 ( üç yüz əlli iki min beş yüz qırx dörd) manat, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa və onu qaytarmaqdan boyun qaçırmağa görə isə 54.794,6 (əlli dörd min yeddi yüz doxsan dörd manat altmış qəpik) manat gecikmə faizi (2 il 6 ay üçün - 6.75% bank uçot dərəcəsi ilə) və 699 (altı yüz doxsan doqquz ) manat dövlət rüsumu, ümumilikdə 408.300,60 (dörd yüz səkkiz min üç yüz manat altmış qəpik) manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Mikayılzadə iddia tələbini əsas borc hissədə qəbul etdiyini, lakin tələb edilən faiz borcu ilə razı olmadığını bildirdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında olan digər müqavilə üzrə iddiaçının cavabdehə ödənilməmiş borcu vardır. III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında imzalanmış xx.xx.2022-ci il tarixli, EEL/024 nömrəli alqı-satqı müqaviləsinə əsasən icraçı hazırkı müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokollarında göstərilən texniki avadanlıqları sifarişçiyə satır və sifarişçi öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən icraçıya ödəyir.
8. Müqavilənin 2.1-ci bəndinə əsasən tələb olunan malların xüsusiyyətləri (ölçü, miqdarı və s.) tərəflər arasında əvvəlcədən razılaşdırılır.
9. Müqavilənin 2.2-ci bəndinə əsasən satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi mallara görə icraçı tərəfindən təqdim edilmiş hesab-fakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini icraçının hesabına ödəyir.
11. Müqavilənin 3.3-cü bəndinə əsasən hazırkı müqaviləyə əsasən bütün ödənişlər bank köçürmə yolu ilə manatla həyata keçirilir.
12. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş üzləşmə aktına əsasən cavabdehin iddiaçıya xx.xx.2025-ci il tarixə 317870 manat əsas borcu, 42238,80 manat ədv borcu vardır.
13. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş üzləşmə aktına əsasən cavabdehin iddiaçıya xx.xx.2025-ci il tarixə 287870 manat əsas borcu, 36838,80 manat ədv borcu vardır.
14. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş üzləşmə aktına əsasən cavabdehin iddiaçıya xx.xx.2026-cı il tarixə 310870 manat əsas borcu, 41678,80 manat ədv borcu vardır.
15. İş materiallarında olan, tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən 44840 manat məbləğində mallar cavabdehə təhvil verilmişdir.
16. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 000İCZ125259084B nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 15000 manat vəsait ödənilmişdir.
17. İş materiallarında olan xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh tərəfindən iddiaçının ədv sub-uçot hesabına 2000 manat vəsait ödənilmişdir.
18. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 2.303.511,04 manat məbləğində elektron qaimə faktura göndərilmişdir.
19. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, ümumilikdə 2.303.511,04 manat dəyərində təhvil verilmiş malların müqabilində cəmi 1950963,04 manat ödəniş edilmiş, qalıq 310870 manat əsas borc və 41678,80 manat ƏDV borcu hazırkı günə qədər iddiaçıya ödənilməmişdir.
21. Cavabdehin göstərilən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
25. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
26. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
28. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
29. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
30. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
31. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 310870 manat əsas borc, 41678,80 manat ədv borcunun tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.
33. Həmçinin iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 54794,6 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
34. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.
35. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
36. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.
37. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.
38. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.
39. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 310870 manat əsas borc, 41678,80 manat ƏDV borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 642,55 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 56,45 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 310870 manat əsas borc, 41678,80 manat ƏDV borcu, 642,55 manat dövlət rüsumu, ümumilikdə 353191,35 (üç yüz əlli üç min bir yüz doxsan bir manat otuz beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 56,45 (əlli altı manat qırx beş qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova