Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9743/2025 11.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu, müqavilənin ləğvi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “lizinq müqavilələri üzrə borc və müqavilənin ləğvi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC (sonradan “Aqroservis”) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1655-L/18 nömrəli müqavilənin ləğv edilməsi, Cavabdeh2 onun xeyrinə xx.xx.2018-ci il tarixli 1655-L/18 nömrəli müqavilə üzrə 15443 manat qalıq borc, 4289,24 manat hesablanmış cərimə olmaqla cəmi 19732,24 manat borcun, hüquqi yardım üçün ödənilmiş 576,28 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (sonradan “Aqroservis”) ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli 1655-L/18 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikaları Lizinq alan Cavabdeh2 lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən Lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan - hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə, Cavabdeh2 xx.xx.2018-ci il tarixli 1655-L/18 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 15 443 manat qalıq borc, 4 289,24 manat hesablanmış cərimə olmaqla cəmi 19 732,24 manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Hazırkı iş üzrə hüquqi yardım göstərilməsi, iddia tələblərinin irəli sürülməsi və məhkəmədə müdafiə edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə “X1 Tax Services” MMC arasında hüquq xidmətlərinin satınalınması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən hər bir iş üzrə hüquqi yardım xidmətinin qiyməti 576,28 manat müəyyən edilmişdir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, müqavilə üzrə qarşı tərəfdən kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Bir müddət sonra sağlamlığımda ciddi problem olması səbəbindən işləyə bilməmiş və ödənişləri dayandırmışdır. Oğlu əsgərlikdən gəldikdən sonra özü bu işlərlə məşğul olmağa başlamışdır. İddianı qismən qəbul edir, əsas borcu qəbul edir, lakin cərimə məbləğini qəbul etmir. O, ödənişləri hissə-hissə edəcəkdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" ASC və Cavabdeh2 arasında imzalanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə xx.xx.2018-ci il tarixli 1655-L/18 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 52 190 manat olan qiyməti 47 250 manat olan Traktor Belarus-892 və qiyməti 4 940 manat olan Kotan 4 gövdəli asma (təkərli)SP144 adlı kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. 1.2-ci bəndə əsasən Lizinq alan Texnikaların dəyərindən bu Müqavilənin 1.1-ci bəndində göstərilən 52 190,00 manat məbləğindən 10 932,00 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. 4.1-ci bəndə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 1) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2ci bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. 5.1-ci bəndə əsasən lizinq alan tərəfindən aşağıdakı hərəkətlərə yol verilməsi müqavilənin şərtlərinin kobud pozuntusu halları hesab edilir: ... 5.1.6-cı bəndə əsasən texnikadan istifadə üçün bu Müqaviləyə Əlavə №1-də nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə; 5.1.7-ci bəndə əsasən lizinq alan lizinq verənin nümayəndələrinin Texnikaların vəziyyətini yoxlamasına şərait yaratmadıqda, cümlədən Texnikaların yerləşdiyi sahəyə daxil olmasına icazə vermədikdə və ya maneəçilik törətdikdə. 5.2-ci bəndə əsasən göstərilən hallardan biri mövcud olduqda Lizinq verən Lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, müqaviləni bir tərəfli surətdə ləğv etmək, Texnikanı saz vəziyyətdə geri götürmək və ya Texnikanın qalıq dəyərini tələb etmək, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlamaq və vurulmuş zərərin tam ödənilməsini tələb etmək hüquqlarına malikdir. Bu halda Lizinq verən Lizinq alandan götürülmüş Texnikanı başqa şəxsə lizinqə verə bilər. 9-cu bəndə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. xx.xx.2018-ci il tarixli 1655-L/18 nömrəli lizinq müqaviləsinin ödəniş qrafikindən (Əlavə 1) məlum olur ki, 2028-ci ilin 3-cü rübü, xx.xx.2028-ci il tarixi sonuncu ödəniş tarixi kimi razılaşdırılmışdır. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 24 oktyabr 2018-ci il tarixli, 2/607 nömrəli aktdan məlum olur ki, ümumi dəyəri 52 190 manat olan Traktor Belarus-892 və Kotan 4 gövdəli asma (təkərli) SP144 adlı texnikalar Cavabdeh2 təhvil verilmiş, Cavabdeh2 da aktı imzası ilə təsdiq etməklə texnikanı qəbul etmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, xx.xx.2018-ci il tarixli 1655-L/18 nömrəli müqavilə üzrə Cavabdeh2 15 443 manat qalıq əsas borcu, 4 289,24 manat hesablanmış cəriməsi mövcuddur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh2 xx.xx.2025-ci il tarixdə göndərilmiş pretenziya məktubunda qalıq borcun qısa müddət ərzində ödənilmədiyi halda, mübahisənin məhkəmə yolu ilə həll olunması üçün aidiyyəti məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Aqrar Kredit və İnkişaf Agentliyi ilə Vəkil arasında imzalanmış 17 noyabr 2025-ci il tarixli 395 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 manat müəyyən olunur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə "X1 Tax Services” MMC tərəfindən imzalanmış Lizinq portfelinin yığımı üçün ve Agentliyin digər fəaliyyət istiqamətləri üzrə hüquqi yardım və respublikanın müxtəlif bölgələrində məhkəmə-hüquq xidmətlərinin satın alınması üzrə fəaliyyət cədvəlinə əsasən lizinq və borcların yığımı üçün hər birlizinq alan/borcalan üzrə məhkəmədə təmsilçilik üzrə hüquqi yardımın dəyəri 576,28 manat təşkil edir. MT2511 seriyalı, 11271496 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 300 manat olan elektron qaimə-faktura hüquqi yardım xərcinin ödənilməsi üçün "Kəngərli və Partnyorları" Vəkil Bürosu tərəfindən "X1 Tax Services" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş, “X1 Tax Services” MMC də büronun hesabına xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 2400 və 2700 manat pul ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır 421.1-ci bəndinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci bəndinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü bəndinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “...Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir.....Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur...”. Həmçinin həmin Qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1 və 112.1.1-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 və 8.1.3-cü maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində, 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını, yazılı sübutları və tətbiq edilməli maddi hüquq normalarını qarşılıqlı əlaqədə qiymətləndirərək aşağıdakı nəticəyə gəlir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi üç hissədən ibarətdir: 1) xx.xx.2018ci il tarixli 1655-L/18 nömrəli müqavilə üzrə 15443 manat qalıq borcun tutulması; 2) 4289,24 manat hesablanmış cərimənin tutulması; 3) "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1655-L/18 nömrəli müqavilənin ləğv edilməsi. Məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı qeyd edir ki, lizinqverən "xxxx" ASC ilə lizinqalan Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli 1655-L/18 nömrəli lizinq müqaviləsi imzalanmış və həmin müqavilə üzrə müvafiq olaraq lizinq predmeti olan Traktor Belarus-892 və Kotan 4 gövdəli asma (təkərli) SP144 adlı texnikalar cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə lizinq verən üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş, vaxtaşırı ödənişlərini ödəməmiş və bununla da cavabdehin iddiaçıya 15443 manat məbləğində qalıq əsas borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla və cavabdehin əsas borcu qəbul etməsi barədə etirafı ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib, cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olmuşdur. Buna görə də iddiaçının, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri pozulmaqla ardıcıl olaraq iki dəfədən artıq lizinq ödənişi edilmədiyi üçün 15443 manat pul məbləğini cavabdehdən mübahisəsiz geri almaq hüququ yaranmışdır. Buna görə də, iddia həmin hissədə tam təmin edilməlidir. Eyni zamanda, iddiaçı lizinqalandan gecikdirilmiş əsas borcdan əlavə, tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli 1655-L/18 nömrəli müqavilənin 4.2-ci bəndinə və Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən 4289,24 manat məbləğində cərimə tələb edir. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən və tərəflər arasındakı razılaşmada nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 500 manat müəyyən olunmalıdır. Məhkəmə iddia tələbinin üçüncü hissəsi - "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1655-L/18 nömrəli müqavilənin ləğv edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli 1655-L/18 nömrəli lizinq müqaviləsinin 9-cu bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Həmin müqavilənin 5.1 və 5.1.6-cı bəndlərinə əsasən texnikadan istifadə üçün bu Müqaviləyə Əlavə №1-də nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq alan tərəfindən müqavilənin şərtlərinin kobud pozuntusu halları hesab edilir. Müqavilənin 5.2-ci bəndinə əsasən göstərilən hallardan biri mövcud olduqda Lizinq verən Lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, müqaviləni bir tərəfli surətdə ləğv etmək, texnikanı saz vəziyyətdə geri götürmək və ya texnikanın qalıq dəyərini tələb etmək, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlamaq və vurulmuş zərərin tam ödənilməsini tələb etmək hüquqlarına malikdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh2 qalıq borcun qısa müddət ərzində ödənilməsi ilə bağlı pretenziya məktubu xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı mövqedən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin ardıcıl olaraq yerinə yetirilməməsi müqavilə şərtlərinin kobud pozuntusu hesab edilir. Müqavilənin 5.2-ci bəndinə uyğun olaraq iddiaçı lizinq alanı yazılı qaydada xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malik olmuşdur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubu ilə həmin iradə ifadəsi qarşı tərəfə çatdırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən belə hallarda müqavilə məhkəmədən kənar qaydada ləğv edilmiş hesab olunur. Buna görə məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1655-L/18 nömrəli lizinq müqaviləsi iddiaçının birtərəfli iradə ifadəsi ilə ləğv edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və cərimə məbləği azaldıldığı üçün iddia qismən təmin edildiyindən, iddia qiymətinə (15943 manat) uyğun ödənilməli olan 137,83 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin ödənilmiş hüquqi yardım xərcinə görə 576,28 manat məbəğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Çünki təqdim olunmuş müqavilələr, fəaliyyət cədvəli və ödəniş sənədləri hüquqi yardım xidmətlərinin məhz hazırkı iş üzrə göstərildiyini və həmin xidmətlərə görə ödəniş edildiyini təsdiq etdiyindən məhkəmə həmin məbləği işə baxılması ilə bağlı zəruri məhkəmə xərci hesab edir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1655-L/18 nömrəli müqavilə ləğv edilmiş hesab edilsin. Cavabdeh2 xx.xx.2018-ci il tarixli 1655-L/18 nömrəli müqavilə üzrə 15443 manat əsas borc, 500 (beş yüz) manat cərimə, ümumilikdə 15943 (on beş min doqquz yüz qırx üç) manat pul vəsaiti və ödənilmiş hüquqi yardıma görə 576 (beş yüz yetmiş altı) manat 28 (iyirmi səkkiz) qəpiyin əvəzi tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfati Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. Cavabdeh2 137 (bir yüz otuz yeddi) manat 83 (səksən üç) qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-9743/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9743/2025
11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver